Xəbərlər Boigrafiya Haqqında Yaradıcılığı Qalereya Qonaq dəfətəri Əlaqə

   OT KÖKÜ ÜSTƏ BİTƏR

 

 

Nizami CƏFƏROV

OT KÖKÜ ÜSTƏ BİTƏR

 

Mənə gənc şair demə, çoxdan ötüb gəncliyim,

Heç olmayıb həyatda rahatlığım, dincliyim.

Şeirsiz keçən günüm varlığımda heçliyim,

Şeirlə bahar ömrü, qış ömrü yaşamışam!

 

   Zəlimxan Yaqub o qədər də yaşlı deyil, etirazına baxmayaraq hətta demək olar ki, gəncdir, amma yaradıcılığının poetik məntiqinə varanda Zəlimxanı aşıq Ələsgər yaşda, aşıq Hüseyn Saraclı yaşda görürəm – xətrinə dəyməsə deyərdim ki, Zəlimxan öz şeirlərində Osman Sarıvəllidən də ahıl görünür. Və bu ahıllıq Zəlimxanın yaradıcılığının məzmunundadır, intonasiyasındadır, bir az da dərinə getsək, kökündədir – “Atalı-atasız günlərin şeirləri”ndə dediyi kimi...

 

Söz nə mehribandı, səs nə həlimdi,

Hər gün qulağıma səsin şən gəlir.

Yaman nə varımsa, öz əməlimdi,

Yaxşı nə görsələr, o səndən gəlir!

 

   And içə bilərəm ki, son illərdə oxuduğum şeirlər içərisində heç biri məni Zəlimxanın aşağıdakı misraları qədər kövrəltməyib və mən müəllifi bu qədər özümə doğma hiss eləməmişəm:

 

Başdaşı adam deyil,

Dindirsəm də dil açmaz.

Başdaşı atam deyil,

Qucaqlasam qol açmaz...

 

Ata, ayrılığın yaman ağırmış,

Ağladım, gözümü yaşlar apardı.

Sənsiz talan olmuş xırman yeriyəm,

Daşıdı dənimi quşlar apardı... 

 

   Hər dəfə bu misraları oxuyanda yadıma çox-çox bundan qabaq kəndə - bacıma yazdığım mənzum məktub düşür: əlbəttə, mən heç o zaman da şair deyildim, ancaq bu mənzum məktub nədənsə elə indinin özündə də mənə güclü görünür; heç şübhəsiz, güclü olan poeziya deyil, onu yaradan qüvvədir – ataya, babaya, əcdada olan bağlılıqdır, kökə dayanmadır və mən burasını xüsusi qeyd edirəm ki, Zəlimxan kökü olan şairdir: onun poetik mənəviyyatı, poetik əxlaqı və poetik davranışı çox zəngin ənənələrdən gəlir. Sözü nə qədər kövrək deyirsə-desin, nə qədər intim səviyyəyə enirsə-ensin, onun şeirlərində həmişə bir kişi qətiliyi olur ki, bizim bugünkü poeziyamızın həmin qətiliyin ehtiyacındadır...

 

Dar gündə qılıncınız, sipəriniz yoxdusa,

Dağı-daşı tərpədən təpəriniz yoxdusa.

Şadlığımdan, yasımdan xəbəriniz yoxdusa,

Tərk din bu meydanı!

 

   Zəlimxanın “Yox, sən o yerlərdə doğulmamısan” şeiri barədə ayrıca bir məqalə yazmağa həmişə ehtiyac duymuşam və fikrimcə, bu şeiri Osman Sarıvəllinin “Gətir, oğlum, gətir”i kimi poeziyamızda mərhələ hesab etməyə hər cür əsas vardır...

 

Yox, sən o yerlərdə doğulmamısan, -

Sözündən çiyələk qoxusu gəlmir,

Zəhmindən ildırım qoxusu gəlmir.

Paxıllıq içini qurd kimi yeyir,

Gecələr gözünün yuxusu gəlmir.

