Xəbərlər Boigrafiya Haqqında Yaradıcılığı Qalereya Qonaq dəfətəri Əlaqə

   «BU YAŞIL AĞACIN ALTI BİZİMDİR»

 

Pənah XƏLİLOV,

Professor

 

ZƏLİMXAN YAQUB - 50:

«BU YAŞIL AĞACIN ALTI BİZİMDİR» (2000-ci il)

 

Haray sazı, ün sazı,

Ömür sazı, gün sazı,

Sinəmdə türkün sazı,

Dilimdə dastan gəldim.

                                                       («Saz» şeirindən)

 

    Xoş gəlib, səfa gətirmisən sazlı, sözlü, dastanlı şairimiz! Heca vəzninin sanki «qalıblaşmış» ölçüləri çərçivəsində şeirimizə nə qədər çalarlar gətirmisən hünərli şairimiz! Hecada hər ustadımızın özünün nəfəsi, özünün söz söyləmək, misra qurmaq, bənd hörmək fərqi o qədər bənzərsiz olur ki, sayı çox olmayan şeir janrlarımız onları qəlibə sala bilmir. Orada sözlərin hərəsi al-əlvan çiçəkli çə­mənlikdəki rəngbərəngliyə bənzəyir, göz oxşayır, gözümüzü alacalandırır. Saz da beləcədir. Üçtelli cürə saz ustadlarımızın kəş­fi ilə çoxsimli saza dönüb, istəyəndə orkestr kimi gur səslənir, is­tə­yəndə qoşa sim üstündəcə dayanır, tazyananı simə toxun­dur­maq, simlər üçtündə gəzdirmək, pərdələrə barmaq basmaq özü­nə­­məxsusluğuna görə eyni saz ayrı-ayrı aşığın sinəsində sanki başqa-başqa çalğı alətinə dönür.

   Sözümün başına keçirdiyim «Saz» şeirinin bəndində saz haq­qın­da çalarlı bədii deyimlərin söz oyunu deyil, əzizim, doğru eti­rafdır: saz Koroğlu cəngisində haraydır, lələsi ilə birgə dağ ke­çi­dinin tarına düşmüş Qəribin əlində ündür; saz asıldığı divarda toz basan alət deyil, günümüzün, ömrümüzün hər çağında bizə hayan olan şövqümüz, dərdimiz, nisgilimiz üçündür; sifarişli məc­lis­lərdə, toyda-mağarlarda çanağına ozan nəfəsi ilə üfürülmüş das­tan rəmzidir.

   Qardaşım Zəlimxan, sən «Bu yaşıl ağacın altı bizimdir» de­yən­də ozanlar ustadı Dədə Qorqudun xeyir-duası qulağımda cin­gildədi: «Kölgəlicə ağacın qurumasın!». Sən dağlarımızı öyəndə yenə Dədədin «Qarşıdakı qara dağın yıxılmasm!» duasını eşidər ki­mi oldum. Sənin çeşmələrimizdən, sularımızdan yazdığın şeir­lə­­ri oxuyanda da Dədənin «Qamən axan suların qurumasın» du­ası­­nı andım. Sazımızın-sözümüzün kökü dərindən dərindir, Zəlim­­xan! Bu kökləri qorumaq, oradan pöhrə kimi göyərib bö­yü­mək, ucalmaq qayğısı Zəlimxanların çiyninə düşür, çiyinləriniz möhtəşəm olsun, yarımız-yoldaşımız!

   Adını tutduğum təzə kitabdakı şeirlərin sayı 270 civarında ol­sa da, burada nə qədər geniş mövzu dairəsi, fıkir tutumu, nə qədər duy­ğular aləmi olarmış, fələk! Zəlimxan, sən əsrə, zəmanəyə, mü­hitə neçə-neçə qapı açıb, cəmiyyətin içinə girib onları necə də­rindən duymusan, onlarla qol-boyun olmusan, onların düşün­cə­­lərini necə həssaslıqla şeirə çəkmisən (bəlkə, şeirə hopdur­mu­san), ürəklərin sirrini necə kəşf eləmisən! Sən, sözün yax­şı mə­na­sında, hər ilin, hər günün şairisən, şeirimizin zəngin təc­rübəsinə müdrikcəsinə bələd olub, sabaha ayıq-sayıq boylanan, hər şeyi aydın görən, gördüklərini aydın əks etdirən sənətkarsan! Bir insan olasan, bir şair olasan – qələmin öz könlündən soraq ver­diyi qədər də vətəndaşlarımızın hər birinə bənzəyə-bənzəyə, qis­mən də özü­nün mənliyi, kimliyi ilə hamıdan fərqlənəsən, cə­miy­yətin mənəvi dünyasını özününküləşdirib, özünün mənəvi aləmini hamının­kı­laş­dırasan (kütləviləşəsən) bu, qələm əhli üçün xoş­bəxt­lik, başucalığıdır! Buna mənəvi-ruhi qovuşma deyərlər, əzizim! Nə yüksək rütbə tutmusan!

