Hacı Azər ƏBİLOV
DAĞLAR VERİB BAŞ-BAŞA
Qoca adamın üzündəki qırışlar
cavanlıq çağının təbəssüm yeridir.
Mark Tven
1988-ci ilin son günlərini xatırlayıram.
O zaman SSRİ Ali Sovetinin sədri Andrey Qromıko özünün ikicildlik “Памятное” kitabını Kremldən Neftçalaya – atama avtoqrafla hədiyyə göndərmişdi və elə təxminən həmin ərəfələrdə atam SSRİ Xalq Təhsili işçilərinin I Ümumittifaq qurultayında iştirak etmək üçün Moskvaya yola düşmüşdü. Ailədə çoxdan bəri öyrəncəli olduğumuz hadisələrin davamı kimi bu iki hadisə də bizdən ötəri qeyri-adi və gözlənilməz deyildi, amma o zaman məni sıxan bu idi ki, nə üçün Neftçalada heç kəs bilməməlidir ki, SSRİ-nin başçılarından biri Qromıko Kremldən Neftçalaya, orta məktəbin ədəbiyyat müəlliminə özünün memuar kitablarını yadigar göndərir, yaxud yenə də nə üçün el-oba bilməməlidir ki, onlardan biri Kremldə ölkənin təhsil işçilərinin qurultayında nümayəndə kimi iştirak edir.
(Dünyagörmüş Andrey Qromıkonun vəfatından sonra onun köməkçisi Parxiyetkonun “Oqonyok” jurnalındakı xatirələrini oxuyarkən öyrəndim ki, Qromıko əhvalının yalnız yaxşı vaxtlarında, ömrünün xoş məqamlarında göy karandaşla yazarmış və Qromıkonun bizdəki avtoqrafı da göy karandaşla yazılıb).
1988-ci ilin dekabrı idi və mən o zamankı rayon qəzetinin redaktoruna sual verdim ki, axı nə üçün siz atamla bağlı heç nəyi , o cümlədən, bu son iki faktı qəzetdə yazmırsınız?! O da heç nə demədi, sadəcə, ətrafındakılar üçün məni qeyri-təvazökarlıqda qınadı (əslində “qınadı” yumşaq sözdür, “təhqir elədi” desəm daha uyğun olar).
Qeyri-təvazökarlıq qorxusunu o vaxtdan canımda gəzdirirəm.
İllər uzun evimizin sadə divarları arasında kitab rəflərində, şkaflarda qorunana yüzlərlə, minlərlə nadir avtoqraflar, məktublar, şəkillər, mənəviyyata sığal çəkən lent yazılarındakı girami səslər gedənlərin və qalanların öz səsləri: məhz bizim evdə danışılıb abidələşən söhbətlər – Süleyman Rəhimovun, Xudu Məmmədovun, Xəlil Rza Ulutürkün, Rəsul Rzanın, Rüfət Zəbioğlunun (və hamının!) dipdiri səsləri həmin o qeyri-təvazökarlıq qorxusunun xofundan hələ də “əsirlikdədir”, Azərbaycan üçün hələ də “qürbətdədir”.
0 vaxt “qeyri-təvazökarlıq” suçlusu olan mən onsuz da məni başa düşməyəcək redaktora deyə bilmədiklərimi həmin başadüşməzliyin indiki daşıyıcılarına – klassik biganələrə Antuan de Sent-Ekzüperinin sözləri ilə səslənmək istəyirəm:
“Mən sahilə atılmış adsız-yurdsuz cəsəd deyiləm, mən özümü əxz edirəm – mən bu evdə doğulmuşam, xəyalım onun qorxusu, dəhlizlərin sərinliyi, divarların arasında cingildəyən səslərlə doludur”.
Və mən nəhayət həmin qeyri-təvazökarlıq damğasına məhəl qoymadan “dəhlizlərdəki sərinliyin havasını” (o dəhlizlərin ki, divarlarına Səməd Vurğunun, İsmayıl Şıxlinskinin, Fərman Kərimzadənin, Əli Kərimin, Rəsul Rzanın, Ənvər Məmmədxanlının, İlyas Əfəndiyevin... nəfəsləri toxunub) bütün Azərbaycana dadızdırmaq barədə düşünürdüm ki, fevral ayının 16-da həyətdə maşın səsi eşidildi və qapıya qaçan balaca Cəmilə: “Zəlimxan Yaqub gəlib” deyə sevincək xəbərlə babasını səslədi.
