Xəbərlər Boigrafiya Haqqında Yaradıcılığı Qalereya Qonaq dəfətəri Əlaqə

   MƏNİ YAMAN KÖVRƏLTDİN, ZƏLİMXAN

 

TOFİQ HACIYEV,

Professor 

MƏNİ YAMAN KÖVRƏLTDİN, ZƏLİMXAN

 

    Gözəl deyirsən ki, “Bir az gəncliyimiz tezbazar oldu, bir az ağrıları tez verdin Allah”. Sənin gözəl şeirlərinin içindən bu misraları qəzet (“Rezonans”, 13-16 iyun 1998, səh. 10) ümumi başlığa sərrast seçib. Bu gün hamı – cavan da, mənim kimi yaşlılar da, ürəyindən sən deyəni keçirir. Sən millətin ürəyini düz oxumusan. Şair belə olar. Hər kəs ürəyindən keçəni şairin qələmində eynən şeir görəndə o qələm sahibini öz şairi bilir...

    Zəlimxan, mən on ildən də çox bundan əvvəl sənin yaradıcılığın haqqında söz demək istəyirdim. Şeirlərin ürəyimcə idi. İki kitabını oxudum. Gördüm ki, hələ üslubun tamamlanmayıb. Əlimi saxladım. Sonralar zaman-zaman sənin yeni şeirlərini oxuduqca, ya kürsülərdən dinlədikcə gördüm ki, üslub əhatəsi müəyyənləşir. Əvvəlki şeirlərinin təəssüratı məndə o qədər canlı idi ki, unutmurdum, təsəvvür elə, yeni şeirlərdəki tamamlayıcı üslub detallarını ürəyimdə sayırdım. Sənin üslubun, necə deyərlər, gözümün qabağında həddi-buluğa çatdı, sən müasir şeirimizin təmsilçi subyektlərindən biri oldun...

     Dörd-beş il bundan əvvəl olardı – filarmoniyada rəhmətlik Hüseyn Arifin xatirə gecəsini aparırdın. Gecə qeyri-adi bir gecə idi – sən Hüseyn Arifə dönmüşdün. Sən Hüseyn Arifi elə təhlil edir, elə təqdim edirdin, bilmək olmurdu ki, sən şairsən, ya istedadlı ədəbiyyatşünassan, ya simfonik səsli bir xalq artistisən. xalq ədəbiyyatındakı sinkretikliyi sənin şəxsinə əyani bir də gördüm sən şairdin, aşıqdın, natiqdin (hələ öz şeir gecəndə səni sazlı görmüşəm) – sən Hüseyn Arif idin, sən Ədalət idin, bir fısqırıq qoparmışdın ki, gəl görəsən. Elə bil Braziliya futboluna baxırdım... televiziya verilişindən sonra həmin təəssüratla sənin barəndə yazacağım məqaləni başladım. Sonra sənin yeni şirlərini tapıb-toplaya bilmədim. Bir az sonra da araya işlər, hadisələr düşdü, məqalə yarımçıq qaldı.

    Ay ötdü, il dolandı, “Bir əli torpaqda, bir əli haqda” kitabını oxudum. Qərarlaşdım ki, yazım. Gördüm ki, bu misralarda həm dilimizin dəyəri dürüst verilir. Həm də Zəlimxanın mənə bəlli şeiri şirin-şirin dillənir:

 

Füzuli zirvəli, Vaqif axarlı,

Mənim Qorqud dilim, Ələsgər dilim.

Ömrümün naxışı, baxtımın xalı,

Dadda, şirinlikdə bal-şəkər dilim.

 

(hərçənd bu misralar dilimizin şənini bildirmir:

Gözümün nurusan, başımın tacı,

Sən yollar süpürən əmək olmadın.

Heç zaman çəkmədin söz ehtiyacı,

Heç zaman dinəndə pəltək olmadın.

