Teymur ƏHMƏDOV,
Filologiya elmləri doktoru, professor
AZƏRBAYCANIN NƏĞMƏKAR ÜRƏYİ
Müasir Azərbaycan ədəbiyyatının yeni mərhələsində Zəlimxan Yaqubun çoxcəhətli yaradıcılığı ədəbi hadisədir.
XX yüzilliyin 70-80-ci illərində xalqın milli-mənəvi dünyasında azadlıq və istiqlaliyyət meyilləri gücləndiyi şəraitdə Zəlimxan Yaqubun böyük potensiala malik ədəbi imkanları bütün qüdrətilə üzə çıxdı. Akademik Nizami Cəfərovun obrazlı şəkildə dediyi kimi, «Azərbaycan poeziyasının geniş səmasında bir ildırım çaxdı, bir Günəş parladı… Gur səsi, ətrafı bir anda nura qərq edən poetik enerjisi ilə şeiri geniş meydanlara, böyük auditoriyalara çıxardı…»
Azərbaycan xalqının zəngin şifahi və yazılı poetik irsinin həqiqi varisi olan Zəlimxan Yaqub bu tükənməz mənəvi xəzinədən bəhrələnməklə milli ədəbi aləmdə özünəməxsus cığır açdı. Olimpin zirvəsinə doğru qartal uçuşu uğurlu oldu. Bu gün Zəlimxan Yaqub müasir Azərbaycan şeirinin korifeyi missiyasını şərəflə yerinə yetirir. O, həm də qədim sinkretik sənətin bilicisi, ustad aşıq kimi tanınır.
Zəlimxan Yaqubun şeirləri dünya ölkələrində milyon-milyon insanların qəlbinə bəşəri hisslər - sülh, əmin-amanlıq, dostluq duyğuları, həyat eşqi aşılayır.
***
Zəlimxan 1950-ci il yanvarın 21-də boranlı-çovğunlu, şaxtalı bir gündə Gürcüstanın Borçalı mahalında, Bolus-Kəpənəkçi (Kvemo-Bolnisi) kəndində müəllim ailəsində anadan olmuşdur. O, xatirəsində deyir: «Mən ailənin ilk uşağı olmuşam. Adımı Zəlimxan qoyublar. XX əsrin 30-40-cı illərində Çeçen-inquş qəhrəmanı Zəlimxana həsr edilmiş bir qəhrəmanlıq filmi çox dəbdə imiş. Atam bu filmə həddən çox vurğun olub və mən dünyaya gələndə mənə həmin qəhrəmanın adını verib».
Zəlimxan ilk təhsilini doğma kənd orta məktəbində almışdır. Burada mahalın ən təcrübəli müəllimlərindən elmi biliklərə yiyələnsə də, onun qəlbində bədii ədəbiyyata güclü meyli ədəbiyyat müəllimi Rəşid Acalov və riyaziyyat müəllimi - atası Yusif Şamil oğlu oyatmışdı. Sinədəftər anası Güllü xanımın nağılları, toy məclislərində aşıqların çal-çağırı onda poeziyaya, saza-sözə məhəbbəti, mütaliəyə həvəsi gücləndirmişdi. Yeniyetmə çağından onda bədahətən şeir demək qabiliyyəti, necə deyərlər «vergi verilməsi» kənd adamlarının diqqətindən yayınmamışdı: Kənddə söz çıxır ki, Yusif müəllimin oğlu bədahətən şeir deyir, saz çalıb havalanır, söz qoşub oxuyur. Meşəyə odun gətirməyə gedəndə onu geri qaytaran meşəbəyiyə həcv deməsindən hamı xəbər tutur. Zəlimxan meşəbəyiyə həsr etdiyi «Məhər dayı» adlı ilk şeirinin bir yerində deyirdi:
Uğura çıxmışam, qırma könlümü,
Nahaqdan qaldırma hay, Məhər dayı.
Sən mənə qıymadın bir quru şələ,
Meşənin qoynuna saldın vəlvələ…
Boynun kəl süysünü, bığların şeşə,
Kirpiyin az qalır gözümü deşə.
İnan ki, səsindən bezibdir meşə,
Vələs, palıd deyir vay, Məhər dayı.
