Xəbərlər Boigrafiya Haqqında Yaradıcılığı Qalereya Qonaq dəfətəri Əlaqə

   HÖRMƏTLİ ZƏLİMXAN MÜƏLLİM!

 

Yavuz AXUNDLU,

Naxçıvan Dövlət Universitetinin professoru

 

HÖRMƏTLİ ZƏLİMXAN MÜƏLLİM!

 

   Sizin yeni yazdığınız möhtəşəm “Peyğəmbər” poemanızı “Azərbaycan” jurnalının 2009-cu il, 1, 2, 3-cü saylarında çox böyük həvəslə, hər bir hissəsini birnəfəsə oxudum.

   Bu poema təkcə sizin şəxsi yaradıcılığınız deyil, bütövlükdə çağdaş Azərbaycan poeziyasının uğurudur – desəm səhv olmaz.

   Bəşəriyyət tarixində minlərlə dahi şəxsiyyətlər olmuşdur. Bunların arasında peyğəmbərlərin adları xüsusi ehtiramla çəkilir. Dini ədəbiyyatda 124.000 peyğəmbər olması qeyd edilsə də, ancaq 30-a qədər peyğəmbərin adı məlumdur. Onlarında arasında xristian dininin banisi İsa peyğəmbərin və son səmavi din olan islam dininin yaradıcısı Məhəmməd peyğəmbərin adı xüsusi yer tutur.

   Son 15 əsrdə islam dini, onun yaradıcısı Həzrəti Məhəmməd (s.ə.s) haqqında dünyanın bütün dillərində minlərlə kitablar yazılmış, onun əzəməti, böyüklüyü, müqəddəsliyi barədə ətraflı məlumat verilmişdir.

   Mən də islam ehkamlarına sidqlə inanan bir ziyalı kimi uşaq yaşlarımdan ulu peyğəmbərlə bağlı valideynlərimin dilindən vaqiələr, hadisələr, hədislər eşitmişəm. gənclik illərində ciddi yasaqlara baxmayaraq onun haqqında rus, türk, Azərbaycan dillərində çoxlu kitablar oxumuşam, şəxsi kitabxanamda rus dilində A.Belyayevin “Ərəb xilafəti” (1966), Adam Metsin “Müsəlman intibahı” (1973), Q.Qeçenin “Bibliya tarixləri” (1989), V.Panova, Y.Baxtinin “Məhəmmədin həyatı” (1991) kimi elmi əsərlərlə yanaşı, yazıçı Ç.Hüseynovun peyğəmbərin həyatından bəhs edən “Yıxılmış kuzədən suyun axmasına icazə verməyin” romanı (1993), Azərbaycan dilində A.Massenin “İslam” (1964), Şeyxül Hacı Allahşükür Paşazadə, Hacı Sabir Həsənli, Ziya Bünyadov, prof. Qasım Kərimov, prof. Qədim Mustafayev və başqalarının kitabları, türk dilində 20-yə qədər kitab vardır.

   Lakin sizin poemanın yazılması ərəfəsində oxuduğunuz mənbələr məni heyrətləndirdi. Poemanın ayrı-ayrı fəsillərində bəhrələndiyiniz mənbələri qeyd etmisiniz. Etiraf edim ki, mən bunların bir qismindən xəbərsiz idim.

   Klassik Azərbaycan poeziyasında Nizaminin poemalarının giriş hissələrində peyğəmbər haqqında yazılan nət hissələri (qəsidə), Nəsimi və Füzulinin şeirlərində peyğəmbərə sayğı, sonrakı əsrlərdə bu mövzuda yüzlərlə şeir vardır. 1920-ci illərə qədər bu ənənə davam etmiş, H.Cavidin “Peyğəmbər” dramından (1921) sonra bu mövzu sovetlər birliyində qapanmışdır. Bu yasaqlara baxmayaraq xalqın böyük hissəsi, xüsusən gənclər islam tarixi və Məhəmmədin həyatı ilə bağlı kitabları gizli şəraitdə oxumaqda davam edirdilər.

