Xəbərlər Boigrafiya Haqqında Yaradıcılığı Qalereya Qonaq dəfətəri Əlaqə

   OLİMPƏ GEDƏN YOLDA

 


Əmirxan XƏLİLOV,
Professor

 

OLİMPƏ GEDƏN YOLDA

(Zəlimxan Yaqubun yaradıcılığı barədə bir neçə söz)

 

   Azərbaycan şeirinin müasir dövrdəki ən parlaq simalarından olan Zəlimxan Yaqub xalqımızın mənəvi dünyasının poetik təza­hü­rüdür. O, xalq poeziyasının bağrından qopub gəlir və ruhu­mu­zun, qəlbimizin şairi tək ürəklərə sevgi ilə daxil olur.

   Böyük kədər hissini də ancaq böyük sevgi ilə yaşayanlar ifadə edə bilər. Şairin poetik qüd­rə­tinin məhsulu olan «Böyük ömrün das­­tanı» əsəri də məhz qəm və məhəbbətin, həzinlik və pafosun vəh­­dətindən doğulmuşdur. Xalqımızın ölməz oğlu Heydər Əli­yevin müqəddəs xatirəsinə həsr olunan bu poetik dastan ibrətamiz ömür yolu keçən bir tarixi şəxsiyyətin ruhuna oxunan Allah duası, durna nəğməsidir. Birnəfəsə yazılan bu dastan-poema əlvan rəng­­lərin, naxışların poetik çələngidir. «O, mənim xalqımın mərd vətəndaşı, seirimin ədəbi qəhrəmanıdı!» – deyən şair ümumxalq kədərini canlı, bədii boyalarla ifadə edir:

 

Od tutdu ağ zirvələr, dağların qarı yandı,

Alov düşdü güllərə, ağ yandı, sarı yandı.

Könlümün kamançası, ruhumun tarı yandı

«Heydər köçdü» deyəndə...

 

   Bu dastan-poema qüdrətli şəxsiyyətə həsr edilən və eyni za­man­­da, qüdrətli qələmin məhsulu olaraq meydana çıxan bir əsər kimi, şübhəsiz, çağdaş poeziyamızda əsl qiymətini hələ bundan sonra tapacaqdır. Çünki poema ədəbi-bədii təhlil və tədqiq üçün oxuculara və peşəkar sənətçilərə geniş imkanlar açır.

   Zəlimxan Yaqub Azərbaycan dilinin bütün gözəlliklərindən mak­­simum istifadə etməyi bacaran şairlərimizdəndir. O, öz şeir­lə­rində doğma dilimizin şirinliyini, şəhd-şəkərini ustalıqla qo­ru­yub saxlayır, sözə sığal çəkməklə bərabər, ona poetikfikir yük­ləməklə şeirin məna çalarlarını, rəng və boyalarını, ilmə və na­xışlarını daha da artırır. Söz, ayrı-ayrı misralar, bəndlər yeni məna kəsb edərək, oxucunun fıkir və duyğularına hakim kəsilir. Sözün «heyrət» və «qeyrət» daşıyıcıları bir vəhdətdə birləşərək, şeir-sə­nət möcüzəsi yaradır. Füzulinin «heyrət» dolu poeziyasını, böyük Sabirin «qeyrətlə» yüklənmiş şeirlərini ölməzlik, əbədiyyət rəmzi kimi qiymətləndirir:

 

Gözəlliyə, gözələ könlünü bağlayanda

Füzuli «Heyrət» dedi.

Millətinin halına güləndə, ağlayanda

Sabirim «Qeyrət» dedi.

Heyrət ilə qeyrəti yoğurdular, yapdılar,

Bu ölümlü dünyada bir ölməzlik tapdılar!..

 

   Şeirin məzmun və forma gözəlliyinə xüsusi diqqət yetirənşair bu fıkirdədir ki, bədii formanın zahiri cazibəsi öz yerində, lakin məsələ daha çox məna gözəlliyində, fikir siqlətindədir. Sözün də­yə­ri «məna-qeyrət» daşıyıcısı ola bilməsindədir. Zəlimxan Ya­qu­bun söz sənətindən tələbi böyük şairlərimizin dedikləri ilə üst-üst düşür. Nizami, Füzuli, Sabir, Səməd Vurğun kimi dahi şairlərlə bərabər, çağdaş dövrün digər şairi Məmməd Araz da elə bu yerdə öz müasir həmkarlarına müraciətlə gözəl və dahiyanə demişdir:

 

... Ömür karvanının sənət yükünə

Bir-iki qeyrətli söz yükləməsək

Sən kimə gərəksən, mən kimə gərək?!..

