Xəbərlər Boigrafiya Haqqında Yaradıcılığı Qalereya Qonaq dəfətəri Əlaqə

   “...bir mənim kimi oğul tapılmazmı olur?”

 

İbrahimxəlil

“...bir mənim kimi oğul tapılmazmı olur?”

(Zəlimxan Yaqubun Almaniya “Dəftər”i üçün ucqar havası)

 

    Zəlimxan Yaqubun “Türkiyə dəftəri”ndən, “Borçalı dəftəri”ndən, “Kərkük dəftəri”ndən dolayı, “Almaniya dəftəri” adlı silsilə şeirləri də var. Bu dəftərdə “Bethoven torpağında dost sazı dillənirdi” sərlövhəli zərif poeziya nümunəsi də yer alır:

Nə deməklə tükənən, nə saymaqla bitəndi,

Qərib olan kəslərə saz – qürbətdə Vətəndi.

 

...Keçən ilin yayında Zəlimxan müəllim Almaniyadan Kəpənəkçiyə gələn kimi görüşünə getdim. “525-ci qəzet”də “Zəlimxan Yaqub daşı” adlı yazım çıxmışdı. Telefonda dedi ki, gəl, həm dərdləşək – eynən belə dedi – həm də qəzeti də gətirmişəm, apararsan.

O gün Zəlimxan müəllim yeməyin dadlısını qabağıma qoydurdu, sözün vaqifanəsini mənə dedi, çayı fincanın güllüsündə mənə süzdürdü. Anası Güllü xala xəfif heyrətlə baxırdı: Zəlimxan özü bu gündədir, işə bax, gör bu gələn adamı necə şəfqətli qayğılara bürüyüb!

Zəlimxan müəllim hər nə qədər mənim ovqatımı açsa da Allahın çayı da tıxanıb boğazımda qalırdı.

- Şükür, arazbarı yaxşısan! – Zəlimxan müəllim bunu mənə deyir. – Bilgəhdəki fənalığın keçmişdə qalsın!

Dilim titrəyə-titrəyə təşəkkür edirəm.

Yaxşı olmaya bilərəmmi? Dünyanın ucqar adamına, üstəlik, Sımıq körpütək ara-sıra sınıqları olan mənə xalq şairi Zəlimxan Yaqub özü “xərc” qoyub! “Səhhət bulağım” üç ildən bir qədər artıq çəkdi. Açması budur ki, üçdən artıq olmaz! Ustadlar belə, ustadnaməni üç demədilərmi?

Almaniya dəftərini vərəqləyirik. Yox-yox, şeir dəftərini yox, Zəlimxan müəllimin müalicə olduğu “səhhət dəftəri”ni. Söhbətdən sonra Əyriqara, Başkeçidə, Qaraçöp tərəflərə baxa-baxa gəldiyim qənaət bir daha bu olur ki, Zəlimxan Yaqub kimi bədii söz nəhənglərinin bədəni yox, olsa-olsa vətəni ağrıya bilər! Ancaq!

Zəlimxan müəllim anasının nələr çəkdiyini görür. “Görür” də sözdümü? İkimizdə bir-birimizdən xəbərsiz özünü həyətdə iş görəntək göstərən Qadın-Anaya baxırıq. Zəlimxan müəllimin kiçik qardaşı Çingizlə sürücüsü Təyyar bizdən az aralı nərd oynayırlar. Daşları elə ehmallı, elə ehtiyatla – belə nərdmi oynanar? – atırlar ki, bizə mane olmasınlar. Zəlimxan müəllim yəqin ki, ona Göyçəyə, çilik-çilik şüşələr üstə yeriyən Şuşaya baxantək baxdığımı görüb anasına tərəf sehirli işarəylə, ancaq mənim eşidəcəyim üsulla usdufca deyir:

- Məndən bu qədər nigaran olma, İbrahimxəlil!

Sonra qeybdən gələn qərib gözəl səsə qədər əlavə edir:

 

Bir mənim kimi oğul bulunmazmı olur?

 

    Bunlar “Dədə Qorqud”dandır. Yadınızdadırmı, qarı düşmən boyu uzun Burla Xatunu tapmaq üçün tərs danışır: “Qazan oğlu Uruzu həbsdən çıxarın!.. qıyma-qıyma ağ ətindən kəsin, qara qovurma edin, qırx bəy qızına aparın, hər kim yedi o deyil, hər kim yemədi, o Qazanın arvadıdır”.

    Onda – ordaayla, illə, burda müxtəsər dillə - Uruz anasının qəm yeməməyi (!) üçün deyir:

...Sən sağ ol, qadın ana!

Atam sağ olsun!

Bir mənim kimi oğul tapılmazmı olur?..

 

Əlbəttə, bunları elə-belə dillə demək indi belə asan olub.

...Yeri gəlmişkən, böyük tanışlığımız ərzində mən Zəlimxan müəllimdən ikicə şey xahiş etmişəm. birincisi, iki şeirini – “Yazı yazan sağ olsun” və “Mən ürəyi ürək kimi saxlamadım” – əzbər söyləməsini istəmişəm. İkinci istəyim “Dədə Qorqud”un motivləri əsasında nəsə yazmasıdır ki, ilk dəfə olaraq bu “pünhan nöqtə”ni sizə açıram. Bu yaxınlarda necə oldusa böyük qızım Xatirə soruşdu ki, ata, Zəlimxan müəllim sən arzuladığını yazdımı?

