Xəbərlər Boigrafiya Haqqında Yaradıcılığı Qalereya Qonaq dəfətəri Əlaqə

   LİRİK POEZİYANIN EPİK LƏNGƏRİ

 

Səlahəddin XƏLİLOV,

Azərbaycan MEA-nın müxbir üzvü

 

LİRİK POEZİYANIN EPİK LƏNGƏRİ

Ozan fenomeni və milli özünüdərk

 

   Milli özünüdərkin ən mühüm vasitələrindən biri şifahi xalq ədə­biyyatına və klassik poeziyaya qayıdışdır. Əlbəttə, milli məni dərk etmək üçün keçmişə qayıtmaq yeganə yol deyildir. Daha doğ­rusu, müasir milli mən, heç şübhəsiz, keçmişdəkindən xeyli fərq­lidir. O, keçmiş tarixi mərhələlərdəki milli məni genetik ola­raq özündə saxlayan, lakin həm də yeni dövrün acılı-şirinli töh­fə­lə­rini ehtiva edən bütöv mədəni-mənəvi bir sistemdir. Lakin iti­rilmiş, unudulmuş mənəvi dəyərlər də var. Ona görə də, bu gün həm də milli köklərə qayıdışdan söhbət gedir. Milli köklərimizindər­kinə xidmət edən ən qədim mənbələr “Dədə Qorqud”dan bəri şi­fahi xalq yaradıcılığıdır; ozanların, aşıqların tərənnüm etdiyi mə­nəvi dəyərlərdir. Ozan bir tərəfdən müəllifdir, o biri tərəfdən xalqın özüdür, daha döğrusu, ümumxalq təfəkkürünün, xalqın dü­şüncə tərzinin rəmziləşmiş ifadəçisidir. Burada lap qə­dim­­lər­dən gələn morfoloji təfəkkürün də elementləri hələ yaşa­maqdadır. Burada müəllif-ifaçı özünü vəsf etdiyi təbiətdən və xal­qdan ayır­mır. Qədimlərimizə xas olan bu daxili bütövlük, xalq­la, təbiətlə üzvi vəhdət müasirimiz olan Zəlimxan Yaqubun tim­salında yeni həyatını yaşayır. Bu gün çox az adam tapıla bilər ki, milli tarixi mənin çağdaş müstəviyə gətirilməsi sahəsində Zəlim­xanla mü­qayisə oluna bilsin.

   Hərdən mənə elə gəlir ki, Zəlimxan Yaqubun yazdıqları onun özününkü deyil, xalq yaradıcılığıdır, Zəlimxan isə ancaq ifaçıdır. Görünür, o bizimlə milli-mənəvi dəyərlərimiz arasında, bu günlə keçmişimiz arasında sadəcə vasitəci olur. Yeni dövrün ozanı Zəlimxan şifahi ədəbiyyatla yanaşı, yazılı poeziyamızı da əvvəlcə öz fenomenal hafızəsində, sonra isə şair mənində ehtiva edir. Müasir dövrdə xalqımızın bədii təfəkkürü və hətta mentaliteti daha ancaq Qorqudlu, Koroğlulu, Ələsgərli dünya ilə deyil, həm də Füzulili, Vaqifli, Vurğunlu bir dünya ilə müəyyən olur. Zəlimxan burada da vəhdət missiyasını üzərinə götürür, şifahi və yazılı ədəbiyyatımızı vahid kontekstə, bununla həm də çağdaş dərd­lərimiz və sevinclərimiz kontekstinə salır.

 

   Nəzmə çəkilmiş poeziya tarixi

 

   Zəlimxan Yaqubun yaradıcılığı elə bil ki, şeirlə yazılmış milli poeziya tarixidir.

