Xəbərlər Boigrafiya Haqqında Yaradıcılığı Qalereya Qonaq dəfətəri Əlaqə

   ŞAİRİN TANRIYA BƏYANATI

 

 

Nizaməddin ŞƏMSİZADƏ,

Professor

 

ŞAİRİN TANRIYA BƏYANATI

 

    Tanrı insanı yaşatmaq üçün təbiəti, insan Tanrını yaşatmaq üçün dini yaratdı. Təbiətlə dinin izdivacından poeziya doğuldu. Poeziya insanın təbiətə və Tanrıya qovuşmaqdan ötrü kəşf etdiyi yoldur. Bəlkə elə ona görə də tanınmış şair Zəlimxan Yaqub ən sanballı kitabını “Bir əli torpaqda, bir əli haqda” adlandırıb. Bu, əslində poeziyanın obrazı, şairin özünün poetik mövqeyi – şairliyin obrazıdır. Şairlik Tanrıya qovuşmağa ən böyük cəhd, poeziya həmin cəhdi reallaşdıran vasitə, bu vəhdətə aparan yoldur. Zəlimxan bu yolun inadkar yolçusudur. Həmin yolu o, güclü istedadının işığında gedir. İnanıram ki, bu işığın enerjisi onu mənzil başına çatdıracaq və yəqin ki, onda Zəlimxan Tanrıya üz tutub ən qüdrətli bəyanatını oxuyacaq. Hələlik bu müqəddəs yolda gözləri yerdən kədər yığmış şairin inamlı və ləngərli səsini eşidirik. O deyir:

 

Ulu Tanrım!

“Olmaz”ları “ol” eylə!

Ulu Tanrım!

İnamımı bol eylə!

Ulu Tanrım!

Məndən sənə yol eylə,

Haqqa doğru yol gedirəm nə vaxtdı...

 

   “Haqqa doğru yol!” - əsl şairin, həqiqi poeziyanın yolu budur. Bəlkə də Zəlimxan ulu sələflərinin “İnsan haqdan nur parçasıdır!” – deyən sufi babalarının – Nəsiminin, Füzulinin yolunu davam etdirir. Belə olmasaydı, o, “Yunus İmrə dastanı” poemasını yazmazdı. Haqqa qovuşmaq, ona öz şair “Mən”ini bəyan etmək üçün bu böyük adların müqəddəs sınağından, poetik tilsimindən keçməlisən. mövlana Cəlaləddin Rumi demişdi: “Mənəvi mərtəbələrdən hansına yüksəldimsə, bu Türkmən qocası Yunis qarşıma çıxdı”. Torpağı əsir şair Zəlimxan üzünü həmin qocaya tutub belə deyir:

 

Mən körpə nəfəsi, sən ana qoynu,

Gəlmişəm uşaqtək əzizlənməyə.

Xeyli gecikmişəm, keç günahımdan,

Gəlmişəm durulub təmizlənməyə.

Böyüklər yanında böyüyür insan,

Damlayam, gəlmişəm dənizlənməyə!

 

   Bu “vəhdəti-vücud”dur, şair Tanrıdan əvvəl tarixə və torpağa qovuşmağın zərurətini dərk edir. Tarixlə torpağın vəhdəti-vücudu insanda təcəssüm tapır. Yəqin elə buna görə də Zəlimxan deyir:

 

Unutma amansız bir həqiqəti,

Vətəndaş yoxdursa, Vətən də yoxdur.

 

   “İnsan” şeirində isə şair yerin, göyün, axşamın, səhərin ə mövcudluğunu təbiətlə Tanrı arasındakı ən kamil varlıqda – insanla bağlayır: “İnsansız axşam düşüb, İnsansız sabah olmur” – deyir.

Şübhəsiz ki, Zəlimxanın gələcəyə böyük inam ifadə edən poeziyasında vəzni dünyadan ağır bir kədər yükü var: Torpaq dərdi! Torpağı parça-parça olmuş şairin yaradıcılığı üçün bu, təbii haldır. Qəribədir, şair torpağın bölünməsinin əzabından o qədər sarsılır ki, iki alman dövlətinin birləşməsini (“İki dövlət, iki tale”) bəşəri səadət kimi mənalandırır, imperiyaçılığı antiinsan, antibəşər hadisə kimi yamanlayır:

 

Məğlub olmuş dövlətə bax, Almaniya!

Qalib gəlmiş dövlətə bax, SSRİ!

Birincinin adı bu gün ön cərgədə,

İkincinin qarışıqdı göyü, yeri.

Birincisi bölünmüşdü iki yerə,

Bütövləşdi bir can oldu.

İkincisi “sarsılmayan” bir qalaydı,

Uçdu, yerlə yeksan oldu.

 

   Vətənin bölünməsinin böyük faciəsini Azərbaycan şairi qədər həssaslıqla heç kim əks etdirə bilməz. Bu faciənin amansız kədəri bizim iliyimizə, qanımıza ana laylası ilə keçir. Zəlimxanın şeirləri (“Şair harayı”) öz evində qonaq olan bir millətin hıçqırıqlarıdır və şairin lirik qəhrəmanı haray salıb milli xainləri ittiham edir. “Əsgər qardaşıma məktub”, “Gələcək nəsil”, “Şair, bu gün şeirlərini evdə yox, səngərdə yaz!”, “Azərbaycan torpağıyam” kimi şeirlərdə bölünən, əsir düşən torpağı tanımaq ehtirası, millətin taleyi üçün vətəndaş məsuliyyəti güclüdür.

