Ömər QOÇULU
DÜŞMƏNLƏRƏ GÖZ DAĞI,
DOSTLARA YARAQ QALA – ÇIRAQQALA
Hər dəfə Zəlimxan Yaqubun şeirlərini oxuyanda, yaxud da, sinədəftər şairin öz söyləməsində dinləyəndə istər-istəməz içimdə nə vaxtsa, haradasa keçirdiyim kövrək, doğma, ilıq bir duyğu oyanır. Və hər dəfə də mənə elə gəlir ki, onun nəzmə düzdüyü təşbehləri, sözləri, fıkirləri mən də söyləyə bilərəm.
Bəzən dağ selitək kükrəyən, bəzən bahar nəsimitək könül oxşayan əsrarəngiz poeziyanın sehrinə düşərək, qələm götürüb müşahidələrimi, hisslərimi qafıyələrə, rədiflərə süsləmək arzusu ilə bircə misra, bircə beyt yazmaq istəyəndə hər dəfə möcüzə baş verir. Kağız üzərində şeir əvəzinə tağbəndlər, ornamentlər, naxışlar rəsm olunur, yəni, memarlıq yaranır. Həyat eşqiylə, şeiriyyətlə, nəğməylə, məhəbbətlə cilvələnən bir memarlıq əsəri...
Ötən il daha bir möcüzə baş verdi. Zəlimxan Yaqubun mənə ithafən yazdığı «Çıraqqala» şeirini oxuyandan sonra dağ şəlalələri kimi saçaqlanan misraların axarına qoşulub durula-durula, xumarlana-xumarlana ormanlara, ovalıqlara yön almaq əvəzinə dağlara, yüksəkliklərə üz tutdum. Rəsm molbertimi də götürüb qədim memarlğımızın nümunəsi, tarixlər şahidi Çıraqqalaya qovuşmağa can atdım.
... Hər qalanın adına bir zamandan nişan var,
Bu qala nur qaladı, bu qala çıraq qala!
Tacından Günəş öpər, taxtından yaşıl çəmən,
Düşmən üçün ğöz dağı, dost üçün yaraq qala.
Şair dostum Zəlimxan Yaqubun Çıraqqalaya həsr etdiyi gözəl şeirini misra-misra ürəyimdə oxuya-oxuya, yaşıl ormanlı dikdirləri aşa-aşa qalanın «Günəş tacı» olan bürclərinə doğru qalxmaqdayam. Gah kola-kosa ürcah olan, gah da silvilərdən, talalardan, yastanalardan dolanan enişli-yoxuşlu, otlu-əncərli cığırların birini tutub üzü yuxarı irəliləyirəm. Yuxarı qalxdıqca hərəkət çətinləşir, iz-cığır da seyrəlir, hərdən bu ağırlıqda molbertimi götürdüyüm üçün özümü danlayıram. Dayanıb bir anlıq soluq alır, cökə, vələs ağaclarının sərinliyində qayadan süzülən bulağın bumbuz suyunda əl-üzümü yuyub istirahət edəndən sonra yenidən yoluma davam eləyirəm. Çalışdığım budur ki, Günəş günortadan əyiləndə zirvədə olum, çünki bu sayaq təbii işıqlanmada Çıraqqala daha effektli, daha canlı, daha əzəmətli görünür.
Bayaqdan “qabağıma düşüb mənə bələdçilik eləyən” dar çığır nəhəng sal qayanın dibinə çatır. Qırmızı-çəhrayı rəngli sal qayanı elə bil bıçaqla kəsiblər – səthi dümdüz, müstəvi kimidir. Bu müstəvidəki eninə-uzununa keçən alabəzək zolaqları, nağılvarı rəsmləri heyranlıqla seyr edə-edə, qüdrətdən vurulmuş “naxışları” rəsm albomuma köçürdükdən sonra dikdirə qalxıram. Qalxmağımla da heyrətdən donub qalıram: qarşımda açılan mənzərə nağılmı, yoxsa, intəhasız rəssam tablosumu? Bu necə ucalıqdır, bu necə genişlikdir?! Yadıma qədim Qəbələ qalasının divarları dayanan ucalıq, Şamaxıdakı Gülüstan qalasının yerləşdiyi ucalıq, Əlincə qalasının qalıqları sıralanan ucalıq düşür...