 

  Böyük fıkirlər, ideyalarla yaşayan və yaradan sənətkarlar bir-bir­lərilə beləcə birləşir, eyniləşir. Ayrı-ayrılıqda hərəsi bir zir­və olsa da, birləşəndə silsilə dağlar kimi yaddaşlarda qalırlar. Zəlimxan Yaqubun qücü klassiklərlə, Yunus İmrə, Vaqif, Aşıq Ələsgər, S.Vurğun kimi sənətkarlarla birgə nəfəs almasındadır. Belə sənətkarları bir-biri ilə yaxınlaşdıran məhz onların sənətinin qeyrət yükü daşımasında, həqiqqət axtarıcısı kimi haqqa qovuş­masındadır. Bu yerdə şair özü belə deyir:

 

Qeyrət elə şeydi ki, qanadı var, qanı var,

Önündə Çin Səddi çək, aşmağa imkanı var...

 

   Başqa bir şeirində «Haqq deyənin yandı bağrı, Haqqı axta­ra­axtara» – deyən şair bu fıkirdədir ki, vicdanı, ruhu qey­rət­dən yoğ­rulan bir xalq öz halal haqqını tapmaya bilməz. Gec-tez o, öz arzu-ümidinin qanadında yüksələcək, haqq-ədalət yolunda inam­la Tanrısına, Haqqına qovuşa biləcəkdir. Lakin bunun üçün çox çə­tin­­liklərə, əzablara sinə gərmək, sabaha nikbin baxmaq vacibdir:

 

Çox qayalar çapasıyıq,

Çox qalalar yapasıyıq,

Axır bir gün tapasıyıq

Haqqı axtara-axtara...

 

   Zəlimxan Yaqub şeirində söz cəsarət, qeyrət deməkdir. Söz ipək zərifliyi, qurğuşun siqləti daşımalıdır. Yeri gələndə, adamı kə­pə­nək ruhu ilə oxşamalı, yeri gələndə, ildırıma, şimşəyə dönüb, baş­­sız başların «üstündə çaxmalıdır».

   Eyni zamanda, söz, yeri gələndə, milləti ayağa qaldırmalı, «müsəlləh» ordu kimi, səfərbər ordu kimi vuruşa hazır olmalıdır:

 

Söz güllə, söz mərmi, söz qurşun gərək,

Söz millət, söz arzu, söz qoşun gərək.

Qoruya göyləri yad nəfəsindən,

Burnu qanamaya bir quşun gərək!..

 

   Heç kəsə sirr deyil ki, xalqın adından danışmaq və bütün xalqa mü­raciətlə söz demək, səfərbəredici çıxışlar etmək çox məsu­liy­yət­li və çətindir. Lakin elə şəxsiyyətlər tapılır ki, böyük Yaradan on­lara məhz belə səlahiyyət bəxş edir. Zəlimxan Yaquba da bu səlahiyyət ilhamla birlikdə haqdan verilib. Azərbaycanın ha­ra­sın­da olur-olsun, əgər orada Zəlimxan Yaqub vardırsa, de­məli, ana Yurd­dan, onun füsunkar təbiətindən, bugünkü əməl­lərindən, Tor­paq, Vətən qüdrətindən və ümumilikdə, poeziyadan, mü­asir hə­yat­dan, dünyadan söhbət gedir. Bu cür sənətkarlar elə ona görə əsl sə­nətkardır ki, xalqa zəruri ehtiyacdan doğan sözləri də vardır və bö­­yük bir xalqın adından danışa bilmək səlahiyyəti də! Şairin yaz­dıq­­ları o qədər canlı və təbiidir ki, onları bu gün de­mə­sən, yaz­ma­­san sanki gec olar, sabah öz dəyərini itirər. Elə bu zə­rurəti həs­­saslıqla duyduğundandır ki, o, məhz bu gün deyilməli olanı deyir.