Zəlimxan Yaqub böyük səs-küyə səbəb olan ilk şeirin sevincini xatırlayaraq yazır: «Anam öz dayısı, böyük söz xiridarı Rəşid müəllimin yanına qaçıb ki, ay dayı, Zəlimxan şeirlə danışır. Rəşid müəllim sevinclə «Ay Güllü, görərsən, bu uşaq gələcəkdə şair olacaq!», - deyib. Beş yaşımdaca şairlik boynuma qoyulub. Qələmimdən çıxan ilk şeir «Meşəbəyi», mətbuatda nəşr olunan ilk şeirim «Şota Rustaveli», ilk şeir kitabım «Könlümün səsi» olub. Sözlə bağlı ilk olan şeylərin hamısında güclü sevinc hissi keçirmişəm. Mən şeirin böyük dünyasına öz qəlbimin səsiylə gəlmişəm».
Zəlimxan Yaqub gürcü şairi Şota Rustaveliyə həsr etdiyi «Dahi şair» şeirini orta məktəbin səkkizinci sinfində oxuyarkən -1966-cı il oktyabrın 4-də «Qələbə bayrağı» adlı Bolnisi rayon qəzetində dərc etdirmişdir. Bu ilk mətbu şeir 16 yaşlı gənc şairin poetik aləmə «pasportu» oldu. Onda yazıb-yaratmaq eşqini alovlandırdı.
Azərbaycan Dövlət Universitetinə daxil olduğu ildən çoşqun tələbəlik həyatı və Bakının qaynar ədəbi mühiti Zəlimxanın qarşısında yeni uğurlara yol açdı. Ardıcıl mütaliə vərdişi, poetik aləmin sirlərini mənimsəmək cəhdi onun şeirə, sənətə münasibətində dönüş yaratdı. O özü yazır: «Kitabxanaçılıq fakültəsində təhsil almağım məni kitaba, kitabxanalara, mütaliə mədəniyyətinə daha sıx bağladı. Nədən başlamağın, nəyi oxumağın, necə oxumağın, hardan hara gəlməyin sirlərini öyrətdi».
1969-cu ildə xalq şairi Bəxtiyar Vahabzadənin tələbələrlə görüşündə ikinci kurs tələbəsi Zəlimxan Yaqubun həyəcanlı çılğın çıxışı, bir il sonra, 1970-ci ildə xalq yazıçısı Süleyman Rəhimovun 70 illiyi yubileyində onu tələbələr adından təbriki hamını heyrətdə qoymuşdu. Bu fərəhli hadisələr gənc Zəlimxanın ədəbi ictimaiyyətə, dövri mətbuata doğru işıqlı yolunun astanasında baş verdi.
Xalq şairi Hüseyn Arifin 1971-ci il fevralın 4-də «Azərbaycan gəncləri» qəzetində «Uğurlu yol» - xeyir-duasında Zəlimxan Yaqubu ümidverici şair kimi səciyyələndirməsi təsadüfi deyildi.
Zəlimxan Yaqub xatırlayır ki, tələbəlik illəri ömrünün ən barlı-bəhərli çağları olmuş, həyatında böyük rol oynamışdır.
Tələbəlik illərində Zəlimxan Yaqubun «Ədəbiyyat və incəsənət», «Azərbaycan gəncləri» qəzetlərində, «Azərbaycan», «Ulduz» jurnallarında şeirləri dərc olunurdu. Şeirlərin ideya-siyasi məzmunu, təbii gözəlliyi əks etdirməsi, dil səlistliyi, fikir aydınlığı Osman Sarıvəllinin diqqətini cəlb etmişdi. O yazırdı: «…müəllifin xalq yaradıcılığna böyük məhəbbəti, dil, ifadə, ruh yaxınlığı, forma yaxınlığı folklorun, aşıq şeirinin əsla kor-koranə təqlid və təkrarı deyildir. İstedadlı gənc şairin əsərləri mövzuları, fikir və mülahizələri, arzu və diləkləri etibarilə tamamilə orijinaldır…
Zəlimxan hələ gəncdir. Lakin o, doğru, düzgün yoldadır. Söz yox ki, getdikcə daha da inkişaf və tərəqqi edəcəkdir. Biz istedadlı, gənc şairdən böyük ümidlər gözləyir, bu yolda ona uğurlar arzulayırıq».
1980-ci ildə Zəlimxan Yaqubun «Könlümün səsi» adlı ilk şeir toplusu «Gənclik» nəşriyyatında kütləvi tirajla nəşr olunur. Kitabda şairin 68 lirik şeiri toplanmışdı. Osman Sarıvəlli «Azərbaycan gəncləri» qəzetində yazdığı rəyində gənc şairin şeirlərini təhlil edir, ona tövsiyələrini bildirir.
