Xəbərlər Boigrafiya Haqqında Yaradıcılığı Qalereya Qonaq dəfətəri Əlaqə

   MİLLİ MƏFKURƏMİZİN POEZİYASI

 

Azər Turan

MİLLİ MƏFKURƏMİZİN POEZİYASI

 

   Saz və İrfan. Məkkə və Təkkə. Quran və Turan. Ruh və Yad­daş. Zəlimxan Yaqubun şeirləri barədə yazmaq üçün ən əvvəl, bu mötəbər məqamlardan başlamaq lazımdır. Məncə Zəlimxan Ya­qubu müasirlərindən fərqləndirən də elə əslində, çoxlarının ayrı-ayrılıqda söykəndiyi bu təməl amillərə bütövlükdə istinad et­­­məsidir. Əgər milli-mənəvi dəyərlərimizin bu əsas qay­naq­la­rından biri Zəlimxanın düşüncə sistemində iştirak etməsəydi, mil­lətin sazı, ruhu, Məkkəsi, Təkkəsi, Quranı və Turanından ke­çib, ruhani iqlimlərin qovşağında qərar tutmasaydı indi biz bil­diyimiz, tanıdığımız Zəlimxan Yaqub hadisəsinə bəlkə də şahid ol­mazdıq. Sadaladığım amillərin Zəlimxan Yaqub yaradıcılığında bir araya gəlib vəhdət kəsb eləməsi, onun yaradıcılıq aurasını bü­töv­lükdə qapsaması şübhəsiz ki, ötən əsrin son çərəyi və XXI yüz­ilin ilk illəri üçün ciddi ədəbiyyat hadisəsi olaraq dəyər­lən­di­ril­məlidir.

   Zəlimxan Yaqub haqqında yazdığı bir məqaləsində görkəmli Azərbaycan alimi Xudu Məmmədov qeyd edirdi ki: “Yad tikinti materialları çox asanlıqla yad memarlıq forması gətirdiyi kimi, yad sözlər də yad şeir forması gətirir”.

   Bu mənada bir şair olaraq “yad tikinti materiallarına” – yad sözlərə və özgə düşüncələrə yönəlməməsi, sazın və klassik irfanın bəxş elədiyi doğma obrazlarla baş-başa qalması, məhrəm keç­miş­lərə ehya verməsi Zəlimxan Yaquba çağdaş Azərbaycan şe­irində ayrıca bir mövqe qazandırdı. Müasir poeziyamızda yaddaş kul­tunun yaradılması da daha çox onun adı ilə bağlıdır. Yaşar Qarayev demişkən, sabit, mütləq dəyərlərin əbədiliyini, onların baba, əcdad, Yəsəvi, İmrə kökünü və başlanğıcını... Zəlimxan bizə yenidən xatırlatdı, ənənələrin diriliyi və irsiliyi ideyasını tərənnüm etdi.

   Yaşar Qarayevin müşahidə etdiyi prosesə təkcə müasir şe­irimizdə deyil, müasir həyatımızda da böyük ehtiyac vardı. Axı mənəvi aşınmanın qarşısı ən əvvəl, ədəbiyyat vasitəsilə alınır. Bu, bütün dövrlərdə belə olub və Zəlimxan Yaqubun gücü onda oldu ki, o, ədəbiyyata fttrətən şair olaraq, “ildırım kimi çaxaraq, günəş kimi parlayaraq” (Nizami Cəfəroy) gəldi, həm də sanki nəsillərin şüurardında yuxuya dalmış aləmlərə can vermək üçün gəldi. Tanrı onu başdan-binədən şair biçimində yaratdı və nə yaxşı ki, Zəlim­xanın ədəbiyyatda estetik dəyərlərin nədən ibarət olduğunu öy­rən­məyə, mənimsəməyə ehtiyacı da yoxdu, o öz missiyasının uğurlu icrasına ilk şeirlərindən etibarən başlamışdı. İndi mütləq də­yərlərin və ənənələrin diriliyini, baba, əcdad, Yəsəvi, İmrə baş­lanğıcını isbat etməyə həmişəkindən daha çox möhtacıq. Çünki “millət öz irfanı içərisində yaşamalıdır” (Şeyx Ədəbalı) həqiqətinə inananlar az qala barmaqla sayılacaq dərəcədə azdır. Zəlimxan sübut etdi ki, onun gəlişi Ədəbalının Osman Qaziyə təlqin etdik­lərinə yeddi yüz ildən sonra: - Amin! söyləməkdən ötrü baş verib:

 

Kitab bizim, Quran bizim, ocaq bizim, pir bizim,

Qıfıl bizim, açar bizim, hikmət bizim, sirr bizim.

