Xəbərlər Boigrafiya Haqqında Yaradıcılığı Qalereya Qonaq dəfətəri Əlaqə

   BÜLBÜL NƏĞMƏSİNƏ GÖRƏ SEVİLİR

 

Nüsrət KƏSƏMƏNLİ

BÜLBÜL NƏĞMƏSİNƏ GÖRƏ SEVİLİR

 

   Şair haqqında ən doğru, ən obyektiv sözü oxucular deyir. Hər bir yazanın reytinq balı onun oxucularının miqdarına bərabərdir. Hər bədii söz şeir deyil. Ağıllı, hikmətli sözə şeir demək olmaz, çünki didaktikadır.

   Bəs, elə isə şeir nədir? – sualına özümüz cavab verməyə ça­lışaq; əlbəttə, bu fikrin subyektivliyinə özüm hamıdan çox ina­nıram. Şeir – yuxarıda sadaladıqlarım, üstəgəl, ən gözəl sözlərin ən gözəl düzülüşü, daxili ritm və deyimin musiqisidir.

   Zəlimxan Yaqub sonunculara aid bir şairdir. Şeirimizin ənə­nəvi, xüsusilə də folklor janrlarına yaxın vəznlərində axarlı şeirlər yazan, bəzilərinin aşıq kimi qəbul etdiyi Zəlimxan tutduğu yola sadiqdir. “Aşıq” sözü özünün müxtəlif məna çalarları ilə “aşıq”, “ozan”, “el şairi” sözlərinin toplusudur. “E1 şairi” ilə “xalq şairi” sözləri arasında fıkir və məna yaxınlığı olması şübhəsizdir. Şəx­sən mən Qurbani, Abbas, Alı, Ələsgər kimi yaradıcı aşıqların hər bi­rini istedadlı şair kimi qəbul edirəm. Və həmin silsilənin məntiqi davamı kimi, bu gün Zəlimxan Yaqubu görürəm...

   Hamının istədiyi kimi görünmək çətindir, ümumiyyətlə, müm­­­kün deyil, bəlkə də, simasızlıqdır. Əsl şəxsiyyətləri qəbul edən qədər, inkar edənlərin də olması şəksizdir. Poeziya hər kəsin bir işarə ilə anlayacağı qədər bəsit deyil. Sadəlik və bəsitliyin ara­­­sındakı məsafə yerlə göy arasındakı məsafə qədər uzaqdır. Həd­­dini aşanda isə gözlə-qaş qədər yaxın olur. Əsl sənətkarlıq sərhəddə dayanmağı bacarmaqdır.

   Poeziya, hər şeydən əvvəl, kədərin tərcümanıdır. “Sevinc şairi”, “Kədər şairi” adlı ifadə yoxdur. M.Araz demişkən “sənət­kar   –   ürək   ağrısına   abunəçidir”.   Belə   olmasaydı, Zəlimxan Yaqub yuxusunda dərdli Şuşanı görməzdi:

 

Bu gecə yuxuma girmişdi Şuşa,

Pənahxan qəzəbdən tir-tir əsirdi.

Şuşanı satanlar verib baş-başa

Şəhərin üstündə qiymət kəsirdi.

 

   Şair humanizmin rəmzidir. Lakin qəzəblənəndə “qiymət kə­sənlərin” əlini, dilini kəsməyə hazır olan bir “cəllada” da çevrilə bilər. Poetik söz fatehlərin, qəsbkarların qılıncından itidir. Şairin tə­əssüfü belə ittiham qədər ağırdır. Sənətkar üçün dövlət qa­nun­ları deyil, kişilik, mərdlik qanunları hakimdir. Bəlkə, sular tər­sinə axacaq, bəlkə, ağaclar kökündən ayrılıb qaçacaq, bəlkə də, gün­lərin bir günündə xeyirlə şər barışacaq. Lakin şairi barış­dırmaq küsdürmək qədər asan olmayacaq:

 

Düşmən mənə zor göstərdi, zor elədi,

Ocağımı kül elədi, qor elədi.

Ağlamaqdan gözlərimi kor elədi,

Yanağımdan axan yaşla barışmaram!

 

   Mənim üçün şeir yazan, qoşan, şeir quraşdıran, bir də şeir ya­ra­­dan şairlər var. Zəlimxan şeirlərinə inşaat mühəndisliyi dəst-xət­ti uzaqdır. Çünki o, quraşdırmır, saatlarla qafiyə, heca dü­­zümü axtarmır, elə ona görə də şeir doğulduğu kimi yaşayır, in­kişaf edir. Şeirimizin qədim, ənənəvi köklərindən qidalandıqca yeni, poetik bir dünyaya qədəm qoyan Zəlimxan oxucularını da öz dü­nyasına aparır. Bu dünyanın səhəri ümid dolu, axşamları isə qürüb kədərlidir.

   Şair kənardan xoşbəxt görünəndə belə, ən bədbəxtlərdən bi­ri­dir. Bir körpənin yanağından süzülən bir damla göz yaşını, bu­daqdan ayrılan bir yarpağın payız ağrısını, köçkünlərin çadır “rahatlığını” özünə böyük dərd eləyən bir insan necə xoşbəxt ola bilər? Bir şair demişkən:

 

Şairlər Vətənin ən çox ərköyün,

Ən çox da döyülən övladlarıdır!

 

   Tarixdə Nəsimi, Vaqif, Puşkin, Lermontov kimi yaşayanlarla yanaşı, şeyx Əzəmlər, Danteslər, Martınovlar da «yaşayır».

    Əslində, onları yaşadanlar şairlərdilər. Şairə deyil, başqa bi­ri­si­nə güllə atsaydılar, çoxdan unudulub gedərdilər.

   Zəlimxana “güllə atanlar” az deyil. Əslində, şair üçün ki­minsə, nəyisə qəbul edib-etməməsinin elə bir əhəmiyyəti yoxdur. Şair öz sənətkar ömrünü yaşayır. Bülbül ona görə oxumur ki, kim­sə onun nəğməsindən zövq alsın. Oxumaq bülbülün peşəsidir. Və... bülbül nəğməsinə görə sevilir. 50 yaş gəncliyin qocalığı, qo­calığın gəncliyidir, daha doğrusu, yetkinlik yaşıdır. Zəlimxan isə yetkinlik yaşına çatmamışdan yetkin və bitkin şeirlərini yazıb. Qar­şıdan gələn tələsik illər var. Zaman gözləmir və gözləməyəcək də!

   Zəlimxan Yaqubun özü demişkən, “heyf, vaxtımız azdır”. Amma söz deməyə, şair hikmətinə həmişə vaxt var. Bir an da bir şeir üçün zamandır.

 

 

 

 

  Geri