Teymur ƏHMƏDOV,
Filologiya elmləri doktoru, professor
AZƏRBAYCANIN NƏĞMƏKAR ÜRƏYİ
Zəlimxan Yaqub fitrətən şairdi. O, doğma vətənin təbii gözəlliyini, insanların mənəvi özəlliyini söz sərrafı kimi təsvir edir. O, dahi sələflərinin yaratdığı müqəddəs söz məbədinə bircə kərpic qoymaq əzmindədir. Zəlimxan Yaqub qüdrətin alın yazısı hesab etdiyi sözlə «nəfəs aldığına» görədir ki, dediyi kimi, «ağıllı sözün, yaxşı şeirin dəlisi, Məcnunu»dur. «Söz» şeirində ölməz abidə yaratmaq üçün müqəddəs söz sorağında olmasını etiraf edən şair yazır:
Söz üçün ən ulu dərgaha vardım,
Mən sözün eşqinə dağları yardım.
Axtara-axtara gedib çatardım,
Olsaydı dünyanın harasında söz.
Zəlimxan Yaqub zamanın nəbzini tutmağa çalışır: yaşadığı ömür yolunun görüntülərini, xalqın həyatını, mübarizəsini, sabaha inamını şeirlərində özünəməxsus poetik üslubda qələmə alır. Ömrü boyu zirvəyə qalxmaq üçün Olimpin daşlı-kəsəkli yollarında bütün çətinliklərə dözür.
«Yaz, yarat», «Gör-götür», «Sev-sevil» onun yaradıcılıq devizinə çevrilmişdir. Sonsuz ömür yolunun yolçusu kimi yorulmaq nə olduğunu bilmir. O yazır: «Yollar məni həmişə hərəkətdə olmağa öyrədib. Yollar mənə dağlardan aşmağın, düzlərdən keçməyin, sularda üzməyin, göylərdə süzməyin və bütün bunların hamısını şeirə gətirməyin yollarını öyrədib».
Fitri istedad və gərgin əmək şairə imkan vermişdir ki, yazdığı hər nə varsa nurun, işığın, sevginin, mehribanlığın, səmimiyyətin gücündən yaransın. Böyük arzularını həyata keçirməyə can atan Zəlimxan Yaqubun «ən şirin həmdəmi saz, ən sədaqətli sirdaşı qələm» olmuşdur:
Dünya mənim idi mən olmamışdan,
Bilirəm dünyaya mən nəyə gəldim,
Alnıma yazıldı sözün qisməti,
Dünyaya sözümü deməyə gəldim.
Məlum olduğu kimi, Zəlimxan Yaqubun uşaqlıq və ilk gənclik illəri Gürcüstanda, Borçalı mahalının Bolnisi-Kəpənəkçi kəndində keçmişdir. Azərbaycanın qədim, başı bəlalı coğrafi məkanı - Borçalı mahalında ağır ellər zaman-zaman tarixi sınaqlara məruz qalsa da, öz bütövlüyünü, adət-ənənəsini, maddi-mənəvi dəyərlərini hifz edib saxlamışdır.
Borçalı mahalı qədimdən aşıqlar məskəni olmuşdur. Hər il payız-yaz fəsillərində toy məclislərini adlı-sanlı Borçalı və Göyçə aşıqları keçirmişlər. Gündüzdən gecə yarıyadək məclislərdə böyükdən-kiçiyə hamı sazın-sözün sehrinə düşər, vaxtın necə ötdüyündən xəbər tutmazdılar. Zəlimxan Yaqub yazır: «Aşıqların dastan danışığı, nağılı, atmacası, qaravəllisi, camaatı qəşş edənə qədər güldürməsi, qəmli hadisələr söyləyib ağlatması, min kitaba sığmayan minbir mətləbdən, yerdən-göydən, aşiqdən-məşuqdən… danışması mənim könül dünyama, uşaqlıq aləmimə, körpə yaddaşıma hopardı».