Bu ucalıq eşqinə qoy dillənsin ozanım,
Mən də coşum, çağlayım, öz vaxtımdı, öz anım.
Ey mənim tale adlı kitabımı yazanım,
Qoyma bu yer tarixin gözündən iraq qala!..
Yamyaşıl, gömgöy, mas-mavi dağların yamacları dikləndikcə diklənir, zirvələri ucaldıqca ucalır və ən yüksək, ənqəlbi nöqtədə Çıraqqala dayanır. Elə bil kosmik gəmidir, indicə kükrəyib-hayqırıb zirvədən qopacaq, səmanın ənginliyinə millənəcək!.. Günəşin zərrin şüalarında alışıb yanan qala divarları, istehkam qüllələri, sıra bürclər ilğıma bənzəyir. Bayaqdan qalanın dövrəsində süzən qartal dolanıb geri qayıdır.Gen gərilmiş güclü qanadlarını tərpətmədən havada cövlan edən qartal da sanki bu yuksəkliyə qalxdığı, qalaya sığındığı üçün xoşbəxtdir...
Qartalın qanadlarındakı güc, qüdrət mənə də sirayət edir, məxmər mamırlı daşların, sərt çınqıllı qayaların arasıyla quş kimi səkirəm, dolama pilləkənləri birnəfəsə qalxıb özümü baş bürcün zirvəsinə çatdırıram.
Günəş günortadan əyilmişdi...
... Bu, mənim Çıraqqala ilə üçüncü görüşümdür. İlk dəfə, memarlıq fakültəsində oxuyarkən abidədə ölçü təcrübəsi keçəndə gəlmişdim. Sonra, Belorusiya televiziyasının çəkiliş qrupunu müşayiət edirdim – onda, bir də indi, oxuduğunuz sətirləri yazmaq fikrinə düşəndə. Deyirlər, kim Çıraqqalaya bir dəfə qalxdımı, mütləq bir dəfə də qalxmaq qismət olacaq ona. Yəni, nə qədər ki, ikinci dəfə qalxmaq nəsib olmayıb, ömrün uzanacaq, ölüm də sənə yaxın düşməyəcək. “Ölüm-itim” söhbəti-filan öz yerində, amma, burada başqa bir həqiqət var. Mən deyərdim ki, Çıraqqalanın ən yüksək bürcünə bircə dəfə çıxıb, buradan bir ucu Dəmirqapı Dərbənd, Şuşa qalası, bir ucu Göyçə, Borçalıdan belə hüdudlanan doğma diyarın gözü dolu tamaşasına durmaq insanın ömrünü ən azı 10 il uzadır! Çıraqqalanın məğrur, əzəmətli görkəminə, od-alov izli, nərə, cəngi əks-sədalı bürclərinin səf düzümünə tamaşa etdikcə sanki, sən də mətinləşib daşlaşırsan, gözünün nuru, qəlbinin hərarəti artır, qayadan qayaya süzən qartalların ömrünə ortaq kəsilirsən... Şair də onunçün deyib, axı:
Oduyla-alovuyla açılıb lala kimi,
Zaman-bağrına basıb istəkli bala kimi.
Hər insanın ömründən bu məğrur qala kimi
Tarixlərdə yadigar səs qala, soraq qala...
Dayandığım yerdən qədim qalanın seyrinə dalıram, ürəyimə sənətlə, tarixlə, yurdla bağlı yarıkövrək, yarıqürurqarışıq hisslər süzülür...
