Xəbərlər Boigrafiya Haqqında Yaradıcılığı Qalereya Qonaq dəfətəri Əlaqə

   ELDƏN GƏLƏN YOL, ELDƏN BAŞLANAR

 

 

Xudu MƏMMƏDOV,

Geologiya-minerologiya elmləri doktoru,

Azərbaycan EA-nın müxbir üzvü

 

ELDƏN GƏLƏN YOL, ELDƏN BAŞLANAR

 

   Maddi yönlü «arzulara» çatan kimi cavabsız bir sonra sualı ilə üzləşir, bir «arzu» da köhnəlirsən. Belə «arzular» insan yüksəlişinə başlanğıc ola bilmir, çox olsa, onlar istəkdir, vasitədir, məqsəd olmur. Elmi işçilik həyatımızdan bir misal gətirmək istəyirəm. Laboratoriyanın qiymətli elmi avadanlıqla «bəzənməsinin» məqsədə çevrilməsi və belə bir «bəzəyin» elmi iş göstəricisi olması çoxlarını düşündürmüş olar. Bir də görürsən ki, elmi imkanından çox hər cür başqa imkanı olan birisi oxşar arzuya düşür. Günlərin bir günü «arzu» aşağısı, yuxarısı göstərilmiş yeşiklərdə institutun həyətinə tökülür. Laboratoriya elmi-fantastik filmlərdəki kimi bəzənir. Sonra? Qiymətli servizə layiq qonaq axtarılan kimi, elmi avadanlığa aid sual axtarılır. Bu axtarış o qədər uzun çəkir ki, avadanlığın özü hesabdan silinənə qədər, ancaq tozu silinir. Bu hal bəzi evlərdəki büllur qab yüklü pianoların köynəyinin tozu silinəndən-silinənə soyundurulduğunu yada salır. Beləcə vasitə, imkan məqsəddən qabağa düşüb göz dağına çevrilir.

   Bir sözlə, hər istək arzu ola bilməz. Arzu konkret bir şeyə çat-maqdan çox, hədəfi çox uzaq nağıla bənzər bir uçuş üçündür. Arzu - fikirləşmədən irəlilədiyimiz bir cığırdır. Hava quşun qanadları üçün söykək olub, ona uçuş imkanı verdiyi kimi həyatda poeziyada arzularımızın qanadlarının söykəyidir. Buna görədir ki, poeziya həmişə qorunub, qiymətləndirilib, xalq, şairləri başqa şairlərdən çox əzizləyib. Uğurlu poeziya zamana şərəf, gələcəyə işıq olub. Elə buna görə də poetik mühitimizdəki yeniliklərə marağımızı, buradakı uğurlu hadisələri gücümüz çatdığı qədər qiymətləndirmək cəhdim oxuculara qəribə görünməməlidir.

   Bu payız Qarabağda bir toy gördüm. Toy başqa toylar kimi, toyluğu ilə birlikdə həm də dərsi çox yadda qalan bir məktəb idi. Bütün burada gördüklərim və eşitdiklərim içərisində məni ən çox düşündürən gənc şair Zəlimxan Yaqubla toy məclisindəkilər arasında gedən söhbət oldu. Bir də inandım ki, arzu - auditoriya, yığıncaq, deyilənə münasibəti sözsüz də bildirir. Mən Zəlimxan Yaqubla çox rastlaşmışam və hər dəfə tamaşaçıların onu təşkil olunmamışbir sevinclə qarşıladığını görmüşəm. O da toya bizim kimi qonaq gəlmişdi. Onun gəlişi xoşbəxtlərin toyunu elimizdə torpağımızın, poeziyamızın bu gününü, dünənini toy ruhunda işıqlandıran bir toplanışa çevirdi. Zəlimxana ömründə kök görməmiş bir saz da tapılmışdı. Onun belə vəziyyəti mənim üçün təzə idi. Dilimizi başa düşməyən, saz musiqisini birinci dəfə eşidən qonağımız olsaydı, sazlı-sözlü söhbətini heyranlıqla dinləyənlərin gözlərindən hər şeyi başa düşərdi. Mənə qəribə görünən nə Zəlimxanın saz çalması, nə də oxuması idi. Bir də Borçalıda dünyaya göz açmış, böyümüş bir adamın, həm də şair olanın saz çalması, aşıq kimi söyləməsi kimi heyrətləndirə bilər. Hamıya xoş  gələn onun dilə  gətirdikləri,  vulkan odu,  vulkan intizamsızlığı, döndərmələrinin gözlənilməzliyi, elə, el sənətinə, poeziyamıza bənzərsiz vurğunluğu idi. Sanki bir şeirində dediyi istəyi elə bil bu gün yerinə yetirməyə çalışırdı:

