Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
ŞAİR ZƏLİMXAN YAQUBA

Hörmətli Zəlimxan Yaqub!
Sizi – xalqımızın tanınmış şairini 50 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edirəm.
Siz müasir ədəbiyyatımızda Azərbaycanın zəngin şeir ənənələrini yaşadan şairlər nəslinə mənsub olan sənətkarlardansınız. Xalqımızın yüksən insani keyfiyyətlərini, əxlaqi dəyərlərini, mənəvi məziyyətlərini təcəssüm etdirən şifahi xalq yaradıcılığından ustalıqla bəhrələnməklə Siz Azərbaycan poeziyasının inciləri səviyyəsinə qalxa bilən nəzm əsərləri yaratmısınız. Mövzuca rəngarəng və məzmunca dolğun olan şeirləriniz poeziyamızda həmişə yeni səs, yeni söz kimi qəbul edilmişdir. Vətən övladlarının qəhrəmanlıq ruhu, ocaq, yurd həsrəti ilə dolu şeirləriniz Sizin əsl vətəndaş mövqeyinizi nümayiş etdirərək gənc nəslə vətənpərvərlik duyğuları aşılayır, nikbin əhval-ruhiyyə yaradır və gələcəyə olan ümidləri daha da möhkəmləndirir.
Ana dilimizin tükənməz imkanlarından məharətlə istifadə edərək təbiətimizin füsunkarlığına, oğul-qızlarımızın qeyrətinə, ata-babalarımızın müdrikliyinə həsr etdiyiniz misralarınız oxucular tərəfindən böyük hüsn-rəğbətlə qarşılanır. Ulu əcdadlarımızın qədim sənəti olan aşıq yaradıcılığının incilərini dərindən bilməyiniz isə şeirlərinizin bədii siqlətini daha da artırır.
İctimai xadim kimi fəaliyyətiniz də çox səmərəlidir. Xüsusilə Azərbaycan-gürcü mədəni əlaqələrinin inkişafı istiqamətində apardığınız işlər, habelə Gürcüstanda yaşayan çoxsaylı soydaşlarımızla yaratdığınız sıx münasibət diqqətə layiqdir.
Əminəm ki, yaradıcılığınızın ən məhsuldar dövrü hələ qabaqdadır və Siz bundan sonra da ədəbiyyatımızın inkişafı naminə var qüvvənizi sərf edəcək, şeir pərəstişkarlarını yeni-yeni sənət inciləri ilə sevindirəcəksiniz. Bu yolda Sizə yaradıcılıq uğurları, uzun ömür və can sağlığı arzulayıram.
Bakı şəhəri, 17 yanvar, 2000-ci il
|