 

    Kim bu iddiadadır, haradan yadına düşüb ki, sən ana dilimizə “yollar süpürən əmək deyilsən”, “dinəndə pəltək olmadın” deyəsən. heç ümumiyyətlə, dünyada nə yol süpürən dil var, nə pəltək xalq dili – şair öz fərdi şeirinə deyə bilər ki, “sən pəltəksən, ya pəltək deyilsən”. Yaxud dilimizin zənginliyi anlayışı bildirmək üçün “sən söz ehtiyacı çəkmədin” ifadəsi çox zəifdir. Və heç “dilim, sən zənginsən, beləsən, eləsən” deməyə ehtiyac yoxdur. Füzulinin, Vaqifin, Qorqudun, Ələsgərin adını çəkdin, kifayətdir – mənim dilim onların qələminə reallığını tarixə sübut edib. Hətta Zəlimxan dilinə yaraşmayan adi qrammatik xəta: “Heç zaman dinəndə...” yox, “dinəndə heç zaman...” deyilməlidir). 

    Zəlimxan poeziyanın cəmiyyət üçün gərəkliyini kitabda düzgün təhlil edir, deməli, bir şair kimi milləti üçün nə etməlidir meyarını bilir və öz adından öz səsi ilə deyir, səsini xalqının taleyi ilə yaşamış sənətkarların səsinə qoşur:

 

Qələm silah, masa səngər,

İnanmışam, inanıram qələmə.

Əsgər olan məsləkinə and içər,

İnanmışam, inanıram qələmə.

 

    Zəlimxan, millətimizin bu gün bu qələmə, doğru yazan, sərt yazan. Könül incitməyən, ancaq istiqlal həvəsli könülləri qorlandıran ədəbiyyata ehtiyacı var; düz deyirsən, M. Sabirin, Mirzə Cəlilin, Üzeyir bəyin yaradıcı şəxsiyyətlərinin timsalında biz qələmin nə demək olduğunu görmüşük. Düz eləyirsən, qələmə inanırsan. Zəlimxan, Qorqud demişkən, çalı qələmini, millətin təpərlənsin, torpağın səngərləşsin (ancaq təəssüf ki, şeirinin bu gözəl başlanğıcının ardınca intim təəssürat gəlir).

    Kifayət qədər həcmli nə nəfis bu kitabda sənin nadir şeirlərin var. Elə poetik nümunələrin var ki, adamın yanan ürəyinə sərinlik gətirir, süstlənmiş ürəyinə qor püskürür. Biz Zəlimxanda belə şeirlər gözləmişik və gördük. Ancaq, Əzizim Zəlimxan, mənə elə gəldi ki, sən özündən uzaqlaşmısan. Mənim izlədiyim, arta-arta gələn Zəlimxanın nəğməsində elə bil xaric nəfəs duydum. Sənin intonasiyanda Ələsgərin, Şəmşirin, Sarıvəllinin yox, Mayakovskinin pafosunu, bizim 30-cu illərdəki proletar ədəbiyyatımızın qışqırığını eşitdim. Sən, aşıq poeziyasından qaynaqlanan istedadlı sənətkar Zəlimxan xalq şeirinin ənənəsinə niyə belə laqeydlik göstərirsən. Hamı bilir, sən də hamıdan yaxşı bilirsən ki, gəraylı, qoşma formasında şeirlər ümumən, 5-7 bənd olur, əlbəttə, istisna kimi aşağısı, yuxarısı, üstəgəli-çıxağı da mümkündür. Ancaq sən qafiyəsi qurtarınca rədifi aparırsan. Budur, bir gəraylı qəlibində “Məkkədə” rədifli şeirin qafiyələri: qismət, qüdrət, həsrət, şərbət, həqiqət, sifət, hikmət, sərvət, ibadət, lənət, qeyrət, heyrət, cənnət, şikayət, xəcalət, qiyamət, xidmət, diqqət, sənət, şərafət, səadət. Əvvələn, bir dənə yeni qafiyə yoxdur, digər tərəfdən, a kişi, 20 bənd gəraylı olar? Və mən hesab edirəm ki, qafiyə tapsan, şeiri bir az da uzadardın. Varağı aşırıram, o biri şeiri də belə görürəm... Bilirsən nəticədə necə alınır, qardaşım? Axıra çatdırmağa nəfəsim çatmır, yoruluram, şeiri yarımçıq qoyuram.

