Xəbərlər Boigrafiya Haqqında Yaradıcılığı Qalereya Qonaq dəfətəri Əlaqə

   ZƏLİMXAN MÖCÜZƏSİ

 

 

Xəlil Rza ULUTÜRK

 

ZƏLİMXAN MÖCÜZƏSİ

 

   Çağdaş Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndə­lə­rindən olan Zəlimxan Yaqubun yaradıcılığında son zamanlar bö­yük keyfiyyət sıçrayışı baş vermişdir: onun üç poeması da bu sıçrayışdan, bu dönüşdən, bu yüksəlişdən xəbər verir. «Rə­sul Həmzətova məktub», «Açın ürəyimi, həkimlər, açın!», «Sizi qmamıram» poemaları təkcə Zəlimxan Yaqubun deyil, həm də bütövlükdə, Azərbaycan ədəbiyyatının böyük uğuru sayılmalıdır.

   Heç kimə olmasa da, Rəsul Həmzətova yaxşı bəllidir ki, bugünkü Azərbaycan-Ermənistan münaqişəsinin kökləri olduq­ca qədimdir. Azərbaycanın türk torpaqları hesabına Ermə­nistan döv­­­lə­ti quraşdırmaq, ümumən, Qafqazı parçalamaq, mə­nim­sə­mək, burada rus imperiyasının antitürk, antimüsəlman dayaqlarını yaratmaq bu imperiyanın banisi Birinci Pyotrun qanlı əməlləri, göstərişləri, vəsiyyətləri ilə sıx bağlıdır. Hələ XIX əsrin başlan­ğıcında qanlı rus istilasına qarşı ilk üsyan bay­rağı qaldırmış dahi sərkərdə Cavad xanın və onun ölməz işini daha geniş miqyasda, daha böyük zaman kəsimində davam etdirmiş, müridizm hərəka­tını yaratmış və alovlandırmış, mübarizə silahını yerə qoymadığı 22 il ərzində saysız-hesabsız çar qoşunlarını darmadağın eləmiş, nə­ticə etibarilə, mənən qalib gəlmiş əzəmətli vətənsevər, Pey­ğəm­bər zəkalı Şeyx Şamilin ölməz adları ilə bağlı qəhrəmanlıq salnaməsi bunu bir daha təsdiqləyir. Bunları bilə-bilə bugünkü Dağıstan – avar şairinin Moskva və İrəvan qarşısında diz çökməsi, Azərbay­cana, Qarabağa burnunu soxan Ermənistanın təcavüzünə, qəsbkarlıq siyasətinə bəraət qazandırması, xeyir-dua verməsi, üstəlik Xocalı qırğını ilə bağlı olaraq Azərbaycan Yazıçılar Bir­li­yinə başsağlığı göndərməsi, siyasi ikiüzlülüyü Zəlimxan Yaqubu hiddətləndirmiş və məlum poemanın yaranmasına gə­tirib çıxar­mış­dır. Şairliyin siyasi mövqeyi tez-tez dəyiş­məklə, iki­üzlülüklə bir araya sığmaması faktları Zəlimxanın şair var­lığında böyük qəzəb, ədalətli hiddət nəhrləri yaratmışdır:

 

Ogünkü çıxışın qan deyirdi, qan

O gün Həmzətovun yalan günüydü.

Dağlı papağını dağlar başından

Dərələr dibinə salan günüydü.

 

   Burada dağın başı ilə dərənin dibi arasındakı təzad prin­sip­siz­li­yin, siyasi buqələmunluğun insanı, qələm əhlini necə rəzil və rüs­­vay etdiyini aydın göstərir.

   Bədii materiala yaxından aşinalıq, tarixi həqiqətləri yaxşı bil­məsi Zəlimxanın dilinə ötkəmlik, siyasi, poetik kəsər və hücumçu po­eziyanın atributlarını gətirmişdir:

 

Qafqazı həmişə içindən oymaq –

Düşmənin bu haqda fıkri qətiydi.

Bizi özümüzlə üz-üzə qoymaq

Birinci Pyotrun vəsiyyətiydi.

 

   Poemanın ümumi pafosu, velikorus şovinizminə, böyük döv­­lət siyasətçiliyinə qarşı tuşlanmış prinsipial döyüş xətti böy­lə deməyə əsas verir ki, böyük şeyx Şamilin nəvəsi və mənə­vi varisi bu gün Rəsul Həmzətov deyil, məhz Zəlimxan Yaqub və onun kimi mü­səlman, türk oğullarıdır. Qəzəbin, nifrətin sağlamlığı, obyektivliyi bir sıra tarixi həqiqətləri açma­ğa imkan verir:

 

Ay kimi doğulan, gün kimi batan

İmamın gücündən dünya halıydı.