Azərbaycanda altı yaşlı uşağın da tanıdığı şair, deməli, ən həqiqi xalq şairidir. Və mən gecənin bir aləmi nəfəsini o ulu nəfəslərə qatmağa gəlmiş Yunus İmrə müridini, Ələsgər yadigarını bağrına basıb kövrələn atama baxıb nədənsə, Əli Kərimin misralarını xatırladım: “Sən mənim qədrimi biləsən deyə, bu cavan yaşımda ölümmü indi?”
Düşündüklərimi gerçəkləşdirmək üçün millətimin mənəvi ucalığına dəlalət edən və Zəlimxan Yaqubun müqəddəsləşdirdiyi o bir saatın sazlı, şeirli gecəni və könül söhbətini lentə köçürmək qərarına gəldim.
“Deyilən söz yadigardır” və “Biz gedirik əsər qalır yadigar” deyiblər. Gün var ki, bir əsərdir, söz var ki, yadigardır. O söz ki, onun alnında Tanrının işığı yanan bir insan deyir, o gün ki, Tanrının töhfəsi kimi əzizdir.
O gecə Zəlimxan Yaqub dedi:
“Bu gün 2000-ci il fevral ayının 16-sı Zəlimxan Yaqub başının dəstəsiynən əzizimiz, ağsaqqalımız, ədəbiyyatımızın canlı ensiklopediyası, xatirələr düzümünün canlı təsbehi, ədəbiyyatşünasımız, alimimiz, qardaşımız, ustadımız İmamverdi müəllimin müqəddəs evinin ziyarətindəyik.
Biz Masallıdan gəlirik. Orada Masallı ictimaiyyəti mənim əlli yaşımı qeyd edirdi. Xoş duyğular, gözəl təəssüratlar, gözəl çıxışlar, bir-birini əvəz edən bir-birindən şirin hadisələr, ömrümə-günümə yazıldı, tərcümeyi-halıma daxil oldu. Sağ olsun Masallıdan olan dostlarımız, çox böyük məhəbbət və qayğı göstərdilər. İstəyirdilər ki, bu gecə onların qonağı olum. Ancaq mənim ziyarət edəcək bir yerim var idi. O da məndən əvvəl Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin, korifeylərinin, ağsaqqallarının xalqın tərcümeyi-halına daxil olan, yaddaşına, ürəyinə həkk olunan şəxsiyyətlərin ziyarət yeri olan İmamverdi müəllimin evi idi. Mən Neftçalanı ziyarət etməliydim və bu gün gəldik əzizimizi, ağsaqqalımızı öz evində, öz balaları ilə, nəvələri ilə həmişəki kimi şux, gözəl, təravətli, mehriban, qonaqpərvər, qayğıkeş gördük, ürəyimiz dağa döndü.
Ürəyim doludur, kövrək məqamlar yaşayıram və bu məqam üçün bir şeir deyib ayrı bir mətləbə keçirəm:
Dan sökülür, gül açılır, şeh düşür,
Acı sözdən, bəd sifətdən xəbərsiz.
Qartal süzür qayaların qaşında,
Köləlikdən, əsarətdən xəbərsiz.
Bir daş olam, dönəm burda kaş daşa,
Arxa durur, dayaq olur daş-daşa.
Min illərdi dağlar verib baş-başa,
Xəbislikdən, xəyanətdən xəbərsiz.
Könül sevir, göz oxşayır, can təpir,
Yaddaşlara möhür vurur iz, ləpir.
Ulu göylər yer üzünə nur səpir,
Yer üzündə cinayətdən xəbərsiz.
İnsan bilir çətin nədir, zor nədir,
Diri-diri yaşadığın gor nədir.
Gül nə bilsin hiylə nədir, tor nədir,
Ətir saçır siyasətdən xəbərsiz.
İnsan oğlu zilin, bəmin içində,
Gah sevincin, gah da qəmin içində.
Ömür sürüb cəhənnəmin içində,
Kim olubsa bu cənnətdən xəbərsiz.
