Nizami CƏFƏROV,
Millət vəkili, Azərbaycan MEA-nın müxbir üzvü
BÖYÜK ŞAİRLƏR
PEYĞƏMBƏRLƏRDƏN SONRA GƏLİR
Azərbaycan poeziyasının geniş səmasında bir ildırım çaxdı, bir Günəş parladı... Gur səsi, ətrafı bir anda nura qərq edən poetik enerjisi ilə şeiri geniş meydanlara, böyük auditoriyalara çıxardı... Və öz içinə qapılmış, fərdi hisslərin məhbusuna çevrilməkdə olan ədəbiyyatı dar sinələrin məhbəsindən qurtararaq minlərin, milyonların mənəvi istifadəsinə verdi. O, yalnız “öz şeri”ni yazıb-oxumaqla kifayətlənmədi, nə qədər böyük istedad sahibi olsa da, yalnız özündən demədi, Azərbaycan xalqının “Dədə Qorqud”dan, Nizamidən, Füzulidən, “Koroğlu”dan, Vaqifdən, Aşıq Ələsgərdən, Səməd Vurğundan, Şəhriyardan... başlayan tükənməz poetik istedadına yiyə durdu və ustadları özündə ehtiva etdiyinə görə özü də ustadlaşdı. Şifahi ədəbiyyatla yazılı ədəbiyyatı, coşğun, emosional duyğularla fəlsəfi təmkini, fərdi hisslərlə ictimai maraqları, keçmişlə bugünü və gələcəyi ədəbi fəaliyyətində elə birləşdirdi ki, şairləri müxtəlif məktəblərə, cərəyanlara, hətta “dəstə”lərə bölməklə onların dəyərini müəyyənləşdirməyə öyrəşmiş ədəbi tənqid Zəlimxan Yaqub fenomeni qarşısında mat qaldı. Azərbaycən poezlyasının ən dərin qatlarından gələn, zaman-zaman meydana çıxmış müxtəlif “poetik təriqətlər”dən, “bədii sapmalar”dan yüksəkdə dayanan, “xalq ruhu”nu dədə malı kimi qürurla daşımağı bacaran böyük şair Azərbaycan ədəbi-bədii düşüncəsinin, estetik fikrinin qarşısında yeni bir meydan açdı, “ədəbiyyat budur, poeziya bundan ibarətdir!” dedi...
Zəlimxan Yaqub Azərbaycan ədəbi-ictimai mühitinə ədəbiyyatşünaslıq moizələri, nəzəri mülahizələri ilə deyil, özünün yaradıcılıq imkanları ilə sübut etdi ki, aşıq sənəti, saz şairlərinin poetik texnologiyası bugünün Azərbaycan insanının ovqatını ifadə etmək üçün çox böyük potensiala malikdir. Ədəbi “modernistlər”in 30-cu illərdə olduğu kimi, 70-ci, 80-ci illərdə, hətta bizim günlərdə də xalq, o cümlədən aşıq şeirini “ömrünü sona çatdırmış” hadisə saydıqları zaman Zəlimxan Yaqubun gur səsi böyük sənətin həndəvərində dolanan dedi-qoduçuların səsini batırdı, onun sağlam istedadı cəmiyyətin ideya-məslək axtarışlarında olduğu bir dövrdə sənətin ideyasızlıq, məsləksizlik girdabına yuvarlanmasına, zövqsüzlük yaymasına imkan vermədi. Küncdə-bucaqda onun yaradıcılığına dodaq büzənlər gec-tez anlamağa başladılar ki, Zəlimxan Yaqub bu dünyaya xüsusi missiya ilə gəlib: onun vəzifəsi böyük sənətin mövqeyində dayanaraq böyük idealları təsdiq və tərənnüm etməkdən, xalqla dövlət arasında əsrlər boyu ehtiyacduyulan harmoniyanın yaranmasına sənətkar-mütəfəkkir xidmətini göstərməkdən ibarətdir.