- Zəlimxan müəllim hələ də Almaniyadadır, - deyə Göyçə tərəflərə baxıb köksümü ötürdüm.

“Dədə Qorqud” demiş, “Dəli Domrul” boyunda, boyun qəhrəmanı Tanrının məsləhəti ilə öz canının yerinə Əzrayıla verməyə başqa can axtarır. əli Domrulun ata-anası şirin canlarından keçmirlər, yarı – “yad qızı halalı” isə canını yarına qurban verməyə razı olur:

 

Göz açıban gördüyüm,

Könül verib sevdiyim! –

Qarşı yatan qara dağları

Səndən sonra mən neylərəm?..

 

    ...İndi doğma kəndim Dəllərdə dostlardan, qohumlardan mənə ara-sıra xatırladanlar olur ki, anam Gülzarı – torpağı nurla dolsun! – mənim xəstələnmək səbəbim vaxtsız dünyadan köçürüb; yoxsa hələ yaşayardı...

     Zəlimxan Yaqubun anası Güllü xalaya gəlincə, mənə bunu da danışıblar ki, oğlunun xəstəlik xəbərini eşidən Güllü xala ancaq Analara məxsus tərzdə Allaha səcdə qılaraq deyib ki, oğlumun dərdini mənə göndər! Heç bircə saat keçməmiş insult keçirən Güllü xalanı həkimə çətinliklə yetiriblər.

Qaldı ki, dastandakı sayaq, Zəlimxan müəllimin yerinə Əzrayıla can vermək lazım gəlsəydi, Güllü xala tək olmazdı! Bu mənim son üç ildə şehli-şehli yəqin etdiklərimdir.

     ...Özünü həyətdə iş görəntək göstərən Güllü xala daha çox göylərə, səmavi olanlarla danışırdı. Allah heç bir anaya – şair anası oldu, olmadı – övlad dağı göstərməsin! Dağ nədi, heç diş ağrısı da!

     Zəlimxan müəllim özünün “Almaniya dəftəri”ndən çox, mənim “ucqar dəftərim”i vərəqlədi. Bir dini, bir məzhəbi, bir partiyası, bir sifəti olan vaqiflər məhz belədirlər! ürək kimi saxlamadığı ürəkdən, yağ içində saxlamadığı

böyrəkdən, şair iztirabından, yazıçılıq əzabından çox, Ucqar adlandırdığım yerin əsrarəngizliyindən halı oldu, dünyanın qızıl çıxan yerindəki məktəbimi, sayı günbəgün azalan təkəmseyrək şagirdlərimi soruşdu, can-başla gəzdirdiyim şirin nevrozu – şeirin nevrozunu – gülümsəyə-gülümsəyə xəbər aldı. Sonra heç gözləmədiyim halda:

- Elə bilirsən unutmuşam, - dedi, - sənin xahişini? Sağlıq olsun, “Almaniya dəftəri”ni - əlbəttə, hamımızı Dərbənddən Təbrizə, Zəncandan Ərzincana ağrıdan müalicəsini nəzərdə tuturdu - ədəb-ərkanla tamamlayandan sonra Dədə Qorqudun Borçalı qolunu yazacağam.

     Çingizlə Təyyar nərd dəsgahını qapatmışdılar, Güllü xala nəvəsi ilə içəri keçmişdi... Orda Zəlimxan müəllim Bilgəhdəki xahişimi təkrar yerinə yetirdi və mən onun səsini bir daha qəlbimin dərin guşəsinə yazdım.

 

Ölən canımız olsun, təki cahan ölməsin,

Bətnində can gəzdirən Azərbaycan ölməsin.

Ruhlar didərgin düşüb... din və iman ölməsin,

Hər səhər göy üzünə qalxan azan sağ olsun.

 

     Xeyli ara verir. Bu həzin pauza öz Kəpənəkçi hüznü və həsrətiylə nəfəsimi kəsir.

Sahibi mən deyiləm haqqa verdiyim canın,

Qarşısını kim kəsər damardan çıxan qanın?

Bir ozanı ölsə də Salı-sözlü dünyanın,

Məndən sonra mən deyən min-min ozan sağ olsun...

 

P.S.

     İndi aradan bu qədər zaman keçib. Özü də elə-belə zaman yox, sıxılmış zaman...

    Yanvarın 21-i şairin ad günüdür. 20 Yanvardan dərhal sonra! Bütün məna da elə burasındadır.

    Zəlimxan müəllimin canım-gözüm Bakıya yola düşməzdən öncə dedikləri vaxtı ilə Sazlı Abdullanın öz-özünə çalınan sazıtək indi də qəlbimdə və qulaqlarımda öz-özünə çalınır: “Sənət havayı əldə edilmir, o sənətkarı yeyir də. özündən muğayat ol. Onda sənət də, ucqar deyilən də yaşayacaqdır”.

     Bu yerdə mən də Zəlimxan müəllimə eynən onun mənə dediyitək “Dədə Qorqud”la cavab vermişdim:

 

Bir mənim kimi oğul bulunmazmı olur!

 

 

 

Region press,

20.01.2012

  Geri