Rüstəm Behrudu
BİR “RUHANİ” HAVASI MƏNİM YASİNİM OLSUN
VƏ YAXUD İÇİNDƏ İŞIQ GƏZDİRƏN ADAM
Zəlimxan saza sarılıb oxuyurdu. Bir oydu, bir də mən. Zəlimxan yerdən aralaşıb gedirdi. İlahi bir anıydı. Saz ilə sözün sehri birləşmişdi. İnsan ruhunun gözəlləşdiyi anıydı. Göyü sevib yerin adamı olmaq çətinmiş, qardaş!
Mən ədəbiyyat, xüsusilə də poeziya haqqında fikri mütəmadi olaraq dəyişən bir adamam. Bir vaxtlar mən də şeirin Allaha oxunan dua olduğunu düşünürdüm. Bu halda bütün yaradıcılığı Allaha etiraz üstündə köklənən Nəsimi, üsyançı Cavid şair hesab olunmamalıdır. Çünki etiraz qarışa bilməz. Deməli, şeir təkcə Allaha oxunan dua deyil. Uzun illərdən sonra şeirin sonsuzluq və Tanrı ilə qarşılaşma anının heyrətindən doğan bir hal olduğunu başa düşdüm. Ancaq elə indi, bu yazını yazdığım anda poeziya haqqında fikrimi daha da dəqiqləşdirmək istədim. Mənim üçün böyük mənada ədəbiyyat insanın Tanrıya, əbədiyyətə (həm də sonsuzluq və sonrasızlığa), ölümə poetik, fəlsəfi və ruhani baxışıdır.
Bu mənim fikrimdi və başqalarını buna inandırmaq zorunda deyiləm.
Mən özündən xəbərsiz içində işıq gəzdirən adamları sevirəm. İşıq dedim, gözümün önündə gənc nəslin nümayəndəsi Qulu Ağsəsdən, Qurbandan böyük M.Araza, S.Rüstəmxanlıdan Ə.Nuriyə, R.Rövşəndən Salama, Anardan M.Məsuda, Ə.Əylislidən R.Tağıya, Tofiq Hacıyevdən G.Vəliyə, V.Səmədoğludan Cavanşir Quliyevə, Vaqif İbrahimoğlundan Mehriban Zəkiyə, Elçindən Elçin Hüseynbəyliyə, İsa Hüseynovdan Yaşara, B.Vahabzadədən bütöv bir ədəbi nəslə və adını çəkmədiyim adamlara gedən əvvəli və sonu içində olan bir yolun möhtəşəmliyi canlandı.
Məmləkət zülmət içindədi deyən adamlara yazığım gəlir. Ən qatı zülmətə belə bu yanan şamlar işıq sala bilər.
Və bir adam da var – sözü sazın pərdələrindən söküb mirvari kimi sapa düzən adam. O adamda da özündən xəbərsiz içində işıq gəzdirir.
O adam millət vəkili Zəlimxan Yaqub deyil. Mən onun millət vəkili adına kölgə salmaq fikrindən uzağam. Zəlimxan Yaqub millət vəkilindən daha çox sazın, sözün vəkilidi. Sazın, sözün vəkili olmaq onun üçün azdı. O, sazın, sözün sahibidi. “Ruhani” havasını “Yasin” duasına bərabər tutan adamdı Zəlimxan Yaqub.
Son gündə eşq Allahım, məhəbbət dinim olsun,
Bir “Ruhani” havası mənim Yasinim olsun.
Zəlimxan Yaqubla 6 il bir otaqda oturmuşuq. Ən kövrək vaxtlarımda belə onun içinin təmizliyi, adamlara sevgisi məni sevindirib, dərd çəkməyə qoymayıb. Mənim ilk kitabımın redaktoru olub Zəlimxan. Məndən daha çox sevinib mənim kitablarıma. Zəlimxan hara gedibsə, işıq kimi gedib. O, harda olursa-olsun sözü ucalığından enməyə qoymayıb.
Sözün möhtəşəmliyinə, füsunkarlığına sığınıb Zəlimxan Yaqub. Azərbaycan şeirinin gözəlliyi, dilimizin şirinliyi hopub misralarına.
Böyük mənada incəsənətin iki başlanğıcı var – ilahi və iblisanə başlanğıc. Mənə görə, poeziya üçün ikisi də məqbul sayıla bilər. Zəlimxan şeirinin başlanğıcı ilahi başlanğıcdır. O, hər şeydə bir gözəllik görür. Bu gözəllik qayıdıb hopur misralarına Zəlimxan Yaqubun.