 

Yorulmayan ürək ola, baş ola,

Can sirdaşım torpaq ola, daş ola.

Arzuların sayı qədər yaş ola,

Ömür verəm xidmətinə bu xalqın!

 

   Zəlimxanın adına «böyük şair ol! İlham ömür yolçun olsun! Elimizi ellərə tanıt!» arzulan çox təkrar olunurdu. Sonuncu arzunun yaradıcılara deyildiyini çox eşitmişəm. İstər-istəməz hər dəfə fikirləşirsən, ellər bizi tanıdığı qədər özümüz də özümüzü tanıyırıqmı?

   Nə hə, nə də yox deməyə ürəyim gəlmir. Ancaq onu bilirəm ki, bizi dünyaya tanıdanlar qədər də, özümüzə tanıdanlara böyük ehtiyacımız var. Hər dəfə Zəlimxan Qurbaninin, Xəstə Qasımın, Tufarqanlı Abbasın, Alının, Ələsgərin, Şəmşirin canlı səsinə çevriləndə hamını özüm kimi heyrət edən görmüşəm. Niyə biz bu söhbətləri birinci dəfə eşidir kimi heyrətlənirik. Mən əlbəttə istəməzdim ki, onlar adiləşsin, tükənib hamıya birdəfəlik məlum olan söhbətə çevrilsin. Əksinə mən istəyirəm ki, bu tükənməzlərin bir həqiqət olduğuna yeni dəlillərlə inandırsınlar. İnsan üçün elin, el sənətinin onun gözündə adiləşməsi talesizliyə bərabər bir şeydir. Vətən bütün nişanlarına görə vətənlilərin gözündə tükənməz olmalıdır. Bunun belə olduğunu Vətəndə ola-ola Vətən həsrəti duyanlar lap yaxşı bilir. İstər-istəməz fikirləşirsən bir anlığa belə bizim duyğularımızın pəncərəsini bu tükənməzliyə açanlara nə qədər borcluyuq. Kim olur-olsun: rəssam, zəhmət adamı, şair, son günlərini yaşayan abidəni bizə qaytaran arxeoloq, müğənni, bizim ömrümüzdə onların nə qədər paylan var. Ola bilsin ki, poeziya bizi xoşbəxt olmadığımız halda xoşbəxt edə bilməsin. Ancaq o, olanımızı bizə göstərir, onların gözümüzdə tez adiləşməsinə imkan vermir.

   Şairin beynində ulduz yoxdursa, onu göydə də görə bilmir. Biz adi adamlar da beləyik. İllərlə yanımızda olanı görmək, qiymətləndirmək üçün haradansa, kimdənsə bizə bir ilham enməlidir. Elə Zəlimxan kimilərinin gücü də bundadır:

 

Küsmə təbiətin şıltaqlığından,

Duman bu yerlərdən getmir, getməsin.

Torpaq yanımızda, su yanımızda,

Əlimiz bir yana yetmir, yetməsin.