Xalqın ictimai-siyasi enerjisinin milli dövlət quruculuğu kimi müqəddəs (və tarixi!) bir işə sərf olunduğu bizim günlərdə disharmoniya, hərc-mərclik təbliğ edən qrup-partiya mənafeləri mövqeyində dayanaraq qeyri-real, gerçəklikdən uzaq düşüncələrlə, xülyalarla yaşayan ədəbiyyat (və ədəbiyyat adamı!) yalnız antimilli, antiictimai deyil, həm də antitarixidir. Milli dövlət quruculuğu təkcə iqtisadi, siyasi-ideoloji bir proses yox, eyni zamanda çox böyük mənəvi-ideoloji, mədəni prosesdir. Və həmin prosesdəbilavasitə iştirak etməli olan yazıçı ondan kənarda dayanırsa, “mən siyasətə qarışmıram” deyirsə, o, fəraridir; sözünü açıq deməyib, gah nala, gah mıxa vurursa, o, təxribatçıdır...
Zəlimxan Yaqub xalqın milli-demokratik dövlətçilik hisslərinin, duyğularının və intellektinin ifadəçisidir. Zəlimxan Yaqub yaradıcılığı böyük sənətin əbədi qanunlarına uyğun gələn, ədəbi tələblərinə cavab verən bir yaradıcılıqdır... Yalnız ideya-məslək aydınlığı, ifadə-poetexnologiya təbiiliyi, ənənə ilə novatorluğun, genotip ümumiliyi ilə üslub özünəməxsusluğunun qarşılıqlı əlaqəsi, üzvi harmoniyası olan yerdə böyük sənətdən söhbət gedə bilər. Zəlimxan Yaqub yaradıcılığının həmin keyfiyyətlərə malik olduğunu yalnız ədəbi təxribatçılar ınkar edə bilərlər.
Mən həmişə bu fikirdə olmuşam ki, ən mükəmməl, ən çox yaşamağa qadir, ən əxlaqlı ədəbiyyat “camaat içinə çıxmağa üzü olan” ədəbiyyatdır. Kim deyirsə ki, o, “tənhalığın ədəbiyyatı”nı yaradır, kim deyirsə ki, onun əsərləri “pıçıltı ilə oxunmaq üçün” yazılıb, kim deyirsə ki, “şeirin mənası şairin qarnındadır”, ondan nə Nizami, nə Füzuli, nə Vaqif olmaz... Böyük ədəbiyyat böyük mətləblərin kəşfi və izharıdır!.. Böyük şairlər cadugərlərdən, falabaxanlardan, münəccimlərdən sonra deyil, məhz peyğəmbərlərdən sonra gəlirlər...
Cadugərlər, falabaxanlar, münəccimlər fərdin maraqlarına uyğun hərəkət etdikləri, bir nəfərin istəklərinin təminatçısı olduqları halda, peyğəmbərlər bütövlükdə cəmiyyətin xoşbəxtliyi, mənəvi-ruhi intibahı üçün çalışırlar. Böyük şairlər də belədir... Onlar da peyğəmbərlər kimi özlərində bütövlükdə cəmiyyəti, xalqı ifadə etməkdən, onun genişmiqyaslı, çoxspektrli emosiyalarının tərcümanı olmaqdan tükənməz ləzzət duyurtar. Və böyük şairtərin də ürəyi peyğəmbərlərin ürəyı qədər geniş, hissləri peyğəmbərlərin hissləri qədər müqəddəs olur.
Mən qətiyyən şübhə etmirəm ki, Zəlimxan Yaqub Azərbaycanın, ümumən türk dünyasının dünyaya bəxş etdiyi o böyük şairlərdəndir ki, onun yaradıcılığının cövhərində, mayasında ilahi istedadın enerjisi, Tanrıdan gələn güc, qüdrət var, əgər belə olmasaydı o, Zəlimxan Yaqub olmazdı!..
“Şərq” qəzeti, 1 mart 2005-ci il.
|