Borçalının aşıq mühiti, eləcə də ecazkar təbiəti Zəlimxan Yaqubun istedadının beşiyi olmuş, başqa sözlə desək, yenicə pərvəriş tapan ilham pərisinə uğurlu uçuş üçün qol-qanad vermişdir.
Zəlimxan Yaqub doğma yurdun təbiəti qoynunda boya-başa çatmışdır. Onun lətafətli lirikasında Kəpənəkçi örüşlərinin, Qaraxac və Başkeçid yaylağının çiçək ətirli ab-havası, uca dağların göz qamaşdıran qarlı zirvələrinin, möhtəşəm qayalıqların, sərt uçurumların əzəməti, dərin dərələrin hənirtisi, çayların nəriltisi, bulaqların pıçıltısı həkk olunmuşdur. Zəlimxan Yaqubun poetik yaradıcılığının ədəbi qaynaqları təkcə əsatirlər, kitabi Dədə Qorqud, Koroğlu, Aşıq Qərib dastanları, nağıllar, ozan-aşıq və oğuz-qopuz mənbələri deyil, həm də şairin boya-başa çatdığı doğma Borçalının misilsiz təbiəti, tarixi qəhrəmanlıq keçmişi olmuşdur.
Zəlimxan Yaqub bir şair kimi öz yaradıcılıq uğurunu ana torpağa, şöhrətini el-obaya bağlılıqda görür:
Zəlimxan, yaşama torpaqdan ayrı,
Közün nə ömrü var ocaqdan ayrı.
Sözün bu arandan, yaylaqdan ayrı,
Nə dildə səslənər, nə şöhrət tapar.
Şairin oynaq, axıcı, səmimi lirik şeirlərində vətən torpağına, el-obaya, təbiətin qənirsiz gözəlliyinə vurğunluq, vətənpərvərlik duyğularının bədii ifadəsi idi.
Erkən yaşlarında, ilk gənclik dövründə yaşadığı mühit Zəlimxan Yaqubun bədii təfəkküründə böyük bir təbəddülat yaradırdı: bədii fikrinin zənginləşməsinə, xəlqiliyinə, bəşəri duyğularının cilalanmasına ciddi təsir göstərirdi.
Zəlimxan Yaqub yazır: «…Arandan yaylağa, yaylaqdan arana gedib-gəldikcə cığırları, izləri qaya-qaya, daş-daş, çiçək-çiçək gözlərimə köçürdüm, qəlbimə bir elat mədəniyyəti köçdü, şimşəklərin gurultusu, köhlən atların nərəsi, ilanüz qamçıların şaqqıltısı, alaçıqlar, dəyələr, çeşməbaşı məclislər mənim uşaqlıq və gənclik illərimin heç vaxt yaddaşımdan silinməyən, unudulmağı mümkün olmayan hadisələrinə, şeirlərinə, nəğmələrinə çevrildi».
Şairin düşüncələrinə, varlığına hopan doğma mühitin təbii və mənəvi gözəlliklərinin istedad qüdrəti ilə bədii cəhətdən bitgin və təsirli təsviri oxucuların yaddaşında həmişəlik qalır, unudulmur.
Zəlimxan Yaqub öz müşahidələri əsasında belə bir qənaətə gəlmişdi ki, təbiət ilham çeşməsi, şeir qaynağı, müqəddəslik çeşməsidir. Bu inam təsadüfi deyildi. O, təbiətdə qeyri-adi keyfiyyətləri, saflıq və təmizliyi, müqəddəsliyi öz yaradıcılığında görmək istəyirdi. «Bulaq» şeirində yazırdı:
Ay bulaq, mən sənə dayaz demərəm,
Səndə damlanın da dərinliyi var.
Dadsız da demərəm, nurlu gözündə
Ülvi bir məhəbbət şirinliyi var!
Əyilim, hörmətlə öpüm gözündən,
Mənə saflıq da ver, dərinlik də ver.
Belə ki, qaynarsan, qaynat könlümü,
Belə ki, sərinsən, sərinlik də ver.
Müqəddəs arzumdu sevmək, sevilmək,
Demirəm ya dəniz, ya da dağ olum.