Sənin düşüncələr aləminə hüdud-sınır çəkməyə qıymıram. Möv­zuları qruplaşdırıb sənətkarı bu mövzular dairəsində çər­çi­və­yə salmaq, məncə, göydə qanad açmış quşu görüb də, onun necə cövlan etdiyinə, havada necə süzdüyünə, gah alçalıb, gah yük­sək­lərə necə şığıdığına, bu uçuşun ləzzətli təfsilatına biganə qal­maq korafəhmlikdir.

   Kitabın ilk şeiri «Ruh» adlı tək bənddən (səh. 7) «Yurd ağrısı» (səh. 339-413) poemana qədər elə bil nənəmin göy qurşağı kimi sıralanan rənglər gördüm. Hər rəngin öz gözəlliyi var, necə ki, ulu babamız Nizami Gəncəvi yeddi rəngin öz cilvəsini görüb, yeddi tərif yazmışdı. Bu yeddilər arasında ağ və qara qatışıqsız saf rəng­lərdir, onlara qatışıq vurduqca istənilən çalarlıq törəyir. Qır­mı­zının, sarının da çaları olurmuş. Açıq qırmızı – sevgi; Leyli-Məcnun, Əsli-Kərəm sevgisi, Sarı donlu Səlcan xatunla Qan­turalı sevgisi kimi. Tünd qırmızı – qan, ovlarda ceyranların, savaşlarda əsgərlərin sel kimi axan qanı: qladiatorların qanı, şah Da­ranın qanı, Tomrisin döyüşdən sonra Şah Kuruşun başını sal­dı­ğı bir tuluq insan qanı! Məkri görməyən sadədil Fərhadın qanı! Bir də dünyada gün görməmiş nakam şəhidlərimizin qanı! Ney­ləyəsən ki, «ağa» «qara» deyən «hünərli» dəlilər də tapılarmış!

   Zəlimxan, həyatsevərliyinə, gümrahlığına baxmayaraq, kita­bın­da tündə çalan rənglər açıq çalarlı rəngləri üstələyir. Bu da nədənsiz (səbəbsiz) deyilmiş. Öyməli, sevilməli, səcdə edilməli əyri türk qılıncı nıuzeylərdə qalıb: İstanbulun muzeyə dönmüş sultan sarayında gördüyüm taclar, möhürlər, qılınclar içərisində Şah İsmayıl Səfəvi tacı və qılıncı da.

 

«Döyüşən türk,

Oyanan türk,

Qalxan türk

 

– deyə öydüyün türk dünyası tarixin sinəsinə qılıncla yazılıb, indi də var, səsi eşidilir. Belə gümrah notların oyadandı!

 

Oğuzlar, Qopuzlar,

Toppuzlar hanı?

Hanıo kişilər, hanı?..

Yel olub əsənlər hanı?

 

– deyə bu təkrirsorğuları dalbadal düzən də sənsən, zülmə, böhtana, haqqa etiraz yazan da sənsən!

   Kitabında təzadlar düzümü gördüm. Bunların bir qismindən şeirdə həmişə qədir-qiymətli olmuş bədii vasitə kimi söhbət açı­ram. Çənə söhbətim səninlə olsa da, yaratdıqlarını özünə qay­tar­maqla «başqatan» adını üstümə götürmək məqsədim yoxdur. «Söh­bətimiz» səni necə gördüyümü, bəlkə, hələ görməyənlərə gös­tərmək üçün bir bəhanədir.

 

Zəncirdən aralı,qəfəsdən uzaq,

Coşan duyğuları sən azad istə.

 

   Məncə «təzad» anlayışı ona verilən tərifdən daha genişdir. Misal gətirdiyim misralarda «coşan duyğular azadlığını» Tanrı­dan istəmək bu duyğular üçün zənciri, qəfəsi şair yolundan gö­tür­mək istəyidir; azadlıq – zəncirsizlik, qəfəssiz dünya arzusudur. Şair tutuquşu deyil ki, qəfəsə salınsın; bülbül deyil ki, tayını görməyib qəfəsdə fəryad qoparsın!

 

Qarışqa yerişi rahat yerişdir,

Bu meydan köhlən at meydanı deyil.

 

   At və qarışqa yerişi təzadı bədii şişirtmə üsulu ilə yara­dıl­mışdır. Ən kiçicik bir böcəyin addımı ilə köhlənin yürüşü məhz şi­şirt­məyə möhtacdır. Bu şişirtmənin, əlbəttə, məcazi mənasına üs­tünlək verilir. Şair Zəlimxan bədii söz meydanına çıxardığı «dün­ya» meydanının sonsuzluğunu ölcü vahidi qiyasına sığış­dır­mağa çalışır.

 

İnsan oğlu, iki yol var qarşıda,

Bir gün toya, bir gün yasa gedərsən.

 

   Buradakı ikilik hər günkü konkretlik deyil, toy şadlığı ilə yas kədərinin reallıq təzadıdır. Belə obrazlı qarşılaşdırmalar «Kəlilə və Dimnə»dən bəri sürə-sürə gəlməkdədir.