Memarlıq hər zaman insan əməlinin, insan təfəkkürünün ən bariz, ən əbədi ifadəsi olub. Ulularımız öz keşməkeşli dövrünün, qəmli-sevincli dünyasının minyarpaqlı salnaməsini yazarkən həmişə memarlığa üz tutub. İnsan əsrlərdən öz qüdrətini büruzə verəndə bənd bağlayıb, yol çəkib, körpü salıb, saraylar, imarətlər ucaldıb, doğma eli, müqəddəs torpağı yağıdan-yaddan qorumaq lazım olanda isə, sədd çəkib, qala tikib, bürc boylayıb!.. Sayıqlıq, mətanət, əyilməzlik timsalı olan bu müdafiə qurğuları indinin özündə də əzəmətini, salğarını saxlamaqdadır.
Əllərinlə sığal çək, əldən od alsın qaya,
Ruhlar salama gəlsin, ərənlər çatsın haya.
Hər səhər zirvəsindən boylan bütün dünyaya,
Hər axşam ətəyində sönməyən ocaq qala!..
Qalaaltı kəndində bir ixtiyar baba xatırlayırdı: “...Beşbarmaq dağından qalxan qara tüstü qıvrıla-qıvrıla dikəldi, ərşə bülənd oldu, sonra də pəmbə buludları qara pərdəyə bürüyüb, səhər günəşinin üzünü örtməyə çalışdı...
Bunu görüb, dənizin lacivərd suları da qara rəngə boyandı. Acı yellər dənizi çalxaladı, dalğalar dəli bədöy kimi şahə qalxıb, hikkəylə sahildəki sal qayalara çaprıldı!.. Sahilin o başından bir qara kölgə sürünürdü. O, get-gedə böyüyür, tündləşir, qabarır, dağa-daşa, dərəyə-düzə yayıla-yayıla yaxınlaşırdı. Bir azdan at fınxırtısı, silah xırçıltısı ovalığıbürüyən tükürpədici uğultuya qarışdı. Çıraqqalanın zirvəsində dayanmış gözətçilər bu qara kölgənin cənubdan yürüyəndüşmən ordusu olduğunu bayaqdan duymuşdular – Beşbarmaq dağından qara tüstü sütunu qalxandan...
Beşbarmaq səddini yararkən xeyli tələfat vermiş yadellilər quduz canavar kimi əllərinə keçəni didir, tapdayır, talan edirdilər. Bir göz qırpımında gədiyi aşıb, qala divarlarına tərəf cumdular. Qara qasırğa kimi qüllələrin ətrafında vurnuxur, yol, keçid axtarırdılar. Elə bu vaxt qüllədən və qala divarının mazğallarından yağış kimi yağan iri daş parçaları, qaynar qətran seli, odlu yay oxları düşməni pərən-pərən saldı. Qoşunbaşı ətrafında əshabələri və qolbəyləri dikdirdə dayanıb bu qanlı səhnəyə tamaşa edirdi. Hirsindən dişi bağırsağını kəsə-kəsə altdan yuxarı Çıraqqalaya baxdı, sonra da bir ucu hardasa uzaqlarda dənizə dirənən qala divarlarının sonunu seçməyə çalışdı. O, qan-tər içində töyşüyən atın yüyənini yığışdırıb qalaya bir az da yaxın gəldi, bir də zəndlə baxdı əlçatmaz bürclərə, divarlara... Sıldırım qayalığın lap zirvəsində ucalan baş bürc buludlar arasında görünməz olmuşdu! Baş sərkərdənin iniltisi eşidilirdi:
– Yoox!.. Çıraqqala biz düşündüyümüzdən daha möhkəmmiş! Nahaq yerə qoşunu verdim bada!.. Nə qedər ki, az-çox salamat qalan var, geri dönməyimiz məsləhətdir...
Qalanın başına dolanan qara bulud çəkildikcə, həndəvəri, ətəkləri bürüyən duman-çiskin dərələrə, çökəklərə dağıldıqca baş bürc daha aydın seçilir, günortadan əyilən Günəşin şəfəqləri altında bərq vururdu.