   Təkcə zamanla ayaqlaşmaq yox, həm də onu qabaqlamağı bacaramaq əsas şərtdir. Belə şairlər haqqında çox haqlı olaraq de­yirlər ki, «həyatın arxasınca sürünmür, önündə gedir». Bəri başdan deyək ki, Zəlimxan Yaqub xalqı, onun sağlam quvvələrini, xüsusən gəncliyi sevdiyindəndir ki, xalq da, gənclik də onu sevir. Onun həyatda, yaxud ekranda görünməsi insanlara böyük sevinc bəxş edir. Hiss edirsən ki, bu saat elə şeirlər deyəcək, elə söhbətlər apa­racaq və elə mətləblərdən danışacaq ki, bunlar sənin kön­lün­dən xəbər verəcək. Və belə də olur. Onu son ana qədər dinlə­yirsən və xoş, cazibəli söhbətindən doymursan. Çünki gəldi-gedər mət­ləb­lərdən deyil, məhz köklü məsələlərdən, səni bu gün dü­şün­dü­­rən nə varsa, ondan danışır, üstəlik də, sirayətedici danışır və gö­zəl danışır. Sanki həmin anlarda sən də daxilən durulur, saf­la­şır­san və həm də qürürlanırsan ki, sənin mənsub olduğun xalqın belə övladı var. Niyə belədir, niyə insanı bu dərəcədə özünə cəlb edə, ovsunlaya bilir?

   Bizcə, əsas səbəblərdən biri budur ki, o, hər şeydən əvvəl, əsl is­tedad sahibidir. Və bu, anadangəlmədir. Ona görə də, necə de­yər­lər, «dəli-doludur», sinəsi tükənməz bir xəzinədir. İstedad var deyə, əlavə «əzab-əziyyətə» yer qalmır. Hər şeyi doğru-düzgün qav­­ramaqda, sövgi-təbii hiss etməkdə və tez düşünüb dərhal ca­vab verməkdə çətinlik çəkməyən xoşbəxt sənətkardır. Təsadüfı deyildir ki, məşhur tükr müğənnisi İbrahim Tatlısəs də Zəlimxan Yaqub qarşısında öz heyrətini gizlədə bilməyərək: «Allah, Allah, bu nədir, məni öldürdü... Mən gərək bu şeirlərə yeni mahnılar ha­zır­layıb yazdıram», – demişdi.

   Şairin özünəməxsus bir mühüm cəhəti də sinədəftər deyilən bir xüsusiyyətdir ki, onu hər yerdə başıuca edir. Özünün şeirləri bir yana, başqalarının – istər klassiklərin, istərsə də müasir, çağdaş həm­karlarının, demək olar ki, bütün şeirlərini əzbər bilir. Bu qib­tə­ediləsi halla, demək olar ki, hamı rastlaşıb, onun şahidi olmuşdur. Şairlərin özlərinin yadından çıxan şeirlərini də çox vaxt o yada salır. Əlbəttə, təkcə şeir-sənət yaddaşı deyil, bu insanda ta­rix, torpaq, vətən yaddaşı da qeyri-adi dərəcədə güclü və ibrə­ta­mizdir.

   Şeir və poemalarının əsasını, «bel sütununu» da, cəsarətlə demək la­zımdır ki, məhz bu müqəddəs keyfıyyətlər təşkil edir.

   Ciddilik, özünə tələbkarlıq, idraka, təfəkkürə xüsusi meyl də Zəlimxan Yaqub şeirinin canıdır. Onun şeirlərindəki ağır lən­gər­lər, siqlətli fıkirlər də elə bunun nəticəsidir.

   Şeir poetik fıkirdən məhrum ola bilməz. O, nə qədər fikirlə yük­­­lənirsə, o qədər diqqəti çəkir, əzbərlənir, yadda qalır. Nə qədər sığallı, ütülü şeir olur-olsun, əgər o, fikirdən, ideyadan məhrum­dursa, ürəkdə qərar tuta bilməz. Şeiri şeir eləyən ondakı mətləbdir, po­etik forma və məzmun vəhdətinin gözəlliyidir. Buna yəqinlik olsun deyə, şairin müxtəlif əsərlərindən bəzi misralara nəzər yetirək:

 

Şükür Yaradanın verdiyi paya,

Səni sevmək üçün gəldim dünyaya...

 

Bəndə ilə danışmağa yoxsa dili, dilçəyi,

Allah ilə görüşməyə üzü yoxdur Şairin...

 

Sevənlər sevgili bir dərgahındı,

Zəlimxan, mən kiməm, hökm Allahındı...

 

Şeiri mən yazmıram ki, eşqin şahı yazdırır,

Sözün də Tanrısı var, öz Allahı yazdırır...