Nemətdi duruluq, saflıq təmizlik,
Bəsimdi, sənintək bir bulaq olum!
Zəlimxan Yaqub şairlik missiyasını yüksək qiymətləndirir. Hər bir sənətkarın böyük ictimai vəzifəsini dərk etməsini, zəngin milli-mənəvi dəyərlərin varisliyinin məsuliyyətini bilməsini istəyir. Əks halda, şairin ilham pərisi poeziya aləminin ənginliklərində qol-qanad çala bilməz.
Zəlimxan şeiri ozan-aşıq, nağıl-dastan, «Dədə Qorqud», «Manas» xəzinəsindən, Füzulidən, Yunus İmrədən, Xəstə Qasımdan, Aşıq Ələsgərdən Qaracaoğlandan bəhrələnir.
«Əlli yaşın dastanı» mənzum əsərində Zəlimxan Yaqub həqiqi poeziya ustadının varislik taleyini yada salır:
...Hardan gəlir Zəlimxan, ilahinin nurundan,
Düzlərin sərvətindən, dağların qürurundan.
Atilladan Metedən, Oğuz xandan, Bilgədən!
Doğu-Batı arası,
Gözlərimin işığı, ürəyimin parası,
Ruhların dolaşdığı neçə-neçə ölkədən.
…Nəfəsi davamıdı sazın, qopuzun, udun,
Balaca nəfəsidir ulu Dədə Qorqudun.
Dastanın «Hardan gəlir Zəlimxan» bölməsinin tam mətnində türkün mənəvi dünyasının -yaranışının və keçib gəldiyi mübarizə dolu, əzablı tarixi yolunun lakonik təsvirinin dərin fəlsəfi mənasını Xalq şairi Bəxtiyar Vahabzadə «türk dünyası ədəbiyyat və sənətinin manifesti, proqramı» adlandırmışdı.
Zəlimxan şeirinin mayası Borçalı aşıq məbədinin ünlü ustadları - Aşıq Əmrah, Aşıq Kamandar, Aşıq Hüseyn Saraclı sənətinin Ozan-aşıq dünyasından şəhdi-şirəsini almışdır. Onların sazla çaldığı havalar, söylədikləri dastanlar sehrli sözlər, poeziya aləmində yenicə pərvazlanan gənc şairi ovsunlamış, varlığına hakim kəsilmişdir. Omrünün ən coşğun məqamında ozan-aşıq dünyasının «İlahi sirlərini, gizlin»lərini öyrənməsi onun qəlbində aşıqlıq sənətinə sönməz vurğunluq odu salmışdır:
Büdrəməz köhləni, yorulmaz atı,
Nağıldı, dastandı ömrü, həyatı.
Zəlimxan nə yazsa qoşma, bayatı,
Zəlimxan nə desə saz dilindədi.
Zəlimxan Yaqub sazın-sözün pərəstişkarıdır. Onun «şeirlərinin hamısında musiqinin sehirli notları var. «Mənim şeirlərimin dili çaldığım sazın dilidir… təkcə mənim dillərdə gəzən lirik şeirlərim deyil, irihəcmli əsərlərimin hamısı saz üstündə bəstələnib, havacat üstə deyilib sonradan varaqlara köçürülüb» deməsi gəlişigözəl deyilməmişdir.
Onun saysız-hesabsız təbii, rəvan, axıcı, əlvan lirik şeirləri, eləcə də «Yunus ?mrə», «Ələsgər», «Hüseyn Saraclı», «Saz», «Əbədiyyət», «Peyğəmbər» adlı irihəcmli lirik-epik əsərləri, dastanları «saz üstə bəstələnib, havacat üstə» ərsəyə gəlib.
Bu özünəməxsus orijinallıq müasir Azərbaycan poeziyasında Zəlimxan Yaqub yaradıcılığında açıq-aydın nəzərə çarpır. Onun ilham pərisi sazın sehrinə düşəndə həyəcanlanır, dünyaya sığmır, tuti-dili incilər səpir, «bir əli göydə, bir əli yerdə» daha uca zirvəyə qalxmağa imdad diləyir.