Bilməmiş olmazsan, Şamili satan

Alçaq bir erməni generalıydı.

 

   Adını dönə-dönə təkrar etmək istəmədiyim siyasi buqələ­mu­nunun bu kimi həqiqətləri açmaqdansa nala-mıxa döyməsi və nəticə etibarı ilə, düşmən dəyirmanına su tökməsi şair Zəlimxan Yaqubu odsuz-ocaqsız yandırır:

 

Qəlbimi, ruhumu külə döndərir,

Haqqı tapdayana namərd haqq verir.

Məni öldürənə silah göndərir,

Məni yandırana yanacaq verir.

 

   Görürsünüzmü, Zəlimxan Yaqubun dili necə mərdanə, cəsur və aydındır, məntiqi gücə malikdir. Burada poeziya vəznə, qafi­yə­­yə deyil, fikrə, lakonizmə arxalanır. Gücü cümləpərdaz­lı­ğında deyil, səmimiyyətindədir.

   «Açın ürəyimi, həkimlər, açın!» poemasında bütün ömrü boyu mərd və cəsur yaşamış, milli və bəşəri tərəqqi uğrunda mübarizəni həyatına qayə seçmiş qocaman bir sənətkarın xarakteri veril­miş­dir. Ağır yatağa düşsə də, o, ölümə təslim olmaq istəmir, xəstə ürə­­­yini cərrahların, loğmanların öhdəsinə buraxaraq Vətənin, pla­netin halını düşünür. Dastanın bədii dəyərini müəyyənləşdirən də, əslində, bu düşüncələrdir, bu düşüncələrin doğma millətə, in­sanlığa böyük məhəbbətdən qaynaqlanmasıdır. Burada Vətənin bö­yüklüyü felən ürəyin böyüklüyü ilə həmahəngdir:

 

Tibetdən Altaya, Anadoluya,

Təbrizə, Bakıya, Qarsa, Boluya,

Mənim varlığımın nurunu saçın,

Doğuyla Batının arası boyda

Açın ürəyimi, həkimlər, açın!

 

    Azərbaycan türk millətinə qarşı hələ keçən əsrdən bəri təşkil olunmuş soyqırımından, Qarabağ facisəsindən və 1992-ci ildə Laçın, Xocalı, Şuşa şəhərlərinin erməni yırtıcıları tərəfindən iş­ğalından, eyni zamanda, yerli satqınların xəyanətindən bəhs edən «Sizi qınamıram» poemasında isə Zəlimxan Yaqubsadəcə şair deyil, poeziya hökmdarıdır. Hərbi məğlubiyyətə, bəlkə də, döz­mək olar, mənəvi məğlubiyyətə heç zaman! Məsələnin canı bu­dur ki, bu yığcam və kəsərli poema mənən müzəffər bir yaradıcının qələmindən çıxmışdır. Başda Birinci Pyotr olmaqla, çar Rusi­ya­sının və onun işini maskalı biçimdə davam etdirən qır­mızı impe­rialistlərin Azərbaycanda, az qala, iki əsr çəkən sü­mür­gəçiliyi çox böyük fəsadların törənməsinə səbəb olmuşdur. Bu fə­sadlardan ən ey­bəcəri milli şüur kütlüyü, si­masızlıq, mən­səb, sər­vət, şöhrət acgözlüyü və milli mənafeyin bu kimi rəzil si­fət­lərə qur­ban veril­məsidir. Bu gün qəsbkar cay­naqlarında inləyən şə­­hər və kənd­lə­ri­mizin təslim edilməsi, əs­lin­də, hərbi məğlu­biy­yət­­dən da­ha çox xəyanətin, satqınlığın nə­ti­cəsidir. Zəlimxan Ya­qub po­emada bu cəhəti ön plana çı­xar­mış, konkret ad çəkməsə də, yük­sək kerslo tutduqları halda xalq etimadına, xalq hörmətinə la­yıq olmayanları bədii sözün aman­sız qüvvəsilə damğalaya bilmişdir:

 

Laçın qayıtmasa Laçınlığına,

Şuşam qayıtmasa Şuşalığına,

Min dəfə şubhəm var, tərəddüdüm var

Bugünkü bəylərin bəy olmağına,

Bu gün paşaların paşalığına.

 

   Şairlikdən daha çox, Allah vergisi kimi meydana çıxmış bu söz­lər təbii olduğu qədər də sərt və amansızdır. Qanında, varlı­ğın­da xalq qeyrətini, xalq qüdrətini, Azərbaycanın qəhrəman­lıq gələnəklərini daim hiss etdiyi, yaşatdığı üçündür ki, Zəlimxan Yaqub bunca ötkəm və cəsur konuşur, konuşduğu oxcusunun ürəyindən tikan çıxara bilir.

 

Laçında oğullar tanıyıram mən,

Erməni qarışıq Ermənistanı

Tutub, qayalardan ata bilərdi.

