Xəbərlər Boigrafiya Haqqında Yaradıcılığı Qalereya Qonaq dəfətəri Əlaqə

   “BİZ BİR EŞQİN BUTASIYIQ”

 

 

Bəxtiyar VAHABZADƏ

 

“BİZ BİR EŞQİN BUTASIYIQ”

 

   Özümü az-çox dərk edəndən bəri özümdən əvvəlki nəslin bütün nümayəndələrindən – atamdan, anamdan, qohum-qardaşımdan və ələlxüsus müəllimlərimdən eşitdiyim bir kəlam sırğa olub daim qulaqlarımda səslənib: xalqa arxalan, elin hörmətini qazan, xalqa arxa çevirmə!

   Bu kəlamın həqiqətinə gənclikdə də inanmışam, indi də. Yaş ötdükcə daha çox inanıram. Ona da əminəm ki, sabah daha çox inanacağam. Xalqa arxa çevirənlərin arxasını həmişə yerdə görmüşük. Bu kəlamı bizdən əvvəlkilərdən eşitmişik, bu gün də biz, bizdən sonra gələnlərə deyirik. Nəsillərdən-nəsillərə keçən bu sözün özü köhnə olsa da, hər nəsil onu özü üçün yenidən açır, bu yerdə köhnə söz təzələnir. Əslində təzə heç nə yoxdur. Amma yeni nəsil köhnə sözün mahiyyətini dərk edəndə o, onun üçün bir kəşf qədər təzə görünür.

   Ədəbiyyata gələn hər yeni nəslin yazılarına mən həmişə xalq ruhu pəncərəsindən baxmışam. Əgər oxuduğum yazıda mən bu ruhu görürəmsə, müəllifin gələcəyinə və bu aləmdə sona qədər duruş gətirə biləcəyinə inanıram. Bu ruhu görmürəmsə, onun nə mövzularına, nə deyim tərzinə, nə də yenilik xatirinə çıxartdığı oyunların axıra qədər davam edə biləcəyinə inanmıram. Amma mən Zəlimxan Yaqubun “Biz bir eşqin butasıyıq” kitabından misal gətirdiyim aşağıdakı misraların həqiqətinə zamin dura bilərəm:

 

Yatardımı əl qələmə, dil sözə,

Vurulmasam söhbətinə bu xalqın!

 

   Bəli, mənsub olduğun xalqın hikmətinə, söhbətinə, ismətinə və qeyrətinə inanmayan sənətkarın əli qələmə, dili sözə yata bilməz.

   Sənətin sözü millilikdən keçir. Millətini dərindən tanımayan, millətini min illərdən süzülüb gələn mənəvi dünyası ilə qaynayıb qarışmayan, bu ruh torpağından cücərməyən qələm sahibinin qol-budaq atacağına necə inanmaq olar? Eləsi yazar və çap oluna bilər. Amma yazdıqları kağız üzərindən ürəklərə boylana bilməz. Mənim dəfələrlə yazdığım bu mətləb də təzə deyil. Bu mətləbi bütün sənətkarlar öz təcrübəsindən çıxararaq deyib və elə bilib ki, dediyi təzə sözdür. Mən də bu sözün həqiqiliyinə özüm inanıb birinci dəfə yazanda elə bilmişdim ki, Amerikanı kəşf etmişəm. Amma inanıb yazdığıma görə bu söz özümün olmasa da, özüm üçün kəşf idi.

   Söz sənətində sənət sözün gücündədir. Deməli, söz sənətində gözəl olan şey dil gözəlliyidir. Söz sənətkarı hər şeydən əvvəl, söz sərrafıdır. Zərgər qızıl külçəsinin dəyərini dərhal bildiyi kimi, söz sənətkarı da sözün əyarını – yəni, məna tutumunu və gücünü dərhal bilir. Buna görə də söz sənətkarı sözü dəyərinə, gücünə, məna və funksiyasına görə işlətməyi bacarır.

   Sözü yaradan xalqdır. Sənətkar isə yaranmış sözləri yan-yana düzməklə, məlum və köhnə sözlərdən təzə mətləb yaradır. Bu yerdə yaranan yeni mətləbin müəllifi qoşalaşır: Xalq və şair! Bəli, babamız Füzulidən tutmuş bugünkü ən cavan şairə qədər yaratdıqlarımızın şəriki bizi və dilimiz yaradan xaliqimiz xalqdır. Əlbəttə, yaratdığımı xalqın ürəyində əks-səda tapırsa, onun ikinci müəllifi xalqın özüdür. Əgər xalq bizim yaratdığımızı qəbul etmirsə, yaratdığımızın müəllifi yalnız özümüzük. Onu xalqın çiyninə yükləyə bilmərik.

Z. Yaqub yazır:

Bu torpaqda izim qala,

Naxış olam kaş daşına.

Oğul kimi arxalanam

Dönəm xalqın yaşdaşına.

 

   Demək istədiyim mətləb xalqla “yaşdaş olmaq” sözünün üstündədir. Əgər şair xalq ruhundan doğan sözü deyə bilirsə, o həqiqətən xalqın yaşdaşına çevrilə bilər. yəni onun yazdıqları xalqın ürəyində əks-səda tapar. Əks-sadaya çevrilmək üçün isə xalqla eyni yaşda olmağı bacarmalısan. Necə yəni xalqla eyni yaşda olmaq? Bəli, bunu bizim böyüklərimiz bacarmışdır. Məgər sevdiyimiz bütün sənətkarlar xalqla eyni yaşda olmamış? Dədə Ələsgərə kim deyə bilər ki, 100 yaşında ölüb? O, ilk şeirini yazanda da xalqla eyni yaşda idi, cismən öləndə də və ölümündən yüz illər keçsə də.

