Xəbərlər Boigrafiya Haqqında Yaradıcılığı Qalereya Qonaq dəfətəri Əlaqə

   “...ƏBƏDİ PROMETEY, ƏBƏDİ SƏMƏNDƏR QUŞU...”

 

Xəlil Rza ÜLUTÜRK

 

“...ƏBƏDİ  PROMETEY,

ƏBƏDİ SƏMƏNDƏR QUŞU...”

 

   Bu gün biz sevimli şairimiz Zəlimxanın evində unudulmaz çağ­lar yaşadıq. Mən vaxtilə bir şeir yazmışdım – «Zəlimxan sa­ra­yında». Onda birinci mərtəbədə yaşayırdı. Qanlı gölün yaxa­sında. İndi bu, artıq qəsr deyil, saray deyil. Ona görə də bunu bir az da qüvvətləndirmək üçün deyək, «Zəlimxan kəhkəşa­nı»ın­da­yıq. Zəlimxan yeganə şairdir ki, Azərbaycanda heç bir təbliğata ehtiyacı yoxdur. İnciməsin Mikayıl, aktyora da ehti­yacı yoxdur. Çünki özü həm aktyordur, həm şairdir, həm aşıqdır, həm də, küll halında, ensiklopedik lüğətdir. Natiqdir, bö­yük ictimai xadimlir. O, bütün sənət növlərini özündə bir­ləş­dirən qüdrət əhlidir. 1992-1993-cü il ayrıcında Zəlimxan yeni­dən dünyaya gəldi. Onun yenidən dünyaya gəlməsini, dediyim kimi, mən də izlədim. Təbriz qarşısında çıxış edirdi. Güney Azərbaycanda. İş elə gətirdi ki, Zəlimxan gizlətmədi həm də böyük aşıq olduğunu. Bu vaxtacan 20 il idi ki, o, sazı gizlədirdi. Qısqanırdı ki, şairliyi kölgədə qalsın. Şair Zəlimxan yox, aşıq Zəlimxan desinlər. Amma xalqa tükən­məz məhəbbəti və Güney Azərbaycanla danışmaq ehtiyacı onu məc­bur etdi ki, sözlə deyə bilmədiklərini sazla desin. Açıq deyə bilmədiklərini versin sazın hökmünə. O, Təbriz qarşısında, Teh­ran qarşısında, İran qarşısında, Güney Azərbaycan qarşısında bir orkestr qüd­rətilə dilə gəldi. Yaxşı ki, aldılar, gətirdilər Güney Azər­­bay­­can­dan Bakıya, televiziyada göstərildi. Yeni qüdrət aldı o, İran sə­fə­rindən, Güney Azərbaycan səfərindən və dayan­dır­madı yürüşünü. Zəlimxanın həyatında yeni mərhələ başlandı. On­da mən Türkiyədəydim. Cərrah Paşa xəstəxanasında – Ankara xəs­­­təxanasında. Qayıdıb gələndə gördüm ki, üç poema yardıb bir-birinin ardınca Zəlimxanımız. «Rəsul Həmzətova məktub», «Şuşa dastanı» və erməni qəsbkarlarını Azərbaycandan qovmaq uğrunda, Azərbaycanı təmizləmək uğrunda mübarizə­nin gedi­şatını işıqlandıran əsərlər yaradıb. Üç dastan qoyub dastan üstünə.Onlardan biri də mənə aid idi: «Yarın ürəyimi». Yəni, böyük insanların ürəyini yarsanız, orda bütün Azərbay­can mənəviyyatını görərsiniz. Bu mövzuda üç dastan idi. İndi 4-cü dastan meydana gəlir. Kəlbəcərlə bağlı dastan. Bu əsərlər zaman-zaman Mikayıl Mirzənin, böyük aktyorumuz, qudrətli akt­yorumuz Mikayıl Mirzənin qəhrəman köksündə, böyük şair nəfəsində meydana gə­lir. Daha böyük auditoriya, daha böyük sa­lonlar qazanır və vahid Azərbaycanı görməsi, Güney Azərbaycanı görməsi, onunla da­nış­maq ehtiyacı gətirib cıxartdı Zəlimxanı bu mərtəbəyə ki, indi 4 dastan yan-yana dayanır və Zəlimxan yaradıcılığının yüksək mər­hələsindən, mən deyərdim ki, kişi mərhələsindən, vətəndaş mərhələsindən xəbər verir bu dastanlar.