 

   Bu sadə sözlərlə hamının başa düşəcəyi bir şəkildə əl çatana əsaslanmağın bütün hallarda doğru yol olduğuna fikir yönəldilir. Söz yox ki, bu arzumuz yaşamağa, vəziyyətlə razılaşmağa çağırış deyil. Elə bir vəziyyət düşünmək mümkün deyildir ki, insan öz fiziki və intellektual imkanına çıxış yolu tapa bilməsin. Əlbəttə zamana görə, vəziyyətə görə tək torpağımın, suyumun yanında olum, onların sonsuz qulluğa, sonsuz oyuna ehtiyacı var. Arzu keçilməzliklə rastlaşdıqda saysız səmtlərə səpələnir və onların içərisində əvvəlkindən də aydın görünüşü tapılır. Bəxtiyar müəllimin dediyi kimi:

 

Yeni arzulara aparır bizi,

Arzunun özündən doğan arzular.

 

   Səmimi olmayan sözlərlə, dolaşıq fikirlərlə insanı özünə qaytarmaq, öz halal xoşbəxtliyi ilə barışdırmaq mümkün deyildir. Halal xoşbəxtlik o xoşbəxtlikdir ki, hər dəfə dünyanın ardınca fırlanmadığının kədərindən, əsassız xoşbəxtliklərin nəşəsindən ayrılarkən yanında görürsən.

 

Dəli yellər haray salıb əssə də,

Qar qalanıb qapımızı kəssə də,

Könül bəzən təbiətdən küssə də,

Dünya yenə gözəldir ki, gözəldi.

 

   İnsan özündən çıxanda onu sadə ana sözlərindən, torpaq və el çağırışından başqa nə özünə qaytara bilər.

 

Zəlimxan yaz tapar qışın içində,

Tək arzu tükənib ömür bitməsin.

Ürəyimdə od yurdunun odu var,

Odu dövlət, odu sərvət, odu var.

Bu istəyin bir müqəddəs adı var,

Məhəbbətdir, məhəbbətdir, məhəbbət!

 

   Poeziyanın ən ali məqsədi insanın ən gözəl ölçüsü olan bu müqəddəs odu yöndəmində üfürüb alışdırmaqdır. Məhəbbətin öz dili var, öz ifadə forması var. Adi baxımdan bu dil çox məntiqsiz olur və adi məntiqlə deyilmiş məhəbbət sözləri komediyalarda gülüş doğurmaq üçün istifadə edilir.

   Necə olursa (doğrusu bu necə olursa ya mənim fərziyyə şəklində olsa da bir cavabım yoxdur) şair məhəbbətinin səmimiliyinə inandırır və onun dedikləri artıq məhəbbət dilində məhəbbət məntiqi ilə oxunur. Belə halda şeir oxucuya məntiqi görünür.

   Zəlimxan «Yolum eldən başlanıb» kitabını təzəcə bağışlamışdı. Avtomaşınla Qarabağa getməli oldum. Havanın qarışıqlığını hiss edib Kürdəmir yolunu seçdim. Bu səfərdə Zəlimxanın şeirlər kitabı bizə yol yoldaşı oldu. Mən Zəlimxanın şeirlərini yoldaşlarıma oxudum. Şeirlər mənim oxumağımdan da bir şey itirmədi və Kürdəmir yolu kimi bir yerdə yersiz görünmədi. Musiqini istədiyiniz yerdə eşidib təsirlənə bilərsiniz, şeir belə deyil. Şeirin qəbul olunması üçün mühit poetik olmalıdır. Ancaq mühiti musiqi kimi poetikləşdirən şeirlər də olur. Bir sözlə, Kürdəmir yolu, bu səfər çox ürəyə yatan oldu. Belə də olmalı idi. Axı Zəlimxanın şeirlərində çox üz tutulan Vətən mütləq ölçülərlə təsvir olunmayıb.

