Xəbərlər Boigrafiya Haqqında Yaradıcılığı Qalereya Qonaq dəfətəri Əlaqə

   SÖZÜN ZƏLİMXAN ZİRVƏSİ

 

 

Musa NƏBİOĞLU

SÖZÜN ZƏLİMXAN ZİRVƏSİ

 

   Sözün Allahdan sonra yarandığını deyənlər yanılmırlar.  İlahi bir qüdrətlə yaranan söz Allah boyda hikmətdir, möcüzədir. Bu möcüzə zaman-zaman insanların dadına çatıb, hoyuna yetib. Dar gündə də, gen gündə də insan sözə tapınıb, sözə sığınıb. Bəlkə elə buna görədir ki, şairlər Allaha başqalarından bir köynək daha ya­xındır, – deyirlər.  Dünyanın bütün maddi nemətləri ilə təmin olunmuş ən zəngin adam da bəzən bircə kəlmə sözə möhtac olub. İstər xoş anlar olsun, istər qəmli – hərdən adam elə ovqatda olur ki, bircə  kəlmə söz ona son nəfəsdə can verən xəstəyə bir damcı su kimi əziz olur. Təbii ki, həmin sözün kimin dilindən səs­lən­mə­sinin böyük əhəmiyyəti var.

    Sözün qüdrəti, sehri böyükdür. Əslində söz adamları da me­mar­lar kimidir. Naşı memar ən yaxşı inşaat materiallarından da yön­dəmsiz bina tikdiyi kimi, Tanrıdan ilham payı olmayan “söz adamları” da nə qədər əlləşsələr də ortaya söz yığınından başqa bir şey qoya bilmirlər. O yaradıcılar sözdən möhtəşəm abidələr ya­ra­da bilir ki, dünyaya gələndə alnına “sözün qisməti” yazılır, za­ma­­na öz sözünü deyə bilir. Sözü urvatdan salmır, onun qədir-qiy­mətini bilir, onu ətəklərdə sürünməyə qoymur,  zirvələrə yük­səldir. Zaman-zaman sözümüzün Nizami,  Füzuli, Sabir, Cavid, Səməd Vurğun, Şəhriyar və digər nəhəng zirvələri olub və bu gün də sözümüz zirvədədir: Zəlimxan Yaqub zirvəsində. Və sözün Zəlimxan zirvəsi, Zəlimxan möcüzəsi ona görə yarandı, söz bu zirvəyə ona görə ucaldı ki, O, sözünü zamana cəsarətlə, kişi kimi deməyi bacardı. Başqa cür mümkün də deyildi, çünki onun taleyinə sözün qisməti yazılmışdı:

 

Dünya mənim idi mən olmamışdan,

Bilirəm dünyaya mən nəyə gəldim.

Yazıldı alnıma sözün qisməti,

Sözümü zamana deməyə gəldim.

 

   Elə buradaca şair, publisist, bacarıqlı maarif təşkilatçısı, Azərbaycan Yazıçılar Birliyinin üzvü Səməndər Məmmədovun Zəlimxan Yaquba sevgisindən doğan şeirdən bir bəndi xatırlamaq istərdim:

 

Söz mülkündə alnıaçıq, üzüağ,

Həm ürəkdi, həm qələmdi, həm varaq.

İlhamıyla uca dağdı, uca dağ,

Ucalıqdan heç enmədi Zəlimxan,

Aləm bilir, möcüzədi Zəlimxan.

 

   Bəxtimizə onun müasiri olmaq qisməti yazılmış Zəlimxan Yaqub şeirinin sirri ondadır ki, o, sözünü Tanrının yerdə, insan­ların isə Tanrı yanında elçisi kimi deyir. Onun sözləri ilahidən güc aldığından oxucu qəlbinə nur çiləyir. Şair Tanrı ilə bəşər övladı arasındakı körpü missiyasınının məsuliyətini bildiyindən hətta Tanrının özünə də yardım etmək istəyir:

 

Yamac buz olanda, yal buz olanda,

Yer üzü başabaş sal buz olanda,

Allah tək olanda, yalqız olanda,

Tanrıya yardıma, köməyə gəldim.

 

   Dövrümüzün görkəmli ictimai-siyasi və dövlət xadimi Həsən Həsənov yazır: “Zəlimxan Azərbaycan poeziyasının bir-birindən aralı, hərəsi də müstəqil, fərqli və əlçatmaz zirvə təşkil edən qütblərini – Füzulini və Sabiri, Cavidi və Səməd Vurğunu, Yunus İmrəni və Bəxtiyar Vahabzadəni öz daxilində vəhdətləşdirərək poeziyamıza yeni-yeni dəst-xətt gətirmişdir”.

   Bu dünyaya haqqın, ədalətin elçisi kimi gələn Zəlimxan Yaqub “Haqqa hesabat”tında bu qənaətə gəlir ki,  “ruhu təmiz, eşqi böyük, yolu uzun, ömrü qısa”, yerdə dura bilməyib, göylərə sığmayan şair qəlbi bütöv ola bilməz, onun yüz yerindən çatları var. Çünki “daşıdığı yüklərin dərin-dərin qatları var”. Eyni zamanda şairin “İlhama, Tanrıya bağlı anları, saatları” və bir kitaba nöqtə qoyanda “haqqa hesabatları var”. Çünki:

 

Tanrının sözüdür bütün şairlər,

Söz yoxdur Allahın sözündən özgə.

 

   Z.Yaqub “uca şeiri yaradıb, yeri göyə bağlayan”, “göylər ucalıqdan enməsin deyə, göylərin altına” çiynini verən şairdir. Elə ona görə də Yaradana yaxın olan imzası var, adı var. Tanrıyla görüşmək istəyənlərə isə məsləhəti budur:

 

Yerə baxma, göyə baxma,

Nə kitabda, nə dində gəz.