Biz klassik poeziyanı oxuyarkən həmin əsərlərin yazıldığı dövrə qayıdırıq və bu əsərləri əsasən sənətkarlıq baxımından qiy­mət­ləndirir, onları bədii-estetik bir hadisə kimi mənimsəyirik. On­lar bu gün bizim yaşadıgımız həyatdan nə isə fərqli bir hadisə ki­mi qəbul olunur. Klassik poeziyanı bu günün problemləri, hiss və həyəcanları kontekstində qavramaq ancaq tək-tək oxuculara mü­yəssər olur. Belə bir körpünün peşəkar səviyyədə atılması adə­tən ədəbi tənqidin üzərinə düşür. Tənqidçilər hər bir dövrdə klas­sikaya müraciət edərək onu “müasirləşdirmək” missiyasını da öz üzərinə götürürlər, daha doğrusu, götürməlidirlər. Lakin çox vaxt yenə də həmin əsərlərə ancaq keçmiş dövrün kontekstində ya­naşılır və onlar ancaq bədii-estetik müstəvidə nəzərdən keçi­ri­lir. Nəticədə tənqid ədəbiyyat tarixindən çox az fərqlənmiş olur. Biz ədəbi tənqidin tarixi müasirləşdirmək, müxtəlif dövrlərdə ya­zıl­mış sənət əsərlərini bu gün zaman müstəvisinə gətirmək funk­siyasını xüsusi qeyd etməklə yanaşı, bu gün həmin vəzifənin daha bir yolla yerinə yetirilməsi imkanının şahidi oluruq.

   Zəlimxan Yaqub müasir Azərbaycanın öz milli-mədəni kök­lərinə qayıdışını təmin etmək üçün onunla tarixi keçmişimizə sə­ya­hətə çıxmır, əksinə, tariximizi çağdaş həyatımızın iştirakçısı et­məyə çalışır. Füzuli daha Leyli həsrətinə deyil, müasir ictimai gerçəkliyimizin dərd-sərinə ağlayır. Dədə Qorqud, Xətai, Koroğlu öz hikmət, qeyrət və qəhrəmanlıq örnəyi ilə bugünkü azərbay­can­lının köməyinə gəlir.

   Şair ədəbiyyat tariximizin abad yolları ilə Dədə Qorquddan Dədə Şəmşirə doğru getmir (bu yol yolasalanlar üçün yox, yol keçənlər üçündür). Zəlimxan Yaqub Dədə Şəmşirdən Dədə Qor­qu­da doğru gedir. Gedir və geri qayıdanda artıq öz saldığı yol­la – tarixlə müasirliyin vəhdəti ilə işıqlanan yeni bir yolla qa­yı­dır. Poeziya tarixinin dərinliyinə baş vurub yenidən bu günün ger­çək­liyinə dönür. Həm də əliboş dönmür; dərinliyin hər qatında özü ilə bir mirvari, bir inci gətirir – şeir-sənət incisi. O, dünyaya ye­ni doğulan uşaq maragı ilə qədəm qoyur, lakin ədəbiyyat dün­ya­­sına səyahətə çıxıb söz sənətinin dərinliklərinə baş vurduqdan son­ra yenidən çağdaş zamana qayıdanda ulu ozanların çiynində gəlir:

 

Sinəmdə türkün sazı,

Dilimdə dastan gəldim.

 

   Bu səyahətdə o, Müşviq ilhamından maya alır, Yunis İmrə bu­la­ğında saflaşır, Nizamidən hikmət, Füzulidən heyrət, Sabirdən qey­rət götürür, şeir-sənət meydanına “sözün Qıratı”nın belində yaraqlı-yasaqlı girir.

   Zəlimxan bu səyahətdə uluların qəlbi ilə duymağı, təbiətin mu­siqisini dinləməyi öyrənir. Zəlimxan çağdaş həyatımızı, in­san­ları, təbiəti təkcə öz nöqteyi-nəzərində deyil, həm də böyük ozan­larımızın bədii yaradıcılıqprizmasından görür. Təbiət özü ozan­laşır, şairləşir, Zəlimxana ilham verir. Və əksinə, Zəlimxan da ozanların köməyi ilə təbiətin dilini öyrənir, təbiətləşir:

 

Suya döndüm, içildim,

Yola döndüm, keçildim,

Gülə döndüm, açıldım

Oldum gülüstan, gəldim.

 

   Zəlimxan poeziyanın tarix dəryasına damla kimi daxil olur, la­kin damla olaraq qalmır, dəryaya qatılaraq onu özəlləşdirir, dər­ya­laşır, dənizləşir. Çünki vardığı yolun siqlətini gözəl bilir:

 

 

Sənin yolun hikmət yolu, sirr yolu,

Ərən yolu, ustad yolu, pir yolu.

 

   Zəlimxanın saldığı yol sinkretik yoldur. Bu yolda milli poezi­yamızın “dəbdən düşmüş”,  tarixdə qalmış bütün şeir formaları yenidən cana gəlir, müasirləşir.