   Bala, ana, ata sevimli məhəbbətin mütləq göstəriciləri olmadığı kimi Vətən məhəbbətinin də yüksək göstəriciləri yoxdur. Zəlimxanın və bizim başqa uğurlu şairlərimizin əsərlərində dağların vəsfi, aranda dağ həsrəti, aranın vəsfi isə dağda aran həsrəti kimi səslənir. Bununla da Vətən anlayışı üçün bütünlük gözəlcə gözlənilmiş olur. İlham aləmi, gerçəkli şair olanların həmişə, şair təbiətli adamların arabir, qalanlarının isə bu haqda elə-belə təsəvvürü olan yerdir.

   Zəlimxan həmişə bu aləmdədir: hər yerdə, bütün vəziyyətlərdə. Onun elə bir sözü yoxdur ki, özü demiş «mayalı, özüllü» ilhamdan gəlməsin. Haqlı olaraq bu özülsüzlüyü şair kimi yoxluğuna bərabər tutur.

 

Dodaqlarda gül açıb,

Dillərlə oxunmasa,

Sözüm ürəkdən gəlib,

Xalıtək toxunmasa,

Yersiz işləmiş olsam,

Bir naxışı, ilməni,

Onda ölmüş bil məni!

 

   Şeir onun anlamaq və anlatmaq yoludur. Mənim dediklərim sadəcə bir oxucu düşüncələridir. Gücüm çatsaydı mən onun şeirlərini araşdırar, ona sənətkarlıq məsləhətləri də verərdim. İnanıram ki, Zəlimxan belə məsləhətləri bir minnətdarlıqla qəbul edərdi. Belə oxucu yazılarmı bir neçə kəlmə ilə də demək olar. Sənin şair səsini eşitdik, inandıq, özünə inan, tənqidçi sözündən sarsılma, onu nəzərə al! Başqalarının fikrinə ehtiyacı olmayanın fikrinə ehtiyac olacağına inanıram. Tənqid olmasa, oxucu əks-sədası olmasa yazıçı öz formasını necə tapa bilər? Mən deyərdim ki, Zəlimxan üçün xeyirxah tənqidin lap vaxtıdır.

   Zəlimxana şeirini oxutdurmaq üçün yalvarmaq lazım gəlmir. O danışığı xoşa gəldiyini hiss edən adam kimi, fikirlərini, şeirlərini bütünlükdə yada salmaqla deməkdən çəkinmir.

   Bir dəfə bir nəfər öz şeirini böyüklər arasında çəkinmədən oxuyan kiçik qardaşı haqqında dedi: necə də utanmır, mən öz şeirimi oxumağa utanırdım. Sənin şeirini oxumağa mən də utanardım. Kişi gözəlcə şeir yazıb, niyə də onu oxumağa utanmalıdır. Söz yox ki, bu sözlər zarafatla deyilə bilər. Mən öz aləmimdə pis, yaxşı fikrini şeirlə deyənlərin hamısına haqq qazandırmışam. Ancaq bu deyilənlərin bir şeir kimi tanınmağa nail olub-olmadığı başqa şeydir.

   Doğrusu, oxucunu utandıran şeirlər də az olmur. O belə halda tərifləməyi riyakarlıq, pisləməyi də qəlb sındırmaq hesab edir və əllərini ovuşdurub qızarmaqdan başqa bir çarəsi qalmır. İstərdim ki, elə şeirlərlə qarşılaşaq ki, dinlədikdən sonra deyə bilək:

   «Bu nə şirin nəğmədir, bu nə gözəl avazdır, dinləmək istəyirik, heyf vaxtımız azdır».

   Nitq formalarından şeir az sözlə ən həcmli fikir deyilən sadə, çox yadda qalan deyiliş tərzidir. Məlum olduğu kimi belə bir nəticəyə fikrin qrammatik qaydalarla söz şərhini axtarmaqla deyil, uğurlu şair tapıntısı kimi nail olmaq lazımdır. Hər belə tapıntı dili zənginləşdirir, dilə yeni imkan verir. Adi qaydada çox sözlərlə deyilən bir fikri iki, üç sözlə daha duyumlu, sadə, yaddaqalan şəkildə verə bilir. «Ömrü-günü ömürlərə calana», «İllərin qoynunda itdi, əridi», «dərildikcə dərilən», «ayrılıq olmadı istəyimizdə» və s.