Həmin kitabda sənin bu şeirin də var – ikicə bənd:

 

Türkün sehrkar oğlu, möcüzələr ustadı,

İnsanı daş elədi, daşdan insan yaratdı!

Dindirdi tarixləri naxışların diliylə,

Nəfəs qatdı rənglərə, ruh verdi, can yaratdı!

Bu qüdrət necə sığıb bir ömrün sərhədinə,

Bir cahanın içində min-min cahan yaratdı.

Harda heyrətə gəldim, harda ki, heyran olum,

Soruşanda dedilər: memar Sinan yaratdı.

 

    Sən burada necə deyərlər, Günəşi zərrəyə sığışdırmısan. Sən burada həm türk oğlu türkün dünya sivilizasiyasında yerini görürsən, bir türk oğlu türk kimi iftixar hissi keçirirsən, həm də əsli sənətin nə olduğunu, sənətkarın öz sənətində tarixləşdiyini az sözlə, ancaq dolğun məzmunla ifadə edirsən. sən memar Sinanın tarixi sənətini öz sənətinin diliylə şeirləşdirmisən. Sən sənətin qarşına sənətinlə çıxmısan! (hələ “nəfəs verdi rənglərə” yox, “nəfəs qatdı rənglərə” deməklə klassik ustalıq eləmisən: klassik şərq naxış – ornamentlərinin palçığını aylarla yoğururlar – bu ifadə ilə sən həmin prosesi yaddaşımızda əyani canlandırırsan).

    Axı Zəlimxan, sənin xalq ədəbiyyatından götürdüyün dəyərlərdən biri yığcamlıq idi, nəfəsin niyə belə genişlənib? Kürsülərdənmi belə ilhamlanmısan? Zəlimxan, deyə bilərsən ki, mənim o şeirlərim gəraylı deyil, qoşma deyil, müasir şeirdir. Mən novatorluğun nə demək olduğunu bilirəm. Mən M. Ə. Sabirin qəzəl qəlibindəki satiralarına bələdəm, müxəmməs qəlibindəki inqilabi şeirlərini əzbər bilirəm. M. Hadinin qəzəl, müstəzad qəlibindəki fəlsəfi-siyasi şeirlərindən xəbərdaram. Və təkrar edirəm: janrın hətta qəlibinə, skeletinə də etinasız qalmaq olmaz, janrın poetik ənənəsi ilə hesablaşmaq, klassik formanı estetik ölçü əndazəsində müasirləşdirmək gərəkdir. Buyur, sənin memar Sinan haqqındakı dəhşətli dərəcədə gözəl şeirin qəzəl qəlibindədir, ancaq örnək olacaq müasir şeirdir – burada qəzəllik yoxdur, ancaq qəzəl şeirinin yığcamlığı, qafiyə-rədif ahəngdarlığı yaşanır. Bəli, şeirini şeir bildiyim, yaradıcılığını sevdiyim, hər kitabını intizarla gözlədiyim Zəlimxan, bu kitabından özündən xeyli uzaqlaşmışdın və mən sənin üslubun haqqında düşündüyüm həmin məqaləni yenə təxirə saldım. 

    “Rezonans” qəzetindəki şeirlərini sevinclə, kədərlə, ləzzətlə oxudum. Sən özünə dönmüsən – həm formaca, həm də məzmunca! Qəzetin tam olmayan bir səhifəsinə sıxışdırılmış bu şeirlər bir kitabın silqətindədir. (Zəlimxan, şəklinə nə aşiq olmusan, kaş şəklinin yerinə də bir şeirin olaydı. Adını çəkdiyim nəfis kitabının cildinin də həm üz, həm də arxa tərəfində hərəsi bir duruşda şəklini verdirmisən – onsuz da qəşəng oğlansan, “Saqın bədnəzərdən, göz dəyər sənə”).

    Hansı sənin ürəyindən, hansı sözün beynindən gəlir – hesabını aparmamışam. Ancaq bu səhifədəki şeirlərin hamısı ürəyindən gəlib. Daha bu fürsəti əldən verə bilmərəm, bu şeirlərin təsirindən qopmaq mümkün deyil, (heyif ki, bir neçə il əvvəl başladığım həmin səhifə yarımlıq yazımı tapa bilmədim – o, qəribə, ilhamlı bir şey idi).