   Şair keçmişimizin bədiiləşmiş al-əlvan obrazları ilə bu günün boz, nasiranə həqiqətlərini eyni bir tabloda çəkir və ikinciləri də bi­rin­cilərin bədii biçiminə salır (forma ənənəvi, məzmun yeni). Min illərdən gələn poetik ənənələr bu günün gerçəkliyinə sarı­la­raq onu öz ağuşuna alır. Zəlimxan bu gün onsuz da yaşayanlara yeni rəngli, yeni çalarlı ikinci həyat verməklə yanaşı, tarixin kün­cündə qalmış, atılmış, unudulmuş həqiqətləri yenidən həyat səh­nə­­sinə qaytarır:

 

Mayalar təzədən tutulmalıdı,

Xəmrələr təzədən yoğrulmalıdı.

Ölmüş əqidələr, itmiş inamlar,

Haqqın əllərilə dogrulmalıdı.

 

   Həm də bu sözlər təkcə ədəbiyyat tariximizə deyil, ümu­miy­yətlə bütün milli tariximizə xitabən deyilir.

   Əslində Zəlimxan  Yaqub poeziyası tək Zəlimxanın deyil; po­eziyada Yunis İmrə yaşayır, aşıq Ələsgər yaşayır, Səməd Vur­ğun yaşayır. ZəlimxanYaqub bu böyük klassiklərin sadəcə za­man­ca davamçısı olmayıb, müəyyən mənada onların sintezidir, vəhdət halında bu günə qayıdışıdır:

 

Füzulidən süzüldüm,

Axdım Yunisdən gəldim.

 

    Təbiiliyin müdrikliyi

 

    Zəlimxan Yaqub təkcə formanı yaşatmır, həm də milli poetik fəlsəfı ənənələrin davamçısı kimi çıxış edir.

   “Mən tələsmirəm”in fəlsəfəsı “Məni tələsdirmə”də davam etdirilir. “Vaxtı zərrə-zərrə bölən” şair hər zərrədə bir aləm görür. Hər anın, hər məqamın öz gözəlliyini, sonsuzluğunu, əbədiyyətini doyunca duymaq ehtirası ilə yanaşı, duyduqlarını öz mənində yaşatmaq istəyi yaranır. Milli dəyərlərimizi (Zəlimxan Yaqubda milli dəyərlə təbii sərvət vəhdətdədir) qorumaq və hələ vaxt var ikən yetərincə istifadə etmək (praqmatikliyin vəhdəti – bədii pozitivizm) istəyi yaranır.

   “Məni tələstirmə”də şair dünya ilə estetik təması ön plana çə­kir. Zamanın mənası təbiətin ahənginə daha çox uygun­laş­maqda görülür. Zaman keçdikcə insan təbiətdən uzaqlaşmır, tə­bi­ətə qo­vu­şur. Mənəvi paklaşmanın yolu təbiətin bakirəliyindən keçir.

   Onu tələsdirməsinlər, çünki əlində görüləsi işləri var, yoxsa gec olacaq:

 

Bu çiçəyin qədrini bil,

Solub getsə gec olacaq.

Qara yellər ağ gülləri

Yonub getsə gec olacaq.

 

   Zahirən təbiətə ünvanlanmış bu sözlər əslində insan həyatına aiddir. Ağ günlərin qədrini bilmək, ondan maksimum səmərəli is­tifadə etmək lazımdır. Ağ günlər kef çəkmək üçün deyil, iş görmək üçündür. Qara günlər gələndə artıq gec  olacaq.   “Ağ günlər”   “ağ güllərə”,  “qara günlər”  “qara yellərə” çevriləndə adi bir didaktika dönüb fəlsəfı poeziya nümunəsi olur...

   Elm gerçəkliyin məntiqi təfəkkürlə vasitələnmiş inikasıdır. Sənət isə V.Q. Belinskinin dediyi kimi, varlığın vasitəsiz ifadə olunmasına, həqiqətin bilavasitə təzahürünə imkan verir. Sənət növləri içərisində bilavasitəlik ən çox təsviri sənətə, musiqiyə xasdır. Çünki onlar sözlə, anlayışla, təfəkkürlə vasitələnmir. Duyğular öz rəngində və öz səsində – həqiqətdə olduğu kimi üzə çıxmağa çalışır (baxmayaraq ki, əslində burada vasitələnmə labüddür).

