Xəbərlər Boigrafiya Haqqında Yaradıcılığı Qalereya Qonaq dəfətəri Əlaqə

   AĞSAQQAL UŞAQ


Mövlud SÜLEYMANLI,

Xalq yazıçısı 

 

AĞSAQQAL UŞAQ

 

   Təxminən 30 il bundan qabaq hörmət etdiyim kənd adam­la­rından biri Zəlimxan haqqında dedi: “Ağsaqqal uşaqdı... “

   Yadımdadı, düşüncəmdə qəribə hisslər dolaşdı... Qədim uşaqdı, yəqin ona görə belə deyirlər.

   Qədim uşaq ... yəni yaşından qat-qat yaşlı görükən, üzü-gözü dərdə, ağrıya tanış olan, uşaq üçün çətin də olsa susmağı bacaran, daha çox böyüklər məclisinə can atan, çox-çox qədimlərin və son­­raların olan-qalan mərifətini-hörmətini yaşadan uşaq – Adam.

    Əslində bütün gözəl keyfiyyətlər, hətta şairlik də mənadan başlayır: bu uşağın ağsaqqal olmasından. Çox şeylər ondan sonra gəlir.

   Elə yaranışından “agsaqqal” olmasına görədir ki, Zəlimxan han­sı ucalıqda olursa-olsun dəyişmir, yəni o qədər təbii adamdır ki, heç bir qüvvə onu dəyişdirə bilmir.

   Yaşa­dıgımız cəmiyyətdə bu cür adamların, – ağsaqqal adam­ların sayı az olsa da təsir dairələri güclüdür... Bütün bölgələrimizə aid olan bu adamlar əslində bizim tərbiyə məktəblərimizi təmin edirlər. Onlara qarşı ətraf mühitin cığallıqlarını da təbii sayıram, çün­ki, bayaq dediyim ucalıqları hər adam yaxşı görə bilmir. Gör­mək üçün mütləq “ağsaqqal” olmaq lazım gəlir.

   Zəlimxanın şeirləri haqqında danışmaq başqa mövzudur. Sa­də­cə bir şeyi deyim: onun yaradıcılığı mənim türkcəmin çox doğ­ma sözlərindən, duyğularından hörülüb ki, bu duyguların, söz­lərin minlərlə yaşı var... Min illiklərin də ruhunu ifadə eyləyir.

  Hər şey bir yana, onun Ana sazımızı alıb oymaq-oymaq, el-el gəz­məyi, dərdlərimizi oxumağı bizim təzələnməyimizdir və istər-istəməz bizi yaşayıb unutmaqda olduğumuz keçmişlərə bağ­layır. Amma çox təəssüflər olsun ki, bunu biz bilmirik, daha doğ­rusu anlamırıq. Bu dediklərimə inanmaq istəyirsinizsə Güney Azər­baycanımıza səfəriylə, orda keçirtdiyi görüşlərilə tanış olun. “Təbriz gözəlləməsi” adıyla Dövlət Televiziyasında göstərilib. Mən də bu səfəri bir zamanlar belə mənalandırırdım.

   “Zəlimxan Yaqub Güneydə orduların görə bilməyəcəyi işi gördü“.

  Belə... Son olaraq onu deyim ki, millət üçün, fərqi yox, uşaq-böyük, birinci növbədə “ağsaqqal” olmaq lazımdı. Hərə öz gü­cünü hiss edib, bütün cığallıqlardan, oyunlardan uzaq iş gör­mə­­lidir. Ona görə ki, ağsaqqalsız xalq, elə xalq olaraq qalır... Biz­sə böyük millətlər sırasına çıxmalıyıq...

   Bu şərəfli yol yalançı hay-küylərdən uzaq görüləcək işlərdən keçir.

   Qardaşım, dostum Zəlimxana 50 yaşı münasibətilə cansağlığı, uğurlar arzulayıram.

   Bizim kəndlərimiz ayrı, yaylaqlarımız bir olub. Onun sazında, sözündə mən həmişə yaylaqlarımızı hiss etmişəm, yaşamışam, qəribsəmişəm, sevinmişəm. Zəlimxanın və mənim oxucularıma sağlıqlar diləyərəkdən.

 

 

 

  Geri