Şuşada oğullar tanıyıram mən,

Nərəsi, harayı Bakıdan ötüb,

Gedib, fələklərə çata bilərdi.

 

   Yalnız öz Vətəninin, öz millətinin qüdrətinə inanan sənət­kar bu dildə danışa bilər. Bununla belə, millətin biçimlənməsinə, əslində, biçimlənməməsinə, milli dövlətin yaradılmasına, felən hələ yara­dıl­mamasına dair düşüncələr, tərəddüdlər, şübhələr poemada müəy­yən yer tutur və bunlar əsərin fəlsəfi sanbalını xeyli artırır. «Bəlkə, meyitlərik bu Yer üzündə?», «Nə bilim, bəlkə də, millət deyilik» misralarının daxil olduğu parçalarda bu təmayül olduqca qüvvətli, təsirli və sarsıdıcıdır.

  «Sizi qınamıram» ifşaedici, kəskin poemadır. Lirika ilə sa­ti­ra­­­­­nın qovuşmasından yaranmış fikirlər, düşüncələr axarıdır. «Si­­­zi qınamıram» poeması «Sizi qınayıram», «Sizi ittiham edi­rəm» şəklində də meydana çıxa bilərdi. Burada simasızlara, sat­­­qınlara, xəyanətkarlara, milli şüur qaynaqlarından yoxsul olan­­­lara tuş­lan­mış satira qılıncı, ittiham aktı olduqca qüvvətli­dir.

 

«Şuşa əllərindən gedəsi olsa,

Çoxu kəlləsinə güllə sıxırdı.

Maşallah! Hələ də salamat gəzir».

 

   Bu misraların müxtəsər olaraq kimə və kimlərə, müdafiə na­zir­liyini, az qala, qanlı mağaraya döndərənlərə aid olduğu arif oxu­­cuya yaxşıbəllidir.

   «Sizi qınamıram» yığcam, lakonik poemadır. Burada hər mis­ra, hər beyt hədəfə sərrast dəyir. Azərbaycanın hələ xanlıqlar döv­ründəki faciələri, onlardan bizə sovxa kimi mirasqalmış çə­kişmələr, didişmələr, şöhrət, sərvət və vəzifə hərisliyi, bu əsasda baş vermiş fəlakətlər poemada öz parlaq bədii ifadəsini tapmışdır:

 

Dünən xanlıqlara bölünən Vətən

Xırda bəyliklərə bölünür indi.

yaxud:

 

Hərə bir katibə eşqinə düşüb,

Vəzifə davası, maşın davası!

 

   Zəlimxan Yaqubun yaradıcılığındakı böyük keyfiyyət sıç­ra­yı­şının səbəbləri haqqında düşünürəm. Bunlar çoxdur. İlkin səbəb budur ki, Zəlimxanımızın şairliyi fitridir, Allah vergisidir, saz və aşıqlıq üstündə yaranmış qüdrətdir. Otuz ildən bəri könül verdiyi, çalıb-çağırdığı sədəfli sazı Zəlimxanın köksündə bütöv bir orkestr gücünə malikdir. Ona dönə-dönə qulaqasmışam, hər dəfə məni necə ovsunlayıb, sözlə bildirmək çətindir. “Dilqəmi”, “Yanıq Kərə­mi”, “Sarıtel”, “Köhnə gözəlləmə”,“Yurd yeri”, “Mixəyi”, “Zarıncı”, “Məmmədbağırı”, “Baş divani”, “Ağır şərili”, “Orta mü­­xəmməs”, “Kərəm gözəlləməsi”, “Dastanı”, “Cəlili”, “Sul­tanı”... bu saz havalarını misilsiz məharətlə, ilhamla hər dəfə yenidən yaradan, yeni çalarlarını kəşf edən, dinləyicisini heyrət dənizlərinə atan Zəlim­xanı seyr etməyə iki göz gərək. Mən həmişə vaysınmışam ki, aşıq Zəlim­xan öz sənətini, sazını gizlədir. Şair­liyini kölgədə qo­ya­cağından ehtiyat edir. Yaxşı ki, bildir Cənubi Azərbaycan və İran səfərinə çıxanda bunu bacarmadı, Təbriz və Tehran salonlarında sazına meydan verdi və bütöv bir təbliğat or­du­sunun görə bil­mə­yəcəyi işi gördü. Nəyi ki, söz ilə deyə bilmədi, sazla dedi. Onun bu əvəzsiz görüşləri yaxşı ki, Azərbaycan tele­güz­güsünün fono­tekasında, qızıl fondunda qorunub saxlanır. Mən şübhə etmirəm ki, Zəlimxanın Təbrizə, Tehrana səpdiyi toxumlar itməyib, hələ bəhrəsini indən belə verəcək. Bu gün Azərbaycanın vahidliyi, böyüklüyü haqqında sazın dediyindən böyük söz demək çətindir. Böylə yerdə Zəlimxan aşığlığı Zəlimxan şairliyindən daha çevik, daha əlverişli bir qüdrət idi. Yaxşı ki, o, sazını köy­nəkdə qoymadı.

