Xəbərlər Boigrafiya Haqqında Yaradıcılığı Qalereya Qonaq dəfətəri Əlaqə

   "HAQDAN GƏLƏN HARAY"

 

Şamil Qurbanov,

Professor 

"HAQDAN GƏLƏN HARAY"

 

    Bu bir həqiqətdir ki, Zəlimxan Yaqub söz sənətkarı kimi başdan-ayağa istedad sahibidir. Bu, onun yaradıcılıq fəaliyyətinin bütün sahələrində özünü göstərir. Əvvəla, onu etiraf eləməliyik ki, Zəlimxan şair və dramaturq olmaqdan əvvəl, sözün həqiqi mənasında aşıqdır. Özü də Borçalı aşıq məktəbinin yetirməsidir.

    Aşıqlıq onun ruhuna sanki ana südü ilə hopmuşdur. Bu, onun sənətkarlıq dəyərini qətiyyən azaltmır. Əksinə, onun poeziyasına bir bütövlük, zənginlik, saflıq və axıcılıq gətirir. Xalq ruhunun loğmanı olan telli sazı o, böyük ustalıqla dilləndirir və şirin avazla oxuyur. Bunun özü başqa bir aləmdir. Zəlimxanın saz və söz məclisindən doymaq olmur. Xalqımızın min illərlə yaratdığı saz sənətinin bütün incəliklərinə bələd olan şair onu xüsusi improvizasiya və ifaçılıq bacarığı ilə yenidən canlandırır. Adama elə gəlir ki, onun bütün varlığı şeirdən, musiqidən ibarətdir, dağ çeşməsi kimi axıb gedir, dinləyicinin canına yağ kimi yayılır. O, minillik poeziyamızı fenomenal hafizəsində, yaddaşında gəzdirən qeyri-adi bir söz xəzinəsidir. Onun şairliyi də məhz bu xalq çeşməsindən, klassik irsimizdən mayalanır.

    O da var ki, Zəlimxana sənət dostlarının münasibəti, nədənsə birmənalı deyildir. Onu iqtidar şairi adlandıranlar da var, toy və şənlik məclislərində tamada hesab edənlər də. Ona həsr edilmiş həcvlərə, şəbədələrə də rast gəlirik. Məncə, bunların hamısı həsəddən, bəlkə də bekarçılıqdan irəli gəlir. “Kim mənimlə deyilsə, mənə qarşıdır” meyarından doğur. Amma hər halda Zəlimxan iqtidar şairi olsa da, olmasa da Zəlimxandır. Əhməd Cavad ilk milli dövlətimizin ilk nəğməkarı deyildimi? Buna görə də onu biz azadlıq aşiqi hesab edirik. Bəs həmin milli dövlətimizin varisi hesab olunana indiki suveren dövlətimizin nəğməkarı niyə olmamalıdır?!

    Hərçənd Zəlimxanı belə bir nəğməkar adlandırmaq hələ tezdir. O, nədənsə poetik imkanlardan tam istifadə etmir. Son şeirlərindən hiss olunur ki, onda müəyyən tərəddüdlər vardır. Bu xəfif tərəddüdlər isə ona poetik fikri konkretləşdirib uzaq hədəfə tuşlamağa mane olur. Buna baxmayaraq, onda xalqımızın işıqlı gələcəyinə inam böyükdür, o, güclü şəxsiyyətə və onun nüfuz dairəsindəki təmizliyə, paklığa, işgüzarlığa böyük ümidlə yanaşır, insanda insanı görməyə çalışır.

 

Könül dostum göydə günəşdir mənim,

Qəlbimdəki haqdan gələn haraydır.

Zəlimxanın ürəyi bir saraydır,

Qonaq olun, ay Allahı sevənlər!

 

    Allah sevgisindən ucalan sarayın daşı-divarı da az qala onun sahibinin qəlbi kimi təmiz, büllur dağ çeşməsidir.

   Şairin qəlbində poetik duyğular “Haqdan gələn haray” olduğu üçün onu oxucusuna da aşılamaq istəyir.

    Bir neçə il bundan əvvəl vətənin başı üstünü qara buludlar alanda, günahsız xalqın qanı sel kimi axanda, lay divar kimi dayanmış vətənpərvər gənclərimiz satqınlığın, şəxsi ambisiyaların qurbanı olanda şair üzünü yenə haqqın dərgahına, göylər səltənətinə tutub deyirdi:

 

Üzmüşəm əlimi yerdəkilərdən,

İlahi, göylərdən bir kişi göndər!

 

     Onun 15 illik yaradıcılığının son beş ili milli hərəkat dövrünə təsadüf edir. Buna görə ə həmin dövrün təzadları, keşməkeşləri, ziddiyyətləri onun şeirlərində qabarıq şəkildə görünür. Yaşadığımız ötən günlərin acıları ilə indiki dövrün fərqi ən çox onun yaradıcılığında inikas edir.

     Zəlimxanın yaradıcılığını izləyənlər onun yazdıqlarını göz önünə gətirsələr, görərlər ki, müxtəlif iqtidarların vaxtında yazılan şeirlərdə onların yaxşı və pis cəhətləri öz əksini tapmışdır. O, yamanı ümumi şəkildə yamanlayan, yaxşını öyən şairdir.

     Hər sözə əl çaldığımız, bəzən məst olub uyuduğumuz, indi isə “özümüzə gəlib” keçən günlərin acısında qovrulduğumuz hadisələri görün o, həmin günlərdə necə qələmə almışdır.