   İstənilən qədər idarə dili yaratmaq olar. Obrazlı dili ancaq xalq, söz sənətkarları yarada bilir. Mən xalq və şair sözlərini xoşa gəlmək üçün demədim. Şair sözünü söz ustası ilə də əvəz etmək olardı. Öz sözündən aydındır ki, söz ustasının yolu eldən başlanmış olsa, dağ çayları çöllərə dirilik gətirən kimi, dilə münbitlik daha güclü gəlməlidir. Çünki bu qayda ilə iki qaynaq birləşir. Ümid edirəm ki, Zəlimxanın bugünkü, sabahkı oxucuları mənim bu fikrimlə razılaşacaqlar. Onun nə şeir yazdığını, nə də xalq ədəbiyyatına oxşarsız vurğun olduğunu bilməsəydim də təkcə poeziyamızın gözəl təbliğatçısı kimi pərəstiş edərdim. Səməd Vurğun, Osman Sarıvəlli, Bəxtiyar Vahabzadə, Hüseyn Arif, Xəlil Rza, Cabir Novruz və mən yaşda oxucuların, gənc oxucuların gənc hesab etdiyi Məmməd Aslan, Məmməd İsmayıl, Sabir Rüstəmxanlı, Nüsrət Kəsəmənli və başqa şairlər Zəlimxanın dilində nə qədər də təzələnir. Çox sevindirici və təqdirəlayiqdir ki, bu buketdə hər kəsin öz birincilik yeri var. Hər kəs heç kəslə müqayisə olunmur və nəticədə söz sənətimizin bu qəribə buketindən alınan heyranlığa ad tapa bilmirsən.

Ocağımız sönməz oldu,

Közümüz bir olan yerdə.

Azmı biri yüz elədik,

Yüzümüz bir olan yerdə.

 

– sətirlərinin müəllifindən poeziyamıza başqa cür münasibət gözləmək də olmazdı. Başqalarının fikrinə, yaradıcılıq yoluna vurğunluq yaradıcılar arasında çox da tez-tez rast gəlinən xoşbəxtlik deyil. Belə bir vurğunluğa bir qədər adət də olunub. Həm öz yaradıcılıq yoluna fanatikcəsinə inam, həm də belə bir inamda araşdırmalar bu vurğunluğun əzəli səbəblərindəndir. Sənət tarixindən buna misal gətirmək mümkündür. Belə nadirlər üçün qaranlıq göydə tək ulduz olmaq darıxdırıcıdır. Onlar ulduz olub, ulduzlarla danışmaq, yaratmaq həvəsi ilə yaşayır.

 

Qüdrətim olsaydı istədiyimtək,

Eşqinə ölümsüz dastan deyərdim.

 

- deyərək öz gücsüzlüyünə sakitcə təəssüflənir. Məncə heç bir yaradıcıdan tələb etmək olmaz ki, onun qüdrəti istədiyitək olsun. Qüdrətsizliyini görə biləcək qədər qüdrət bəlkə də yetər. İstədiyini deməyə çətinlik çəkməyən yazıçı, çətinliyi oxucu üçün yaratdığım yadından çıxarır. Bir sözlə, istedadı tanınmış şairin, öz keçmişinə söykəndiyini müasirləri haqqında heyranlıqla danışıb özünün yaradıcı varlığını unutduğunu görmüşəm. Belə bir münasibət şairi oxucu gözündə çox yüksəldir. Əslində şairlərin şair dilində yeniləşməsi görünməmiş bir iş deyil. Belə də olmalıdır. Şairin dediyini şairdən də yaxşı kim anlar, kim anladar.

   Yaradıcı haqqında yaradıcının fikri çox şirin oxunan janrdır.