   Çünki, xalqla yaşdaş olmaq – xalqı sevmək, xalqı tanımaq, xalqın ruhu, tarixi və mənəvi dünyası ilə yaşamaq, bu ruhdan, bu mənəvi dünyadan boy atmaq, nəhayət bu ruhun ifadəsinə çevrilmək deməkdir.

 

Bir hay verəm hayına,

Bu tayından o tayına.

Yola dönəm – sarayına

Sinəm üstdən daş daşına.

 

   Həm gözəl deyilib, həm də gözəl arzudur. Burda gözəllik, yalnız arzunun gözəlliyində deyil, onun deyilişindəki gözəllikdədir.

 

Qara daşı qəbrim üstə,

Qoy çevirsinbaş daşına.

 

   Kim nə deyir, desin, mən sözün ustalıqla düzülüşündən doğan musiqini və ahəng yaradan qafiyəni şeir üçün çox vacib sayıram. Şeir üçün bu cəhət əsas deyilsə, bəs nə imiş əsas? Fikir? Mövzu? Ya məzmun? Əlbəttə də bunlar da vacibdir. Lakin bu komponentlər məqalədə də ola bilər. ümumiyyətlə, şeir Allahın sirridir, möcüzəsidir. Bəlkə də dildə pöhrələnən ruhdur?

   Ana dili xalqın ruhudur. Ana dilindəki nəğmələrdə, səslərdə və bu səslərin ahəngində xalqın tarixi, mənəvi dünyası və ruhu canlanır. Misal gətirdiyim bəndlərdə “Ş” səsinin sağ-solondakı səslərin gah önə, gah arxaya keçməsi ilə həm məna dəyişir, həm də ürəyi titrədən bir ahəng yaranır... Bu ahəng ana dilimizin öz təbiətindən doğan ahəngdir. Xalqına gözəgörünməz tellərlə bağlı olan, xalq ruhu ilə qaynaqlanan, bu ruhla pərvəriş tapan qələm sahibi özü hiss etmədən xalqın ruhuna köklənir və yazıları da bu ahəngin süzüntüsünə çevrilir. Zəlimxanın qələmindən çıxan irili-xırdalı bütün şeirləri bu ahəngdən doğur. Çünki, bu şeirlər uzaq olduğu qədər də yaxın bir qaynaqdan süzülür.

   Mən istədim ki, mənim qələm yoldaşım kökdən bərk yapışıb bu ənənə zəminindən dünyanın müasir mənzərəsinə bir az da yaxından boylansın. O zaman onun şeirlərində köklə, ənənə ilə bərabər yeni dünyanın yeni ahəngi daha çox səslənər. Bu mənada onun “mənə ümid kimi bax” şeiri, buradakı məzmun və orijinal ifadə tərzi daha çox məqbuldur:

 

Mənə ümid kimi bax – doğruldum gümanını,

Mənə işıq kimi bax – dağıdım dumanını.

Mənə inam kimi bax – sinə gərim çətinə,

Mənə sevgi kimi bax – önüm məhəbbətinə.

Mənə bahar kimi bax – yaşıllanım, allanım,

Mənə payız kimi bax – şirələnim, ballanım.

 

   Şairin iki böyük klassikimizə həsr etdiyi “Füzuli-Sabir” şeiri daha tutarlıdır. Onca sətirlik bu şeirdə dünyalara sığmayan iki dahimizin ədəbiyyatımızdakı mövqeyi o qədər dəqiq və düzgün göstərilib ki, bu dahilər haqqında yazılan neçə-neçə elmi kitablar, onların qiymətini və mövqeyini bu dəqiqlikdə təyin edə bilməyib. Hərəsi bir sənət qütbündə və hərəsi bir əsrdə dayanan bu dahilərin birini “Heyrət qalası”, “Qeyrət qalası” adlandıran şair, onları dahilik zirvəsində görün necə görüşdürür:

 

Gözəlliyə, gözələ könlünü bağlayanda,

Füzuli “heyrət” dedi.

Millətinin halına güləndə, ağlayanda,

Sabirim “qeyrət” dedi.

 

   Füzuli gözəllik qarşısında “Heyrət, ey büt” demiş və yalnız gözəlliyi tərənnüm etmişdir. Gözəllik isə təbiətin bəxşişidir. Beləliklə, Füzuli təbiət gözəlliyi qarşısında heyrətlənibsə, Sabir əksinə, təbiətdən yan keçmiş, cəmiyyətin eybəcərliklərini qamçılayıb, bu eybəcərliklərdən uzaqlaşmaq üçün bizi qeyrətə çağırmışdır. Buna görə də şair yazır:

 

Heyrət ilə qeyrəti, yoğurdular, yapdılar,

Bu ölümlü dünyada bir ölməzlik tapdılar. 

 

   Bu misraları yazan şair min illik sənət ənənəmizə və xalqın ruhundan doğan ədəbiyyatımıza dərindən bələd olmasaydı, iki böyük nəhəngimiz haqqında bu klassik tərifi verə bilməzdi. Zəlimxan həm klassik ədəbiyyatımı, həm də folklorumuzu bilir desəm, çox az olar. Hər ikisi ilə nəfəs alır, yaşayır. Buna görə onun şeirlərində həm yazılı ədəbiyyatımızın, həm də şifahi ədəbiyyatımızın ruhu qol-qoladır.

   Şairin “Biz bir eşqin butasıyıq” kitabı ədəbiyyatımıza yaxşı bir hədiyyədir. Uğurlu kitabdır. Şairə daha böyük uğurlar arzu edir, ondan yeni kitablar gözləyirik.

 

 “Azərbaycan gəncləri” qəzeti,

03 mart 1990-cı il

  Geri