   Azərbaycan, ümumiyyətlə, faciə içərisindədir. Bizim bir-biri­­mizi tərifləməyə abrımız, həyamız imkan vermir. Çünki Azər­­bay­can ağır vəziyyətdədir. Başlıca qayə Azərbaycanı al­çaq­lardan təmiz­ləməkdir, başlıca qayə, birinci dərəcəli kişi işi bu gün Azər­baycan uğrunda, Azərbaycanı burulğandan çıxart­maq uğ­run­da mübarizədir. Kim buna xidmət eləyirsə, o, tərifə layiqdir. Ona görə Zəlimxanı tərifləmək olar. Onun xidmət­lə­rini demək olar. Mən yeni mərhələ görürəm həm də Zəlimxanın dost alə­min­də. O, bu gün Mikayılı dəvət eyləyib öz yeni evinə. Mikayıl da Zəlim­xa­nın böyük ürəyinə, səxavətli ürəyinə təslim olub, Xəlilə hay salıb ki, gedək. Ona görə bizim bura gəlişimiz təsadüfı deyil. Mən xatırlayıram, elə bil ki, dünənin günü idi, Ovçular evində böyük toy salonu. Yuxarı başda gəlinlə bəy – Sahibə xanım və Zəlim­xan əyləşib. Biz badə qaldırırıq Ovçular evində. Biz sağlıq deyirik, toy ça­lınır. Amma indi qörürəm, o toy böyük bəhrəsini ye­tirib. Zə­lim­­­­xanın ətrafında onun törə­mə­lə­ri – Bəhlul var, Aygün var, Gü­­­nay var, Şəhriyar var. Bu, bö­yük sərvətdir. Bu, Zəlimxan po­ezi­ya­sının davamıdır. Zəlimxan bir vətəndaş kimi də bizim üçün örnəkdir. Dilinə tütün dəy­məyən, araq dəyməyən, çaxır dəy­mə­yən, ancaq Allahın verdiyi ne­mət­lərin halal hissəsiylə qida­lanan, haramı yaxına qoymayan bir qüdrətdir. Ona görə mən çağırıram örnək ğötürməyə. Bəh­lul, Aygün, Günay, Şəhriyar və bütün gənc­liyimiz bu evdən, bu saz­dan, bu sözdən, Zəlimxan qay­na­ğından ibrət götürsün. Zəlim­xanı mən böyük ictimai xadim hesab elə­yirəm. Onun Filarmoniyada apardığı görüşlər, onun baş­qa yer­­lərdə apardığı görüşlər bizim üçün örnəkdir. Zəlimxanı dinlə­yəndə kiçik salon genişlənir, nəfəs tapır, təlatümə gəlir, lən­gər vurur, damarlarda qan coşur, ürək qanadlanır. Zəlimxanın sazında bir orkestr qüd­rə­ti yaşayır. Əslində, bu, təsadüfi deyil. Bu ge­niş­lik, ümmanva­­rilik, bu ənginlik onun şairliyindan, təbi­ətin­dən irəli gəlir. Ona görə mən Zəlimxanı şeirimizin, poeziyamızın, Azər­baycan xalqının başucalığı hesab edirəm. Onun sazında Babək qüd­rəti, Yunus İmrə qüdrəti, Şeyx Şamil qüdrəti yaşayır.

   Zəlimxanın nəfəsində bizim milli qəhrəmammız Mete, Ay­tə­kin dilə gəlir, bizim Türküstan dünyası dilə gəlir. Biz bilmə­liyik ki, Azərbaycanın guşə daşı türklükdür. Latın əlifbasıdır. Bizim Tür­­kiyəyə və bütün Türküstan dünyasına güvənmə­yi­miz­dir. Bö­yük salonlarda bu eşqi tərənnüm eləyir Zəlimxan. Ona görə biz Zəlim­­xanı təkcə bir ər kimi yox, ictimai ürək kimi tanımalı, ondan ib­rət götürməliyik. Mən bir az xəstətəhər, bəzən dirilən, bəzən ölən, bəzən Səməndər quşu kimi külün içində alovlanan bir qud­rətəm. Amma Zəlimxan əbədi Prometey, əbədi Səməndər qu­şu­dur.

   Bu yolda onun ailəsinə böyük cansağlığı diləyək. Onun Sahi­bə­sinə, onun övladlarına – Bəhlula, Aygünə, Günaya, Şəhriyara – onun yeni evnə-eşiyinə xoşbəxtlik diləyək.

   Biz 4-cü mərtəbədəyik. Elə bilirəm ki, 400-cü qatdayaq. Biz elə yerdədik ki, burdan günəş əskik olmur. Gecələr Ay salır nu­ru­­­nu, Ay qonaq gəlir Zəlimxanın yuvasına. Yaşasın bu səli­qə-səh­­man, bu ev-eşik. Zəlimxanı daha yüksək mərtəbələrdə gö­rək. Bu mərtəbədə onun yeni yaradıcılıq qələbələri, yeni ki­tab­ları olacaq. Türk dünyasına sığmayan qüdrəti olacaq. Onun ye­ni ya­ra­­dıcılıq aşamasından xəbər verən qüdrət. Mən bu gün sa­ğal­dım, unutdum yaralarımı. Bizim heç birimizin yarası sağal­ma­yacaq, əgər Azərbaycan sağalmasa. Azərbaycan sağalmasa, nə cismani yaralar, nə də mənəvi yaralar şağalmayacaq. Azər­bay­can uğrunda mü­barizəni biz yeni mərhələyə qaldırmalıyıq; Bu yolda Zəlim­xana cansağlığı, başucalığı arzulayırıq. Eşq ol­sun bu ailəyə, bu yaradıcılığa, bu saza!

   Sazda mən dirilirəm. Zəlimxan sazın xiridarıdır. İncə bilici­sidır. Mən deyərdim ki, onun sazında Bethoven qüdrəti ya­şa­yır. Bu, böyük bəxtəvərlikdir. Bizim Azərbaycan cəhənnəmində cən­nətin filialı yaşayır. Bu gün biz cənnət filialındayıq. Zəlimxanın sazı cənnətin bir guşəsidir mənim üçün. Eşq olsun hamınıza!

 

 

Aprel, 1993.

  Geri