Müasir dövrümüzdə ağrılar, acılar, dərdlər, problemlər həddindən artıq çoxdur. Bir cəhənnəm mühiti var dünyamızda. Amma şükürlər olsun Allaha ki, bu cəhənnəm mühitin içində bizim üçün cənnət yaratmağa qadir olan, mənəvi cənnətimizi yaradan şəxsiyyətlər, mənəvi cənnətimizin ruhunun keşiyində dayanan keşikçilər var və biz onların sayəsində xoşbəxt oluruq, millət onların sayəsində yaşayır. Böyük şairimiz Saib Təbrizi deyir ki:
Günüm yoxdur, xəyalınla, vüsalınla yaşayıram,
Bu cəhənnəm ürəyimdə mən bir cənnət daşıyıram.
Bu cəhənnəmin içərisində cənnət dünyası yaradan kişilərdən bir də İmamverdi müəllimdir.
Hər elin, hər obanın öz mərtəbəsində özünə layiq ağsaqqalı var. Neftçala deyilənə bütün şairlərimizin cavanlı, qocalı hamısının yadına İmamverdi müəllim düşür.
İmamverdi müəllim xoşbəxt taleli bir insandır. Təkcə Zəlimxan Yaqubun yox, bütün şairlərimizin uğurlarına sevinən, bir cümləsinə, bir sətrinə belə öz münasibətini bildirən əzabkeş bir kişidir. Biz yazırıq, amma o bizi tarixləşdirən, xatirələr düzümündə yenidən canlandıran bir kişidir. Ona görə də belə bir tarixi gecədə Neftçala torpağında İmamverdi müəllimin ocağını ziyarət eləmək iki dəfə Məkkədə olmuş, Kəbədə, Kərbəlada olmuş Zəlimxan Yaqub üçün yenidən o müqəddəsliyə qovuşmaqdır. Çünki İmamverdi müəllim mənimlə birgə müqəddəs ziyarətgahlarda yol yoldaşı olub. Mən şagird olmuşam, o, ustad olub, o, ata olub, mən oğul olmuşam, o ağsaqqal olub, mən cavan olmuşam. Məhəbbətimiz qəbir evinə qədər davam edəcək.
Bu səfər, bu ziyarət bir də mənim üçün ona görə əzizdir ki, bu ocaqda yüzlərlə şəxsiyyətlər duz-çörək kəsib, xatirələrə çevrilib. Eyni zamanda, bu torpağın özünün sənətkar oğulları Xəlil Rza Ulutürk mənim ustadım və qardaşım olub. Əliağa Kürçaylı mənim qardaşım olub. Onlar da bizim ağsaqqalımız üçün çox əziz adamlardır. Ona görə də mən elə bilirəm ki, onların, bu ocaqda çörək kəsən bütün dünyadan gedən sənətkarlarımızın ruhu bu axşam burdadır. Telli sazımıza, bizim sözümüzə qulaq asırlar”.
Haşiyə. Zəlimxan bəy, bu etibarsız dünyada Sizin dedikləriniz məni elə göynətdi ki, onda demədim, indi deyirəm. Mən gerçəkdən də o gecə, o divarları şəkilli mənzilə çoxlu-çoxlu ruhların gəldiyini hiss elədim və hər an nədənsə yadıma Yəhya Kamal Bayatlının misraları düşdü:
Üsgüdar gözləri dolmuş təpələrdən baxaraq,
Görmüş İstanbula, yüz min mələyin uçduğunu.
Mən ki, o soyuq fevral gecəsində pəncərəni açıq qoymuşdum. İstəyirdim ki, Tərmeyxanın çaldığı sazın mübarək “Ruhani”si həyət-bacamızı, məhəlləmizi, obamızı havalandırsın, üzərrik kimi yansın o “Dilqəmi”, o “Bəhməni” və göz dəyməsin bu müqəddəs gecəyə... Bax o açıq pəncərədən siz rəhmətlikləri səslədiniz. Tərmeyxanın barmaqları və nəfəsi, deməsəm olmur, bir şam duası kimi ruhları çağırdı və mən otaqdan çıxdım. İçərisində 50 ilin mənəviyyat yükü olan kamodun qapılarını açdım, köhnə xatirə dəftərimdə Əliağa Kürçaylının Sizin xəttinə çox bənzəyən xəttinə baxıb yazdıqlarını oxudum. Əliağa Kürçaylı yazmışdı: “Adam unudulmaz dəqiqələri həmişə yaşamır. Ona görə də dəqiqələrin qiyməti ölçülməz olur. 1962-ci ilə keçən bu gecədə mən belə unudulmaz dəqiqələrdən birini yaşadım. Ürək arzulayan dostun məclisindən daha gözəl nə ola bilər, İmamverdi müəllim?! Belə bir dəqiqəni mən Sizdə yaşadım (daha doğrusu, öz evimizdə, elə deyilmi, qardaş?). Əliağa Kürçaylı 31/12-61, 1/1-1962.”
