Xəbərlər Boigrafiya Haqqında Yaradıcılığı Qalereya Qonaq dəfətəri Əlaqə

   ƏZİZ ŞAİRİM, FƏXRİM, VÜQARIM ZƏLİMXAN, SALAM!

ƏZİZ ŞAİRİM, FƏXRİM, VÜQARIM

ZƏLİMXAN, SALAM!

 

   75 yaşımın tamamlandığı günü Muganı elm-şeir-sənət bay­ra­mına çevirdiyiniz üçün sağ olun, minnətdaram! Təkrarsız, fltri istedadınızı Allah qorusun! Böyük istedadlar onlara verilmiş ilahi verginin çox zaman fərqinə varmırlar. Sizdəki qaynar ilham da, qeyri-adi yaddaş da, könlümü ovsunlayan sadəlik də... fövqəl­bə­şəridir. Belə nadir Allah vergisi hər sənətkara qismət olmur. Bir məlum həqiqəti sizə xatırladım ki, insan qəlbinin incəliklərini şe­irlə ifadə etmək mümkün olsaydı, musiqiyə ehtiyac qalmazdı. Zə­limxan dünyası şeirlə musiqinin vəhdətidir. Şeir və musiqi, il­ham və səmimiyyət bir insanın şəxsində vəhdətdədirsə, o, artıq in­sanların qəlbinə hakimdir, könüllər tərcümanıdır, his­slə­rin-duyğuların mütərcimidir. Belə şəxsiyyətlər mütəqaviltərəfin varlıgına hakim kəsilir, insanların emosiyalarını tənzimləmək, ruhunu oxumaq missiyasına sahib olurlar.

   Yəqin, mənim kimi Siz də, xitabət kürsüsünə qalxan bəzi şa­irləri görərkən darıxan, qanı qaralan, hətta salonu tərk edən din­lə­yiciləri az görməmişsiniz. Siz söz deyəndə, şeir söyləyəndə kö­nül­lərə giləvar mehi, bahar ətri yayılır, diqqətlər tarım çəkilir. Çünki hamı özünü könülləri məftun edib, sığallayan bir şeir Loğ­manının qarşısında hiss edir. Zəlimxan ilhamı Allah töhfəsidir. Allah verəni bəndə ala bilməz. Yaddaşımda dolaşan bir fikri xatırladıram: “İstedad və gözəl­liyə həsəd aparmayın. Öldürə bilərsiniz, lakin əlindən ala bilməzsiniz, çünki Allah vergisidir”.

   Ünvanıma dediyiniz qızıl kəlamlar üçün dönə-dönə təşəkkür edirəm. Ümumiyyətlə, 27 aprel Hacı İmamverdinin ad günü, Zəlimxan istedadının təntənəsi günü kimi muğanlıların yad­da­şında tarixə döndü. Bakıdan gəlib bütün gününü mənə həsr edən bəlli dostlara əlahiddə “məhəbbətnamə” həsr edə bilsəm belə yenə də borclu qalaram.

   Mənə ardıcıl və xüsusi ehtiramı ilə qəlbimi oxşayan Arif Rə­him­zadəyə, köməkçisi Vilayət müəllimə təşəkkür dolu salam­la­rımı yetirin.

   Həmişə müdrik, həmişə həssas, həmişə nigaran əzizim Anara, köhnə vəfadarım Qabilə, qədim dostum Bəkir müəllimə, müla­yim-mehriban Fikrət Qocaya, səbri və səmimiyyəti qoşa yaranmış Qəzənfər müəllimə, bütün məqamlarda təmkinini qoruyan Ayaz müəllimə, təmizlikdə mənə Göygölü xatırladan Səyyad Arana, ağsaqqalımız Oruc müəllimə... necə təşəkkür edim ki, könlüm aram tapsın?! Dahi Səməd Vurğun demişkən:

 

"Ah, nə deyim, nə ad verim, bu aləmdə mən sana?

-Al, bu qələm, bu da kağız öz sözünü  yazsana!

 

   Bu hisslərimin, bu duyğularımın qanadında böyük ədə­biy­yatın böyük dostu, həmişə mənə əziz olan kamil dövlət xadimi Həsən müəllim Həsənova salam söyləyin. O, əlahiddə hörmətə layiq dövlət adamı, ədəbiyyat xiridarıdır. Safürəkli, safdiləkli dost, zəhmətkeş alim, yorulmaz dövlət təşkilatçısı Zahid müəllim Qaralova, axtarışlardan zövq alan alim dostumuz Şamil Qur­ba­nova salam yetirin, əzizim.

  Məktubumu cavabsız qoymayacağına əminəm. Məclisdə mənə ünvanladıgınız (həsr etməsəniz də) “Xatirələrdə” şerinizin öz dəst-xəttinizlə yazılmış nüsxəsini mənə göndərsəniz, min­nət­dar olaram. Gözləyirəm.

   Ocağınızın sadiq keşikçisi xanımınıza, gülab nəfəsli övladlara ata-baba məhəbbəti ilə:

 

Əbədi doğmanız

Hacı İmamverdi ƏBİLOV 

 

 

  Geri