Xəbərlər Boigrafiya Haqqında Yaradıcılığı Qalereya Qonaq dəfətəri Əlaqə

   SAZIN VƏ SÖZÜN VƏHDƏTİNİ YARADAN ŞAİR

 

 

 Həsən HƏSƏNOV 

SAZIN VƏ SÖZÜN

VƏHDƏTİNİ YARADAN ŞAİR

 

   Tanrı insanı yaradarkən ona bir çox qabiliyyətlər verib. Onların sırasında ən nəcibi və ən dərini söz deməkdir, söz düzümünün zirvəsi isə şeirdir. Söz düzümünün zirvəsinə çatmaq istedadını isə Tanrı öz seçmə övladlarına verir, hər kimsəyə bu qismət olmur.

   İnsanlar müxtəlif olduqları kimi, onların söz düzümünü yaratmaq qabiliyyəti də, şairlik istedadı da, istər mənbə, istər üslub, istər tərz nöqteyi-nəzərincə müxtəlif olur. Şairin də təkrarolunmamağı məhz bununla qiymətlənir.

   Hər şairin öz vurğunluq meyarı, sinədostu, qida verən həmsöhbəti var. Dədə Qorqudda qopuz, Koroğluda misri qılınc, Nizamidə müqəddəs cəm, Camidə duyğu, Nəsimidə insan, Füzulidə Məcnun, Nigar xanımda qərənfil, Xəyyamda şərab, Hafizdə bülbül, Sabirdə millət, Müşfiqdə tar, Bəxtiyarda ana dili üstündə oxunana muğam, bu sırada mənim dostum Zəlimxanın isə qida vericisi, həmsöhbəti, sinədostu sazdır.

   Saz Azərbaycan və türk poeziyasında bir çoxunu kökləmişdi: Yunus İmrəni, Xətaini, Qurbanini, Ələsgəri, Alını, Vurğunu... və bu sıranı davam etdirməyə, yeni söz deməyə, yeni çalar tapmağa böyük istedad tələb olunur ki, bu istedadı Yaradan Zəlimxana verib. Məhz Zəlimxan sazla-sözü elə vəhdətləşdirir ki, onun şeirində saz  deyərkən söz, söz deyərkən saz sazlanır insanın düşüncəsində. Bilmirəm, bəlkə də hansısa alim saz və söz məhfumlarının eyni kökdən əmələ gəldiyini araşdırıb, amma mənə elə gəlir ki, əgər bu araşdırılmayıbsa, ona heç ehtiyac da yoxdu, bunun üçün şair Zəlimxanın sazla-söz vəhdəti üzərində qurulan möhtəşəm poeziyasını oxumaq lazımdır.

   Zəlimxanın saza fəlsəfi baxışı ondan ibarətdir ki, o, saz üstə deyilən sözün ancaq kef məclisinin yox, xeyirin və şərin, qələbənin və məğlubiyyətin, sevginin və nifrətin, sülhün və qiyamın carçısı kimi hiss etdirməyə nail olub. Zəlimxanın sazı, sadəcə musiqi aləti deyil, düşüncə sahibidir, şair ona müraciətlə demir “çal, telli sazım”, o, deyir, “danış, telli sazım”.

   Mən Zəlimxanın yaradıcılığı ilə ilk dəfə tanış olarkən o, hələ həyatın burulğanından keçməyən bir gənc, mən isə artıq həyatın mürəkkəbliyinin şahidi olan bir yaşda idim. Və mən hər dəfə onunla görüşərkən bir şeir dinləmək ehtiyacı duyurdum. Möcüzə ondan ibarətdir ki, Zəlimxanı dinləyərkən nikbin ovqata gəlirdim.

   Zəlimxan qədim kök üstündə ağac kimi saza münasibətini qeyd edərkən Dədə Qorquda, onun qopuzuna müraciət edir. Zəlimxan üçün qopuz “qəlbin susmaz simi, keçmişimizin özül daşı, bünövrəsi, himi”dir, Qorqud isə tariximizi naxışlara yazan, hətta adındakı “qor” kökü belə Zəlimxana arxa duran bir amildir.