   Mən Bakı Dövlət Universitetində təhsil aldığım 1947-1952-ci illərdə günahsız repressiya qurbanları haqqında gənclər, gizli də olsa çox danışar, öz təəssüflərini bildirər, müxtəlif vasitələrlə əllərinə düşmüş kitabları, şeir parçalarını müqəddəs əşya kimi qoruyub saxlayaraq, oxumaq üçün inandıqları yoldaşlarına verərdilər. mən də Səməd Mənsurun “Həpsi rəngdir”, Ə.Cavadın “Çırpınırdı Qara dəniz”, C.Cabbarlının üçrəngli bayrağa həsr etdiyi şeirlərini, hətta S.Vurğunun o vaxtlar çap olunmamış bir şeirini, başqa poetik nümunələri oxuyub əzbərləmişdim. Yusif Məmmədəliyevin bir şeiri də (səhv etmirəmsə adı “Qurtuluş çələngi” idi) oxuduğum şeirlər arasında idi. (Bu şeirin nə münasibətlə gizli hesab edilməsini səbəbini bilmirəm – Y.A).

   S.Vurğunun qəzəllərindən bir parça indi də yaddaşımdan silinməmişdir:

 

Fələkdən intiqam istər,

Qopub ruhumda tufanlar.

Nə insafsız, nə vicdansız olurmuş,

Yarəb, insanlar.

Yaz ey Vurğun, çağır qopsun bu gün

Aləmdə üsyanlar.

Dağılsın məhvəri-aləm kökündən,

Tari-mar olsun.

 

(Yaddaşıma güvənməyib S.Vurğunun kitablarına baxdım. 3-cü misrada “üsyanlar” əvəzinə “tufanlar” yazılmışdır. Hansı düzdür, bilmirəm).

   Peyğəmbərlə bağlı bir xatirəmi də qeyd etmək istəyirəm. mənim atam idman müəllimi olsa da, zəngin kitabxanası var idi. 1937-ci illər tüğyanı dövründə evimizdə kitabların hamısının sobada yandırılmasını yaxşı xatırlayıram. Böyüdükdən sonra atam deyirdi ki, bu qədər, bəlkə də daha çox kitabı Ordubadda qalmışdı. Əmim onları su quyusuna tökmüşdü.

   Böyüdükdən sonra atamla müxtəlif mövzularda söhbətlər edərdik. 1949-cu ilin yay tətili günlərində bir gün ona dedim ki, baba (biz – bacı və qardaşlarım atamıza “baba” deyərdik), gərək o kitabların heç olmasa bir neçəsini gizlədib saxlayardın.

   Onun cavabı yadımdadır: o kitabların biri yox, bir səhifəsi tapılsaydı, mən indi yox idim, çürümüşdüm. Siz isə Sibirdən hələ qayıtmamışdınız. Bu körpə də (qucağında saxladığı böyük oğlunun yeni doğulmuş oğlunu göstərdi) yəqin ki, olmazdı. Bu söhbət gedərkən anam böyük bir sürpriz etdi. H.Cavidin 1921-ci ildə nəşr olunmuş sarıcildlik nazik bir kitabını atama verdi. Atam təəccüblə, hətta qorxa-qorxa onun üzünə baxıb dedi: bunu hardan tapmısan?

   Anam atamın yandırdığı kitablar arasında məhz peyğəmbərin adı olan bu kitabı götürüb gizlədibmiş, indi atama verdi. Dramdan bir neçə misra əzbər də dedi (anam əski əlifbanı bildiyindən əsəri dəfələrlə oxumuşdu. Sonralar gizli şəkildə də tez-tez oxuduğunu etiraf etdi. Lakin bu illər ərzində heç kəsə bir söz deməyibmiş). Mənim sevincimin həddi-hüdudu yox idi. Atam isə hələ də vahimə içərisində qalmışdı (Müsavat zabiti olduğu üçün ömrü boyu səksəkə içərisində yaşamışdı). Mənim ciddi təkidimlə balaca bacı-qardaşlarım yatandan sonra əsəri oxudu. Arada bəzi izahlar da verdi.  