 

Yer üzünü dolansan da baş-başa,

Qəbr evinə yolu qısa gedərsən

 

təzadı da, yer üzünü dolaşmaq vaxtının uzunluğu ilə evdən qəb­rə gedilən yol qısalığı yenə məcazidir. (Ölünü qəbrə çiyinlərdə sür­ətlə aparmaq dəbini rəhmətlik Səməd Vurğunun dəfn mə­rasimində görmüşəm).

   Dörd uşaq atası Zəlimxanın öz uşaqlığına əl uzatmaq arzusu da beləcə məcaz olan təzaddır:

 

O günlər əlindən tutası deyil,

Əli o günlərə çatası deyil.

Onda dörd övladın atası deyil,

Zəlimxan utancaq bir uşağıydı.

 

   Şeirin ahəngdarlığı üçün «o günlər» təkriri də, rədif qafiyələr də köməyə gəlir.

 

Yaşılım sarıya çevrilir indi,

Gözəlim qarıya çevrilir indi.

 

   Yaşıllıq təbiətdə ilin bahar çağı, saralma payız çağıdır. Təbi­ətin bir-birinə təzad olan iki fəslindəki əlamət insan ömrünə kö­çü­rülür. Sonrakı misrada gənc qızın qarılaşması təzadı, birinci mis­radakı oğlanın gəncliyi və yarpaqtökmə dövrü ilə uyğunlaşır və sevgililərin ömür-gündən ötənlərinin həsrətinə çevrilir. Bu, sil­silə kimi davam etdikcə şairin ricətləri də məzmundan doğan fıkir çalarını dərinləşdirən bədii təsvir vasitəsi olur:

 

Qayğılar içində batdıq, talandıq,

Fikrimiz dağıla-dağıla qaldı.

 

   Nə qədər tutumlu misralardı. Ailənin möhtac həyatından dol­ğun lövhə cızırsan. Bu da azmış kimi, «yoxa çıxmış» nənəni ha­raylayıb, «ümidini» onun ovudan nağıl dünyasına bağlayırsan: «Nağıl kimi gəlir mənə bu dünya». Bu misra irili-xırdalı yeddi bədii parçanın şah misrası kimi hikmətlə dolur və ömür-gün dəftərindən yeddi lövhəni kiçik bir mənzumədə bir sapa düzür. Bu cür inikas üsulu də sənin şeirlərində özünəməxsusluqdur.

   Bu səpgili təzadlardan gətirdiyim örnəklər də sənin kitabını sevmək üçün yetərincədir.

   Həyatımızın uğurlu və uğursuz dəmlərinə işarə edən qismən geniş epizodlu təzada da bir örnək göstərmək istərdim. Bu, bir şuşalını iki yerdə görən şairin yaratdığı təzaddır.

 

Birinci görüş:

 

Çaylardan güc alan gur səsi vardı,

Enli kürəyində nər gizlənərdi.

Batardı ətrinə Cıdır düzünün,

Nəfəsi gül olub nərgizlənərdi.

 

İkinci görüş:

 

Gizləmək istədi özünü məndən,

Titrəyən əlini cibinə saldı.

Bu görüş-faciə mənim ömrümü

Qırx arşın quyunun dibinə saldı.

 

Şairin mühakiməsi:

 

Birdimi, yüzdümü, mindimi, Allah,

Bu gün əli əsən, başı titrəyən?

Ocağı qaralan, çırağı keçən,

Dağı dağ-dağ olub, daşı titrəyən?..

 

   Bu şeir uzundur. Amma bu üç bəndə daha nə əlavə, nə yekun, nə ricət!

   Əzizim Zəlimxan, sən milli şairsən, şeirlərin başdan-başa millidir. Həm məğrursan, həm dərdli, həm sevinc yaşların görü­nür, həm də yaxılıb-yanan vətən tüstüsü kimi başından tüstü qal­xır. Bunları saz üstündə, saz havalarında çalıb-çağırırsan. «Bu saz kimi» adlı şerindən bir neçə bəndi seçib fərqləndirirəm:

 

Təpə-dırnaq dərd oluram, vərəm oluram,

«Dilqəmi»yə qanad verən bir qəm oluram,

Qərib olur, Məcnun olur, Kərəm oluram,

Heç nə məni bu saz kimi oxuda bilmir...

 

  Böyük ustadın M.Füzuli də özünü Məcnunla müqayisə etmişdi:

 

Sürdü Məcnun növbətin, indi mənəm rüsvayi-eşq,

Doğru derlər, hər zaman bir aşiqin dövranıdır.

 

   Sən də Məcnunu sevirsən, amma uşaqlığından qanına hop­muş «Dilqəmi» üstündə saz kökləyirsən, özün də bu kök­dəsən.

  Məcnun ərəb oğlu, pak bir ərəb kimi bizim beynəlmiləlçi mər­­hə­mətimizə qovuşursa, Qəriblə Kərəm sırf milli duy­ğu­la­rı­mı­zı oxşayır. Bu milliliyin üstündə də sonrakı bəndlərin hamısının şah misrası kimi «Heç nə məni bu saz kimi oxuda bilmir» mis­rasını ideya daşıyıcısına çevirirsən.