   Poeziya isə, bir tərəfdən, duygudan çıxış etməklə və bir sənət olaraq bilavasitə duyum iddiasındadır, digər tərəfdən isə söz­lərdən (və deməli anlayışlardan) istifadə etməklə sənətin fövqünə qalx­maq, “fikirləşmək” iddiasındadır. Fikir və duyğunun vəhdəti isə fəlsəfəyə aparır. Ona görə də, poeziya haradasa sənətlə fəlsəfə ara­sındadır. Aristotelin dediyinə görə, poeziya fəlsəfəyə hətta tari­xdən daha yaxındır.

   Hər bir şair yaradıcı təxəyyülü sənətdən fəlsəfəyə gedən yolun mü­əyyən məsafəsində lövbər salır və bu göstərici onun po­ezi­ya­sı­nın mühüm səciyyələrindən biri sayılır.

   Zəlimxan Yaqub nə xalis duyğuda, nə xalis fikirdə dayanır. O, ümu­miyyətlə, heç yerdə lövbər salmır – daim hərəkət edir. Duyğu ilə zəka, rəssamlıq və filosofluq arasındakı böyük məkanda sözün Qıratını dördnala çapır.

   Hiss o qədər güclüdür ki, bilavasitəlik o dərəcədə açıq-aşkar gö­­rünür ki, burada mücərrədlik, məntiq, rasional düşüncə əla­mət­lə­ri axtarmaq adamın heç ağlına da gəlmir. Fikirçiliyə, fəl­sə­fə­çi­li­­yə şair özü təşəbbüs göstərmir. Və istəsə də, istəməsə də, bilə­rək­dənmi, yoxsa sövq-təbii olaraqmı – həmişə fikrin fövqündə da­­yanır. Şeirdə forma o qədər kamildir ki, təbiətin, canlı həyatın, re­al mənəvi proseslərin daxili ahəngi bu forma ilə qayna­yıb-qa­rı­şır; forma məzmunda, məzmun formada itir. Şairin duy­ğu­­su, il­ha­mı ifadə etdiyi, təsvir etdiyi, qələmə aldığı səhnəyə can verir, onu pərvazlandırır. Şair səhnədən çəkilir, oxucu təbiətlə, ic­­timai hə­yatla, sosial-mənəvi problemlərlə təkbətək qalır; həyat­da­kı tə­bəddülatlar oxucunun iztirab və sarsıntıları kimi, həyatdakı ahəng, harmoniya, oxucunun sevinci və nikbin ruhu kimi təzahür edir.

 

Zəlimxan rəssamdır

 

   Zəlimxanın sazla, sözlə baglılığı hamıya məlumdur. Diqqətlə təhlil etdikdə məlum olur ki, Zəlimxan həm də rəssamdır, “danı­şığı təbiətin dilidi”. Lakin o, sadəcə təbiət mənzərələrini təsvir et­mir. O, şəkillərini mənəviyyat müstəvisində çəkir, sosial-mə­nə­vi mən­zərələrin rəngli tablosunu yaradır. Və bu tablolara hərəkət im­pulsu verir. Ona görə də, bu şəkillər sürət qatarının pən­cə­rə­sin­dən görünən mənzərələri xatırladır. Təəssürat məqamları za­man oxuna düzülərək böyük miqyaslı, ağır ləngərli mənəvi təka­mül eposuna çevrilir.

   Bəli, Zəlimxan rəssamdır, özü də rəssamların çəkə bilmə­dik­lə­rini çəkir. Məsələn, baharın bir-birindən gözəl əlamətləri var. Dü­­şünürsən ki, bütün dövrlərdə böyük şairlərin, ustad aşıqların diq­qət mərkəzində olan bu mövzuda yeni sözmü demək olar? Lakin Zəlimxan deyir, özü də gör necə deyir:

 

Açılıb dağların çatılan qaşı,

Sevincdən süzülür gözümün yaşı.