   Mən ömrümdə birinci dəfə idi ki, Cavid sənətinin ecazkar təsirilə sanki məst olmuşdum. Xüsusən Cavidin təsvirindən xəyalımda canlanan peyğəmbər obrazı, onun “qıvırcıq saçları” gözümün qabağında idi. Tətil günlərində oxumağım davam edirdi. Əski əlifbanı universitetdə öyrəndiyimizdən səhər əsəri yenidən çətinliklə olsa da, oxudum, pyesi demək olar ki, əzbərlədim. Tədris ili başladıqdan sonra əsəri yaxın dostlarıma əzbər söyləməklə qürur duyurdum. Yoldaşlarımdan bəziləri ayrı-ayrı parçalar yazırdılar. Onlardan biri səhərisi gün sanki əvəz olaraq “İblis” əsərini bir neçə günlüyə mənə oxumağa verdi. Mənim Cavid yaradıcılığı ilə tanışlığım belə başladı. Peyğəmbərin şəxsiyyətinə sevgim daha da artdı. Böyüdükcə bu sevgi dərinləşdi, 15-20 ildən sonra Naxçıvan muzeyində saxlanılan müqəddəs “Quran”ı rus dilində oxudum. Muzeyin direktoru gənclik dostum, mərhum Fikrət Sultanovun kabinetində bir həftə ərzində gecələr on birlikdə gizli oxuduq. Aradan illər keçdi... Dinin, xüsusən islam dininin qatı düşməni olan sovet imperiyası süqut etdi. Xalq dini ayinləri sərbəst icra etmək imkanı qazandı, bütün xalq dini adətlərə hörmətlə yanaşdı. Mən də islamla bağlı yeni əsərlərlə tanış oldum.

Hörmətli Zəlimxan müəllim!

   Sizin poemanızı oxuduqca, mənim diqqətimi cəlb edən ilk cəhət mövzuya dərin məhəbbətlə başlamağınız, mövzu ilə əlaqədar çoxsaylı ədəbiyyatla ciddi tanışlığınız oldu. Çoxsaylı mənbədən səmərəli istifadə ulu peyğəmbərin həyatının ən dərin qatlarına bələdliyinizi təsdiq edir, işıq salır.

   Poemaya ön sözdə qeyd etdiyimiz kimi, “Peyğəmbər” poemasını yazılması üçün tale məndən ötrü, məndən xəbərsiz gənclik illərimdən “hazırlıq” işləri görmüş desəm, yanılmaram! Siz davam edərək yazırsınız: Sonrakı illərdə, xüsusən Bakı Dövlət Universitetində təhsil aldığım illərdə bu hislər daha da genişlənir. Klassik Şərq, o cümlədən Azərbaycan poeziyası ilə tanışlıq poemanın yazılması üçün mühüm mərhələ olmuşdur.

   Sizin mübarək Məkkə ziyarətindən Bakıya qayıdarkən ulu öndərimiz Heydər Əliyevin salonundakı görüşlər, bu görüşün təəssüratları sizin arzunuzun gerçəkləşməsində önəmli rol oynamışdır.

   “Dəyərli oxucu!

   Ömrümün Borçalıda-Kəpənəkçidə keçən gənclik illəri məni Əli Fəhmiyə qovuşduran tələbəlik çağları, taleyimin Heydər Əliyev mərhələsi, ilk dəfə Məkkəni ziyarətim, qoca Şərqin gördüyüm və sevdiyim müqəddəs ziyarətgahları, qədim şəhərləri, oxuduğum elmi-bədii tarixi kitablar silsiləsi, ucalığına heyran olduğum heyrət zirvələri, ömrümün 6-cı pilləsinə qədəm basmağa başlayanda öz barını-bəhrəsini verdi – “Peyğəmbər”i dünyaya gətirdi. Yaşadığım illərin təcrübəsi mənə deyir: “Zəlimxan, elə mövzular var ki, onlara gəncliyində yox, ancaq ömrün 60-da, 70-də yaxınlaşa bilərsən”. mənim üçün “Peyğəmbər” də belə yazıldı, belə yarandı”.

   Bunlar aydın göstərir ki, ömrünüzün bütün mərhələlərində Tanrı sizi bu müqəddəs vəzifəni yerinə yetirməyə hazırlamışdır.

    Siz davam edirsiniz: ““Peyğəmbər” əsərini yazmağa başlamazdan əvvəl hansı yükün altına girdiyimi, hansı şərəfli, mübarək və çətin bir işin məsuliyyətini çiyinlərimə aldığımı gözəl anlayırdım”.

   Buna görə də siz islam tarixinə, Həzrəti Məhəmmədin keşməkeşli həyatına, taleyinə dair müxtəlif dillərə və janrlarda yazılmış çoxlu mənbələri diqqətlə araşdırmış, onlara dəfələrlə oxumuş və bu faktlardan sənətkarlıqla bəhrələnmişsiniz.

   “Haqqımda kitab yazmış dəyərli ziyalımız Rüstəm Kamalın dediyi kimi, qanad yoxdursa uçuş da yoxdur, xəyal yoxdursa həqiqət uğrunda axtarış yoxdur və mən də bu uçuşlarımla Məhəmməd adlı həqiqətimə qovuşmaq üçün göylərə qalxırdım. Xəyalımdan Merac ucalığı gəlib keçirdi. O Merac ucalığı ki, yüz iyirmi dörd min peyğəmbərin içində tam ucalığı, bütövlüyü və genişliyi ilə ancaq Məhəmməd peyğəmbərə qismət olmuşdur.