   Şairim, ağzıgöyçəklər səni (sənə rəğbətli olduğumdan, eləcə də məni) milli məhdudluqda, qınımızdan çıxa bilməməkdə qına­mağa bəhanə tapmağa çalışarlar. Məncə, hər bir kənd uşağı mil­lətinin mentalitetini sövq-təbii olaraq ana südü ilə birlikdə əmdiyi üçün, onun dili anadan eşitdiyi sözlərin ahənginə yatdığı üçün belə uşaqların ilkin musiqi zövqü də milli mühitdə, daha çox milli musiqinin təsiri ilə təşəkkul tapır. Kənd camaatı mühitində uşağın könlünə axıb, onun qulağını dolduran saz olmuşdur. Uşaq böyü­yüb mədəni inkişafının müəyyənləşməsində, sonra yetkinləşən an­larında hansı təzə musiqi alətini eşidərsə, tədricən onu da özü­nün­küləşdirəcəkdir; onun ilkin zövqünə yeni zövq çaları axıb gə­ləcəkdir. Bu gənc müasirləşdikcə, beynəlmiləl musiqi zövqü ilə də zənginləşməlidir. Belə zənginləşmə, misal üçün, «Koroğlu» ope­ra­sında olduğu kimi, onu Avropa musiqi mədəniyyətinə də çə­kə­cək­dir, amma o, Koroğlu sazının səsini eşidəndə sanki uşaqlıq çağı, bu çağın ilkin və unudulmaz zövqü ilə daha dərindən bağlı olduğunu başa düşəcəkdir. Bu mənada «Heç nə məni bu saz kimi oxuda bilmir» etirafı həmin gəncin də ürəyindən qopa bilər. Bu­nun­la belə, sənin, mənim uşaqlıq dövrü musiqi zövqümüzlə indiki gəncliyin musiqi zövqünü eyniləş­dirmək səhv olardı. İndi kəndə hər cür Avropa musiqisi ayaq açır, radio-televiziya verilşləri in­diki gənclərimiziAvropa musiqisinə daha artıq həvəsləndirir, gəncliyimiz bu musiqini sevir.

Yenə toxunduğumşeirinə qayıdıram:

 

Ciyərimiz dərd adlanan bir şişdən keçib,

Tilsimdəyik, tilsimimiz keşişdən keçib.

Saz neyləsin, baxıram ki, iş işdən keçib,

Heç nə məni bu saz kimi oxuda bilmir.

 

   Keşiş qızı Əsli yolunda can qoymuş Kərəmi duyanlar, keşiş til­siminin sirrini bilənlər sənin şeirindəki eyhamları tez başa dü­şür­lər. Keşiş Əslini Kərəmə vermək zorunda qalanda sultanın tap­­şırığı qarşısında boyun əysə də, son kələyini işlətmək fursətini də əldən verməmişdi. Şərtə görə, Kərəm Əslinin köynəyindəki qırx düyməni saz-sözlə aça bilsə, Əsli bu haqq aşiqinin halalı olurdu. Doğru və gözəl deyirsən, Zəlimxan, Kərəmin sazı-sözü neynəsin ki, düymələr tilsimliymiş. Donun boğazından açıla-açıla gedən düymələr sona yetəndə boğazdan aşağıya bir də düy­mə­lən­məliymiş. Kərəm ilk düyməni ətəkdən açdıqca, boğaza ye­tən­də düymələr ətəkdən yenə düymələnməliymiş. Keşiş sehri Kə­rəmi məğmun qoyanda bu haqq aşiqinin ahı oda dönüb onu yan­dırır. Əsli dağılmış külü saçı ilə bir yerə yığanda saçı qordan od tutub alışır, kül külə qarışır. «Tilsimdəyik, tilsimimiz keşişdən ke­çib» eyhamının siyasi fonu da mənə aydındır, şair. Amma, əzizim, bir əfsanənin də buna yaxın hikməti olduğu üçün xatırlatmalı oluram. Deyilənə görə, göylərdə süzən göyərçinə ox dəyir. Oxun lələyində öz qanadından qopmuş lələk görəndə deyir: «Mənə dəyən bəla, özümdəndir».