..Bizim olan, bizdən olan, bizlərə xoş gəlmisən.

 

    Zəlimxan Yaqubun şeirlərində türkün genetik yaddaşı dipdiridir. Onu məhdud məhəlli çərçivəyə salıb yalnız bu müs­təvidə dəyərləndirmək olmur. Zəlimxanın obrazlar siste­min­dəki insanlar minillər boyu təşəkkül tapmış bir şəcərəni ehtiva edir: Al­pamış, Manas, Koroğlu, Mete, Attila, Çingiz, Bilgə, Osman Qazi, Fateh, Əmir Teymur, Oğuz xan, Ərtoğrul bəy, Orxan Qazi, Xətai, Sultan Səlim, Dədə Qorqud, Yunus İmrə, Əhməd Yəsəvi, Hacı Bəktaşi Vəli, Tapdıq Əmrə, Mövlana, Nizami, Mənsur Həllac, Nəsimi, Füzuli, Kaşqarlı Mahmud... Siyahını istənilən qədər uzatmaq olar. Zəlimxanın təbi-vaalasının səfər etdiyi tarixi və coğrafı məkanlar da eyni tarixi miqyası qapsayır: Təbrizdən İs­tan­­bulacan, Göyçədən Qarabağacan, Naxçıvandan Borça­lıyacan, Məkkədən, Mədinədən Anadoluyacan, Bakıdan Dər­bəndəcən, Kərkükdən Çin səddinəcən... Tariximizin ve mənə­viyyatımızın bütün köşələrində Zəlimxan Yaqubun ilhamını din­dirən vəsilələr çoxdur. Türkün cahan hakimiyyətinə bağlı və heç vaxt utopik ol­ma­yan düşüncəsi bu gün həm də Zəlimxanın yara­dıcılığında cərəyan etməkdədir. Bu mənada onu müasirlərindən fərq­ləndirən çoxlu məqamlar var. Onun Göylə də, Yerlə də rabi­təsi daimidir, özü demişkən, bir əli göydə, bir əli yerdədir, bir əli haqda, bir əli tor­paqdadır.

    Zəlimxan Yaqubun ilhamı haralara qanad gərir-gərsin, fərq etməz, yetər ki, şeirlərinin altyapısında Vətən əxlaqı başlıca yeri tutur, bir daha əvvələ qayıdıb vurğulamaq istəyirəm ki, ümmət və milliyyət duyğusunu səbrlə, təmkinlə, inadla şeirdən şeirə, mis­radan misraya aşılayan Zəlimxan Yaqub Azərbaycanın Xalq şairi ünvanına gəlib çatanacan məmləkətin turançı şairi olaraq qalmağı bacardı. Bu, 1937-ci ildən və Caviddən sonra yeni mərhələdə ilk belə cazibədar hadisədir. O, bir Azərbaycanın deyil, ümumi və bö­yük vətənin şairidir və Zəlimxanın bu ədəbi xislətini dəqiq mü­şahidə edən Xudu Məmmədov haqlıydı ki: “Zəlimxanın şeir­lərində Vətən mövzusu mütləq ölçülərdə təsvir olunmur, ölçü­süz­lüyə çevrilir”. Xalq şairinin ikicildliyini oxuduqca ölçü­süz­lüyə, müəyyən mənada həm də zamansızlığa qovuşmuş kimi gö­rünən Turan aləminin tarixi VAXTININ və əbədi ZAMANININ bütün ərkanı ilə necə təzahür etdiyinin də şahidi olursan. Səlim və Xətai qarğaşasının oxucunu dəbərdən tərəflərinə hər kitabda Zə­lim­xan Yaqubun yazdıqlarından düşən işıq kimi bir VƏHDƏT işığı düşmür:

 

Bizə nə lazımdı? Ağız birliyi,

Ağ baxta yol açan ağ üz birliyi,

Qıpçaq qıvraqlığı, Oğuz birliyi.     

Olsaydı Xətayi-Yavuz bırliyi,          

Axmazdı ildırm, çaxmazdı şimşək,

Bu gün yumruq kimi birləşə bilsək...

 

    “Zəlimxanın nəfəsində bizim milli qəhrəmanımız Mete dilə gəlir, Türküstan dünyası dilə gəlir. Biz bilməliyik ki, Azər­bay­canın guşədaşı türklükdür... Bizim Türkiyə və bütün Türküstan dün­yasınagüvənməyimizdir...Böyük salonlarda bu eşqi tərənnüm eləyir Zəlimxan. Ona görə biz Zəlimxanı təkcə bir ər kimi yox, ictimai ürək kimi tanımalı, ondan ibrət götürməliyik” (Xəlil Rza Ulutürk).