Siz o gecə Neftçalaya özünüz demişkən könlü dolu, gözü dolu gəlmişdiniz: “Eyni zamanda həqiqi aşıq sənətinin klassik səviyyədə davamçısı, Borçalının və Azərbaycanın çox görkəmli sənətkarı, özü çox cavan, istedadı çox cavan, barmaqları çox müdrik Tərmeyxan adında gözəl bir aşıqla gəlmişəm. mən istəyirəm ki, Tərmeyxanın barmaqları, Zəlimxanın səsi Neftçalada, İmamverdi müəllimin evində bu ocaqda, bu torpaqda yadigar qalsın” – deyib, sözü durna boğazlı saza verdiniz.
O saz ki, Borçalı ellərinin ruhunu haraylayırdı. Bu torpaqda, Neftçalada nübaranlıq idi.
Aşıq Tərmeyxanın nar ağacı kimi ulduzlara əl açan sazının söylədiyi “Dilqəmi”, “Bəhməni”, “Ruhani” ... Burada bəlkə də adamlardan daha çox torpağa tanış gələrdi. Gecə də, torpaq da, ulduzlar və ruhlar da susub “qulaq asırdı”:
A bostançı, bostanına güvənmə,
Dünya özü bostan əkən dünyadı.
Ağlar qoyub anasını torpağın,
Bərəkəti göyə çəkən dünyadı.
Əyrisi də, doğrusu da yalandı,
Yolu kəsən, bəxti əldən alandı.
İlan kimi qıvrılandı, çalandı,
Leylək kimi tez-tez səkən dünyadı.
Sən göynəmə, özü çəksin dərdini,
Şeş də versə, gəl oynama nərdini.
Yaşatmadı qoçağını, mərdini,
Baş aparan, zəhlə tökən dünyadı.
Şahlar hanı, sarayları dam oldu,
Şərbət döndü, zəhər dolu cam oldu.
Süleyman da, İsgəndər də xam oldu,
Elə bildi dizə çökən dünyadı.
Soraq itər, sirr gizlənər, söz batar,
Doğan günü tez quylanar, tez batar.
Ay Zəlimxan, diş tökülər, üz batar,
Qurduğunu bir-bir sökən dünyadı.
Tərmeyxan özündən qopmuşdu o gecə. Min illik sənətin müqəddəs səcdəgahına – saza alın qoyub oxuyurdu:
Ya Qoşqar olasan, ya da Şah dağı,
Belə ucalasan, ucalanda da!
Borandan, tufandan, qardan, yağışdan,
Belə bac alasan, bac alanda da!
Hər əsən küləklə yarışmayasan,
Toz olub yerlərə qarışmayasan,
Alçaq əməllərlə barışmayasan,
Belə öc alasan, öc alanda da!
Səni deyib gələ quşlar yuvadan,
Adın misal qala dədə-babadan.
Vətəndən, torpaqdan, eldən-obadan,
Belə güc alasan, güc alanda da!
...Zəlimxan, dağlara təpə gülməyə,
Qaya parçalanıb, daş tökülməyə.
Başa qar yağsa da, bel bükülməyə,
Belə qocalasan qocalanda da!
Ürəyində böyük bir dərd daşıyan, müstəqillik dövrü siyasi lirikanın ən şah əsəri hesab etdiyim “Sizi qınamıram” poemasının müəllifi Allah adamı, könül dostu, saz aşiqi, millət vəkili və millətin zinəti Zəlimxan Yaqub o gecəki söhbətinə “Bu yaşıl ağacın altı bizimdir” şeiri ilə xitam verirdi:
Atəş Allahındı, isti Allahın,
Ocaq Allahındı, tüstü Allahın.
Bu yaşıl ağacın üstü Allahın,
Bu yaşıl ağacın altı bizimdi.
...Dən kimi səpələ, toxum kimi ək,
Zəlimxan, bu anın ləzzətini çək.