   Dünya ədəbiyyatında da belə gözəl yazılar çoxdur. Şairin kitabına yazdığı giriş subyektivlik olsa da, o, qiymətli bir sənəd olmağından qalmır və şeirdəki fərdi şair subyektivliyi kimi qəbul olunur. Bu dediklərimdən elə nəticə çıxmamalıdır ki, belə bir iş, ədəbiyyatın, tənqidçinin oxşar məsələlərə münasibətini qiymətləndirə bilər. Onların yazılarında böyük subyektivliklə deyilmiş qiymətli elmi fikirlər olur. Bu fikirləri adi oxucular arasında poeziya təbliği kimi qiymətləndirmək onların rolunu azaltmaq kimi başa düşülməlidir.

   Poeziyamızın oxucular arasında təbliğinə görə böyük olan bir sıra yazıçılarımızı tanıyıram. Kiçik görüşlərdə onların poeziya haqqında ötəri söhbətləri məni günlərlə fikirləşdirib. Belə yaradıcıların oxucularla görüşləri bəzən də bütünlükdə poeziyamıza həsr olsaydı nə qədər yaxşı olardı. Oxucu poeziyamızı ayrı-ayrı yaradıcıların aynasında görə bilərdi. Belə görüş zərrə qədər ayrı-ayrı müəllif yaradıcılığına həsr olunmuş görüşləri qiymətsizləşdirmir, əksinə onların çox olması üçün həvəs yaradır.

   Zəlimxanın oxucularla belə görüşündə fikrimə gələn başqa bir məsələ haqqında da bir neçə söz demək istərdim: Saz və sazla bağlı söz sənətimizə münasibət. Bu məsələyə yaradıcının münasibəti onun gələcəyi haqqında çox şeylər deyir. El ədəbiyyatının bu qolu bütün dövrlərin sənət yollarmı öz üzərində saxlayan əsas ana gövdədir. Bütün budaqlar bu gövdəni böyüdür və bu gövdə ilə kökə bağlanır. Kənarda cücərmək mümkün olsa da, böyüyüb bu gövdəyə yapışmaq olmaz. Bu gövdədən cücərib böyümək lazımdır. Başqa sözlə, elin olmaq üçün, yolun eldən başlanması çox vacibdir. Söz yox ki, Borçalıda dünyaya göz açan şair üçün söz dünyasına pərəstiş heç kəsi təəccübləndirə bilməz. Ancaq Borçalıdan daha böyük dünya ilə təmasda olandan sonra bu pərəstişin dərinləşməsi, bu günün elmi dünyagörüşünə əsaslanması və onu işə çevirmək arzusu yaxşı mənada çox düşündürücüdür. Saz dilimizlə, poeziyamızla bir böyümüş musiqi alətidir. Dilimizin indiki şəklini yüz illərlə o qorumuş, o saxlamışdır. Sazla oxuna bilməyən söz el dilimizdə vətəndaşlıq tapmayıb. Elimizin saz sənəti üçün yaramayıb.

   Qəribə də olsa, keçmişlərdə dilimizin dövlət dili, idarə dili kimi istifadə olunmamasının müsbət cəhəti də olub. Quru, qeyri-səmimi idarə sənədləri üçün başqa dillərin zəngin arsenalından istifadə olunub. Dilimiz, saz dili, dərdləşmək, oxşamaq, layla dili kimi saxlanıb. Yad tikinti materialları çox asanlıqlayad memarlıq forması gətirdiyi kimi, yaz sözlər də yad şeir forması gətirir.

