52 mütəfəkkirdən kəlamlar var
Xalq şairi Zəlimxan Yaqub "Düşüncələrin simfoniyası" ilə oxucuların görüşünə gəlib

Oxucuları bir az kədərləndirib deməliyik ki, yeni kitab xalq şairinin odlu-alovlu qəlbinin misralarda eşidilən səsi deyil. Bu, başqa bir kitabdır, amma çox dəyərlidir, çünki dahilərin müdrik kəlamları, Azərbaycan və dünya klassiklərinin əsərlərindən seçilmiş fəlsəfi fikirlərin məcmuyudur. Niyə belə bir kitab nəşr etmək fikrinə düşüb Zəlimxan Yaqub? Kitaba ön sözdə xalq şairi bunun izahını verir:
- Bu kitabda toplananlar ömrüm boyu mütaliə etdiyim, qeydlər götürdüyüm, sevə-sevə həm vərəqlərə, həm də yaddaşıma köçürdüyüm kitablardan gələn, dahilərin, dühaların yaratdığı zəngin və tükənməz söz, fikir xəzinəsindən say-seçmə, ipə-sapa düzülən incilərdir. Bu kitaba o qeydlər, o fikirlər toplanıb ki, zaman-zaman məni düşündürüb, heyrətləndirib, güldürüb, ağladıb, öldürüb, dirildib, mənalı ömür yaşamaq üçün mənə həyatda çox şey verib. Oxuduğumuz kitablar gözümüzün işığını nə qədər alırsa, on o qədər gözlərimizə işıq verir. O işıq ki, Nizamidən, Füzulidən, Hafizdən, Xəyyamdan, Nəsimidən, Şəhriyardan, Səməd Vurğundan gəlir, o işıq ki, Homerdən, Dantesdən, Şekspirdən, Taqordan, Hüqodan, Tolstoydan, Çingiz Aytmatovdan gəlir, o işıq ki, səmavi kitablardan qaynaqlanır, təbiətdən mayalanır, o heç vaxt insanı yarı yolda qoymur, həmişə həyata, sevgiyə, məhəbbətə, Günəşə, açılan sabahlara, böyük arzulara doğru aparır...
Xalq şairinin gəldiyi qənaət budur ki, ağıllı və ardıcıl mütaliəsi olan adam kindən-küdurətdən, dedi-qodudan, şərdən-şeytandan, çirkabdan çox-çox uzaq olur, axar su kimi durulur, çəmən şehi kimi saf olur, günahlardan təmizlənir, içərisi dünya boyda genişlənir... Mütaliə etmək endikcə enmək, ucaldıqca ucalmaq deməkdir. Fikrin, hissin, duyğunun, idrakın, təfəkkürün romantikanın, xəyalın gücünə neçə-neçə kəşf olunmamış aləmləri kəşf etmək deməkdir. Min ilin dahiləri ilə həmyaş, həmdərd, həmsöhbət olmaq deməkdir. Yunan müdriklərinin dostu, şərq klassiklərinin sirdaşı, qərb korifeylərinin müasiri, Azərbaycan ulularının həmkarı olmaq deməkdir.
Şairin fikrincə, dahilərin yaratdığı dahiyanə obrazların daxili aləminə baş vurduqca insanın - oxucunun heyrəti, heyranlığı elə bir sehrli dünya yaradır ki, insan başdan-ayağa o obrazların özünə çevrilir, nə qədər çətinlik görsə də, heç vaxt sınmır, əyilmir. Vuruşur, əlləşir, fəaliyyət göstərir, mübarizə aparır, böyük arzular, ideallar yolçusuna çevrilir, böyüyə-böyüyə, genişlənə-genişlənə nurlu sabahlara doğru istiqamət götürür. Mütaliə və müşahidə bir-birinə qüvvət verəndə isə qartalın qoşa qanadları kimi insanları zirvələrdən-zirvələrə aparır.
Xalq şairi bunu da təəssüflə qeyd edir ki, oxuduğu kitabları bir-bir yadına saldıqca bu topluda qeydlərinin çox az hissəsinin öz əksini tapdığını görüb. İtib-batan, unudulan, yaddan çıxanları da var; "Kaş bu mənəvi itkilər olmayaydı" deyir xalq şairi.
Xalq şairi itib-batanlara görə təəssüflənir, amma "Düşüncələrin simfoniyası"nı vərəqlədikcə Homerdən bu yana Nizami Gəncəvi, Əbdürrəhman Cami, Höte, Hüqo, Şekspir, Puşkin, Tolstoy, Belinski, Dostoyevski, Balzak, Şiller, Frans Kafka, Taqor, Rəşad Nuri Güntəkin, Nəcib Fazil Qısakürək, Mehmet Akif, Cəfər Cabbarlı, Məmməd Səid Ordubadi... nə az, nə çox düz 52 mütəfəkkirin fəlsəfi fikirləri, dünya ədəbiyyatı inciləri sırasına daxil olmuş əsərlərindən hikmətli kəlamlar var. Kitabda dünya klassikləri ilə yanaşı, məsələn, buddizmin yaradıcısı Buddanın fikirləri, "Qabusnamə", "Kəlilə və Dimnə"dən, Cəvahirləl Nehrunun "Ümumdünya tarixinə bir nəzər" kitabından da seçmələr verilib.
Xalq şairi oxuculara üz tutaraq buna da şükür deyir: "Ömür az olsa da imkan verdi, kasıbın olanından, gücüm çatan sərhədsiz fikir, söz, hikmət dünyasından bir duyğu çələngini sizlərə təqdim edə bildim. Oxuyun, durulun, saflaşın, gözəlləşin" Çünki... "İlahi gözəlliklər kitabların yaratdığı həyatda, həyatın yaratdığı gözəlliklərdədir". |