Bəxtiyar VAHABZADƏ
HARDAN GƏLİR ZƏLİMXAN?
Şair Zəlimxan Yaqubun “Şərq” qəzetinin 14 may 2000-ci il sayında dərc edilmiş “50 yaşın dastanı” poemasını böyük məmnuniyyətlə oxudum. Ertəsi gün tanışlarım, dostlarım zəng edib poema haqqında mənim fikrimi soruşdular. Bildirdim. Amma zəng edənlərin sayı çox olduğundan fikirmi mətbuatda oxucularla bölüşmək qərarına gəldim.
Bazar iqtisadiyyatının ölkəmizdə addım-addım irəliləməsi ilə şeirin, sənətin yavaş-yavaş aradan çıxacağını güman edənlər, məncə, səhv edir. Çünki dünyada nə qədər həyat var, insan duyğularını ifadə edən zərif sözü, qəlbi titrədən səsi eşitməyə, məlum 7 rəngin min bir çalarını heyranlıqla seyr etməyə ehtiyacımız olacaq. Buna görə də indi bədii əsərləri çap etməkdən çəkinən mətbuat orqanlarından xahişim budur ki, siyasətlə bərabər, bədii sözdən də imtina etməsinlər. Bu cəhətdən “525-ci qəzet”in fəaliyyətini təqdir etmək istəyirəm.
“50 yaşın dastanı” poemasını bir növ şairin xalq qarşısında 30 illik yaradıcılıq hesabatı adlandırmaq olar. Burada müəllif doğulduğu el-obaya, elin yaratdığı söz və səs xəzinəsinə yalnız minnətdarlığını bildirmir, həm də qanad açdığı torpağın, bir şair kimi onun mənəvi dünyasını şəkilləndirən ana təbiətin nələrə qadir olduğunu oxucusuna çatdırmaqla ilhamının istinad nöqtələrini oxucuya göstərir.
“Hardan gəlir Zəlimxan?” – sualına şairin verdiyi cavabı ehtiva edən fəsli, məncə, poemanın bel sütunudur. Bu fəsildə şair türk tarixinin Atilla, Mete, Oğuz xan, Bilgə Xaqan, Əmir Teymur kimi nəhəng sərkərdələrini, “Dədə Qorqud” və “Manas” kimi türk dünyasının ulu dastanlarını, Orxon-Yenisey abidələrini, Füzuli, Yunus İmrə, Abay, Məhtimqulu və Qaracaoğlan kimi sənət bahadırlarını xatırlamaqla sərkərdələrimizdən mərdliyi, cəsurluğu, dastanlarımızdan ruhumuzda yaşayan gözəl adət və ənənəmizi, törəmizi, böyük sənətkarlarımızdan isə müdrikliyi əxz etdiyini bildirməklə oxucuya öz ilham qaynaqlarını nişan verir. Mən 36 sətirlik bu fəsli türk dünyası ədəbiyyat və sənətinin manifesti, proqramı adlandırardım. Şair öz proqramında tamamilə haqlıdır. Çünki bu qaynaqlara söykənmədən, bu sənət çeşmələrindən su içmədən türk dünyasının sənətkarı olmaq mümkün deyil. Mənə görə, bu fəsil bizim poeziyamızda həm də yaxşı ümumiləşdirmə nümunələrindən biridir. 36 misrada şair yalnız özünün və təkcə Azərbaycan türkünün deyil, bütün türk dünyası sənətinin hansı mənəvi köklər üstündə boy atdığını yığcam şəkildə ortaya qoymuşdur. Yaxud:
Riyaziyyatdan bir məsələni həll edə bilmədiyinə görə atasının ona vurduğu şilləni şair oynada-oynada, nəhayət, şillədən doğan səsi şeirin misrasına hopdurmaqla gözəl bir ümumiləşdirmə nümunəsi yaratmışdır:
Atamın vurduğu şillənin səsi,
Şeirimin ən güclü misrasındadı.
Atanın vurduğu şillə burada artıq müstəqim mənada şillə olaraq qalmır, o məcaza çevrilir, şairin misralarında öz əks-sədasını tapınca, o, şilləlikdən çıxıb həyat dərsinə çevrilir. Bu, şairin adi fakta verdiyi poetik mənadır, məzmundur. Demək, şairlik quruca faktı deməkdən ibarət deyil, fakta verilən mənada, bir sözlə, onun ümumiləşdirmə gücündədir.
Allaha şükür, şeir quraşdıranlarımız çoxdur. Onlara “bu, şeir deyil” deyəndə səndən sübut tələb edirlər. Təəssüf ki, şeirin yuxarıda göstərdiyim bu cəhətini başa salmaq mümkün deyil. Belələri anadan şair doğulmadıqlarına görə poeziyanın bu zərif qatını izah etmək də olmur. Çünki şairi, sənəti anlamaq yoz, duymaq lazımdır. Duyulmayanı isə anlatmaq mümkünsüzdür.
