Hüseyn Arif
DÜNYAYA BİR BAXIŞ
Şairin özünəməxsusluğu, onun şeirlərinin, adının oxucular arasında hörmət qazanması ona ictimai mükafatdır. Oxucuların sağlam bədii zövqünü oxşayan poeziya geniş yayılır. Xalq ruhuna, poetik fikrimizin gözəl ənənələrinə səmimi hörmət bəsləyən şairlər həmişə sevilirlər.
Gənclikdən öz mənəvi köklərinə bağlı şairlərin yetişməsi poeziyamızın gözəl gələcəyindən xəbər verir. Belə şairlərimizin istedadlı nümayəndələrindən bizi Zəlimxan Yaqubdur.
Onun uğurları məni çox sevindirir. Axı, Zəlimxan haqqında ilk dəfə mən uğurlu yol yazıb, ilk şeirlərini “Azərbaycan gəncləri”nə təqdim etmişəm. 1971-ci ildə. O vaxtdan on yeddi il keçmişdir. Bu müddət ərzində o, yaşa dolmuş, Vətən, xalq, təbiət haqda ictimai-siyasi mövzuda irihəcmli poetik əsərlər yazıb çap etdirmiş, bir neçə şeir kitabının müəllifi kimi tanınmışdır. Bu gün onun səsi Türkiyədən gəlir, Cənubi Azərbaycan şairləri onun səsinə səs verir, şeirlər, məktublar yazırlar.
Həssas oxucu ilk baxışdan müəllifin mövzu dairəsinin genişliyini, rəngarəngliyini duyur. Ələsgərə, Vurğuna vurğunluq təsadüfi deyil. Bu ustad sənətkarların yaradıcılığına dərindən bağlılıq Zəlimxan şeirlərinin formalaşmasında, xəlqi istiqamət götürməsində əsas amilə çevrilmişdir. Necə deyərlər: “Ot öz kökü üstə bitər”. bu kökə əsaslanmaq, ondan yaradıcı şəkildə istifadə etmək, bəhrələnmək, öz milli mədəniyyətindən üzülməmək sənət adamını hər cür yad təsirlərə, əllaməçiliyə qapılmaqdan xilas edir. Bülbül balası bülbül dilinə cəh-cəh vurub oxuyur, qarğanı, sərçəni yamsılamır.
Bir dəfə bir dostum məni yurdumuzun dilbər guşələrindən birinə qonaq aparmışdı. Maral qoruğuna tamaşa edirdik. Zəng çalınanda Zəng çalınan kimi marallar məlum yerə toplaşdılar. Gözətçi onlara yem verir, mehribanlıq göstərirdi. Bir dəfə maraqlı bir vəziyyətin şahidi oldum. Həmin gözətçi: - Hüseyn müəllim, sənə bir şey göstərəcəyəm, - dedi. - Göstər, - deyib maraqla ona yanaşdım. O, əlini alma ağacının budağına aparıb bir alma üzdü. Sonra həmin almanı ağzını açıb ona baxan marala uzatdı. Maral həmin hədiyyəni dərhal uddu. İkinci dəfə gözətçi ağacdan başqa bir alma da üzüb öz dodağına vurdu, nəfəsinə toxundurdu. Bayaq olduğu kimi almanı yenə həmin marala uzatdı. Maral küsmüş halda başını bulayıb meşənin dərinliyinə çəkildi. Aydın oldu ki, maral nəfsi təmizdir, özgənin dili, dişi, dodağı, nəfəsi toxunan heç nəyi qəbul etmir. Məhz xalq nəfsi maral nəfsinə bənzəyir. Başqaları tərəfindən çeynənmiş, qoxlanmış heç nəyi, heç şeyi yaxına qoymur. Təbii ilham sahibi olan şairlərin yaradıcılığı da belədir. Özgəsinin fikrini, düşüncəsini, ifadə tərzini qətiyyən təkrarlamır. Həmişə öz halal ilhamının sözünə qulaq asır. Zəlimxan kimi!
Məhz Zəlimxan Yaqubu mənə doğmalaşdıran, sevdirən cəhət də budur ki, əsas enerjisini bəziləri kimi özünütəbliğə yox, təsirli, bəşəri mövzuları xalq ruhuyla, milli zəminlə bağlamağa sərf edir.