   Zəlimxan Qorquddan şairlər diləyində az-az rast gələn bir keyfiyyət – “inad” diləyir. Dədə Qorqudla söhbətini Dədə Qorqud dastanı dilində elə qoşub ki, heç bir sərraf onu təqliddə təqsirləndirə bilməz. “Saz” poeması Dədə Qorqud şeir üslubu irsinə sadiq qalmaqla onu yeniləşdirmək cəhdinin gözəl nümunəsidir.

   Hər aşıq-saz havasının insan düşüncəsinə və əhval-ruhiyyəsinə təsirini açaraq Zəlimxan yazır: “Divani” aşığın ilk sözü, ilk söhbətidir, “Müxəmməs” bağladığı qapıların açarıdır, “Təcnis” dilimizin şirəsi, ağzımızın dadıdır, “Qaraçı” “fikir dəryasına cuman dağları” səsi ilə silkələyib yerindən qaldırandı, “Sarıtel” bir ürəkdə yanan ocağın odunu daşıyandır, “Mansırı” dünyadan ayrılıb gedən canların, dünyaya sığmayan fərağıdır, “Ruhani” zirvələrdə tufan eyləyən yel, dərələrdə tüğyan eyləyən sel, dünyanı silkələyən bir qüvvədir; “Yanıq Kərəmi” “ruhda üsyan, könüldə qəm” gəzdirən, “Dilqəmi” nakam eşqin ələmidir.

   “Misri” isə ocaqdan, alovdan, qığılcımdan yaranan, ildırımdan od alandır. əlimxan Misrinin milli düşüncəmizə təsirini xüsusi qeyd edir. “Misri çalınmasaydı beşiyimin yanında, Tamam itib batardım Çaldıran savaşında”. Şair sual verir: Misri mənim nəyimdir? Və belə cavablayır: Kamanda bitkinliyim, sınaqlarda dözümüm, döyüşdə yetkinliyim, mən onu çala-çala qeyrətimi qorudum, mərdliyimi yaşatdım, inadımı qorudum, sərtliyimi yaşatdım!

   Zəlimxanın daxilindən şeir gələrkən həmişə sanki bir aşıq havası çalınır. “Şəhid qanı” “Qaraçı” və “Mansırı” havalarının üstündə kökləndiyinə görə bütün misralar insanı kədərə, həsrətə çəkir, “Dur ayağa millətim” “Misri” üstündə, “Qalmaz” və “Qara bayraq” şeirləri “Divani” ruhunda doğulub. “Ola” şeiri “Zarıncı” və “Qaraçı” havalarından doğulub, “Yaşamışam” “Cəngi” havasından doğulub.

   Zəlimxanın Azərbaycan poeziyasında yerini onun bir çox sənət dostları və tədqiqatçıları qiymətləndiriblər, onlara əlavə olaraq deyərdim ki, Zəlimxan saz üstə yazılan sözün, sözü ucaldan sazın ustadıdır.

   Zəlimxan böyük ədəbiyyata 70-ci illərdə gəldi. Bu dövrü səciyyələndirən amillər ondan ibarətdir ki, o zaman daxil olduğumuz dövlətdə inkişaf etmiş sosializm mövcud idi, SSRİ-nin baş ideoloqları Sovet ittifaqına daxil olan xalqların dilinin tədricən aradan qalxmasına can atırdılar. Lakin Azərbaycan ədəbiyyatı silahlı əsgərtək “Ana dili”nin keşiyində durmuşdu.

   Zəlimxan yaradıcılığı sanki tarixin uçurucu sellərindən yan keçərək birbaşa Qurbani və Tufarqanlının sazından gələn, Ələsgərlə Alının dövlət məhv olubdusa da, dilimiz yaşamalıdır yanğısından, Vaqifin və Vidadinin ədəbiyyatımızda sosial problemlərin əks olunma cəhdindən, Səməd Vurğunun və Osman Sarıvəllinin dilimizin dövlətçiliyimizdən ayrı düşdüyü bir dövrdə, Bəxtiyarın ana dilimizə “Latın dili”ni və “Mərziyə”sini həsr elədiyi bir dövrdə. 