   Bəli, “Peyğəmbər”i mənə haqqa doğru uçuşlarım bağışladı. Allah bu əsəri mənə ona görə səxavətlə bağışladı ki, səhranın qumunda, dəryanın damlasında, dağın zirvəsində, dərənin dibində, mağaranın içində, Cəbrayılın qanadında, çayın ləngərində, bulağın zümzüməsində, buludun axarında, günəşin atəşində, ayın işığında, ulduzların sayrışmasında, çəkdiyim nəfəsin istiliyində, döyünən ürəyimin çırpıntısında, hər şeydə, hər yerdə, Allahın yaratdığı nə varsa onların hamısında Hz. Məhəmmədi görürdüm”.

   Haşiyə çıxaraq qeyd edim ki, mən də 70 yaşlarımda arvadımla birlikdə Məşhəd, Kərbəla ziyarətlərindən sonra Məkkə ziyarətinə olmaq arzusuna çatdım. İslamla, peyğəmbərlə bağlı əlavə onlarla qiymətli kitab oxudum, daxilən özümü zənginləşdirdim.

   Sizin poemanızı oxuduqca gözümün qarşısında bir neçə il əvvəl gördüyüm müqəddəs yerlər bir daha canlandı, özümdə böyük mənəvi rahatlıq hiss etdim.

  Belə bir əsər yazmaq çətin olsa da, sizi qorxutmamışdır.

 

Düşdüm peyğəmbərdən

yazmaq eşqinə,

Sidq ilə, sevgiylə

“Bismillah”, dedim.

Məndən əsirgəmə

məhəbbətini,

Güv cer varlığıma

“Ya Allah!”, dedim.

Ağırdı bu işin

altına girmək,

Çətindi bu yükə

çiynini vermək.

 

   Allaha inam, ilahinin köməyi bu çətinliklərə sinə gərməkdə daim yardımçınız olmuşdur. Poema ulu Tanrının eşqindən yaranmışdır:

 

Səndən verilməsi

xeyir-duası,

Səndən yetişməsə

nuru, ziyası.  

Səndən yoğrulmasa

xəmri, mayası,

Nə əsər yaranar,

nə kitab olar.

 

   Poemada peyğəmbərin doğumundan, hətta onun əvvəlki hadisələrdən başlayaraq müqəddəs Allah elçisinin həyatının bütün mərhələləri əhatə olunmuşdur.

   “Adəmdən Xatəmə” fəsli bu epiqrafla başlayır: Peyğəmbərdən soruşdular: “Ya Rəsulallah, sən nə zaman peyğəmbər oldun?”

   Peyğəmbər: “Adəm Əleyhissalam hələ ruh və cəsəd arası bir var ikən” – buyurdu (Hədisi-şərif).

   Onun doğumu poemada “Bir işıq doğulub gəldi dünyaya” başlığı ilə qələmə alınmışdır. Ona atılan daşlar, göstərilən müqavimətlər peyğəmbəri amalından döndərməyə qadir deyildi.

 

Qədimlərdə peyğəmbərə,

Əbu-Hələb atan daşı,

Gözümüzün qabağında

yenə atır nadan, naşı.

Ləkələmək istədilər

günəş boyda həqiqəti,

Ancaq ləkə götürmədi

həqiqətin daş yaddaşı!

 

   Poemada qələminizdən çıxan onlarla aforizmlər sizin sənətkar məharətinizi bir daha göstərir. Dilimizin poetik imkanlarının zənginliyini göstərən bu nümunələr olduqca ibrətamizdir.

 

Bədən ruhla, işıq gözlə,

baş ağılla gözəlləşər,

İmandı qəlbin işığı,

dini, imanı dərk elə.

 

   Poemada ulu peyğəmbərin şairlərə verdiyi yüksək qiymət də poetik dillə öz ifadəsini tapmışdır.

 

Gecə də, gündüz də

Allah evində,

Çırpınan ürəklər

vəsf edər səni.

 

   Dünyanın məşhur söz ustalarının adı ilə yanaşı, Azərbaycan poeziyasının qüdrətli nümayəndələrinin peyğəmbərə sonsuz sayğısı sizin şair qəlbinizdən süzülərək misralara çevrilmişdir.  

 

Ey mənim peyğəmbərim!