Təpə-dırnaq dərd oluram,
Vərəm oluram,
«Dilqəmi»yə qanad verən
bir qəm oluram.
Qərib olur, Məcnun olur,
Kərəm oluram,
Heç nə məni bu saz kimi
Oxuda bilmir.
Çeşmə coşur, çay hönkürür,
Bulaq oxuyur,
Könül dinir, dil tərpənir,
Dodaq oxuyur.
Kökün şirin nəğməsini
Budaq oxuyur,
Heç nə məni bu saz kimi
Oxuda bilmir.
Zəlimxan Yaqubun ilham pərisini dindirən, onu ozan-aşıq sənəti ənənəsini yaşadan sənətkar aşıq kimi ərsəyə gətirən, Kəpənəkçi kəndinin aşıq məclisləri, el ədəbiyyatı qaynaqları, digər tərəfdən Göyçə-Borçalı saz-söz sənət məktəbi olmuşdur.
Varlığında, sehirli səsində xalqın tarixini, taleyini, dərd-sərini hifz edən saza Zəlimxan Yaqubun «sitayiş» etməsi müqəddəsləşdirməsi, ona tapınması Dədə Qorqud yadigarına inamı ilə bağıldır.
Təklənib, qəmlənib yalqız olanda,
Çiçəyim saralıb, gülüm solanda,
Qəlbim kövrələndə, gözüm dolanda
Sazdı ümid yerim, pənahım mənim!
Xalq şairi Hüseyn Arif haqlı olaraq yazır: «Zəlimxanın mayası sazla yoğrulub. Sazın bağrından qopan odu-alovu, simlərdən süzülən zümzüməni onun şeirlərindən eşitmək olar. Sazla Zəlimxan baş-başa verib pıçıldaşanda mənə elə gəlib ki, iki şeir-sənət vurğunu bir-biriylə dərdləşir, bir-birinin hoyuna çatır, dadına yetir».
Saz Zəlimxan Yaqubun ürək sözlərinin tərcümanı idi. O, İran səfərində - Tehran və Təbrizdə izdihamlı görüşlərdə sehirli havacatları ilə şairin dadına çatırdı. Zəlimxan Yaqub Güney Azərbaycana - vətənin ayrılıq, həsrət odunda qovrulan parçasına demək istədikləri ürək sözlərini bağrına basdığı sazla demişdi.
Xalq yazıçısı Mövlud Süleymanlı, dediyi kimi, Zəlimxan Yaqub Güney Azərbaycanda «orduların görə bilməyəcəyi işi» görmüşdü.
O, həqiqətən milyon-milyon ürəkləri fəth etmişdi, onlarda vətənpərvərlik duyğularını oyatmışdı, qəhrəmanlıq keçmişini və işıqlı gələcəyini düşünməyə təhrik etmişdi.
Zəlimxan Yaqub görüşlərdə sazla birləşəndə qeyri-adi bir qüdrət sahibi olur. Onu «dinləyəndə kiçik salon genişlənir, nəfəs tapır, təlatümə gəlir, ləngər vurur, damarlarda qan coşur, ürək qanadlanır». Bu hadisənin şahidi olan, vəcdə gələn Azərbaycanın mücahid şairi Xəlil Rza Ulutürk demişdi: «Mən bir az xəstətəhər, bəzən dirilən, bəzən ölən, bəzən Səməndər quşu kimi külün içində alovlanan bir qüdrətəm. Amma Zəlimxan ədəbi Prometey, əbədi Səməndər quşudur».
Gözlərimi açan gündən
Saza, sözə meylim olub.
Mən havacat Məcnunuyam,
Saz əbədi Leylim olub!..