Zəlimxan Yaqub təkcə Azərbaycan şairi deyil. İstanbuldan Səmərqəndə, Ərdəbildən Dərbəndə, Borçalıdan Qarabağa, Aşqabaddan Təbrizə bütün türk ellərinin ruhu çırpınır onun şeirlərində:
Silkələdin göyün yeddi qatını,
Qucaqladın doğu ilə batını.
Dur yəhərlə ərənlərin atını,
Dəniz kimi dalğalan türk, çalxan türk,
Döyüşən türk, oyanan türk, qalxan türk.
Mənə görə bütün şairlər bir şeirlik ömür yaşayır. Ölüm anında hər şair ən gözəl şeirini deyib gedir. Zəlimxan nəhayətsizliyə sığınmış bir şairdir. O, təkcə Borçalıda yaşayan bir kişinin oğlu deyil. Sözün oğludu Zəlimxan Yaqub. O, sözün oğlu olmasaydı, yaza bilməzdi.
Bizi tapır Allahın hər dərdi, hər bəlası,
Hər kəndin bir çölü var, hər çölün Kərbəlası.
Hər bir kəndin çölünün olması təbii bir şeydi. Ancaq hər çölün bir Kərbəlası olması fikri artıq Zəlimxan Yaqub ruhunun ən gözəl ifadəsi, hüznün, kədərin, faciənin yovşanı küləklər əlində qalan bir çölə sığışmasıdır.
M.Füzuli “Aşiqi sadiq mənəm, Məcnunun ancaq adı var” deyirdi. İnanırdım. Zəlimxan Yaqub “Kərəm yalan oldu, mən gerçək oldum!” deyir, ona da inanıram:
Nədi sirr saxlamaq, sirr, mən bilirdim,
Gizli sevgiləri pir mən bilirdim.
Bir Allah bilirdi, bir mən bilirdim,
Dillərdə söz oldum, söz deyə-deyə.
Onun şeirləri təpədən dırnağa özü kimi səmimiyyətdi:
Sinədəki köşk ayrıdı,
Köşk içində məşq ayrıdı.
Könüldəki eşq ayrıdı,
Başqadı başdakı sevgi.
Göydə ulduzları, yerdə çiçəkləri, ağacda yarpaqları, adamların içində adamları saya-saya, içindəki dərdi sevib əzizləyə-əzizləyə yol gedir qardaşım Zəlimxan. Hər şeyi sevgiyə büküb yol gedir:
Atəş Allahındı, isti Allahın,
Ocaq Allahındı, tüstü Allahın.
Bu yaşıl ağacın üstü Allahın,
Bu yaşıl ağacın altı bizimdi.
Zəlimxan Yaqub təpədən-dırnağa şairdir. Göyün, yerin, dağı, düzün, ayrılığın, həsrətin, dərdin, hüznün və bir də, bir də gecikmiş bir sevdanın şairi:
Məcnun dərs oxuyub – kitabı Leyli,
Məcnun sərxoş olub – şərabı Leyli,
Məcnun dərdə düşüb – əzabı Leyli,
Dəli olmağıma bir addım qalıb.
Gülməsin bu halda məni görənlər,
Tər çiçək nədirsə, bilir dərənlər.
Ayılın, ay mənə ağıl verənlər,
Dəli olmağıma bir addım qalıb.
Görüş sevincindi, həsrət ahındı,
Sevənlər sevgili bir dərgahındı.
Zəlimxan, mən kiməm, hökm Allahındı,
Dəli olmağıma bir addım qalıb.
Əzizim Zəlimxan! Heç bir addım da qalmayıb. O bir addımı da adlayıb keçmisən, heç xəbərin olmayıb. Sən “Ruhani”ni “Yasin”ə bərabər eləyəndə, “Kərəm yalan oldu, mən gerçək oldum!” deyəndə, bir qəlbi sevindirməyə Həcc ziyarəti kimi baxanda, “Yurd ağrısı”nı Mövlud Süleymanlıya ünvanlayanda, “Tanrının özü yonub mən tutduğum qələmi” pıçıldayanda – artıq o addımı keçmişdin. Dəliliyin mübarək, qardaş.
Günlərin bir günü R.Rövşənlə söhbətdə səni xatırladım. Ramiz “Zəlimxanişıqlı adamdı, gözəl insandı”, - dedi. Qələm yoldaşı haqqında dost sözüydü bu. Əzizim Zəlimxan, qoy sənin işığın bu məmləkətin qaranlıqlarının üstündən heç əskik olmasın.
Azərbaycan zülmət içindədir deyən adamlara yazığım gəlir. Zəlimxan Yaqub şam kimi bu qaranlığın içində yanır. Görmürsünüzmü?
P.S.Stolumun üstündə sevdiyim bir şairin kitabı duru: “Bu yaşıl ağacın altı bizimdir”.
“525-ci qəzet”, 25 aprel 2001-ci il
|