Zəlimxan Yaqub universiteti bitirdikdən sonra əmək fəaliyyətinə Bakının mərkəzindəki böyük kitab dükanında - «Pasajda» satıcı, baş satıcı kimi başlayır. «Pasajda» yazıçılarla, sənət adamları ilə oxucuların görüşlərinin keçirilməsi Zəlimxan Yaqubun ədəbi ictimaiyyətlə sıx əlaqəsinə şərait yaradır.
Süleyman Rəhimov, Əli Vəliyev, Mir Cəlal, Osman Sarıvəlli, Abbas Zamanov, Mirvarid Dilbazi və başqaları ilə şəxsən ünsiyyətdə olması, söhbətlərini dinləməsi gənc şairin həyat məktəbinə çevrilir.
Zəlimxan Yaqub dünyanın qarışıq dövründə şairliyin vətən və xalq qarşısında ağır missiyasını, poetik yaradıcılığın məsuliyyətini dərk edir. O, Oğuz yurdunu, türk məmləkətini, onun özünəməxsus gözəlliklərini vəsf etməklə qalmır, xalqa öz əcdadının kimliyini, tarixi qəhrəmanlıq keçmişini xatırladır, onu özünü tanımağa, zamanın kəşməkəşli ağır sınağından hünərlə çıxmağa səsləyir.
Onun «Yolum eldən başlayır» (1981), «Od aldığım ocaqlar» (1986), «Biz bir eşqin butasıyıq» (1989), «Ziyarətin qəbul olsun» (1991), «Şair harayı» (1995) şeir toplularının, eləcə də Ağdam şəhər dram teatrında tamaşaya qoyulan «Aşıq Ələsgər» mənzum dramının ideya məzmunu böyük vətəndaşlıq ruhunda köklənmişdi. Zəlimxan Yaqubun gəlişi xalq yaradıcılığına, zəngin klassik ədəbi ənənələrimizin kökü üstündə yeni dövrün şeir aləminə öz səsi, öz nəfəsi ilə bir müdrik el nəğməkarının gəlməsindən soraq verirdi.
Hələ ki, cavanam, budur təsəlli,
Baxan saçımdakı qaradan bilir.
Yol hardan başlanıb, özümə bəlli,
Yol hardan bitəcək? Yaradan bilir!
Bu sözlər təsadüfi deyilməmişdir. Zəlimxan Yaqub bir şair kimi xalqın etimadı önündə borcunu başa düşürdü. O, «Şair harayı» şeir çələnginə yazdığı ön sözündə qələmə aldığı əsərləri Azərbaycan torpağının, türk dünyasının tarixi taleyinin əks-sədası kimi səciyyələndirirdi. Zəlimxan Yaqub gəncliyinin «dəli-dolu çağlarından bu günə qovuşan, sabaha boylanan yaradıcılıq yollarında» oxucularının qəlbinə öz saf əqidəsi, eşqi, yanar ürəyinin döyüntüləri ilə yol tapmağa, onları birləşdirməyə çalışır.
O, öz oxucularına güvənclə deyir: «Şair harayında»kı «…poetik görüşlər, söhbətlər sizi güllü Göyçəyə, qədim Borçalıya, ana Təbrizə, Ərdəbildə Şeyx Səfi türbəsinə, Dərbəndə, Anadoluya, türk dünyasının ulular ulusu, ozanlar ozanı Yunus Əmrənin doğulduğu və yaşadığı yerlərə, Şeyxlər şeyxi Tapdıq Əmrə dərgahına, Hacı Bəktaş Vəli dünyasına aparacaq. Bu kitabda «Divani» də var, «Təcnis» də, «Qoşma» da var, «Gəraylı» da, «Deyişmə» də var, «Dodaqdəyməz müxəmməs» də, … lirik-epik səpkili, irihəcmli poemalar, dastanlar, dastançalar da!»
Bütövlükdə - janr müxtəlifliyindən, forma və məzmunundan asılı olmayaraq hamısı, şairin etiraf etdiyi kimi, ürək qanı, göz yaşı, ruh əzabı, sazın laylası nəticəsində yaranmışdı. Ona görə də təsirli idi, yüz minlərlə oxucuların qəlbində özünə yer tapırdı.