   Zəlimxanımız həm də hafizdir, yaddaş xəzinəsidir. Və çox ma­­raqlıdır ki, o, həm klassikanı əzbər bilir, həm də xalq şeiri üs­lu­bun­da yazıb yaradn ən müxtəlif üslubluşairləri. Və əzbər di­apa­zo­nu gündən-günə genişlənir, zənginləşir. Qurbani, Abbas, Yunus İm­rə, Qaracaoğlan, Ələsgər, Xəstə Qasım, Səməd Vurğun, Şəh­riyar, Osman Sarıvəlli, Hüseyn Arif, Ə.Sabir, M.Füzuli, Nəcib Fazil Qısakürək, Məhmət Akif Ərsoy, Aşıq Veysəl, Aşıq Şenlik, «Koroğlu», «Əsli və Kərəm», «Abbas və Gülgəz» kimi möh­­təşəm abidələr çoxdan Zəlim­xanın könül sərvətinə çevril­mişdir.

   Zəlimxan haqqında bu vaxtacan fikir yürüdən şair, alim və qələm dostlarından Xudu Məmmədli, M.Dilbazi, Yaşar Qarayev, Osman Sarıvəlli, Hüseyn Arif, Bəxtiyar Vahabzadə, Qulu Xəlilli, Camal Mustafa, Nizami Cəfərli, Bəkir Nəbiyev və başqaları onun bu qaynaqlardan necə qüvvət aldığını, ilahi bir şair kimi yetiş­di­yini göstərməyə çalışmışlar. Zəlimxanın «Könlümün səsi» (1980), «Yolum eldən başlanıb» (1981), «Od aldığım ocaqlar» (1986), «Biz bir eşqin butasıyıq» (1989), «Ziyarətin qəbul olsun» (1991) adlı şeir topluları, «Saz», Aşıq Ələsgərə dair «Göyçədən gələn səslər», «Borçalıda qalan izlər», «Yunus İmrə dastanı», «Səs­lərin görüşü» poemaları var. Zəlimxanın indiki yaradıcılığı isə bambaşqadır,möcüzələr do­ğa bilmək mərhələsinə qədəm qoy­muşdur. Yaradıcılığının yeni və yüksək mərhələsi vadar edir ki, onun həyat yolu ilə da­ha ya­xından maraqlanaq. 1950-ci ilin 21 yan­var günü Borçalı mahalı­nın Bolnisi Kəpənəkçi kəndində anadan olmuş,orta məktəbi ora­da bitirmiş, Azərbaycan Dövlət Uni­ver­sitetində təhsilini 1972-ci ildə başa vurmuş, «Azərki­tab»­da, Kitabsevər­lər cəmiyyətində, «Yazıçı» nəşriyyatında çalışmı­ş­dır.

   Onun, ümumən, alovlu natiq, parlaq ictimai xadim kimi gör­dü­yü iş olduqca sanballıdır, əhəmiyyətlidir. Təşkilatçılıq isteda­dı son dərəcə böyükdür. Ələkbər Sabir, Hüseyn Cavid, Mi­ka­yıl Müş­fiq, Şəhriyar, Səməd Vurğun, Aşıq Hüseyn Saraçlı, Hü­seyn Arif, M.Dilbazi kimi sənətkarlarımızın adı, xatirəsi,yu­bileyi ilə bağlı bədii gecələrdə məclisdə od tökən Zəlimxanın çı­xışları çağdaş mədəniyyət və incəsənət tariximizin şanlı yar­paqlarıdır. Mən hələ onun İstanbul, Ankara, İzmir, Bursa, Qars, Ər­zurum, Əs­kişehir, Antalya, Konya şəhərlərindəki, beynəl­xalq görüş­lər­dəki çıxışlarını demirəm. Bu çıxışların hamısında çağ­daş Azər­­baycan ədəbiyyatını və incəsənətinitəmsil edə bi­lə­cək, yüksəldə biləcək qüdrət və gözəllik yaşayır.

   Yaradıcılığının ən bəhrəli, coşğun çağlarını yaşayan Zəlim­xan Yaqub, əlbəttə, inkişaf, sıçrayış və böyüklük qanunlarınıda yaxşı bilir. Böyük şair

 

Qatsın gərək bir-birinə gecəsini, gündüzünü,

Heç bir rəqib olmayanda, ötüb keçsin öz-özünü.

 

 

30 mart 1994-cü il, Bakı.

 

 

  Geri