   Kurqanlarda tariximizin keçmiş səhifələri saxlandığı kimi, sazla bağlı ədəbiyyatda da poetik təfəkkürümüzün yüksəliş nağılı saxlanıb. Sazla bağlı ədəbiyyata öz fəaliyyət dairəsində münasibət dözülməzdir. Bu, ən azı özünü yaxşı bilməməkdən başqa bir şey deyil. Saz şeirinə bağlılıq Zəlimxanın yaradıcılığında kəskin duyulur. Söz yox ki, buradakı artıqlıq saz sənətinə məhəbbətin gücündəndir. İndi bu məhəbbət Zəlimxanı «Aşıq Ələsgər» poeması yazmaq mərhələsinə gətirmişdir. Mən onun ilk parçalarını bir oxucu kimi çox yüksək qiymətləndirdim. Mənə çox xoş gəldi ki, Zəlimxan Aşıq Ələsgərin obrazını yaratmaq fikrinə düşməyib. O, böyük sənətkarın haqqında düşüncələrini dilə gətirir, onu anlamaq məqsədi ilə çırpıntılarmı şirin bir avazla oxucuya, çox vaxt da özünə danışır. Bir sözlə, biz Aşıq Ələsgərin öz şəklini deyil, şairin düşüncə aynasında bu mövzuya çəkilmiş naxışları görürük.

   Zəlimxan Aşıq Ələsgər mövzusunun monopolieti olmur, mövzu qurtarmır. İstər Zəlimxan, istərsə də başqa yaradıcılar bu mövzuya istənilən vaxt qayıda bilər. Böyük sənətkarların «insanpərvər», «böyük sənətkar» olduqlarını «işıqlandıran» «elmi» məqalələrin vaxtı keçdiyi kimi onların bədii obrazlarının da həyat faktlarının şeirlə deyilməsi yolu ilə yaranması çoxdan köhnəlmişdir.

 

Diri var ki, tez bükəsən ağlara,

Ölü var ki, dayaq olub sağlara.

Qarğaları qaldırasan dağlara,

Qartal kimi öyülməz ki, öyülməz.

 

 

Hər ucalıq bir alçağa dərd olar,

Zirvələr özünü yetim sayardı,

İnsan o yerlərə ucalmasaydı.

 

Qoy qaldırsın zirvələrə,

Sən verdiyin qanad məni.

 

    Bu misraların həm musiqisi, həm fikirlərin deyiliş tərzi və başqa ad tapa bilmədiyim bir sıra digər xüsusiyyətləri Hüseyn Arifi yada salır. Məncə gənc şair üçün bu, qəbahət sayıla bilməz. Fərdilik birdən-birə yetişmir. Çox güman ki, təbiətdə olduğu kimi poeziyamızın keçdiyi yolları keçib öz fərdiliyinə çatmaq daha təbiidir. Söz yox ki, bu yollarda da çox ləngimək olmaz. Mən Zəlimxanda bu fərdiliyin irəliyə doğru irəliləyişin ildən-ilə təzələşdiyini görürəm. Çox gözəldir ki, bu istiqamətdə irəliləyiş məqsəd deyil. Qoy xalqın sevdiyi şeir dilinə, şeir formasına yadlaşmaq, «yenilik» gətirmək hesabına olmayan yeni formalar da yaransın. Ancaq bu yenilik yüz illəri geridə qoymuş, kökləri xalqın qəlbində olan formaların hesabına olmamalıdır. Sənət ənənəsi də abidədir. Bəs onu qorumağın yolu nədən ibarət olmalıdır. Özünü heç bir təbliğata ehtiyac duymadan belə qulluğa həsr edənlərə minnətdar olmalıyıq. Mən bir oxucu kimi inanıram ki, Zəlimxanın elimizə, el sənətimizə böyük sevgisi və borc hissi onu heç kəslə qarışdırıla bilməyən bir yüksəkliyə gətirmək ərəfəsindədir.

   Bu borc hissi aşağıdakı sətirlərdə nə qədər aydın, nə qədər düşündürücü şəkildə deyilmişdir:

 

Torpağın borcunu qaytarmaq olar,

Günəşin borcunu necə qaytarım?

 

   Günəşə ödənilməz borcunu hiss edən şairin min ömrü də olsa axtarışdan yorulmaz.

 

 

29 aprel 1983

  Geri