Uzaqlarda tapammazsan,

Tanrını öz içində gəz.

 

Atıb mənəm mənəmliyi,

İt nəfsi tərk etmək üçün,

Tanrıyla görüşmək üçün

İnsanı dərk etmək gərək.

 

   Zəlimxan Yaqubun şeirlərini, hər kəlamını “dan yerindən düşən işıq” saflaşdırır, çünki onun dan yerinə “verdiyi salamı” Günəş alır.

 

Duyğuların zirvəsinə baş vurub,

Uca sözün ucasından gəlirəm

 

deyən şairin hər şeiri, hər bəndi, hər misrası oxucu tərəfindən sevilir. Ona görə ki, o, “tarixlərin ruhundan süzülüb, yananların ahından od alıb, insanlrın Adəmindən, Nuhundan, cavanından, qocasından” gəlir. Elə ona görə də “qorxusu yox nə amanın, nə ahın, Günəşi var hər açılan sabahın”.

   “Palçıqları, lilləri fil yıxan, böhtançının dilləri ev yıxan, selləri daş oyub, dağlar sökən dünya”nın şimşəkləri döyüb, fırtınası fırım-fırım fırlatsa da, onun içərisində parlayan haqq işığı, göy çəmənlərin əyninə biçdiyi paltar, ürəyinə, beyninə axan ulduzlar, səhər-səhər çiyninə qonan mələklər, qan yerinə damarından axan saflıq sayəsində dünya onu bulandıra bilməyib:

 

Dənsizlərin dənciyinə dən atdım,

Nə qan saldım, nə bir könül qanatdım.

Mən dünyanı durultmağa can atdım,

Dünya məni bulandıra bilmədi.

 

   Dünya Zəlimxanı ona görə bulandıra bilmədi ki, onun yaradıcılıq yoluna, həyat qayəsinə bir amal işıq saldı həmişə:

 

Bütün ömrüm boyu, həyatım boyu,

Hər gün saz ruhunda, söz kökündəyəm.

 

  “Saz özü tabutum olsun” deyərək sazla sözün vəhdətinə kök­lənən könülü, ruhu heç nə bulandıra bilməz. Zaman dövrümüzün bu nəhəng şairini bir də ona görə bulandıra bilməyib ki, “ürək­lər­dən ürəklərə haqqın səsi” kimi axıb:

 

Buluddan sıyrılar ildırım kimi,

Dağdan qaya kimi qopar Zəlimxan.

 

    Zəlimxan Yaqub poezyasının böyüklüyü bir də ondadır ki, zəmanənin gərdişinə biganə qalmır, “tökülən yaşların, bəlalı başların, qanlı savaşların tarixini” yazır. Bunları yazmaq üçün isə təbii ki, onun öz təbirincə desək, “ürəyin böyüyü, qələmin kəskini, şairin nəhəngi” olmaq lazımdır. Son onilliklərdə xalqımızın üz­ləşdiyi müsibətləri dünya ictimaiyyətinə daha düzgün çatdırmaq, Azərbaycanı daha yaxşı tanıtmaq üçün bu gün bizə məhz Zə­lim­xan nəhəngliyi, Zəlimxan ürəyigenişliyi, Zəlimxan qələminin kəsəri lazımdır. Söhbət Azərbaycandan, xalqımızın haqq işindən gedəndə şair qəlbi susa bilmir, dünyanın supergücü olan Ame­ri­kaya üzünü tutaraq deyir:

 

Duy nədir qəlbimdə coşan nəğmələr,

Tanı, Amerika, haqqımı tanı!

Allah ölkələrə salanda nəzər,

Sazından, sözündən, muğamatından,

Səsindən tanıyıb Azərbaycanı!

 

   Zəlimxan yaradıcılığını diqqətlə izlədikdə adamın gözləri önün­də o taylı bu taylı, respublikamızın bu günkü siyasi-coğrafi sərhədlərindən kənarda qalmış tarixi torpaqlarımızla birlikdə bü­töv Azərbaycan canlanır.  “Sınıq körpü” könlümüzün sınıq yeri”– deyən şair qədim türk ellərinin bir parçası olan Borçalının danışan dili, döyünən ürəyi, vuran əlidir. Daim Borçalı ilə nəfəs alır, Bor­ça­lının dərdləri qəlbini göynətdiyindən haray qoparır:

 

Duyğularım enər bəmə, qalxar zilə,

Bu yollarda dərdim düşüb dildən-dilə.

Bir ömürdü əridirəm gilə-gilə,

Borçalıyla Azərbaycan arasında.

 

   Zəlimxan Yaqub poeziyasının şirinliyi bir ondadır ki, o, kabinet şairi deyil, daim xalqın içindədir, sözün əsl mənasında xalq ada­mıdır, xalq şairidir.  Xalqın dərdi-sərini, problemlərini yaxşı bilir, daha doğrusu bu problemləri içində yaşadır, kədərə ortaq olub, sevinci paylaşmağı bacarır. İki çağırış Azərbaycan Res­publikası Milli Məclisinin depuatatı olarkən də belə idi, indi də belədir. Bu gün rəsmən Millət vəkili olmasa da, istər Azər­bay­can­da, istərsə də onun hüdudlarından kənarlarda yaşayan soydaş­larımızın prob­lem­lərini cəsarətlə dilə gətirir. Başqa cür ola da bilməz. İlhamı ilahidən gələn şair kimi  insanların  Tanrı yanında elçisi olmaq bütün rəsmi titullardan üstündür. Çünki Tanrı bu mandatı hamıya vermir, verdiyindən də geri almır.

 

 

  Geri