   Şimali Qafqazda as tayfası yaşayırmış. «Kimlərdənsən» – deyə soruşanda deyərlərmiş: «aslıyıq». «Əsli» adı bu «aslı»­dan­dır. Ermənilərdə Əsli adı yoxdur və heç vaxt olmayıb. Əs­linin atası xristianlığa girəndən sonra keşişlik rütbəsi qazanıb və təqib olu­nub, ölkədən-ölkəyə qaça-qaça Gəncəyə gəlib. Gən­cəli Kərəm Ziyadxan oğlu Əslini görüb sevib, keşiş yenə qaçqın dü­şüncə onun dalınca ölkələr dolaşmışdı. Burada da bəla bizə özü­müzdən gəlib. Din ayrı keşiş Əsli ilə Kərəmi bu düyada deyil, o dünyada da qovuşmağa qoymayıb. Aşiqlərin yanaşı qəbrindən iki gül qal­xıb bir-birinə sarmaşanda, ortadakı keşiş qəbrindən tikan çıxıb gülləri ayırarmış. Bu, əbədi ayrılığın, qara keşiş isə düş­mənçiliyin rəmzidir. Gənclərimiz bunu bilsinlər, ömürbillah unut­masınlar. Heyflər olsun, unutqanlıq təbiətimizdədir, qanımızdadır. Şair, rəssam Mir Möhsün Nəvvabın təsvir etdiyi Qarabağ, xüsusən Şuşa müsəlmanlarının qırğınını görüb «aldanmayın», «inan­ma­yın» çağırışını unutmadıqmı? Bir bax, Zəlimxan, Nəvvab ermə­nini millət kimi tanıyır və tanıdır. Qarabağ azərbaycanlılarını – türkləri isə, ümumən, müsəlman kimi tanıyır və tanıdır. Nəriman Nərimanov daşnak S.Şaumyanın Bakıda və bölgələrdə törətdiyi türk qırğınını dayandırmağı xahiş etmək üçün onun ayağına getməli olmuşdu. Bu böyük, müqəddəs, unudulmaz Azərbaycan oğlu qırğına dair hekayə yazmışdı («Bir kəndin sərgüzəşti»). Bu hü­nərli şəxsiyyət də daşnak köpəklərin qu­durğanlığından çə­kinərək, bir kənddə iki millət arasındakı zid­diyyəti iki «tayfa» tutaşması kimi vermişdi.

   İki tayfa: Naməlsəm, İnmirə. Ərəb əlifbası ilə yazılanda tərsinə oxunarkən açıqlana bilən bu gizli şifrəni mən incələmişəm. Zəlimxan, N.Nərimanov da «tayfanın» birini türk-Azərbaycan milli adına deyil, müsəlman mənsubiyyətinə görə fərqləndirir. Biz islam dininə qail olan müsəlmanlarıq, amma milli kimliyimiz ki, türkdür. Bu adı Orxon-Yenisey adibələrində daşa döydürmüş Bilgə və Alp qardaşlarıdır. Xeyli sonralar Səlcuqlar Anadoluda «türk» adı ilə şöhrətlənmiş, daha sonralar Osmanlı dövlətini ya­ratmışlar. Cümhuriyyət dövründə isə Mustafa Kamal paşaya Atatürk şərəf təxəllüsü verilmişdir. Nə gözəl təxəllüs: – «türklərin atası» Neyniyəsən ki, bu türklər də unutqanlıqları ucbatından «inmirə» soyqırımı kimi dünyaya ayaq açan böhtanla – qara yalanla üz-üzə qalmışlar. Zəlimxan, qardaşım, unutqanlıq türklərin qanına çökmüşdür, milli xaarakterimizin gözə görünən və qorxulu olan qarabasdısıdır. Çıxart bunu millətin qanından, görüm necə çıxaracaqsan?!

   Bircə şeirinin iki bəndi mənə bu qədər giley-güzar dedizdirdi,qalan şeirlərini anmıram, yalnız bircəciyini (dənizdən damcı kimi) götürürəm, onun da yalnız şah misrasını: «Bugünkü qazancımız ancaq xatirələrdir». Niyə «ancaq»? Deyə bilərsən, ağsaqqalım, uşaq­lıq, gənclik çağları bəşərin uşaqlıq (paklıq) dövrünün əfsa­nə­ləri kimidir, insan yaşa dolduqca bu, keçmiş xatirə «donuna» bü­rü­nüb ülviləşir, qayıtmaz olduğu üçün əziz və əvəzsiz görünür. Razıyam. Amma gör kimləri, nələri anırsan – «ömür adlı sap­ka­dı... incini» (gənclik adlı incini). Sapa düzülmüş incilər, mirvarilər boyunbağında gözəl olur, Allah eləməsin, sap üzülə, inci səpələnə!

    Daha nəyi xatırlayırsan? – Bir nəslin neçə-neçə qocasını. Bu da azmış kimi, deyirsən: «Gör nələr itirmişik, əldən gedən nələrdi». Bu nələri görüb yaşayan və əzabını «çəkənlər»dən də damşmaya bilmirsən!

 

Çəkənlərin çiyninə dərd adlı şələ düşdü,

Ürəyə qəm, cana od, ruha vəlvələ düşdü!

 

Allah, Allah bu nə fəryaddı? Bu da azacıqmış kimi daya­­nıb-durmursan, bir də deyirsən:

 

Allahın bölgüsündə bizimki belə düşdü,

İlk payımız sevincsə, son payımız kədərdi,

Hər şey keçib gedəcək, qalan xatirələrdi.

 

   Sənin mənə qaytaracaq sözünü də belə təxmin edirəm; Ağ­saq­qal, dərinə getmə, özümün, sevgilimin şəxsi xatirəsindəkifər­di lövhələrdi bunlar». Ola bilər. Bədii ədəbiyyat aləminə gəl­miş hər fərdi xatirədə, fərdi kimlik ümumiliklə birləşəndə, ümu­miləşib milli məzmuna dolur.