O gecə baş bürcdə məşəl alovlandı və çox çəkmədi Beşbarmaq dağından belə, ta Dəmirqapı Dərbəndə qədər ətraf dağların hamısının zirvəsində işıqlar sayrışdı. Bu, qələbə məşəlləriydi!..»
... Çıraqqala!
Daşların el igidlərinin isti qanına bələndi – dözdün! Kərpiclərin el qızlarının göz yaşından islandı – dözdün! Neçə-neçə əsrlər dayandın – əyilməz, basılmaz ərənlər kimi. Neçə-neçə yad əllərə, acı yellərə sipər oldun, kəsər oldun – ovxarından od yağan qılınc kimi!.. Mərdlik, mətanət timsalısan, babaların bizə qeyrət, dəyanət öyüdüsən, Çıraqqala!...
... Xəyal məni 20-30 il bundan əvvələ aparır: Hələ tələbəikən Çıraqqalada topladığım tarixi materialları, etdiyim qeydləri, onun memarlıq, konstruksiya məziyyətlərini xatırlamağa çalışıram...
Uzunluğu 32 kilometr, divarının eni 8-10 metr olan Gilgilçay səddi eramızın V-VI əsrlərində, yəni təxminən 1500 il bundan qabaq çəkilib. Bu sədd dənizin içində başlayıb dərələrin dibiylə, bağların döşüylə dolana-dolana gəlib sıldırım qayalıqlara qovuşur və qayalığın zirvəsindəki Çıraqqala ilə tamamlanır.
Qalanın divarları və qüllələri o qədər də iri olmayan kələ-kötür daşlardan (arabir kərpic əlavə etməklə) hörülüb. Divarların hündürlüyü təxminən 8-10 metr, qalınlığı isə 3-4 metrdir. Çox güman ki, irili-xırdalı 10-a qədər bürcü, qülləsivarmış. Bütün qala divarı boyu keşikçilərin daldalanması üçün mətərislər, müdafiə, istehkam qurğuları qalmaqdadır. Qala qapısından bir az aralı, ortalıqda tağbənd örtməli ovdan – su anbarı yerləşir. Gözə dəyən saxsı borulardan və başqa əlamətlərdən görünür ki, su bu ovdana yaxınlıqdakı dağlarda qaynayan bulaqlardan yığılıb süzülürmüş.
Hündürlüyü təxminən 100-120 metr olan sıldırım qayanın zirvəsində ucalan Baş qüllə uzaqdan son dərəcə əzəmətli və möhtəşəm görünür. Bu qüllə müşahidə və siqnal-işarə məqsədilə tikilib. Belə ki, burada dayanan keşikçilər bir tərəfi Dəmirqapı Dərbənd, o biri tərəfi Beşbarmaq səddi olan dəniz sahili boyu, təxminən 100 kilometrə qədər ərazini nəzarətdə saxlayırdılar. Şimaldan, cənubdan təhlükə, basqın gözə dəyən anda baş bürcün zirvəsində ocaq alovlanardı.
Gündüzlər bu ocağın qapqara tüstüsü göyə ucalar, gecələr isə gur alovun şölələri hər tərəfdən görünərdi. Bu, həm xəbərdarlıq, həm də səfərbərlik işarəsi idi. Şübhəsiz, qalanın adı da belə yaranıb – od, çıraq yandırılan qala, çıraqlı qala, Çıraqqala...
Baş bürcün çox maraqlı memarlıq həlli var. Bir tərəfdən girdə, o biri tərəfdən düzbucaq şəklində hörülmüş silindrik gövdə başdan-başa üfıqi zolaqlara bölünüb. Növbə ilə daş və kərpic hörgülü zolaqlar onun monumentallığını daha da artırır (Bakıdakı «Qız qalası» kimi). Belə bir fənd çox güman ki, eyni zamanda, konstruktiv möhkəmlik üçün məqsədəuyğundur.Elə ona görə də, sal qaya üstündə yalnız öz ağırlığı hesabına dayanan baş bürcün möhkəm quruluşunu yaratmaq üçün qurşaqvarı zolaqlardan istifadə edilmişdir. Özü də, bu qurşaqların materialı növbə ilə təkrarlanır: daş-kərpic, daş-kərpic...