    Zəlimxan, yadındadırmı, Antalyada Türk xalqlarının Uluslararası qurultayı zamanı türkiyəli məsləkdaşlarımız sənə Zalımxan dedilər – bir-birimizə baxıb güldük və zarafat elədim ki, bunlar səni bizdən yaxşı tanıyırlar! Əlbəttə, bu o idi ki, Türkiyə türkləri bizdəki incə səsləri bəzən qalın işlədirlər: nəzər əvəzinə nazar, eşq əvəzinə aşk və s. (bəlkə də zarafat edirdilər). Ancaq onlar sənin şeirini dinlədikdən, güclü yaddaşını gördükdən sonra belə demişdilər. Və adətən qeyri-adi bir davranışına görə adama “ay zalım” deyə üz tuturlar – onlar da bunu sənin adından hazır alırdılar. İndi mən sənə həmin təbirlə deyirəm: “Ay zalım, yaman yazmısan, ürəkdən tikan çıxaran şeirlərdir. Ay zalım, yaman kövrəltdin məni”. Birinci şeirin ilk misralarından adamı alır (qafiyələri də orijinaldır):

 

Ayaz nədir, şaxta nədir, bürkü nə,

Nə qorxudar haqq yolunda türkü, nə?

Birə düşsün düşmənlərin kürkünə,

Dəniz kimi dalğalan, türk, çalxan türk,

Döyüşən türk, oyanan türk, qalxan türk!

  

    Əvvələn, düz deyirsən, türk həmişə haqq yolunda qılınc çalıb – hətta Asiya ilə Avropanı bir-birinə bağlayıb, eradan əvvəl dənizlərin o tərəfinə yol açaraq min illərlə o tayda kristallaşmış türklərlə asiyalı türklər arasında müstəqim və məcazi körpü yaradan ulu Mehmet Fateh deyərdi: “Biz cahangirlik etmirik, islamı yayırıq”. Bəli, türk tarixən qütbləri bir atmənzili yol bilib, uzaq-uzaq torpaqları doğmalaşdırıb, tanımadığı torpaqlara sevgi ilə baxıb, yaşamağa layiq bilib, yaşayıb, mədəniyyət qurub. Zəlimxan, türk həlim olub, zalım olmayıb, ona qara yaxıblar. “Qıpçaq çölünün yovşanı”nı oxuyubsanmı? Sənin şeirin onunla çox səsləşir. Orada tarixi qaynaqlarla təsdiqlənən həqiqət sənin qələminə şeirləşib. Sən türkün cild-cild kitabda deyilməli tarixim coğrafiyasını qəhrəmanlar, sərkərdələr şəcərəsini bir şeirdə demisən – onları tutmusan, hər anın tarixi rəmzini tapmısan, türkün tarixini türk sözünə sığışdırmısan, türk sözünün bədii-estetik obrazını açmısan. “Mete kimi, Oğuz kimi bir xan türk” misra deyil, daşlanmış etnik tarixdir, türkün şəxsiyyətinin açımıdır, şeirdir. Bu misra şeirin içində bir şeirdir. Bu şeiri türk əzbərləsin, qoy tarixinə bələd olsun və... Və misal verdiyim bənddəki ikinci movum: Dalğalan, Türk! Çalxan Türk!... Zəlimxan, indi biz bu nidanın qarşısında suala dönürük: görəsən, oyanarmı, qalxarmı? Hər halda sən sözünü demisən, hayqırtını hayqırmısan. Zəlimxan, səs səsə vermək gərəkdir – P. Behrudinin “Ata dili”si, B. Vahabzadənin “Özümüzü kəsən qılınc”ı, Zəlimxanın “Döyüşən türk, oyanan türk, qalxan türk”ü solo şəklində qalmamalı, simfonikləşməlidir. İndi simfonik təsir yolunu getməliyik, Zəlimxan.