   «Xatirə» ərəb sözüdür. «Xatir», əvvəla, insanın düşüncə, hafizə, hiss və duyğu qüvvəsi; ikincisi könül, qəlb mənasında açıq­lanır. Dilimizdə bunun bir qarşılığı «yaddaşdır». Bu da fars sö­­züdür. Hər kəsin bir şəxsi-fərdi dünyası haqqında yaddaşı olur, bir də milli və bəşəri məzmunlu yaddaşı. Zəlimxan, sən milli yad­daışımızı silkələyən şeirlər yazmısan. Bu yaddaşı cərgəyə dü­zəndə kitabının «Adlı-ünvanlı sətirlər» bölməsindəki klassik şairlərimizdən Məhəmməd Füzuli ilə Cavid Əfəndi öndə görünür, Aşıq Ələsgər bu cərgəyə qoşulur. «Kitalardan seçmələr» böl­mə­sində «Füzuli – Sabir»lə yanaşı, «Şeyxim mənim, şahım mə­nim, şairim mənim» öyməsi ilə Şah İsmayıl Xətai anılır. Mahal­larımızı – sultanlıqlarımızı, şəhərlərimizi də anırsan: Borçalı, bir gecə yuxuna girmiş Şuşa! Xocalıya layla çalmağın, Təbriz ayrılığından çəkdiklərin, Çin gözəlinin ayrılığı və s.

    Zəlimxan, təpədən dırnağa için-dışın millidir. «Bu yaşıl ağa­cın altı bizimdir» kitabına nə toplamısansa, hamısı millidir, ha­mı­­sının içində-dışında (formasında-məzmununda) millilik mö­hü­rü var. Sən milli varlığımızın çalın-çarpaz düyünləri sar­ğı­sın­da­san, milli düşüncəmizin axarındasan, milli dərdimizin çəkilməz ağır yükü ilə «şələlənmisən» – boğazına, xirtdəyinə qədər!

   İndi gəl, yaşı ötmüş bir azərbaycanlı kimi, qoluma gir, milli yü­­kü artıq olan şeirlərini, milli özünəməxsusluğu po­zul­maz-silin­məz olan yaddaş dəftərini varaqlayım, onlara mənim baxış dairə­mi söyləyim, nəyi necə başa düşdüyümü, kimi tarixən necə tanı­dı­ğımı sənə bildirim; günahım varsa keç, səhvim varsa dü­zəliş ver, haqq söz deyəsi olsam, tərifləmə, sus.

   Övliyə Çələbinin «Şəyahətnamə»sinin Türkiyə, İran, Qafqaz mövzusuna aid hissələrini oxuduqca İran–Türkiyə savaşlarında bizim xalqın, bizim ölkənin yazıqlığına için-için ağladım. Vuruşda üstün gələn tərəfı ləngitmək üçün geri çəkilən tərəfin Azər­­baycanın abad kənd-kəsəyini necə tarmar etdiyini gözümlə görər kimi oldum, sarsıldım. Savaş səngiyib dayananda ca­ma­atımızın bu xarabalığı necə abad edib, necə yaşıllaşdırdığına hey­ran qaldım. Savaşlar təzələnəndə insan əməyinin necə puç edil­məsi faciəsini yaşadım, ürəyimdən qara qanlar axıb keçdi. Xa­ra­ba­lığın yenidən abadlaşması haqda Çələbi bilgilərini oxu­duqca Səməd Vurğunun «Komsomol poeması» yadıma düşdü. Humayın ata evində tək-tənha can verdiyini təsvir edəndə buna döz­məyən kövrək şairimiz tarixi faciələrə cavab axtarır. O, göy­lərə üz tutur, göy­lərin «qapısı bağlı» – yəni, yer oğluna cavabsız, səssiz-sə­mir­siz. Şairimiz yerlərə baxanda onu «bağçalı-bağlı» görür. Bəli, dialektika belədir, başına min bir müsibət gəlmiş kənd ca­maatı yurdu buraxıb köçən deyil, işlək əli var, baltası var, ko­tanı-cütü var, əkəcək, beçərəcək, tikəcək, özünə dirrik (dirilik) ya­radacaq. Bizim camaat belə camaatdır. Səməd Vurğunu ilhama gətirən də budur!

   Bir də yadıma düşür babamız Mirzə Fətəli Axundzadənin «Aldanmış kəvakib»i. Başı bəlalı Şah Abbas bəlaya qarşı mə­mur­larından tədbir istəyəndə ölkənin sərdarı özünün tarixi təd­bir­ləri ilə belə öyünür: «... – taifeyi-Osmaniyyə Bəkir paşa Dəmir­çi­oğ­lunun sərkərdəliyi ilə... xaki-İranə hücüm gətirməyəmü­səm­məm1olmuşdular... Ona binaən, əmr etdim ki, Osmaniyyə sər­hə­din­dən ta nəhayəti-mülki-Azərbaycan tamamdehaqqinin2 zira­əti­ni xarab etsinlər... körpüləri dağıtsınlar və yolları pozsunlar... Döv­ləti-aliyyə... belə səlah gördü ki, onları həmişə bu qərarda baqi qoysun...»