Zəlimxan Yaqubun «Saz» dastanı onun saza, saz havalarına, musiqiyə nə dərəcədə bələd olduğunu göstərir. Poemada «Divani», «Mansırı», «Sarıtel», «Dilqəmi», «Ruhani», «Borçalı dübeyti» saz havalarının mahiyyətinin, fəlsəfi-estetik qayəsinin poetik dillə açıqlanması Zəlimxan Yaqubu ustad aşıq kimi səciyyələndirir.
Əbədiyyatşünas alim Yaşar Qarayev varisi olduğu ozan-aşıq sənətində Zəlimxan Yaqubun xidmətini şərh edərkən yazır:
«Sazı Qorqud kökləyib, Ələsgər çalıb, Kərəm yandırıb, Xəstə Qasım və Qul Abbas toza döndərib, Araza səpələyib. Saz Koroğlunun üsyanı, Qurbaninin qəmi, Alının öyüdü, Şəmşirin bizə vəsiyyəti olub. Onun ən müxtəlif mahnılarını bir yerə yığmaq, bədii sahmana salmaq və saza poema yazmaq isə ilk dəfə Zəlimxan Yaquba qismət olub».
Azərbaycanda müstəqilliyin bərpa edilməsi milli ədəbiyyatın yeni istiqamətdə, günün tələbinə uyğun inkişlafına şərait yaratdı. Söz azadlığı, demokratik ictimai mühit Zəlimxan Yaqubun poetik yaradıcılığında ciddi dönüş yaratdı.
Azadlığın xalq həyatına gətirdiyi yeniliklər, müasirlərin fikri və düşüncələri, mənəvi aləmi, həsrətini çəkdiyi əmin-amanlıq, doğma torpağı qorumaq əzmi şairin şeirlərinin mövzusuna çevrildi. «Allahım, mənə bir ağsaqqal yetir», «Sən qalib gələcəksən», «Qurtuluş», «Azərbaycan oxusun», «Böyük ömrün dastanı» kimi mənzum əsərləri şairin yaradıcılığına yeni poetik çalar, ictimai-siyasi motiv daxil etdi.
Zəlimxan Yaqubun Milli Məclisin deputatı kimi rəsmi dövlət nümayəndə heyəti tərkibində xarici ölkələrdə - Amerika, Rusiya, Çin, Türkiyə, İran, İraq, Almaniya, Fransa, İsveçrə, Orta Asiyada olması onun yaradıcılığında ictimai-siyasi mövzuların vüsətinə ciddi təsir göstərdi. «Tanı məni, Amerika», «Türkiyə dəftəri», «Almaniya dəftəri», «İran dəftəri», «İraq dəftəri», «Çin dəftəri», «Avropa şeirləri» şairin poeziyasını yeni forma, bədii təsvir əlvanlığı ilə zənginləşdirdi.
XX yüzilliyin 80-ci illərində bədnam erməni hökumətinin xəyanətkar siyasəti nəticəsində 300 minə yaxın azərbaycanlı oğuz yurdu - indiki Ermənistan ərazisindən, doğma ata-baba yurdundan silah gücünə çıxarıldı.
Erməni daşnak hərbi qüvvələri şovinist rus havadarlarının köməyi ilə Dağlıq Qarabağı və onun ətraf rayonlarını işğal etdi. Ölkəmizin 20 faiz ərazisini itirdik, qaçqın və köçkün «şəhərciyi» yarandı. Vətən torpağı uğrunda mübarizədə mərd övladlarımız şəhid oldu.
Milli istiqlaliyyət günəşi üfüqdə göründüyü bir vaxtda kəmfürsət erməni-rus qaragüruhu fəlakətlər törətdi. Bu hadisə xalqlar həbsxanasının əsarətindən azadlığa can atan ölkəmizin xoşbəxtliyə qovuşmasını vəsf edən Zəlimxan Yaqubun yaradıcılığına təsirsiz qalmadı. O, şeir dünyasında «xəcalət, məğlubiyyət, qələbə, zəfər, çağırış» notlarının yaranmasını obrazlı şəkildə belə şərh edir:
«Arı kimi çiçəklərdən şirə çəkir, kəpənək kimi güldən-gülə qonur, kəklik kimi daşdan-daşa səkir, qartal kimi zirvələrdə qıy vurur, küləklərə, şimşəklərə meydan oxuyurdum.