1980-ci ildə Zəlimxan Yaqub Azərbaycan Könüllü Kitabsevərlər Cəmiyyətinə işə dəvət olundu. Bu, onun Azərbaycanı başdan-başa gəzib dolaşmaq arzusunu reallaşdırdı. Zəlimxan Yaqub cəmiyyətin təbliğat şöbəsində redaktor, bir ildən sonra müdir vəzifəsində çalışdı. O, deyir: «Bu cəmiyyətin mənə ən böyük faydası ondan ibarət oldu ki, rayonları çox gəzdim, torpağımızı, yurdumuzu yaxşı tanıdım. Xalqla nəfəs-nəfəsə dayanmağı, ünsiyyətdə olmağı, dərdlinin həmdərdi, söhbətcilin həmsöhbəti olmağı bacardım».
Azərbaycanın əzəmətli dağları, zümrüd meşələri, bərəkətli çölləri, abad kənd və qəsəbələri, zəhmət adamlarının qaynar həyatı şairin qəlbini iftixar hissi ilə doldurur, ilham pərisinə qol-qanad verirdi. Tarixi yerlər, maddi mədəniyyət abidələri onu düşündürür, xəyalən keçmişə aparırdı.
Zəlimxan Yaqub doğma xalqın, vətənin dumana bürünmüş tarixini, qadağan olunmuş, gizlədilmiş qədim məxəzlərini, mübarizə salnaməsini dərindən dərinə öyrənirdi.
Bütün bunlar şairin poetik fikrinə, bədii təsvir səriştəsinə, yaradıcılıq axtarışlarına ciddi təsir göstərirdi.
1986-cı ildə Zəlimxan Yaqub «Yazıçı» nəşriyyatının Poeziya şöbəsində redaktor vəzifəsində çalışır. Klassik və müasir şairlərin əsərlərinin redaktəsi və çapa hazırlanması onun əməli işinə çevrilir. Şairlərlə tez-tez görüşməsi, söhbətləri - ünsiyyətdə olması, onların yaradıcılığı ilə bilavasitə tanışlıq Zəlimxan Yaqubun ədəbi mühitlə sıx əlaqəsinə imkan yaradır.
Sonradan uzun müddət Poeziya şöbəsinə rəhbərlik edən Zəlimxan Yaqub ədəbi prosesdə milli oyanış, vətənpərvərlik və xalq sevgisi meylinin artmasının şahidi olur. Milli müstəqillik, vətəndaşlıq, tarixi kökə, ənənəyə bağlılıq fikrinin poeziyada güclənməsi Zəlimxan Yaqubun ürəyindən xəbər verirdi. Çünki bir şair kimi onun yaradıcılığı mübarizlik ruhu ilə köklənmişdi. Onun gənclik ehtiraslı romantik duyğuları, dəryanın coşğun dalğaları kimi məcraya sığmır, üçrəngli bayrağın, istiqlaliyyətin eşqilə çırpınırdı.
Zəlimxan Yaquba etimad göstərilir. O, 1995-2000-ci illərdə Müstəqil Azərbaycanın Milli Məclisinə (I, II çağırış) deputat seçilir. On il sərasər xalq elçisi olması, onun millət vəkili kimi Azərbaycanda seçildiyi regionda əmək adamlarına sosial-inkişaf və quruculuq işlərində qayğı ilə yanaşması, xalq hakimiyyətinin möhkəmlənməsi sahəsində fəaliyyəti ona ictimai xadim kimi şöhrət gətirir. Təkcə ölkə daxilində deyil, Azərbaycan-Türkiyə, Azərbaycan-Gürcüstan əlaqələri çərçivəsində dövlətlərarası münasibətlərin inkişafında da xidmətlərini əsirgəməmişdir.
1995-2005-ci illərdə Zəlimxan Yaqub gərgin ictimai fəaliyyəti ilə yanaşı bədii yaradıcılığını da davam etdirir.
Onun şeir və poema topluları, həmçinin türk, gürcü, fransız dillərində çıxan kitabları pərəstişkarları tərəfindən rəğbətlə qarşılanır. «Bir əli torpaqda, bir əli haqda» (1997), «Bu yaşıl ağacın altı bizimdi» (2000), «Mən sənin qəlbinə necə yol tapım» (2004), «Böyük ömrün dastanı» (2004), «Gözlərimin nurudu doğulduğum bu torpaq» (2005) kitablarında şairin orijinal əsərləri toplanıb kütləvi tirajla nəşr olunmuşdur.
