Osman SARIVƏLLİ
DOĞRU YOLDA
Gənc şair Zəlimxan Yaqubovun şeirlərini təxminən 1970-ci ildən izləyirəm. Onun «Ədəbiyyat və incəsənət», «Azərbaycan gəncləri» qəzetlərində, «Ulduz» və «Azərbaycan» jurnallarında və başqa mətbuat orqanlarında çıxan şeirlərinin, demək olar ki, əksəriyyətini oxumuş və yeri gəldikcə, fikirlərimi müəllifə söyləmişəm. Zəlimxanın şeirləri mözvü cəhətdən müxtəlif və onların bədii həlli baxımından rəngarəngdir. Gənc şairin yaradıcılığı ictimai-siyasi ruhla, Ana təbiətin gözəlliyini təsvir və tərənnüm edən şeirlərlə, eləcə də lirik parçalar, aşiqanə qoşmalar, təcnislər, dodaqdəyməzlər və s. ilə zəngindir.
...Zəlimxanın şeirləri, əsasən, xalqımızın həyat, məişət ənənələrindən, onun yaradıcılığından, şeir dilindən qidalanır. Yeri gəlmişkən, demək lazımdır ki, müəllifin xalq yaradıcılığına böyük məhəbbəti, dil, ifadə, ruh yaxınlığı, forma yaxınlığı folklorun, aşıq şeirinin əsla kor-koranə təqlid və təkrarıdeyildir. İstedadlı gənc şairin əsərləri mövzuları, fikir və mülahizələri, arzu və diləkləri etibarilə tamamilə orijinaldır.
Müəllifin şeirləri dil sadəliyi, səlisliyi, fikir aydınlığı cəhətdən oxucuya güclü təsir bağışlayır. Zəlimxan hələ gəncdir. Lakin o, doğru, düzgün yoldadır. Söz yox ki, getdikcə daha da inkişaf və tərəqqi edəcəkdir. Biz istedadlı, gənc şairdən böyük ümidlər gözləyir, bu yolda onauğurlar arzulayırıq.
Vaxtı gəlib çatmışdır. Onun kitabının səliqə ilə hazırlanmasınıvə çap olunub oxuculara çatdırılmasını məsləhət bilirəm.
1978
|