   Uluturkün Azərbaycanın guşədaşı adlandırdığı türklük təkcə Xəlil bəyin deyil, bu düşüncəni paylaşan, bu uğurda şəhid olmuş bütün milliyyətçiaydınlarımızın ədəbi-məfkurəvi qayəsi olub. Əbəs yerə deyildi ki, 1937-ci ildə idealpərvər sənətkarlarmızı elə məhz bu məfkurə sisteminə sədaqət göstərdikləri üçün məhv et­mişdilər. Və əgər 1937-ci ildən indiyəcən bu simsar qayələrin ara­sındakı körpülər qoruna bildisə, əlaqə bağları kəsilmədisə mil­lə­timizin ayaqda dura bilməsini təmin edən əsasgüc mənbəyinin, enerji qaynağının başında daha geniş mənada və miqyasda ədə­biy­yatımızın dayandığını etiraf etməliyik.

   Milli poeziyanın daşıdığı missiya, təmsil etdiyi əxlaq Zəlimxan Yaqubun “Döyüşən türk, oyanan türk, qalxan türk” şeirinin təlqin etdiyi milliyyətçi ovqatın çevrəsində aydın şəkildə yansımaqdadır. Şeirin ritmi də, mahiyyəti də müstəsna bir türk­çülük havasına malikdir, müəllifinin tarix bilgisi, Tanrı Dağ­la­rın­dan Avropaya qədər şaxələnən savaş təfəkkürünə istinadı Zəlimxan Yaqubun sadəcə poetik deyil, fərdi də deyil, artıq çox­dandır ki, kollektiv milli yaddaşa sahib olduğunu əyani təsdiq edir.

   Müasir poeziyamızın əhəmiyyətli faktlarından biri olan bu şe­irin üzərində geniş dyanmadan onu bütövlükldə misal gətirmək istərdim:

 

Ayaz nədir, şaxta nədir, bürkü nə,

Nə qorxudar haq yolunda türkü, nə?

Birə düşsün düşmənlərin kürkünə,

Dəniz kimi dalğalan türk, çalxan türk!

Döyüşən türk, oyanan türk, qalxan türk!

 

Silkələdin göyün yeddi qatını,

Qucaqladın doğu ilə batını.

Dur yəhərlə ərənlərin atını,

Dəniz kimi dalğalan türk, çalxan türk!

Döyüşən türk, oyanan türk, qalxan türk!

 

Sabaha bax, əsr səni gözləyir,

Qala səni, qəsr səni gözləyir.

Məhkum səni, əsir səni gözləyir,

Dəniz kimi dalğalan türk, çalxan türk,

Döyüşən türk, oyanan türk, qalxan türk!

 

Qılınmasa başımızın çarası,

Silinərmi üzümüzün qarası.

Altay ilə Anadolu arası

Dəniz kimi dalğalan türk, çalxan türk,

Döyüşən türk, oyanan türk, qalxan türk!

 

Döyüşdədir ağlın, huşun yolları,

Döyüşdədir uçan quşun yolları.

Döyüşdədir qurtuluşun yolları

Dəniz kimi dalğalan türk, çalxan türk,

 Döyüşən türk, oyanan türk, qalxan türk!

 

Əritmisən əriyəntək qar suda

Romanı da, Bizansı da, Farsı da.

Qala kimi təzədən qur Qarsı da,

Dəniz kimi dalğalan türk, çalxan türk,

Döyüşən türk, oyanan türk, qalxan türk!

 

Gilqamışdan, Alpamışdan, Manasdan

Geri qalmaz dastan olsun bu dastan.

Qurtar bizi bu həsrətdən, bu yasdan

Dəniz kimi dalğalan türk, çalxan türk,

Döyüşən türk, oyanan türk, qalxan türk!

 

Hardan hara getdiyini bilən yol,

Üfüqlərə qovuşanda gülən yol,

Attiladan Atatürkə gələn yol,

Qalxan olsun, başın üstə qalxan türk!

Çanaqqala Malazgirdin davamı,

Türk deyil ki, öz qanından qorxan türk!

Təmiz süddən mayalansın, doğulsun,

Mete kimi, Oğuz kimi bir xan, türk!

Yaddaşında sıralansın, anılsın,

 Ərtoğrul bəy, Osman Qazi, Orxan türk!

Yenə Tanrı dağlarını qucaqla,

Dağlar olsun səngərin türk, arxan türk!

Döyüşən türk, oyanan türk, qalxan türk!!!