Güldən-çiçəkdən, çaydan-çeşmədən yaza-yaza budaqlarda ötən bülbülə dönür, təbiət eşqinə nəğmələr oxuyur, qoşmalar, təcnislər, bayatılar yazır, yazdıqlarım telli sazın atəşində əridir, gözəl bir ömür yaşayırdım. Təbiətin qar-boranını çox görmüş olsa da, hələ cəmiyyətin, müharibə adlı iblisin sərt üzünü görməmişdim. Gül ətri verən şeirlərimdən birdən-birə qan iyi gəlməyə başladı. Qarabağ savaşı başladı. Torpaqlarımız işğal olundu, əsirlər, girovlar, qaçqınlar ölkəsinə çevrildik».
Bu gecə yuxuma girmişdi Şuşa,
Cabbar ağlayırdı, Xan ağlayırdı.
Dönmüşdü qanadı qırılmış quşa,
Qarabağ başabaş qan ağlayırdı.
Qanlı-qadalı günlərin əks-sədası «Sizi qınamıram», «Şəhidin səsi», «Şair harayı», «Bu gecə yuxuma girmişdi Şuşa», «Qalmaz», «Qara bayraq», «Xocalıya ağı», «Ey vətən oğulları!», «Dur ayağa məmləkətim», «Rəsul Həmzətova məktub», «Qoruya bilmədik məzarımızı», «Əsgər qardaşıma məktub», “Ordum varsa yurdum var”, «Çıxış edir Xəlil Rza», «Gecikmiş etiraf», «Səslərin görüşü», «Vətən yaraları» şeir və poemaları Zəlimxan Yaqubun yaradıcılığına həsrət, qəm-kədər, mübarizlik, intiqam, çağırış, döyüşgənlik ruhu daxil etmişdi.
Qarabağ dərdi, Şuşa və Laçın ağrısı, Xocalı göynərtisi Zəlimxan Yaqubun yaradıcılığında yeni bir təbəddülat yaradır. O, vətəndaş şair kimi vətənin ağır günündə xalqı intiqam almağa, mübarizəyə səsləyir, əsgərləri milli istiqlaliyyəti göz bəbəyi kimi qorumaq, ölkəmizin bütövlüyünü bərpa etmək naminə silaha sarılmağa, döyüş meydanına çağırır.
Çatıb həqiqətinə
haqqını almaq üçün,
Düşmən bayrağını
ayağa salmaq üçün,
Qalibiyyət hayqırıb,
qələbə çalmaq üçün
Millətin xilas yolu
bu gün savaşdan keçir.
Vətənə, insana, doğma yurda sevgi-məhəbbət ruhu Zəlimxan poeziyasını təşkil edir. Onun sevgi-məhəbbət duyğuları ilə süslənmiş mənzum əsərləri həmişə ətirli, təravətlidir. Çünki bu əlvan, güldəstə şeirlərdə sevgi-məhəbbət motivləri ana südü, ana laylası, bərəkətli çörək, vətən ab-havası cövhəri ilə yoğrulmuşdur. Ona görə də Zəlimxan Yaqub insanlarda xoş əhval-ruhiyyə, yaşamaq eşqi, mənəvi saflıq təlqin edən şeirlərinin uzunömürlülüyünə inanır: O deyir: «…çox toyların bəzəyi oldum, çox məclislərdə bəyə-gəlinə xeyir-dua verdim. Mən bu dünyadan köçəndən sonra sevgi şeirlərim gələcəyin insanlarına xeyir-dua verəcək!».
Çöldə çiçək oldum, çəməndə naxış,
Şimşəkdə od oldum, buludda yağış,
Sirli bir göz gördüm, nurlu bir baxış,
Çevrildim çeşməyə, qarışdım çaya,
Səni sevmək üçün gəldim dünyaya!.