Siluet və tektonika effektinə görə baş bürcün həm forma kamilliyinə, həm də miqyas ölçülərinin tənasübünə söz ola bilməz. Daşın və kərpicin uyarlığından yaranmış bu estetik məqam da şairin sərraf gözündən yayınmayıb:
Zaman görər işini, yazın dönər qışına,
İlişərsən taleyin kotanına, xışına.
Şair, dön bu qalanın kərpicinə, daşına,
Bəlkə, qoca dünyada səndən bir varaq qala...
Bəli, əsrlərdən bəri yenilməzlik, dəyanət timsalı olmuş qədim milli memarlıq abidəsi Çıraqqala, həm də, kamil sənət nümunəsi kimi ucada dayanır.
Çıraqqalanın zirvəsində yandırılmış ocağın alovu, işığı hələ neçə əsr bundan belə də təfəkkürləri, ürəkləri nurlayacaq. Hələ neçə əsr bundan belə də öz səngərində möhkəm duracaq, şərə, nahaqqa bənd-bərə kimi, vətənimizin qədim hüdudlarına şahid, nişangah yeri kimi!..
...Günəş qüruba enməkdədir. Ayrılıq dəmi yaxınlaşır. Qaranlıq düşməmiş sıldırım qayalıqları dolanıb aşağı enməliyəm. Bayaqdan qürur hissi ilə çırpınan ürəyimə həlim, kövrək bir duyğu süzülür:
– Salamat qal, Çıraqqala! Salamat qal, xalqımın şərəfli, şöhrətli tarixinin daşşahidi!.. Neçə-neçə acı yelə sipər oldun – sal qaya kimi, neçə-neçə yad əli kəsər oldun – ovxarından od yağan qılınc kimi!.. Mərdlik, məşəqqət timsalısan, babaların bizə qeyrət, dəyanət öyüdüsən, Çıraqqala!
Salamat qal, Çıraqqala!..
...Qalaaltı kəndinə enəndən sonra dönüb bir də uzaqdan Çıraqqalaya baxıram. Qürub günəşinin son şüaları Çıraqqalanın daşlarını «közərdib». Gözlərimə inanmıram: mənə elə gəlir ki, baş bürcdə yenə ocaq yanır, alovun dilləri ucaldıqca göyə bülənd olur, günəşin al şəfəqlərinə qarışır...
Yanımda dayanmış ixtiyar babanı yenə sorğu-suala çəkirəm:
– Babacan, illəri yorub, yola vermisən, söylə, son dəfə Çıraqqalanın bürcündə ocaq yandığı yadına gəlirmi?
Qoca:
– Yadıma gəlir, – deyir. Bir neçə il bundan qabaq Qarabağdan, bir də Dərbəndin o tərəfindən qara sədalar gələndə nəvə-nəticələrim bürcdə ocaq qaladılar ki, el-oba xəbərdarolsun, hazır dayansın...
Beləcə, cavab verir qoca və gözləri yaşarır.
Məni də qəhər boğur, elə bil, köhnə yaramın üstünə köz basılır, gözlərimin önünə Şuşa, Əsgəran qalalarında çatılan haray ocaqları gəlir...
Yenə də Zəlimxan Yaqub hoyuma yetir, ürəyimdə közərən ümid çırağını alışdırır:
Durar öz səngərində bərəni, bəndi gözlər,
Göz olar sərhəddimə, şəhəri, kəndi gözlər.
Sağı doğma Bakını, solu Dərbəndi gözlər,
Qoymaz haqqın yerini şər tuta, nahaqq ala!
Sən də sağ ol, əziz şairim, odlu-çıraqlı, şər – nahaqq qaytarğalı şeirlərinə görə! Çıraqqala da daha neçə min illər beləcə dayansın elimin memarlıq incisi, yurdumun gələcək nəsillərə bütövlük müjdəsi kimi!...
|