 

    Xalq o zaman köləyə çevrilir ki, kökünü, tarixini, qismətini itirir və kökünü, tarixini, qismətini itirə-itirə mənəviyyatı pozulur, əxlaqı pozulur, ümumiyyətlə, tarixi keyfiyyəti pozulur – kökünü, tarixini, qismətini itirməyən xalqı köləyə çevirmək mümkün deyil.  İnsan da belədir – kökünü itirdisə, potensial kölədir: onu əymək olar, sındırmaq olar, həm də təkcə döyüb-söyməklə yox, eyni zamanda başını sığallamaqla, “malades!” deməklə...

 

Yox, sən o yerlərdə doğulmamısan,

Bitmisən ağacda göbələk kimi

Kökün gövdədədir, torpaq görməyib.

Dilindən həmişə qeybətlər yağıb,

Başın çələng görüb, papaq görməyib.

...Büzdün dodağını doğma səslərə

Qatdın nəfəsini yad nəfəslərə.

Sən indi kim oldun yadların yadı,

Yersiz əyilmələr, yersiz düşmələr

Canında, qanında tutar qoymadı.

Orda doğulammaz belə bir insan,

Yox, sən o yerlərdə doğulmamısan.

 

   Zəlimxanın bu şeiri xalqımızın epos təfəkküründən gəlir və əlavə edim ki, təhtəlşüur bir qədimlikdən gəlir - əminəm ki, həmin şeir hələ bundan sonra dərin elmi-poetik predmeti olacaq, bugünkü şeirimizin ən gözəl nümunələrindən biri kimi öyrəniləcəkdir, çünki bu şeirdə günümüzün böyük həqiqəti var – daxili təmizlənmə prosesi keçirən xalqın aydın (eyni zamanda qəti!) emosiyası öz əksini tapmışdır.

   Mənim dərin inamıma görə, Zəlimxanın poetik təfəkkürünün keyfiyyətini folklor “maarifçiliyi” müəyyən edir – şifahi xalq ədəbiyyatımızı bu cür natural bir analitizmlə “araşdıran”, diferensiallaşdıran (detallaşdıran) və müasirləşdirin ikinci bir şairimizi təsəvvürə gətirmək çətindir, Zəlimxanın folklor “maarifçiliyi” isə bu gün xalqa və ədəbiyyata çox lazımdır: xalq öz daxilinə enməyə ehtiyac hiss edir, xalq özü-özündən öyrənməyə ehtiyac hiss edir və nəhayət, xalq özünü-özündə tapmağa ehtiyac hiss edir...

 

Qalalar var, yapan mənəm,

Qayalar var, çapan mənəm.

Səni məndə tapan mənəm,

Sən itməsən, mən itmərəm.

 

   Zəlimxanın “Göyçədən gələn səslər” poeması Aşıq Ələsgərdən, “Borçalıda qalan izlər” isə Səməd Vurğununu Borçalıya qonaq getməsindən danışır...

 

Bilmədim çoxunu, azını eşqin,

Çəkdim ömrüm boyu nazını eşqin.

O qədər çaldım ki, sazını eşqin,

Əlimi sim yedi, tellər apardı!

 

   Bu, Aşıq Ələsgərin sözüdür, eyni zamanda Səməd Vurğunun sözüdür və nəhayət, Zəlimxanın öz sözüdür – Zəlimxan böyük ustaların obrazını canlandırarkən istedadını əsirgəməmiş, xüsusilə Aşıq barədə dövrümüzün ən gözəl əsərlərindən birini yaratmışdır. Və Zəlimxanın ədəbi-bədii qənaətinin tarixi məzmunu nəticə etibarı ilə bundan ibarətdir ki,

 

Nəğmə də ondadır, bulaq da onda,

İşıq da ondadır, ocaq da onda.

Toxum da ondadır, torpaq da onda,

Göyərdən, becərən, bitirəndi xalq.

 

 

“Ədəbiyyat və İncəsənət” qəzeti,

06 iyul 1990-cı il

 

 

  Geri