ƏZİZİM ZƏLİMXAN!
«Aşıq Hüseyn Saraclı dastanı»nın mənə göndərdiyin əlyazmasını get-gedə artan bir maraq və həvəslə oxudum və səni ciddi (həm də prinsipial!) yaradıcılıq uğuru münasibətilə ürəkdən təbrik edirəm.
Mən nə üçün bu əsəri ciddi (və prinsipial!) yaradıcılıq uğuru hesab edirəm?
Çox qısaca, ona görə ki:
1. Azərbaycan ədəbiyyatında şairlərin də, nasirlərin də, hətta sovet dönəmi «oçerk ustaları»nın da bəzən «dastan» adlandırdıqları bir çox nümunələr olmasına baxmayaraq, «dastan» yalnız folklorumuzun janrı olaraq qalırdı. Yazılı ədəbiyyatımızdakı həmin nümunələrin janrının müəlliflər tərəfindən «dastan» kimi müəyyənləşdirilməsi tamam şərti səciyyə daşıyırdı, bəzən də yalançı «xəlqiliyin» ifadəsi olurdu.
Sənin bu əsərin isə, mənə görə, yazılı ədəbiyyatımızda yeni «milli janr»ın yaranmasına səbəb olacaqdır. «Milli janr» ifadəsi, bəlkə də, bir az qəribə səslənir, ancaq bizim mədəniyyətimizin digər sahələrində, misal üçün, musiqimizdə yaranmış «muğam-opera», «qəzəl-romans», «muğam-simfoniya» kimi məhz «milli janr»lar, elə bilrəm ki, bu termini tam mənada əsaslandırır.
Bu baxımdan mən, sənin dastanını ədəbiyyatımızda ciddi hadisə hesab edirəm və şübhə etmirəm ki, sənin açdığın bu cığır ədəbiyyatımızın güclü (və məxsusi!) qollarından birinə, milli faktoruna çevriləcəkdir.
2. «Aşıq Hüseyn Saraclı dastanı» bir daha sübut edir ki, milli ədəbiyyatın zənginliyi onun müxtəlifliyindədir və Azərbaycan ədəbiyyatı bu baxımdan çox əlamətdardır.
Uzağa getməyək, XX əsrin əvvəlləri və Sabir – Hadi – Cavid. Yalnız elə bu adları eşitmək kifayətdir ki, gözümüzün qarşısında tamam müxtəlif, bir-birindən seçilən, rəngarəng, eyni zamanda böyük sənətdən xəbər verən poetik mənzərə yaransın.
Yaxud əsrin ikinci yarısı və misal üçün, Əli Kərim – Hüseyn Arif – Məmməd Araz kimi tamam fərqli bədii-estetik özünüifadə sahibləri. Onların hər birinin bizim poeziyamızda öz fərdi siması vardır, ancaq onlar və onların digər istedadlı həmkarları yanlız bir yerdə, bir bədii-estetik küll halında Azərbaycan poeziyasının simasını müəyyənləşdirir.
Yaxud, elə sənin mənsub olduğun ədəbi nəsil nümayəndələrini götürək: bir tərəfdə sənin poetik özünüifadən, o biri tərəfdə isə, yenə də misal üçün, Ramiz Rövşənin poeziyası, bir başqa tərəfdə Vaqif Bayatlı Önər, o birində Vaqif Bəhmənli, bir başqasında da Adil Mirseyid...
Bu «tərəflər» mənim üçün qətiyyən bir-birinə qarşı deyillər, əksinə, onlar bir-birini tamamlayır və biz müasir poeziyada nə əldə etmişiksə, onu da ortaya qoyur.
3. «Aşıq Hüseyn Saraclı dastanı»nın dili – həm nəsrində, həm də şeirində – mənim içimə, həqiqətən, bir fəxarət gətirdi: nə gözəl, nə incə, nə zəngin dilimiz var!
Bu cəhəti mən xüsusi qeyd edirəm, çünki bu gün ana dilimiz mətbuatda da, televiziya kanallarında da, «bədii ədəbiyyat» adı ilə oxucuya təqdim edilən çoxsaylı maklaturada da elə biyabırçı vəziyyətə salınıb ki, bəzən, özündən asılı olmayaraq, əməlli-başlı səksəkəyə düşürsən, elə həmin biyabırçı vəziyyət səbəbkarlarının təbiri ilə desək, «şok stress» keçirirsən: dil əldən gedir!..
Ancaq «Aşıq Hüseyn Saraclı dastanı» kimi əsərləri oxuyandan sonra təsginlik tapırsan: bizim elə bir dilimiz var ki, heç zaman «əldən gedə»bilməz, heç bir qüvvə, heç bir naşı qələmi və kəlməsi onu sarsıda bilməz.
Sənin sənətkar qələmin dilimizin qadirliyini yanlız əyani şəkildə göstərmir, həm də bu qadirliyi sübut edir və içimizdəki həmin ağır «səksəkə» hissiyatını dağıdır. Əsərin dilindəki zəngin lüğət tərkibi, sintaksisin təbiiliyi, sözlərin hər bir çalarından yerində və dəqiq istifadə etmək bacarığı, onların obrazlaşdırılması və bütün bunlarla bərabər bədii təsvir vasitələrinin estetik siqlət sanbalı «Aşıq Hüseyn Saraclı dastanı»nın və ümumiyyətlə, müasir ədəbiyyatımızın çox ciddi nailiyyətidir.
4. «Aşıq Hüseyn Saraclı dastanı»nda folklordan birbaşa sitatlar yoxdur, ancaq mən bu əsərdə həqiqi mənada folklorla nəfəs almaq hadisəsi müşahidə etdim.
Folklorla nəfəs almaq – mənim aləmimdə xalqın güzəranına, məişətinə, etnoqrafiyasına dərindən bələd olmaq və bunları öz içində yaşatmaq, həmin xalqın dilini, psixologiyasını ən incə məqamlarına, ən zərif çalarlarınacan mənimsəmək, hiss etmək deməkdir.
Bu, «Aşıq Hüseyn Saraclı dastanı»nın elə bir xüsusiyyətidir ki, onu kitab, elm, nəzəriyyə vasitəsilə əldə etmək mümkün deyil, o, necə deyərlər, qanla gəlməlidir, çünki yanlız bu zaman fərdi istedadın təbii tərkib hissəsinə, üzvi bir atributuna (genetik atributuna!) çevrilə bilər.
Eyni zamanda, bu dastan folklorumuzun yaradıcılıq axtarışları üçün nə qədər münbit bir zəmin yaratdığını da bir daha açıq-aşkar göstərməkdədir və bu cəhət də, elə bilirəm ki, sənin «Dastan»ının (tədqiqat əsərinin yox, bədii əsərin!) yaratdığı əhəmiyyfətli qənaətlərdən biridir.
Qısaca, bu qədər.
Səni, əziz qələm dostum Zəlimxan, yeni ilə yeni yaradıcılıq qələbəsi ilə qədəm qoymağın münasibətilə bir daha ürəkdən təbrik edirəm. Hörmətlə,
ELÇİN
6 yanvar 2007-ci il, Bakı.
|