   Zəlimxan sazla qovuşanda mayası ilhamdan tutulmuş qüdrət köhləninə minir, xalqın saf ruhunu sazın səsindən canına çəkir. Mən dəfələrlə onun saza tapınmasının, sazla birgə Kərəm kimi yanıb közə dönməsinin canlı şahidi olmuşam. Şair öz yaradıcılığında sufilərin hikməti ilə sazın sehrini birləşdirir. Zəlimxan poeziyasının bədii-tarixi dəyəri məhz bundadır.

   “Allahım, mənə bir ağsaqqal yetir” – Zəlimxan Yaqubun şair obrazı ən aydın, ən tutumlu şəkildə daha çox bu şeirdə görünür. Bir əli torpaqda olan şair bir əlini də Tanrıya uzadıb ona yalvarır ki, millətini bəladan qurtarsın. Əgər inansaq ki, “Peyğəmbərlərdən sonra şairlər gəlir” – deməli, şairin səsi Allaha əyan olur. Həqiqi şair xalqının peyğəmbər mərtəbəsinə deyən dili, döyüşən ürəyi, ağlayıb-gülən gözüdür. Ona görə də hər şeir qoşana şair deyilməz. Zəlimxan hıçqıran ruhumuzun tərcümanıdır. Onun şairlikdən savayı ayrı bir iddiası yoxdur.

   İslamiyyətin zühurundan sonra həyati düşüncəmizdə, bədii təfəkkürümüzdə, söz sənətimizdə məşhur Şərq üçlüyü hakim olub - ərəbin zehniyyəti, farsın lisanı, türkün ruhu! Azərbaycan torpağında doğulan şair Zəlimxan özünün ən yaxşı əsərlərində məhz türkün ruhunu vəsf edir, onu uzaq-yaxın yurdlara – Qafqazdan Anadoluya və bütün Türküstana ərməğan edir. Bu ruhda Borçalı harayı, Göyçə dərdi inləyir. Bəlkə də Zəlimxan zaman-zaman saza çəkən Dədə Ələsgərin, Aşıq Şəmşirin yad əlində əsir ruhudur – türkün yenilməz ruhu. Bu ruh müqəddəs məbədə - Məkkəyə, oradan Çinə, Almaniyaya, dünyanın çox yerlərinə ziyarət edir, fəqət:

 

Deməsinlər gəldi-gedər,

Keçirmərəm ömrü hədər.

Öləndə də qəbrim qədər,

Azərbaycan torpağıyam!

 

   Zəlimxan şeirin vəzifəsinin çətinləşdiyi, şairin mövqeyinin mürəkkəbləşdiyi zəmanənin, şeirdən, şairdən xalq tələbatının artdığı epoxanın vətəndaş sənətkarıdır. O, səsi haqdan güc alan alovlu tribundur. Taleyimizin ölümə, qana, cürbəcür faciələrə ürcah olduğu indiki zəmanədə ilk dəfə məhz belə deməyə o, özündə qüdrət tapdı: “Dur ayağa məmləkətim, qalx ayağa millətim!”. Neçə il əvvəl söylənilən bu tükürpədən, ürək parçalayan hayqırtı tarixi bir həqiqət kimi bizə lazım idi. Lazım idi ki, millət ayağa qalxsın və yerisin, özü də yalnız və yalnız irəliyə, işıqlı sabahlara doğru! Heç kim inkar edə bilməz ki, gələcəyə yönəlmiş bu hərəkətin mənbəyində az da olsa Zəlimxan sözünün enerjisi də var. Bu, türkün ruhundan qopan poetik enerjidir. Şair kəlməsinin özündə dərin bir təmənnasızlıq var. ona görə də xalq şairi adı gələndə ayağa durmalıdır. Fəqət, bu kəlmənin ləyaqətini qorumaq onu daşımaqdan çətindir. Bu gün yaralı Azərbaycanın böyük şairlərə, həqiqi alimlərə ciddi ehtiyacı var. Yoxsa ucuz baqqal əxlaqi fanatizm və tayfaçılıqla birləşib ölkəni didəcək. Buna qarşı ziyalılar öz əxlaqını – saf, kövrək, təmiz və dözümlü milli əxlaqı irəli sürməlidirlər. Bunun isə saxlancı ədəbiyyatdır. Zəlimxan bu ədəbiyyatın sıravi nəfəri və zəhmətkeşidir. Azərbaycanın həmişə söz deyən dilə , qılınc vuran ələ, bir də aydın milli təfəkkürə ehtiyacı olub. Bu gün də belədir. Və yaxşıdır ki, Zəlimxanın dili xalqdan, əli haqdan, ruhu torpaqdan güc alıb ümidli sabahların qapısını döyür... 

 

 

“Azərbaycan müəllimi” qəzeti,

02 dekabr 1997-ci il

  Geri