 

Qibləsi fikirdi, Tanrısı sözdü,

Allaha doğrudu yönü şairin...

 

   Adidə qeyri-adini, sadəlikdə böyüklüyü görmək və bunları qəl­bə, ruha məlhəm kimi səmimi ifadə etmək əsas məziyyətdir. Belə sə­mimilik isə hər kəsə nəsib olmur. Səmimilik, şübhəsiz ki, ürək­dən su içir. Ürəyin pıcıltılarına biganə qalmayan, nə düşü­nür­sə, onu də qələmə alan şairlərin yardıcılığında səmimilik əsas, təyin­e­dici keyfıyyətə çevrilir. Zəlimxan bir insan kimi həyatda necə­dir­sə, poeziyada da elədir. Mənəvi dünyası, sənət aləmi həm də onun şəx­siyyətini müəyyən edən amillərdir. Zarafat və ciddilik, yum­şaq­lıq ve sərtlik, məhəbbət və qəzəb onun poetik simasının əsas əlamətləridir.

   Lakin, bütövlükdə, o, Məhəbbətdən yoğrulmuş sənətkardır. Mə­­­­həb­­bətləyaşamaq, məhəbbətlə yaratmaq onun sənət devizidir. Buna bir daha inanmaq üçün şairin özünə müraciət edək:

 

Gül koludu, budağını əymirəm,

Dəymə deyir, toxunmuram, dəymirəm.

Havalıdı, havasından doymuram,

Bu qız niyə havalanıb, qörəsən?..

 

Yaradan müqəddəs, yaranan gözəl,

İlahi, min şükür yaratdığına...

 

Zəlimxan da söz yolunda şam ola,

Hər kəlməsi sevgi dolu cam ola.

Təbiətin özü kimi tam ola,

Əsillənə, nəsillənə, soylana...

 

Sevgim də, sözüm də, məhəbbətim də,

Nə varsa, beşikdən, bələkdən gəlib...

 

Söz-haqqın yaraşığı,

Eşqim – Allah işığı...

 

Son gündə eşq – Allahım,

                                  Məhhəbət – dinim olsun,

Bir «Ruhani» havası mənim

         Yasinim olsun...

 

   Zəlimxan Yaqub aşıq ədəbiyyatını, aşıq sənətini duyan, sevib qimətləndirən bir sənəkardır. Bu sənətin geniş yayılmasında, küt­ləvi xarakter daşımasında onun xidməti əvəzsizdir. Həm çalıb-oxu­yasan, həm də sevdiyin qədər sevdirəsən, bütün klassik aşıq­lara böyük məhəbbət aşılayasan, müasir, gənc aşıqları da eyni də­­rəcədə təbliğ edəsən və onların sənət sirlərinə daha dərindən yi­yə­lənmələrinə təkan verəsən, – bu, əlbəttə, əsl vətəndaşlıq möv­­qeyindən xəbər verir. Bəzən adama elə gəlir ki, aşıq poezi­yası, sənəti haqqında ayrı-ayrı kitablardan, monoqrafı­ya­lardan o qədər dəyərli məlumat almırsan, nə qədər ki, Zəlimxan Yaqubun söhbətlərindən, şeirlərindən, poema və dastanlarından, orijinal təhlil üsullarından... Onu dinləyərkən daha çox öyrənirsən və hər dəfə yeni, maraqlı məlumatlar alırsan. Aşıq Alı, Aşıq Ələsgər haqqında yazdıqları, sadəcə, konkret bir sənətkar haq­qında deyil, bütövlükdə, qədim, zəngin aşıq sənəti barədə dərin təəs­sürat yaradır. Təsadüfi deyil ki, şairin özünün də bu sənətin hü­dudlarının geniş vüsət qazanmasında önəmli yeri var. Onun qələ­minin məhsulu olan lirik qoşmalarını, gəraylı və bayatılarını, təc­nislərini, dodaqdəyməzlərini oxuduqca, şairin zəngin və rən­ga­rəng yaradıcılığına nəzər saldıqca, bir daha bu sənətin kökdən, ma­yadan gəldiyinin şahidi olursan. Zəlimxan Yaqubu hər dəfə din­lədikcə, Aşıq Əmrah, Hüseyn Saraclı, Kamandar, Ədalət, Mi­kayıl Azaflı və b. qüdrətli sənətkarlanmız yada düşür, qədim Göy­çə, Borçalı, Tovuz, Qazax, Gədəbəy, habelə Muğan-Şirvan aşıq sənəti nəzərimizdə canlanır.