Şah sözüm, şah əsərim!

Mənim də millətimin

Ən uca şairləri,

Şeyxləri, pirləri

Müqəddəs əməliylə

Sənin hizmətindədir!

 

   Təbii ki, Peyğəmbər haqqında əsər yazmaq asan iş deyildi. Bunun üçün sənətkarda yüksək istedad, ilham və dərin inam, etiqad və ülvi duyğular olması vacibdir. Bu keyfiyyətlərə malik olduğunuz üçün Sizin bu çətin işin öhdəsindən şərəflə gəlmişsiniz.

   Poema üzərində işlərkən sizin qarşılaşdığınız maneələr ilahinin köməyilə aradan qalxmışdır.

 

Dünyanın bir bəxti

kəm şairiyəm,

Gözü yaş, kirpiyi

nəm şairiyəm.

Qəmdən doğulmuşam

qəm şairiyəm,

Boynu bükülüm var,

dadıma sən çat.

 

   Poema ilahi sevgidən toxunmuş çələngdir. İstedadlı şairin peyğəmbər sevgisinin mənası da bu misralarla ifadə olunmuşdur.

 

Mənlik göstərməz, mən olar,

Haqq tarlasında dən olar.

Qalxar mələklə tən olar,

Coşar peyğəmbər sevgisi.

 

   “Məkkənin himni” fəslində isə müqəddəs şəhərin əzəmətli poetik dillə ümumiləşdirilmişdir. Həmin parça Məkkəni oxucunun gözləri önündə məharətlə canlandırır:

 

Çağırdıq qadir Allahı,

Yazıldı qismət Məkkədə.

Çəkdi bizi ziyarətə,

Ulu bir qüdrət Məkkədə.

 

Həftələr aya qovuşdu,

Çeşmələr çaya qovuşdu.

Damla dəryaya qovuşdu,

Yox oldu həsrət Məkkədə.

 

   Poemada peyğəmbərin həyatının ən ağrılı anları – Uhud savaşı, Bədr, Xəndək davası, həmçinin Merac, islamın qələbəsindən peyğəmbərin duyduğu sevinc, Mədinəyə hicrət, əhidlik və s. hadisələrin yüksək sənətkarlıqla qələmə alınması sizin şairlik istedadınızın Allah nuru ilə işıqlanmasının təzahürüdür.

   Poemada şəhidliyin insan həyatının ən xoş anı kimi mənalandırılması da bunu təsdiq edir.

 

Tanrının kitabına

Tanrı özü yazırdı,

Şəhidlik zirvəsinə

qalxıb ucalanları.

Kəlməbaşı Allahı

yadına salanları!

Zamanın yaddaşında

əbədi qalanları!

 

   Poemanın ibrətamiz fəsillərindən biri insanların həyatda qarşılaşdığı çətinliklərdən keçdiyi üzüntüyə verilən cavabdır. İnsanın qarşılaşdığı bu əzab-əziyyət islam dininin “müsəlman müsəlmanın qardaşıdır”, “Heç vaxt gözün olmasın yetimlərin malında” və başqa ehkamlara riayət edilməməsinin səbəbi kimi mənalandırılmışdır. Ona görə də bəşəriyyət bu bəlalara düçar olur. Siz burada Allahın diliylə insanların özlərinin törətdikləri fitnə-fəsadları yada salırsınız.

    “Yaşayacaq bu dünya Məhəmmədin eşqinə” fəslində ulu peyğəmbərin ideyalarının bütün dünyada daim yaşayacağına olan dərin inam öz dolğun ifadəsini tapmışdır.

 

Yaşayacaq bu dünya!!!

Mənə inam gətirən

şəhidlərin eşqinə!

Şəhidliyin şahidi

şahidlərin eşqinə!

Şəhidlərin çəkdiyi

hər əzabın eşqinə!

“Quran” adlı müqəddəs

bir kitabın eşqinə!

Yaşayacaq bu dünya!!!

İman və din eşqinə!

Peyğəmbərlik verdiyim

Məhəmmədin eşqinə!!!

 

   “Elmin qapısı” fəsli də mənə tutumu etibarilə çox önəmlidir. Peyğəmbərin belə bir kəlamı var: “Mən elmin şəhəriyəm, Əli onun qapısıdır”. Poemada bu kəlam poetik dillə belə qələmə alınmışdır:

 

O, mərifət qapısıdır,

xidmətçisi kamil insan,

O, şəriət qapısıdır,

dürüst ağıl, dürüst iman.