   «Əhsən» bu sərdarın ağlına. Bu «ağıl dəryası» sərdarın təd­bi­ri­ni dinləyən Şah Abbas Məhəmməd şah Səfəri səltənətinin oğlu idi. (M.F.Axundov, Komediyalar, povestler, şeirlər. Bakı, «Yazıçı», 1982, səh. 201).

 

1. Müsəmməm–müsəmmim – verilmiş son qərar.

2. Dehaqqinin– dehqanların – əkinçilərin.

 

   Zəlimxan, sənin övlad məhəbbəti və təntənə ilə haqlı öy­dü­yün Şah İsmayıl haqqında bütün rəğbətinə ortaq oluram, amma Səfəvilər səltənətindəki çöküntü haqqında sənin inamla söylə­diyin misraları da buraya köçürürəm:

 

Allah bizə fürsət verdi, ağıl vermədi,

Allah bizə övlad verdi, oğul vermədi,

Allah bizə əvvəl verdi, axır vermədi

Şeyxim mənim,

Şahım mənim,

Şairim mənim!

 

   Ədalətlisən. Atalar da gözəl deyiblər: «Əvvəlin gəlincə, axırın gəlsin.» Veriləni itirmək, peşman-pərişan olmaq xəcalətdir. Şeir­də «verdi-vermədi» təzadları nə qədər güclüdürsə, onların məna yü­kü nə qədər ağırdırsa, «övlad verdi, oğul vermədi» təzadındakı «oğul» sözünü bir kişi qırığı, bir ərən vermədi mənasında başa dü­şü­rəm. Qeyrətsiz, təpərsiz oğullar çoxdur, belə çoxlu oğul-zür­yət­dən – törəmədənsə, cəsur erkək yaxşıdır: az olsun, yaxşı olsun.

   Cəsur erkək Şah İsmayıl nə yaxşı ki, Çaldıran döyüşündə hə­lak olmadı, amma basılmağın özü də xəcalət deyildimi? Kaş ki, Şah İsmayıl öləydi, xəlvətxanada onun badəsinə zəhər qatıl­ma­yaydı! Bir də türkün qılıncı kimin başında?! Özümüzdən özümüzə dəyən bə­lanı Allah sovuşdursun. Bu bəlaları indiki tarix kitabları orta məktəb şagirdlərinə də bildirirlər.

   İndi də açdığın yaddaş pəncərəsindən Aşıq Ələsgərə boy­la­naq, onun haqqında bir neçə sözüm var. Ustadın «Çərşənbə gü­nün­də, çeşmə başında» dueti saza yatımlı səs çoxluğuna görə gö­zəl olsa da, mətndəki kənd əhlində oğlan-qız görüşünün türk əx­la­qı məni heyran edib. Him-cimlə başlayıb, gözəl qızın oğlan «işa­rətinə» baş bulayaraq gözündən gülməsi, üçüncü və sonuncu bənddə dilə gəlib «nişanlıyam, özgə malıyam» deməsi, qolu qüvvətli oğlanın da «sındı qol-qanadım, yanıma düşdü» etirafı etnoqrafik çalarda bir əxlaq kodeksi səviyyəsindədir. Yazı tanı­ma­­yan Aşıq Ələsgərin «dedim-dedi» mükaliməsi sənətkarlığına gö­rə də möcüzədir. Nə yaxşı olardı ki, belə aşıq möcüzələrimiz U.Şekspir sonetləri səviyyəsində tərcümə olunaydı və dünya klas­­sikləri ilə yarışa qoşulaydı. «Nişanlıyam, özgə malıyam» eti­rafı A.S.Puşkin Tatyanasının peşiman Oneginə dərs ola biləcək ca­vabındakı paklıq, ismət səviyyəsində şərh edilməyə layiqdir.

   Aşıq Ələsgərin xatirəsinə bağışladığın qoşma kitabındakı şe­ir­lər içərisində dərd, qəm yüklü olmayan bəlkə də təkcə şeirdir. Ki­tabdakı şeirlərin bir qəm karvanıdır. «Quşların da qanad sal­dıq­­ları» qəm «şələ»sindən, Zəlimxan, çiyinlərini nə qədər ağır yük­ləmisən? «Dünyanın suyunu» elə bulandırmışıq, «bir qarış sa­lamat qalan yeri yox», «Sazını o qədər kökdən salmışıq, kök­lə­nən yeri yox!» etirafı dilindən düşməyən Zəlimxan kimi vətəndaş şairin nə dili şadlığa dönə bilir, nə sazı şadlıq üstündə köklənir.

 

Haram toxumlarla gəldik baş-başa,

Oğulsan tab gətir, kişisən yaşa!

 

   Doluxsunub, səbri daşmış Zəlimxanın akkord beytindəki söz­ləri yalnız bu səpkidə olmalıydı:

 

Üsyanam, fəryadam, ağrıyam elə,

Yanan insanların bağrıyam elə.

 

   Allahın rəhmi gəlsin sənin gileyli olduğun «atalar-oğullar» anlaşılmazlığına. Görünür, çəkilməz dərd ucbatından qələmin yayxanıb qəzəl janrına keçir:

 

Fikri üst-üstə düşmür oğul ilə atanın,

Zat əsildən narazı, əsil zatdan narazı.