Gənclik dövründən Zəlimxanda bədii ədəbiyyata güclü meyl oyanmışdı. O, söz düşəndə deyir «…atamın zəngin mütaliəsi və oxuduğu əsərləri çox böyük maraq və şirin ləhçə ilə danışması mənim kitablar dünyasına açılan ən işıqlı pəncərəm oldu».
Kəpənəkçi kəndinin sazlı-sözlü məclislərində aşıqlardan eşitdiyi ürəkaçan mahnılar, məftunedici nağıl-dastan, Yunus ?mrə ilahiləri onun güclü yaddaşına həkk olur, qəlbini riqqətə gətirirdi, sarı simlərdən qopan sehirli sədalar isə ona saz? buta, ömürlük sirdaş kimi doğmalaşdırdı. Bakıya ali təhsil almağa gələndə, göründüyü kimi Zəlimxan Yaqub «sazdan-sözdən yük tutub, barxana bağlayıb» gəlmişdi.
Lakin şair ruhu pak saxlamağın, sənətin zirvəsinə qalxmağın yolunu irfanın işığında, təsəvvürün möcüzəsində, dünya sirlərindən agah olan mürşid-kamilin fəlsəfəsində axtarırdı. Bakı ədəbi mühiti Zəlimxan Yaqubun həyatında ciddi dönüş yaratdı. Yazıçılarla sıx əlaqəsi, zəngin ədəbi irsi öyrənməsi, Yunis ?mrə, Cavid Əfəndi, Cəlaləddin Mövlana hikmətinə dərin bələdlik, axtarış əzmi, yaradıcılıq əzabına dözüm, titanik zəhmət onun ilham pərisinə qüdrətli qol-qanad verdi.
Zəlimxan Yaqubun poeziyasının estetik qayəsi, idealı əqidəli, güclü insan tərbiyəsinə xidmət etmək idi: Onun şeirlərinin leytmotivi insanı xeyirxahlığa, təəssübkeşliyə, milli birliyə, vətən sevgisinə çağırış idi.
Şair inamla deyir: “hansı mövzuda olursa-olsun bütün yazdıqlarım irfan nurundan mayalanır”.
Zəlimxan Yaqubun şeir yaradıcılığı orijinallığı, bədiiliyi, günün nəbzini əks etdirməsi və ictimai-siyasi tutumu ilə milyonların qəlbinə yol tapır, sənətin zirvəsi fövqünə yüksəlir, əbədi yaşarlıq ömrü qazanır. Çünki adət-ənənəyə, xalq ruhuna, təbiətə, səmavi qüdrətə qırılmaz tellərlə bağlıdır:
İşığı, neməti boldu, tükənməz,
Min ildi gəldiyim yoldu, tükənməz.
Qəlbimə ömürlük yoldu, tükənməz,
Bir insan sevgisi, bir Allah eşqi!
Zəlimxan Yaqubun amalı poetik imkanları daxilində, bədii cəhətdən yüksək, ölməz əsərlər yaratmaq olmuşdur. Onun «Saz», «Yunus ?mrə», «Ələsgər», «Əbədiyyət dastanı», «Peyğəmbər», «Qara sazın yaddaşına köçənlər» kimi mənzum əsərləri bu cəhətdən diqqəti cəlb edir.
Nə alim doğuldum, nə də ki, dahi,
Peşiman deyiləm gələn günümə.
Əliboş aparma məni, ilahi,
Doğulan günümdən ölən günümə.
Zəlimxan Yaqubda həyat eşqi, yazıb-yaratmaq eşqi tükənməzdir. Heç bir çətinliyə, əzab-əziyyətə, məhrumiyyətə baxmadan ürəyində vətən məhəbbəti, əlində qələm söz mülkündə «yerlə-göylə» əlləşir. Çünki təbiətin və cəmiyyətin mahiyyətindən doğan narahatlıq, gözlənilməz dəyişikliklər dövründə yazıçının xalq qarşısında məsuliyyəti, vətən qarşısında cavabdehliyi Zəlimxan Yaquba bir şair kimi dinclik vermir. Onun imkanlarını ictimai-ədəbi fəaliyyətə həsr etməsini, başqa sözlə, son dərəcə gərgin həyat tərzini özünə qəsd kimi düşünənlərə cavabında şair demişdir: «…arzular həddindən artıq çox, ömür həddindən artıq gödəkdirsə, təbiətin bizə verdiyi yaşamaq möhləti bir göz qırpımına bənzəyirsə mən necə sakit yaşaya bilərəm».