Zəlimxan Yaqubun 80-ci illərdən qələmə aldığı şeirlər də daxil olmaqla 25 illik poetik yaradıcılığının bəhrəsi şairin təkcə sənətkarlıq, ideya və məzmun baxımından yüksəlməsi deyil, keçid dövrünün əks-sədası olması cəhətdən də diqqəti cəlb edir.
Azərbaycanın ictimai-siyasi həyatında ağır dövrün hadisələri Zəlimxan Yaqubun poetik aləminə yeni mövzular daxil edir. Onun məhəbbət, təbiət, vətən motivlərini bəzən ictimai kədər, dərd, sıxıntı, qüssə üstələyir. Belə hallarda elə bil ki, dağların başında qara buludlar sıxlaşan kimi şairin qəlbində tufan qopur, ilham pərisi qəm-qüssə içində çırpınır:
Mənə nələr vermədi əsrin axır illəri,
Gözümə yaşı verdi, saçıma qarı verdi.
Hər kəndə, hər şəhərə bir şəhid qəbristanı,
Hər evə, hər ocağa şəhid məzarı verdi.
Tarix mənə nə verdi - ağrı, işgəncə, qəzəb,
Qanım sellərə döndu, əldən Xocalı getdi.
Şuşa əldən çıxanda uzun dilim gödəldi,
Sözümün, söhbətimin şərbəti, balı getdi.
2005-ci ilin payızından Zəlimxan Yaqub uzun müddət onu düşündürən mövzular üzərində işləyir. O, aylarla yazı masasından ayrılmır. Psixoloji gərginlik, yorğunluq hiss edəndə Xəzər sahillərində gəzintiyə çıxır, lacivərd dalğaların bir-birini qovmasına, qayalıqlara çırpılıb səs-küylə geri çəkilməsinə baxırdı. Dəniz sahilində gəzinti onun əsəblərinə dinclik, fikirlərinə aydınlıq gətirirdi.
Zaman ötdükcə, gərgin zəhmət, yuxusuz gecələr, yaradıcılıq əzabları öz səmərəli nəticəsini verir: «Əbədiyyət dastanı», «Hüseyn Saraclı dastanı», «Peyğəmbər» poemaları coşğun şairin qəlbində xoş ovqat yaradır.
«Əbədiyyət dastanı» Zəlimxan Yaqubun Azərbaycan Respublikasının Prezidenti ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr etdiyi elegiyadır. Şair ulu öndərin poetik obrazını, istiqlaliyyət, vətən və xalq uğrunda mübarizəsini yanar ürəklə, gözyaşı ilə, iftixarla birnəfəsə yazmış, əbədiyaşar abidə yaratmışdır.
Şairin Aşıq Hüseyn Saraclı ədəbi portreti də bu cəhətdən diqqəti cəlb edir. Onun dastan-roman kimi təqdim etdiyi «Hüseyn Saraclı dastanı» poeması müasir ədəbiyyatımızda öz süjetinə, bədii ifadə tərzinə görə orijinal əsərdir. Xalq yazıçısı Elçin Əfəndiyevin dediyi kimi, bu poema yazılı ədəbiyyatımızda «Milli janr»ın yaranmasına yol açacaqdır.
Zəlimxan Yaqubun zəngin tarixi, ədəbi və dini məxəzlərə, əlyazmalara baş vurması, Məkkə ziyarətləri, qəlbində erkən baş qaldıran arzusuna - «Peyğəmbər» poeması yazmasına cəsarət, inam oyatdı. O, özü deyir:
«Həyatımın Borçalıda - Kəpənəkçidə keçən gənclik illəri, məni Əl Fəhmiyə qovuşduran tələbəlik çağları, taleyimin Heydər Əliyev mərhələsi, iki dəfə Məkkəni ziyarətim, qoca Şərqin gördüyüm və sevdiyim müqəddəs ziyarətgahları, qədim şəhərləri, oxuduğum elmi, bədii, tarixi kitablar silsiləsi, ucalığına heyran olduğum heyrət zirvələri ömrümün 60-cı pilləsinə qədəm basmağa başlayanda öz barını-bəhrəsini verdi».
O, ömrünün 60-cı ilinə «Peyğəmbər» poeması ilə gəldi.
Bəlli toxum, bəlli sünbül, bəlli dən,
Haqq özüdü müşgülləri həll edən.
Yük bağladım, maya tutdum əllidən,
Altımışa «Peyğəmbər»lə gəlmişəm.