 

Bunun da şiddətləndirici beyti:

 

Barmaq ilə sayılır Allahından razılar,

Hamı bir nəfər kimi, bu həyatdan narazı.

 

   Narazı əlacsızların, imkansızların cərgəsində didərgin­lə­ri­mi­zinmi, evli-eşikli bədbəxtlərinmi ürək dağlayan güzəranı qələ­minlə bir lövhəyə dönür?

 

Bir məzar yoludu bu bazar yolu,

Yoxsullar bu yolla ölümə gedir.

Cibi boş, ürəyi dərd ilə  dolu

Alverə getmir ki, zülümə gedir.

 

   Zəlimxan, Baltikyanı xalqlardan bir ədibin belə yoxsulların çörək üçün işə gedəndə ağ qar üstündə qırmızışəritkimi iz salmış qanını necə ürək ağrısı ilə təsvir etdiyini oxuyub dəhşətə gəl­miş­dim. Bizim də başımızdan əskik olmayan bu ölüm yolunu sənin qələmin yaza bildi. Hadisələr, talelər təkrar olunarmış!

Qardaşım Zəlimxan, yükün millət dərdidir. Dilindən çıxan sorğu da bölünmüş millət haqqında ancaq Tanrıya veriləcək sor­ğu­dur:

Bir millətdi, bir torpaqdı, bir vətən,

O tay nədir, bu tay nədir, ilahi?!

 

   Sorğuların zəncir kimi düzülüb Qarabağın, Şuşanın, Xocalının taleyi, faciəsi haqqında günümüzün hələ də düyünlü qalan siya­sə­tinə yönələndə xəcalətli olsaq da, bunu gizlətmirsən:

Ağdam Qarabağın yasotağıdı.

 

   Son sözüm. Mövlud Suleymanlının «Ev ruhları»nı (1977), «Köç» romanını göz yaşı içində oxuduğunu bildirirsən. Bunlara uyğun motivli poemanı Mövludun adına bağışlamısan. Mövludu xaliq qarşısında üsyana səsləyirsən və beləcə yazırsan: «Gətir qəzəbinlə dizə Allahı... Qoy, Allah görsün ki, Tanrı dağını aslanlar ağzına atmaq necədir». Misalları uzatmıram. Əzizim, is­la­ma qail olanlar üçün Allah hər şeyi görəndir, hər şeyi biləndir. Al­lah həm bəxşiş, həm cəza verəndir... Allah bəndələrini bu dün­ya­ya sınaq üçün gətirmişdir. Sınaqdan çıxanlar cənnətə düşüb əbə­di rahatlıq görəcəklər, sınaqdan çıxmayanlar cəhənnəmdə dönə-dönə dirildilib, dönə-dönə yandırılacaq, min zillətə salı­na­caqlar. Çox sevdiyin Yunus İmrə Tanrıya qovuşmaq yolunu seçib, zikrlə məşğul olmuşdu. Türkün ilk sufi şairi Əhməd Yəsəvi bir adamın kəflənə biləcəyi quyu qazdırıb orada zikr etmiş, Allaha qo­vuşmaq yolunu orada düşünüb tapmışdı. Hürufilərin ustadı İma­dəddin Nəsimi də Allah tinətli törəmə kimi Allaha qovuşmağı təbliğ etdiyi halda nadanlarınmı, hiyləgər siyasət adamlarınınmı fi­tvası ilə öldürülmüşdü. Kimin alın yazısı nədir, kimi nə gözləyir – bunu bilmək çətindir.

   Sən yer üzünün təmənnasız mələyi Mövlud Suleymanlını Tan­rıya ağ olmaq yoluna səsləmə, buna səslə ki, o, müqəddəs qə­ləmi və Allahın köməyi ilə millətimizin, vətənimizin (səni də dəh­şətli dərəcədə xırpalayan) dərdini yana-yana təsvir edəndə ta­rixi kerçəkliyi doğru-düzgün göstərsin, iblis xislətli insanlara heç bir əsatiri sifət vermədən təsvir etsin. O, çox sevdiyin və şeir həsr etdiyin Cavid Əfəndinin «iblisini» və «insanını» yaxşı tanısın, içi­mizdəki iblisləri Cavid Əfəndi təmkinində filosof kimi can­lan­dırmaq üçün gücünü əsirgəməsin. Bu, ədəbiyyatımızda çox xe­yir­li axtarış olardı.

   Şairim, aşığım, vətəndaşım, gözümün işığı, könül sevincim, oğul-qız atası, cəmiyyət xadimi Zəlimxanım, 50 yaş nədir ki,   qa­­­lın   bığına,   qara,   sıx   saçına   indi   dən   düşür!

   Hər ağ tükü Nizami Gəncəvinin nə saydığını yadına sal, tut­duğun məslək, qələm yolunda həmişə uğurla, lap dərin ağrılar və se­vinclər içində irəlilə! Hikmətli «qoşa sətirlər»in, mənim dilimdə «qoşa yarpaqlar»ın artıq olsun. Ömrün gümrahcasına tam yüz il sürsün!

 

28 may, 2001

  Geri