Ana südü, ata sümüyü ilə yurduna-yuvasına bağlı şairin əsərlərində xalq məhəbbəti xüsusi bir ahənglə səslənməkdədir. Xalqın ifadə və təfəkkür tərzinə yiyələnmək bacarığı onun şeirlərində bir əlvanlıq yaradır. Elin alqışlarının da, qarğışlarının da özünəməxsus poetik bir dünyası var. Bu deyimlərdən ustalıqla bəhrələnmək istər-istəməz şairi rəngarəng duyğulara qovuşdurur. Xalq alqış edəndə “axar su qapından axsın”, qarğış edəndə “səni görüm, otun bitib, suyun axmasın” – deyir. Zəlimxan bu ifadələrdən yaradıcılıqla istifadə edir.
Otum bitib, suyum axmaz dünyada,
Düçar olsam nifrətinə bu xalqın.
O, xalqımızın böyük sevincini, ağır dərdini dərindən duymağı, sənətkarlıqla şeirlərinə gətirməyi yaxşı bacarır:
Həsrət gördü, boyun bükdü,
Bu Təbrizdi, o Kərkükdü.
Bir daşınmaz ağır yükdü,
Daşan selim – mənim dərdim.
Loğman aciz, yara dərin,
Gözüm ağlar sərin-sərin.
Tağı çökmüş Xudafərin,
Sınan belim – dərdim mənim.
Aşıq şeiri formasında yazılan şeirlər öz emosionallığı, yığcamlığı ilə fərqlənir. bu qədim forma yeni məzmuna əsla darlıq etmir, əksinə, ona yeni qol-qanad verir, ahəngdarlıq gətirir.
Mən el-obamızda, aşıq məclislərində çox saz çalanlar görmüşəm. hər dəfə də ürəyimdən belə bir hiss keçib: sazı çalmaq azdır, saz adicə çalınmaq üçün yaranmayıb. Mən sazı sadəcə bir çalğı aləti də sanmıram. Saz qüdrətli bir xalqın ən həssas, ən kövrək, ən canlı və həmişəyaşar övladıdır.
Zəlimxanın mayası sazla yoğrulub. Sazın bağrından qopan odu-alovu, simlərdən süzülən zümzüməni onun şeirlərində eşitmək olar. Sazla Zəlimxan baş-başa verib pıçıldaşanda mənə elə gəlir ki, iki şeir-sənət vurğunu bir-biri ilə dərdləşir, bir-birinin hoyuna çatır, dadına yetir.
Saz yaşayır zillər, bəmlər içində,
Ötən günlər, gələn dəmlər içində.
Bir aləmi bu aləmlər içinə,
Bizdən sonra qalana bax, qalana!
Zəlimxandan soruşanda ki, səni bu xalq musiqisinə belə bağlayan nədir? O, cavabında: “İlk dəfə qulaqlarım səs eşidən gündən anamın laylasına sazın zümzüməsi qarışıb. Mən demək olar ki, aşıq Şenliyin, aşıq Sadığın, şair Nəbinin, şair Ağacanın, Əmrahın, Hüseyn Saraclının, Kamandarın sazı-sözü ilə dünyaya göz açmışam” – deyir.
Zəlimxanın şəxsi taleyinə və yaradıcılığına yaxından bələd olanlar onun bu fikrinə haqq qazandırardılar:
İnadımla daşları yumşaldıb mum elədim,
Fikrimi, düşüncəmi sağlam toxum elədim.
Ağappaq varaqları qapqara şum elədim,
Mən əkinçi taleyi, xış ömrü yaşamışam!
Əkinçi taleyi, xış ömrü yaşamaq – təbiətlə nəfəs-nəfəsə dayanmaq, torpağı ələmək, çevirmək, toxumun sağını çürüyündən seçmək, yada ağır zəhmətə qatlaşıb payızda bərəkət, çörək sahibi olmaq şairin həyat məramıdır.
Zəlimxan Yaqub yaradıcılığı respublikamızın bir çox görkəmli şair və alimlərinin də diqqətini cəlb etmişdir. Onun kitabları haqqında dövri mətbuatda Mirvarid Dilbazi, Yaşar Qarayevin, Camal Mustafayevin, Qulu Xəlilovun, Xudu Məmmədovun ürək sözlərini minnətdarlıq hissi ilə oxumuşam. İnanıram ki, ömrünün yaz fəslində bir əkinçi arzusu ilə öz sənət bağçasını əkib-becərən, onun qayğısını çəkən bu səbirli və dözümlü şair şairsevərlərin görüşünə əlidolu gələcək, öz oxucularını bu bağçanın rəngarəng töhfələri ilə sevindirəcək.
Mənə ümid kimi bax, -
Doğruldum gümanını.
Mənə işıq kimi bax –
Dağıdım dumanını!
- deyən şairlə yeni poetik görüşlər həsrətində olan
“Sovet Gürcüstanı” qəzeti,
11 yanvar 1990-cı il.
|