 

Ağıllıdan dəlisi çox bu yolun,

Qan soranı, zəlisi çox bu yolun,

Əlisi çox, Vəlisi çox bu yolun,

Bu qatarla mən gedəsi olmadım.

 

    Şair “ağıllıdan çox dəlisi olan” bu nəhrin kortəbii burulğanından vaxtında kənara çıxsa da, dərd-ələm yükündən xilas ola bilməmişdir. Həmişə haqqın dərgahına ümid bağlayan, ona hər şeyi gen-bol bəxş etdiyi üçün şükranlığını hər an ifadə edən şair xalqının taleyinə yazılan acılı-ağrılı günlər üçün də bəzən Tanrısından giley edir və şəhid anasının dili ilə deyirdi:

 

Nə günah tutmuşam haqın yanında,

Əllərim qızardı övlad qanında.

Dərdin daş əridən dəyirmanında,

Un kimi, dən kimi üyünən mənəm.

 

    Vaxtilə təbiət vurğunu ulu sənətkarımız Aşıq Ələsgərin “Ölsün Ələsgərtək qulların, dağlar” misrası dövrümüzün o tay, bu tay adlı hicran dərdində çırpınan Zəlimxanın könül nəğməsində başqa bir məna kəsb edir:

 

Sənin ki, dərdin var bir Təbriz qədər,

Niyə yaşayırsan, öl, ay Zəlimxan.

 

    Bu, gəlişi gözəl söz deyil. Bu, xalqın kədər yükündən, qəm karvanından doğan və qəlbdən gələn haraydır. O, nə şəhid qəbirlərinin artmasına dözə bilir, nə şəhid anaların fəryadına, nə də Vətən torpağının düşmən tərəfindən tapdanmasına.

 

Yağıları yurda qoysa bu millət,

Torpağını darda qoyma bu millət,

Qanımız yerdə qoysa bu millət,

Mən bu xalqa yön olası deyiləm.

 

     Bu sözlər şəhid dilindən deyilsə də, şairin öz mövqeyidir. Bəs şair fəlakətlərimizdən çıxış yolunu o zaman nədə görürdü, oxucularına hansı idealı aşılayırdı? Gəlin özünə müraciət edək. O, 1993-cü ilin avqustunda məlum hadisələr dövründə yazdığı şeirlərin birində deyirdi:

 

Bizə nə lazımdır?

Ağız birliyi,

Ağ bəxtə yol açan ağ üz birliyi.

Qıpçaq qıvraqlığı, oğuz birliyi...

Olsaydı Xətai-Yavuz birliyi,

Axmazdı ildırım, çaxmazdı şimşək,

Bu gün yumruq kimi birləşə bilsək!

 

     Əgər yumruq kimi birləşə bilməsək, Vətənin, xalqın bütövlüyünə, bölünməzliyinə xəyanət edib onu xırda-xırda parçalara ayıraraq hikkəmizə, ədamıza qurban eləsək onda nə ola bilər?

 

Dağı qan götürər, düzü qan tutar,

Yaranı göynədən buzu qan tutar.

Günah çoxaldıqca bizi qan tutar,

Çatmaz hayımıza nə duz, nə çörək.

 

    Yaxın keçmişimizin mənəm-mənəmlik dövründə, didişmə-parçalanma günlərində Zəlimxan milləti belə bir nurlu işığa çəkir və özünəməxsus yüksək poetik pafosla deyirdi:

 

Nurlu axşam düşər, qızıl dan olar,

Qızıl sünbül bitər, qızıl dan olar.

Millətin dirəyi qızıldan olar,

Daşlar gül bitirər, qayalar çiçək,

Bu gün yumruq kimi birləşə bilsək.

 

     Bir şeyi də qeyd etmək lazımdır ki, Zəlimxan ötən illərdə xalqın göz yaşlarını yox, güc damarını hərəkətə gətirməyə çalışırdı. O, sənət dostlarına da “od olub düşməni yandıran, siyirmə qılınc olub yağı qəlbinə sancılan” şeirlər yazmağı tövsiyə edirdi. Çünki o vaxt şair taleyinə ələmli, kədərli günlər düşmüşdü. Odur ki, “Şair, bu gün şeirini evdə yox, səngərdə yaz” deyən Zəlimxan onu da uca səslə bildirirdi:

 

Ağlamaqdan kar aşmaz, sil gözlərin nəmini,

Döndər, sevincə öndər anaların qəmini.

İtilə qılıncını, ovxarla qələmini,

Hər kəsin öz payı var, namərdə yaz, mərdə yaz,

Şair, bu gün şeirini evdə yox, səngərdə yaz.

 

     Bunların hamısı ötən illərin məhsuludur. İnnən sonra Zəlimxanın boynuna daha ağır yük düşür. O, indi millət vəkilidir. “Sən şair olmaya bilərsən, inan, vətəndaş olmağa bil ki, borclusan” məşhur fikri şairin müqəddəs idealı olmalıdır. Sənətkar əgər yaxşı vətəndaş deyilsə, onun sənəti də millətə xeyir verə bilməz. Biz əminik ki, Milli Məclisin üzvü Zəlimxan şair Zəlimxanla birləşib yeni keyfiyyətlər əxz edəcəkdir.

 

 

“Xalq” qəzeti, 15 mart 1996-cı il

 

 

 

  Geri