    Zəlimxan, türklük sənin qanına elə hopub ki, sən “Türk “ deməyəndə də onun dünyasından xəbər verirsən. yazırsan ki: alıb çiyinlərimə ömür adlı bir yükü, Qışdan yaza çıxmışam, yazdan yay gəlmişəm. Yağış kimi hopmuşam torpağın ciyərinə, Süzülüb çeşmələr, axıb çaya gəlmişəm. – Gözəl, təravətli ifadələrdir: ömür yükünü çiyinlərinə almaq; yağış kimi torpağın ciyərinə hopmaq – bu, təbii-fiziki bir hadisədir; təbiətdə heç nə məhv olmur, şəklini dəyişib yaşayır. Bu təbiət qanunu sənin misralarında estetik məzmun qazanır. “Şeir-qəzəl xurədməndlər sənətidir” deyən Füzuli poeziyanı, gördüyümüz kimi, alimlərin, bilicilərin peşəsi sayır. Deməli, hər şair hardasa Füzuli sənətinin bir qəlpəsi ola bilər. bu öz yerində. Mən yuxarıdakı misraları başqa məqsədə gətirmişəm. Yunus, sənin dediyin kimi, “doğu ilə batını qucaqlayan”, dənizlərdən dənizlərə yurd salan, Qorqud Dədə demişkən, böyük-böyük sulardan körpü salan türkün coğrafi mənərəsini belə canlandırır: dərildik (yığıldıq), pınar (bulaq) olduq, İrkildik (toplandıq), irmaq (çay) olduq. Akdıq dənizə dolduq, Daşdıq əlhəmdülillah!” – Sən öz misraları deyəndə, yəqin ki, Yunus yadına düşməyib, ancaq həmin ideyanı, türkün artım, inkişaf fəlsəfəsini Yunuscasına, Yunusun iftixarı ilə demisən. Çünki Yunus şeiri, yunusçuluq sənin canındadır.

    Kaş belə ola, əlbəttə, insan buna can atmalıdır, şeir bunu təlqin etməlidir, necə deyərlər, bir az aşıqsayağı, bir az filosofanə deyirsən: Gün gecə doğursa, elə doğasan, Ay necə batırsa, elə batsan... Şığıya biləsən qartallar kimi, Çən kimi torpaqda sürünməyəsən. Üzdə işıq olub dalğalanasan, Gözə duman kimi görünməyəsən (“Adam kimi” şeiri). Əlbəttə, çənin, dumanın öz poetik mənası var (duman salamat qal...” M. Araz), ancaq insanın çən kimi, dumansayağı sürünməsi təbiəti, çəni, dumanı utandırır, çən-duman xəcalət çəkir ki, sürünmək sənətində insana müəllimlik edir. Ancaq sən cəmiyyətin, təbiətin ən ulu yaradılmış faktı olan insanı özü olmağa çağırırsan: dərə dərinlikdə, dağ ucalıqda, üfüq genişlikdə ürəyim ola – Təzadlar insanı böyüdür: bu halda dərinlik ucalıq kimi alidir, hətta ondan da mənalıdır – kaş insan ona yaraşan bu əlamətlərlə dərinləşə, ucala. Bu sözləri bu gün şair deməlidir ki, insan mütəəssir olsun. Yaxşı ki, bu sözlər sənin poetik obrazlarında söylənilir. Sən insanın dərdindən obyektiv təsirlənəndə sözün çox dərin, fikrin çox uca olurmuş – sən böyük Vaqifin nadir “Kür qırağı” şeirini ustalıqla bugünləşdirmisən: Solğun baxışları soğulmuş bulaq, Əlləri bənzəmir qız əllərinə. Gör torpaq həsrəti nə divan tutub, Qədim Qarabağın gözəllərinə. (“Qaçqın çadırında bir qız ağladı” şeiri) – Molla Pənah da həmin şeirini, bu gün olsa, belə yazardı və təbii ki, “Yenə yada düşdü bizim sənəmlər, Getməyin binası, hayıf ki, yoxdur “yerində” Yenə yada düşdü bizim torpaqlar, dönməyin binası, hayıf ki, yoxdur” deyərdi (əlbəttə, sən özün daha poetik improvizə edərdin). Şeirdəki bu sintaksisə görə də sağ ol, mükəmməl və dərin sintaksisdir: Ağrılar ah olub dildən, ağızdan, Yanğılar yaş olub gözdən çıxırdı. “Şeir belə olar, bədi sözü belə deyərlər, sən demisən, Zəlimxan: Yardım əvəzinə oğulsan, ona İsa bulağından bir ovuc su ver. – Lap Qabil kimi yanıqlı demisən (“Qarabağda hava necədir?”), ancaq nəfəs də özünündür, obraz da müstəqildir.