   Zəlimxan yaradıcılığını fərqləndirici amillər onun xalq dilindən və xalq ruhundan geniş istifadə etməsidir. Zəlimxan özü söhbətlərinin birinə söz ruhu, ruh sözü gətirər dedi. Zəlimxan demişkən, şair üçün təfəkkür tərzi ilə ifadə tərzi eynidir. Onlardan birində saz üstündə köklənən şairlərin yaradıcılığı xüsusi yer tutur. Azərbaycan ədəbiyyatının bir neçə fenomeni var. aşıq və şair fenomeni. Bunların arasında vəhdət və fərqlilik. Bunlar sadəcə söz fərqi deyil. Aşıqların yaradıcılığı hətta ədəbiyyatşünaslığımızda müstəqil bir qol kimi qeyd olunub – aşıq ədəbiyyatı. Bu məfhumların hərəsi haqqında ayrı-ayrılıqda minlərlə məqalələr, yüzlərlə kitablar yazılıb. Bunları ayıran və birləşdirən xüsusiyyətlər haqqında tədqiqatlar aparılıb. Və mən belə qənaətə gəlmişəm ki, ədəbiyyatımızda üçüncü xətt də var, o da aşıqla şairin vəhdətindən yaranan ədəbiyyatımızdır.

   Zəlimxan ana yurdunu, doğulub boya-başa çatdığı Borçalını kövrək xatirələrlə yad edir, təbii mənzərələrini, taleyini, tərcümeyi-halını gözünün qabağına gətirir. Şair Nəbi, Ağacan, aşıqlardan Şenlik, Sadıx, Xındı Məmməd, Hüseyn Saraclı, Əmrah, adı çəkilən xalqımızın böyük şair və aşıqların ruhundan və müasirlərimizin olan Kamandarın varlığından, bağrından qopan müasir səs müasir poetik avazdır.

   Zəlimxan yaradıcılığı zəngin ənənə üstündə qurulubsa da, o saz üstündə deyilən şeir ənənəmizə yenilik gətirdi. Zəlimxan atalar sözlərində qidalanırsa da, amma onları bir çox hallarda yaradıcılığında sitat şəklində gətirmir, onlardan yaradıcı şəkildə istifadə edir. Zəlimxan yaradıcılığında şeir dili ilə xalqın dili elə vəhdətləşib ki, o , asanlıqla danışığından şeirinə, şeirdən isə danışığa keçir. Onu daima narahat edən mövzular xalq, vətənpərvərlik və Qarabağın taleyi, musiqi-saz, təbiətdir. Tarixin keçid dövrü insana fəlsəfi düşüncə ilə yanaşı, romantik düşüncə də gətirir, qələbə əmi ilə yanaşı itkilər ağrısı verir, tarix Zəlimxanın taleyinə məhz həmin dövrü bəxş etmişdir. Zəlimxan müstəqillik dövrümüzün real həyatla bağlı romantik şairidir.

   Tarixin keşməkeşləri, həmin dövrlərdə cəmiyyətdə bir-birinə zidd sosial və siyasi problemlərin mövcudluğu, Vətənimizdə dilimizin nüfuzunun qalxıb-enməsi, ölkəmizdə müxtəlif sistemlərin yaranması, ədəbi dilimizə əcnəbi sözlərin təcavüzü kimi taleyüklü hadisələr Zəlimxan yaradıcılığının xalq dilinə, xalq ruhuna heç bir təsir göstərə bilməyib.

   Zəlimxanın danışığı o qədər təbiidir ki, onu daş, beton, dəmir, ağac və şüşə ilə çərçivələnmiş bir binada da dinləyəndə özünü sanki Azərbaycan təbiətinin füsunkar qucağında hiss edirsən. Zəlimxanın danışıq tərzi elə cazibədardır ki, onun hərarəti sanki dinləyicini Azərbaycan təbiətinin bir iqlimindən o biri iqliminə aparır. Zəlimxanın danışığı o qədər sirayətedicidir ki, onu dinləyərkən, eyni vaxtda, gənclik dəliqanlığını və yaş müdrikliyini, həyatın şirinliyi və acısını duyursan. Zəlimxanın danışığı o qədər canlıdır ki, onu dinləyərkən, sanki həyatın keçmişini də, sabahını da elə indi yaşayırsan.

 

 

10 dekabr 1999-cu il

  Geri