Zəlimxan Yaqubun anadan olmasının 50 illiyində, eləcə də 60 illik yubileyində ölkəmizdə və Gürcüstanda dövlət səviyyəsində yubiley tədbirləri keçirilmiş, ədəbi-sənədli filmlər çəkilmiş, o, hər iki respublikanın «Şöhrət» və «Şərəf» ordenlərinə layiq görülmüşdür.
Zəlimxan Yaqub müasir Azərbaycan poeziyasının Olimp zirvəsinə çoxcəhətli yaradıcılığı ilə inamla yüksəlmişdir. Onun özünəməxsus orijinal şeirləri klassik poeziyadan nə qədər bəhrələnibsə, bir o qədər də Azərbaycan şifahi xalq ədəbiyyatından, aşıq şeirindən bəhrələnibdir.
Ümumiyyətlə, xalq ruhu, aşıq şeiri ənənələri şairin mənəvi-poetik qaynaqlarında başlıca yer tutur. Zəlimxan Yaqub müasir şeirimizə xalq ruhunu yaradıcı şəkildə gətirməklə, professor N.Cəfərov dediyi kimi, «Xalqın istedadı səviyyəsinə qalxdı, bu gün olan, sabah da mövcud olacaq poetik cərəyanlar, tendensiyalar qarşısında xalq ədəbiyyatına mükəmməl bir abidə qoydu».
2008-ci ilin avqust ayında Azərbaycan Aşıqlarının Bakıda keçirilən qurultayında Zəlimxan Yaqubun Azərbaycan Aşıqlar Birliyinin sədri seçilməsi təsadüfi deyildi. Xalq şairi Hüseyn Arifin dediyi kimi, Aşıq poeziyası Zəlimxan Yaqubun sənət məktəbi olmuşdu.
«Hüseyn Saraclı dastanı», «Saz», «Göyçədən gələn səslər», «Göyçə dərdi» poemaları aşıq sənətinin sirlərinə onun dərin bələdliyini sübut edir. O, saz-söz sənətinin vurğunudur. Zəlimxan etiraf etdiyi kimi, ustad aşıqlar sayağı saz çalması, saz havalarını dərindən bilməsi onun şeirlərinə güclü bir bədii axar və səmimiyyət gətirmişdir:
Əl atmaq nə lazım kağız qələmə,
Heç kəsə demərəm yaz ünvanımı.
Kimə gərək olsa sözüm, söhbətim,
Ona göstərəcək saz ünvanımı.
Saz xalq şairi Zəlimxan Yaqubun həmişə ümid yeri, pənahı olubdur. O, vətənin keçmişi, bugünü və gələcəyi, ecazkar təbii gözəlliyi, bərəkətli torpağı, zəngin sərvəti, zəhmətkeş və məğrur insanları, vətənpərvər gəncləri barədə söz demək üçün qələmə sarılanda, köksündə sazı dindirəndə ilham pərisi qol-qanad açır, məhvərinə sığmır. O, bütöv Azərbaycanı, həm də əzəmətli türk dünyasını böyük məhəbbətlə tərənnüm edir. Zəngin poetik aləmi Zəlimxan Yaqubu Azərbaycan poeziyasının çırpınan ürəyi kimi səciyyələndirir.
Ulu öndər Heydər Əliyev şairi ədəbi aləmdə özünəməxsus orijinal yaradıcılığa malik sənətkar kimi yüksək qiymətləndirmiş, klassik şeir ənənələrindən, şifahi xalq yaradıcılığı xəzinəsindən, ana dilinin zənginliyindən məharətlə istifadə edərək ölməz əsərlər yaratmasını təqdir etmişdir. O, şairə müraciətlə demişdir:
«Mövzuca rəngarəng və məzmunca dolğun olan şeirləriniz poeziyamızda həmişə yeni səs, yeni söz kimi qəbul edilmişdir. Vətən övladlarının qəhrəmanlıq ruhu, ocaq, yurd həsrəti ilə dolu şeirləriniz sizin əsl vətəndaş mövqeyinizi nümayiş etdirərək gənc nəslə vətənpərvərlik duyğuları aşılayır, nikbin əhval-ruhiyyə yaradır və gələcəyə olan ümidləri daha da möhkəmləndirir».
Zəlimxan Yaqub ömrünün müdrik çağında gənclik ehtirası ilə yazıb-yaradır. Onun şeir inciləri tükənməzdir.