 

    Poeziya dünyasında buna bənzər nə qədər deyimlər olub. Ada­ma lap tanış gəlir. Lakin Zəlimxanın deyimi bənzərlər içində bən­­zər­sizlikdir – klassik deyimdir. Həm də Zəlimxan Yaqub ya­ra­dıcılığında neçə-neçə belə klassik nümunələr var. Sayın çoxluğu hər­dən adamı çaşdırır. Elə bil ki, unikallıq itir, hər şey adiləşir... Çün­ki Zəlimxan öz incilərini boz səhrada təqdim etmir, Azər­baycan poeziyasının zəngin söz xəzinəsi fonunda meydana çı­xarır. Zəlimxan Yaqub öz poetik simfoniyasına Qurbani, Ələsgər, Vurğun notları da salır. Şair orijinal görünmək xatirinə bunlardan qaçmır. Əksinə, babalarımızdan qalmış poetik üslubları dir­çəltməyə, onlara yeni həyat verməyə çalışır. “Dağ seli” də, “boynu bükük bənövşə” də ən çox işlənən obrazlardır. Lakin bu ənənəvi obrazlar insanın, şairin təzadlı mənəvi durumları kimi təqdim olunduqda yeniləşir, ənənəvi ədəbiyyata yeni rolda – şair obrazı kimi qayıdır:

 

Kövrələndə boynu bükük bənövşə,

Kükrəyəndə dağ selinə bənzəyir.

 

   Bəli, şair “dağ seli tək kükrəyir”. Şerin axıcılığı hadisələr ara­sındakı sərhədləri götürür, zaman və məkan konturlarını silir, bü­töv, kəsilməz, ucu-bucagı olmayan dünya obrazı (dünya – mə­nə­viyyat dəryası) hər şeyi öz bütöv ahənginə uygunlaşdırır. Və şair özü ucsuz-bucaqsız “söz dəryasının dalğası”na çevrilir.

   Zəlimxan Yaqub poeziyasında nəinki hadisələr, bütövlükdə mad­di dünya ilə mənəvi dünya arasındakı sərhəd götürülür. Ha­di­sələr arxasından mahiyyətlər ön plana çıxır. Zəlimxanın vəsf et­­diyi və dalğasına çevrildiyi poetik dərya hadisələr xaosu deyil, ahəngdar bir sistemdir.

   Bəli, Zəlimxan poeziyasında zaman və məkan müəyyənliyi yox­­dur. Şairin müraciət etdiyi istənilən obraz, istənilən hadisə ümu­miləşir, ucu-bucağı olmayan, heç nə ilə məhdudlaşmayan bö­­yük mənəviyyat dənizinin kontekstinə daxil olur. Bununla da, Zəlimxan poeziyası gerçəkliyin bilavasitə inikası üçünşərt olan konk­retlikdən, onun qoyduğu ölçü məhdudiyyətindən xilas olur. “ölçülərimizi ölçə bilməz ölçülər”, - deyən şair bütün yaradıcılığı boyu bu ideyaya sadiq qalır. Bədii yaradıcılığın iki müxtəlif qütbü olan rəssamlıq və filosofluq məqamlarını birləşdirmək də məhz öl­çüdən yaxa qurtarmaq hesabına mümkün olur.

   Zəlimxan poeziyasında bir daxili vəhdət, bütövlük var. Lakin ona damlalardan təşkil olunmuş bir dərya kimi baxmaq olmaz. Bu­rada, ümumiyyətlə, damlalar yoxdur. Hər şeir, hər bayatı, hər təc­nis – hərəsi bir dəryadır. Biz vahid dəryanın hər dəfə müxtəlif ça­larları, təzahürləri ilə rastlaşırıq. “Əsl sənət əsərində ayrı-ayrı gözəlliklər yoxdur. Ancaq tamın gözəlliyi var”. (F. Şellinq).

   Zəlimxan yaradıcılığının, onun poetik məninin qiymətini heç kim onun özü kimi dəqiq və canlı verə bilməz. Bunun üçün Zəlimxanın Yunus İmrə haqqında yazdıqlarını onun özünə aid etmək kifayətdir.

   Zəlimxan, “mənəvi mərtəbələrdən hansına yüksəldimsə, bu türkmən qocası Yunis qarşıma çıxdı”, - deyən Mövlanaya həsəd aparır: “Nə olar ki, bir dəfə mənim də qarşıma çıx”, - deyir. Lakin şa­irin yarım əsrlik ömür yoluna nəzər salıb qətiyyətlə demək olar: Əzi­zim Zəlimxan, mənəvi mərtəbələrdən ən azı birində – söz sa­rayında qoca Yunis artıq çoxdan sənin qarşına çıxıb və sənə xeyir-dua veribdir.

   Bəli, Zəlimxan Yaqub Yunis İmrədən başlanan yolu bu gün ləyaqətlə davam etdirir. Bu yol Vaqifdən, Ələsgərdən, Vur­ğun­dan, Şəhriyardan keçir. Estafet indi Zəlimxanındır.

 

 

 

 

 

  Geri