Qaş-qabağım qara bulud görmədi,
Qəlbim zülmət, könlüm sükut görmədi.
Evim qıfıl, qapım kilid görmədi,
Özüm üçün yaşamadım, çox şükür.
Zəlimxan Yaqub xalqın böyük etimadını qazanmış ictimai xadimdir. O, ömrünün mənasını xalqa xidmətdə görürdü. Bu müqəddəs yolda çətinliyini, dərd-sərini, ağrılarını özgəsinə yük olmasın deyə gizli saxlayırdı. Zəlimxan Yaqub müsahibələrinin birində yazır: «Mən içəridən gələn göstərişə hər vaxt can-başla, böyük səmimiyyətlə əməl etmişəm. Toyda oynamaga da, vayda ağlamaga da, bir yetim başına sığal çəkməyə də, bir xəstənin dadına çatmağa da, şəhid anasının dərdinə şərik olmağa da, saysız dərəcədə çox olan müxtəlif mənalı və müxtəlif məzmunlu məclislərə, tədbirlərə də, uzaq-yaxın səfərlərə də həmişə can-başla getmişəm… itirdiyim vaxta heç vaxt peşman olub təəssüf hissi keçirməmişəm».
Zəlimxan Yaqub 60 yaşında Bakıda, Almaniyada və Türkiyədə ürəyindən və böyrəyindən 3 cərrahiyyə əməliyyatına məruz qalmışdır. 2011-ci ilin may-iyun aylarında da Almaniyada müalicə olunmuşdur.
Ağır cərrahiyyə əməliyyatından sonrakı aylarda Zəlimxan Yaqub yenə televiziya verilişlərində, ədəbi-bədii gecələrdə, ictimai tədbirlərdə, görüşlərdə sağlam, gümrah görünmüşdür. O, yenə də gur səsi ilə şeir oxuyur, kürsüləri titrədir, geniş salonlarda sürəkli alqışlarla qarşılanır…
Zəlimxan Yaqubun əli qələm, dili söz tutan vaxtdan ötən yarım əsr ərzində zəngin yaradıcılığı və qaynar ictimai fəaliyyəti müasir milli mədəniyyət xəzinəmizi zənginləşdirmişdir.
Şairin «Könlümün səsi» (1980) ilk şeirlər toplusundan «Peyğəmbər» (2009) və «İçimdə ağlayan Krım» (2010) poemalarına qədər 30 ildə nəşr olunan saysız-hesabsız kitablarını, dövri mətbuatda işıq üzü görən külli miqdarda şeir, məqalə və çıxışını göz önünə gətirəndə istər-istəməz xəyalında belə mənzərə yaranır: başı qarlı dağların zirvəsindən süzülən irmağın yaratdığı coşğun dağ şəlaləsinin əsrarəngiz görüntüsü heyrət doğurduğu kimi, şairin ilk kövrək deyimlərinin zaman-zaman şaxələnib zənginləşməsi də oxucuda iftixar hissi oyadır. Şairin poetik yaradıcılığı onun əzab və sevinc dolu ömür yolunun salnaməsi kimi canlanır.
Xalq şairi, görkəmli ictimai xadim Zəlimxan Yaqub özünün fitri istedadı, poetik, güclü yaddaşı, çoxcəhətli yaradıcılığı və ictimai fəaliyyəti ilə ümumxalq məhəbbəti qazanmışdır. Onun Azərbaycan ədəbiyyatı xəzinəsini zənginləşdirən orijinal, təravətli mənzum əsərləri milli müstəqilliyimizin əbədiyaşar poetik salnaməsidir.
|