O, təriqət qapısıdır,

doğru yoldu, doğru ərkan,

O, həqiqət qapısıdır,

Bəlli ağıl, bəlli nişan.

 

   Poemada türkün elm və döyüş sahəsindəki qələbələri də vəsf edilmiş, sizin qüdrətli ilhamınızın gücü ilə, səmimi hisslərlə qələmə alınmışdır. “Türk və islam” fəslində türk xalqlarının islam tarixindəki rolu özünün dolğun poetik ifadəsini tapmışdır.

   Siz öz ziyarətinizin mənasını “Şairin ziyarəti” fəslində qələmə almışsınız. Bu fəsil duyğu və düşüncələrinizin dolğun poetik təəssüratıdır.

 

Yaradanın məhəbbəti,

Peyğəmbərin eşqi ilə,

Mən də gəldim haqq evinə,

nur evinə ibadətə.

Mən də gəldim Peyğəmbərin

əli dəyən,

Kəbə adlı ən müqəddəs

ziyarətə.    

 

   Müasir dünyanın durumu “Qiyamət” fəslində ümumiləşdirilmişdir.

 

Dillərin, dinlərin,

əqidələrin,

Savaşı olsa da,

barışı yoxdur.

Qana bələnməmiş

yazıq torpağın,

Yoxdu bir addımı,

qarışı yoxdur.

 

   “Peyğəmbər” poeması Sizin bir sənətkar kimi yaradıcılığınızın əsas məziyyətlərini göstərmək üçün olduqca zəngin imkanlar yaradır. Hadisələrin inkişafı və vəziyyətini dəyişməsilə bağlı heca vəzninin müxtəlif şəkil və növlərindən istifadə, xalq dilinin zəngin xəzinəsindən bəhrələnərək və s. bu fikri təsdiq edir. Poemanın yüksək bəşəri qayəsi, ülvi duyğular aləmi ilə mükəmməl sənətkarlıq bir-birini üzvü şəkildə tamamlayır. Bu əsərin müqəddəs peyğəmbərimiz haqqında yazılmış ən qiymətli nümunələrdən biri kimi tezliklə şöhrətlənməyinə, müxtəlif dillərə tərcümə olunacağına əminəm.

    Yaşadığımız dövrdə islamın dünyada geniş yayılması, şöhrətinin artması, islama axının güclənməsi, onun peyğəmbər yolu ilə inkişafı, tərəqqisi bəzi xristian dövlətlərində və dairələrində təşvişlə, qısqanclıqla qarşılanır. Müqəddəs peyğəmbər cılız təhqirlərə məruz qalır, karikaturası qəzetlərdə verilir. Belə bir şəraitdə sizin poemanızın əhəmiyyəti xüsusi önəm daşıyır. Tarix boyu islama qarşı belə təxribatlar olmuşdur.

    Səlib müharibələri, islamı daxildən parçalamaq təşəbbüsləri və s. sonda uğursuzluqla nəticələnmişdir. Yaşadığımız günlərdə də bu çirkin oyunlar davam etməkdədir. Lakin düşmənlərin iflasa uğrayacaqlarına insanların inamı da artmaqdadır.  

Hörmətli Zəlimxan müəllim!

    Sizin poemanız haqqında mənim qeydlərimin kifayət olmadığını hiss edirəm. Yəqin ki, poema daha geniş elmi təhlilin mövzusu olacaqdır. Onu da qeyd etmək istəyirəm ki, ali məktəbin filologiya fakültəsinin son kurslarında “Ən yeni Azərbaycan ədəbiyyatı” fənni tədris olunur. Sizin yaradıcılığınıza da burada Anar, Elçin, Ə.Əylisli, Yusif və Vaqif Səmədoğlular, Sabir Rüstəmxanlı, Ramiz Rövşən və b. ilə birlikdə saat ayrılmışdır. Mən bu ilki dərd prosesində sizin poemanız haqqında tələbələrimə geniş bəhs etməyi nəzərdə tutmuşam. Sağlıq olsun. Arzu edirəm ki, orta məktəblərimizdə də bu poema öyrənilsin.

   Müstəqillik dövründə poeziyamızda islam dəyərləri və ulu peyğəmbər haqqında bir sıra sanballı poetik nümunələr yaranmışdır. Ancaq fikrimcə, bu mövzuda da zirvədə “Peyğəmbər” dayanır.

   Siz möhkəm can sağlığı, yeni yaradıcılıq uğurları arzulayıram.

 

 

  Geri