   “Təbiət Allahın şah əsəridir” – deyən şair bütün əsərlərində İlahinin, Yaradanın qüdrətinə baş əyir, sözü, səsi, şeiri, ilhamı “Al­lahdan qələn vergi” ilə, vəhy ilə əlaqələndirir, həqiqi sənəti xaliqın möcüzəsi adlandırır. Həyatdakı və sənətdəki ilahi gözəl­liyə öz heyrətini gizlətməyən şair haqlı olaraq yazır:

 

Gözüm gözəlliyin həsrəti, acı,

Gözəllər başımın çığası, tacı,

Sən Allah, o bəndə, mən tamaşaçı,

İlahi, min şükür yaratdığına.

 

   Həyatda hərcür eybəcərliyə qənim kəsilən sənətkar yalnızgö­zəl­liyin vurğunudur; xeyirxahlığı, munisliyi, paklığı insan öm­rü­nün bəzəyi hesab edən şair müqəddəs hisslərdən, duyğulardan mə­həbbətlə söhbət açır:

        

Oda düşmüş, odu almır eyninə,

Odmu düşüb ürəyinə, beyninə?

Yer üzünü alıb gedir çiyninə,

Bu qız niyə havalanıb görəsən?..

 

   Zəlimxanın həyat və fəaliyyətində, poetik yüksəlişində Borçalı yur­dunun əvəzsiz rolu olmuşdur. O, öz ilham pərisi ilə məhz bu yur­dda görüşmüş və məhz buradan pəvazlanaraq böyük türk dün­yasına qovuşmuşdur.

   Antey kimi gücünü yerdən, xalqdan alan şair indi poeziya mey­da­nında məğlubolunmaza çevrilmişdir. Onun üçün Herakllar qor­­xulu deyil, ayağının Yerdən ayrılması də mümkünsüzdür, çün­­ki Zəlimxan güc aldığı torpağı, yurdu fiziki məfhumdan ilahi rəmzə, poetik obraza çevirib və qəlbinin ən dərin güşəsində sax­layır.

... Bəli, indi Zəlimxan poeziya dünyasında meydan oxumaq qüdrətindədir. İndi onun tribunası Bakı, auditoriyası bütöv Azər­baycan və bütün türk dünyasıdır. Bəlkə də, bir gün gələr ki, onun səsini, sözünü eşidən hər bir xalq, hətta dünya türkləşər. Çünki Şair sözü haqdan, Allahdan gəlirsə, – belə də olmalıdır. Əsl şairin səsini eşidən, qəlbini duyan bəşər övladı, həqiqətən, xoş­bəxtdir. İndi Zəlimxanı sevməyən yoxdur. Hətta, «sevməyənlər» də sevir.

... Gərək Dədə Qorqud olasan, şeir-sənət xanı olasan ki, Zəlim­xan olasan! Şairlik «əzabdır, iztirabdır», dünyanın əbədi ölümə məhkum olunmuş ilk və son «əzabkeşi» Prometey kimi. Nəhəng qayalara pərçimlənən, hər gün ürəyinin qanı içilən, gö­zü­nün nuru zül­mətə çevrilən, qartallarla didilən, ölən, yenidən di­­ri­lən, lakin öz sözündən, əqidəsindən dönməyən, bütün in­san­lara od, işiq bəxs edən Prometey nədir və kimdirsə, əsl şair odur, Zə­limxan odur. İnsanların ürəyini ovsunlayan, sözü, şeiri ilə «əzab­keşə» çevrilən, xoş iztirablar çəkən və çəkdirən, söz si­nə­sində kabab olan, Kərəm tək yanan, alışan, hər şeiri ilə yenidən do­ğu­lan, xalqına əsl oğul olan Zəlimxan – ürəkləri əbədi yandırıb-yaxan...

   Olimpə gedən yol məhz bu oddan, atəşdən keçir, xalqına sev­gi­dən, pərəstişdən keçir. Bu yoldan keçib Olimpə qovuşanlara əbədi eşq olsun!..

 

“Yeni Azərbaycan” qəzeti, 15.05.2004

 

 

Əmirxan XƏLİLOV,

Professor

Əmirxan XƏLİLOV,

Professor

  Geri