    Bilirsən, sözünü havaya demirsən, göyə, ulduzlara yox, yerə insanların üzünə baxıb deyirsən: sözünün ünvanı bəllidir, dərdli obraz ifadələrin içindən ən ağrılısını seçirsən – sözünün təsir gücü ondan gəlir. Dəli dağı Vətənin dustaq parçası olmaqla yanaşı, yəqin Dədə Şəmşir nisgili də yada salıb. Nisgilləri nisgillə dirçəldib həm sızıldadırsan, həm də ümid verirsən. “Dəli dağ bu axşam mənsiz bir dəli” deməklə düşüncələrimizdə zəlzələ yaradırsan, elə bil düşüncəmizdəki zəlzələ Dəli dağı dağıdacaq asılmaz qazanı, yanmaz ocağı, Tüstüsü çəkilər, bacası qalmaz. Burda qəm əbədi, sevinc ömürsüz, qalar ocaq yeri közsüz, kömürsüz... – Sən elə-belə Vətən dərdi, torpaq nisgili demirsən, yurdun sönmüş ocağından, üstü qazansız qaralan ocaq daşlarından, tüstüyə həsrət bacasından mənzərə verməklə insanı göynədirsən. bu, aşıq dilinin konkretliyindən, Dəli dağın Şəmşir nisgilindən gəlir.

    Sən bu yaralı, şəhidli Vətənin dərdini heykəlləşdirirsən, torpaq ağrısını şəhid qəbirlərinin timsalında abidələşdirirsən, bununla da düşüncələrə Vətən sevgisi aşılayırsan:

...Hansı qəbrə baxırsan,

Sinə üstə yazılar.

Baş daşında şəkillər,

Baxıram şəkillərə -

Qəmli sükutdan bezib,

Boylanmağın, baxmağın

Həsrətini çəkirlər. –

 

    Görəsən, bu şəhidlər baş daşlarından hara boylanırlar? Əlbəttə, diri oğulların marşının həsrətini çəkirlər?! Sözünü kəsərlə demisən, Zəlimxan.

    Sənin ibrətli kəlamların da var, xalq yaradıcılığı örnəyində: Torpaqdan qopanda insanın əli, Alçağı çoxalar, ucası qalmaz; Hər birinin son qisməti kəfəndi, Varlı nədi, yoxsul nədi, lüt nədi; Zaman adlı yumruğu var dünyanın, Qaya nədi, heykəl nədi, büt nədi; Deyirsən ki, “Vaxtı dayandıran, anı saxlayan, Bir oğul anadan olmayıb hələ”. Bəli, tarix öz işindədir, zamanın hərəkəti dönməzdir, Füzuli demişkən, “Eyləməz təsir ona dövrani-çərxi-çənbəri”. Bu hərəkət dönməzliyində şeir bizim təsəllimizdir, mənəvi qidamızdır, dərdin əbədiliyini və onu yaşamağın mütləqliyini təlqin edir. Sənin şeirin həm məni kövrəltdi, həm də dünyanın bu üzüdönməz qanununu bir də yadıma saldı.

    Səhifədə rəhmətlik Hüseyn Arif haqqında bir həzin şeirin də var. oxuyanda sənin bir lətifən yadıma düşdü – belə düzəltmisən: Hüseyn səni cənnətdə görüb deyib ki,  mən Zəlimxan olan yerdə olmaq istəmirəm. Zəlimxanla bir yerdə qalmaqdansa, məni cəhənnəmə göndərin.

 

 

 

  Geri