Bizim ədəbi tənqidimiz bədii əsərlərin təhlilində uzun illər yalnız məzmun və ideya təhlili ilə məşğul olmuş, bədii əsərin bədii təhlilindən vaz keçmişdir. Amma unutmaq olmaz ki, bədii əsər hər şeydən əvvəl bədiiliyi ilə şərtləndiyindən onun forma gözəlliklərinin təhlili vacibdir. Deyim tərzinin obrazlılığı – bənzətmələr, mübaliğələr, hətta sözlərin düzülüşündəki səs alletrasiyaları, qafiyə, rədif və cinasların orijinallığı və məzmuna xidməti də sənətin əsas şərtlərindəndir. Poemadan bir neçə qafiyəni misal gətirmək istəyirəm: “şırım – ildırım, sırğa – qasırğa, nur – qürur, nuh – ruh” və s. qafiyələr sürtük deyil, orijinaldır, təzədir.
Ümumən, Zəlimxan şeiri xalq yaradıcılığına, sazın tellərindən süzülüb durulan aşıq poeziyasına söykəndiyi üçün onun dili kələ-kötürlükdən xali, axıcı və şəffafdır. Bu şeirdə dirəniş və gücənmə olmadığından tər qoxusu deyil, yarpız ətri gəlir. Qafiyələr sərrast, obrazlar aydın və durudur. Onun şeir köhləni ilham və qanadlarıyla uçduğuna görə oxucunu öz arxasınca son mənzilə rahat çatdırır. Elə buna görə də sətirlərdə yürüdülən fikir və duyğular bulanıq arx suyuna deyil, büllur dağ çeşməsinə bənzəyir.
Poemada vəznin mövzuya görə tez-tez dəyişməsi məzmuna xidmət edir. Belə ki, oxucu yorulmur, şairin mətləbini yalnız ifadə olunan fikirdə deyil, həm də şeirin ahəngində, səslərin axarında da tapır. Poemada elə bəndlər var ki, onlar bizə eynilə xalq bayatısını xatırladır:
“Əzizim, mən də yetim,
Sən yetim, mən də yetim.
Sən yetdin mətləbinə
Səs elə, mən də yetim”.
Bu dördlükdə “yetim” sözü ilə “yetmək” məsdərini böyük ustalıqla oynadaraq şair çox gözəl alletrasiya nümunəsi yaratmışdır.
Poema başdan-başa səmimiyyətlə yazıldığından onun oxucu ürəyinə yol tapacağına əminəm. çünki səmimiyyət sənətin çırpınana ürəyidir.
Əlbəttə, bir kiçik məqalədə poemanın bütün məziyyətlərini açmaq mümkün deyil. Amma bir məsələni vurğulamadan keçə bilməyəcəyəm.
Şairin böyük dövlət xadimi və millət fədaisi Nəriman Nərimanov haqqında dedikləri ilə şəxsən mən razı deyiləm. Əlbəttə, Nərimanov Leninə inanmaqla xətaya yol vermişdi. Lakin böyüklər haqında fikir deyəndə onun yaşadığı dövrü nəzərə almamaq mümkün deyil, çünki hər kəs öz valideynlərindən çox, öz mühitinin övladıdır. Odur ki, şəxsiyyəti öz zəmanəsi ilə birlikdə götürmək lazımdır. Biz bunu da bilirik ki, Nərimanov üçcə il sonra ö xətasını başa düşüb oğluna ünvanladığı məktubunda etirafa getmişdi. Bu məktubu o, təkcə oğluna deyil, bizə ünvanlamışdı.
Xətasını özü etiraf edən böyüklərimizin üzünə onun ö etirafını vurmağı məsləhət bilməzdim. Məgər biz hamımız addımbaşı səhv etmirikmi? Bu gün hər birimizin elədiyinə gələcək nəsillərin necə baxacağını hardan bilirik? Odur ki, keçmiş haqqında söz deyəndə ona bu günün gözü ilə baxıb bu günün ölçüləri ilə təhlil edəndə keçmişi bütün təzadları ilə ortaya qoymaq vacib şərtdir. Bu şərtə əməl etmədən kimi isə ittiham etmək, kimə isə haqq vermək təhlükəlidir.
Bir sözlə, gəlin millət üçün çalışan, əlindən gələni əsirgəməyən böyüklərimizin ruhuna və xatirəsinə toxunmayaq.
Nərimanov haqqında poemada verilən dörd misralıq parçanı müəllif əgər lazım bilərsə, ya atar, ya da dəyişdirər.
Ümumiyyətlə, poemanın bədii dəyəri, poetik tutumu, ictimai-siyasi hadisələrə ciddi münasibəti, tarixi hadisələrə aydın və obyektiv baxış məni çox sevindirdi.
“Əlli yaşın dastanı” poeması, mənim fikrimcə, son dövr ədəbiyyatımızın uğuru, nailiyyətidir.
“Şərq” qəzeti, 30 may 2000-ci il
|