Hələ bizdən sonra çoxu deyəcək,
Bu yaşıl ağacın altı bizimdi.
Zəlimxan bir kəhrəba bayatı söylədi:
Kölgələnə,
Gün düşə kölgələnə.
Kül o mərdin başına,
Namərdə kölgələnə.
Və əlavə etdi ki:
Namərdə kölgələnəndə sənin öz kölgən də kəsilir. Mərdə kölgələnəndə sən çoxları üçün qanadlanırsan, pardaqlanırsan, qol-budaq atırsan. Hələ indən belə çoxu deyəcək bu yaşıl ağacın altı bizimdir. Bu ev elə bir evdir ki, mənə qədər deyiblər, məndən sonra da deyəcəklər ki, İmamverdi müəllimin evi bizim evimizdir.
Atam o gecə ayrılarkən: “Bütün təəssüratları qəlbimdə saxlayıram” – deyib sizi Allaha ismarladı. Siz o təəssüratlar ölkəsinə qədəm qoydunuz ki, burada Səməd Vurğunla yanaşı əbədi yaşayacaqsınız. Siz qucaqlaşıb ayrılanda Mark Tvenin sözləri yadıma düşdü: “Qoca adamın üzündəki qırışlar cavanlıq çağının təbəssüm yeridir”.
Yaxasını ölkələrin şöhrət və şərəf ordenləri bəzəyən Zəlimxan müəllim. Mən Sizin bir evdə, bir ailənin içərisində, Bakıdan 180 km aralıda, Xəzərin yaxasında və Kürün sahilində, sadə bir mənzildə və çay süfrəsinin arxasında qeyd olunana yubileyinizi düşünüb Məkkədən Çinə qədər qanad gərən ruhunuza bir daha baş əyirəm.
Siz:
Bu yaşıl ağacın üstü Allahın,
Bu yaşıl ağacın altı bizimdi.
- deyirsiniz.
Şəhriyarın misralarını xatırlayıram:
Yatmış hamı, bir Allah oyaqdır, daha bir mən,
Məndən aşağı kimsə yox, ondan da yuxarı.
- deyir.
Şöhrətin sevincindən vaxt oğurlayıb, sadəliyə enmək (ucalmaq!) – Səmədvurğunlaşma hər igidin hünəri deyil bu zəmanədə.
“Bir əli torpaqda, bir əli haqda” kitabınızı atam, dərdlərimizin dilmancı adlandırır. Mən onu zilə qalxmadan pəsdən, pıçıldayaraq oxudum və gördüm ki, Təbrizdən Bakıyacan, Dərbənddən Naxçıvanacan, Gəncədən Göyçəyəcən, Qarabağdan Astarayacan, Kərkükdən Borçalıyacan... biz bu kitabda bir yerdəyik.
Allah bizi ayırmasın, Hacı Zəlimxan!
Allah heç kəsi ayırmasın!
Sizə bələdçilik edib, yola salandan sonra geri qayıdanda yenə də Ekzüperini, yenə də adamların planetini xatırladım. Elə bil içərimdə Ekzüperi mənim əvəzimdən danışırdı.
“Mənim nə olduğumu bilmirəm. göydə bir qədər ulduz – maqnit var, amma cazibə qüvvəsi məni yerə bağlamışdır. Özgə bir cazibə də var, o mənim özümü-özümə qaytarır. Hiss edirəm ki, ağırlığım məni çox şeyə çəkir. Mənim xəyallarım qum təpələrindən, o aydan, bu gerçəklərdən daha realdır. Bəli, möcüzə onda deyil ki, bu ev bizi qoruyur, isidir, bu divarlar bizimdir. Möcüzə ondadır ki, o hiss edilmədən bizə nəciblik, mehribanlıq aşılayır və o ürəkdə onun lap dərinliklərində, gözə görünməyən laylar əmələ gətirir. Orada bulaq suyu kimi xəyallar yaranır”.
Bu bir gün idi, tarixə çevrildi. Günü tarixə çevirən Zəlimxan Yaquba Hacı Bəktaşi Vəlinini, Mövlananın, Yunus İmrənin və sazın kəramətləri dayaq dursun.
Yaşıl ağacın kölgəsini bizə verən və bizi bu kölgəyə toplayan Allaha şükürlər olsun. Amin!
“Yeni Azərbaycan” qəzeti, 14 mart 2000-ci il.
|