 

   Savaş poeziyamızın dəyərli örnəklərindən hesab edə bilə­cə­yimiz həmin şeir barədə müəllifə ünvanladığı yazıda professor Tofiq Hacıyev: «Türkün cild-cild kitabda deyilməli tarixi coğ­rafiyasını, qəhrəmanlar, sərkərdələr şəcərəsini bir şeirdə demisən – onları tutmusan, hər anın tarixi rəmzini tapmısan, türkün tarixini türk sözünə sığışdırmısan, türk sözünün bədii-estetik obrazını aç­mısan. “Mete kimi, Oğuz kimi bir xan, türk!” misra deyil, daşlaşmış etnik tarixdir, türkün şəxsiyyətinin açılmasıdır. Bu misra şeirin içində bir şeirdir”, – deyə qeyd edirdi.

“Döyüşən türk, oyanan türk, qalxan türk” Qarabağ ərəfəsində olan millətimizə ünvanlanmış ciddi bir çağırışdır. Unutmayaq ki, ictimai həyatımızda 20 yanvar müsibətindən sonra vətəndaşımızın “Dəli bir ağlamaq keçir könlümdən” havasına kökləndiyi bir macalda belə şeirlər yazmaq ordu quruculuğu kimi çətin, tarixi və məsuliyyətli bir işdən heç də az əhəmiyyətli deyildi. Çünki ədə­biy­yatın səsiminordan majora vaxtında adlamağı bacarmışdı. Po­eziyamızda iniltili və o günlərin psixolojisi üçün bəlkə də yeganə qorxulu tendensiyanı həm də Zəlimxan Yaqubun şeirləri ortadan qaldırdı. “Dəli bir ağlamaq” həvəsinə köklənmiş cə­miy­yəti yenidən ruha, cana gətirmək üçün yazılan savaş şeirləri Qara­bağ faciəsinin finalına hələ ki, zəfərlə gəlib çıxmamış məmləkətin ruhi ehtiyaclarından qaynaqlanır:

 

Analar ağrıda, bacılar yasda,

Qaragün talelər qara libasda.

İgidim mürgüdə, qılıncım pasda,

 İllərdi qurumur gözümdəki yaş,

 Savaş istəyirəm, dəli bir savaş!

 

...Can bizim, baş bizim, ruh-bədən bizim,

Gül bizim, çöl bizim, göy çəmən bizim.

Yer bizim, göy bizim, bu vətən bizim,

Millətin yolunda qurbandır bu baş,

 Savaş istəyirəm, dəli bir savaş!

 

   Zəlimxan Yaqubun qurub-yaratdığı müqəddəs aləmin baş ru­ha­nisi Saz – həm də onun poeziyasının həyat və dirilik mən­bə­lə­rin­dən biridir. Foiklorənənələrimizə, saz mədəniyyətinə onun qədər içdən bağlanmış, aşıq sənətinin texnologiyasını onun qədər mü­kəmməl mənimsəmiş başqa bir müasir şairimizi misal gös­tər­məkdə də çətinlik çəkirəm.

    Eiraf etməliyik ki, Azərbaycanda muğamın dərki müs­tə­vi­sin­də ədəbiyyatın timsalında Bəxtiyar Vahabzadənin “Muğam” poeması hansı işi görübsə, Zəlimxan Yaqubun “Saz” poeması da saz havalarının dərki müstəvisində eyni işi görüb.

   Türk ədəbiyyatında belə təcrübələr əvvəllər də olmuşdu. Klas­sik türk ədəbiyyatında Nabinin “Hayriyə”, Şəmsəddinin “Deh Mürğ”, Vəhbinin “Lütfıyə” məsnəviləri bu qəbildən olan örnəklərdi.

   Zəlimxan Yaqubun “Saz” poemasında ədəbiyyat tarixmizdə ilk dəfəydi ki, sazın ilahi mənşəyi barədə belə epik vüsətlə bəhs edilirdi. Poema saz havalarını canlı orqanizm, tərcümeyi-halı olan varlıqlar kimi şərh edirdi. Zəlimxan haqlıydı. Çünki “Saza və sözə mü­nasibət Azərbaycanda bütün dövrlərin sənət yollarını öz üzə­rində saxlayan ana gövdədir. Bütün budaqlar bu gövdəni böyüdür və kökə bağlanır. Kənarda cücərmək olsa da, böyüyüb bu gövdəyə yapışmaq olmaz. Bu gövdədə cücərib böyümək lazımdır... Kurqanlarda tariximizin keçmiş səhifələri saxlandığı kimi, sazla bağlı ədəbiyyatda da poetik təfəkkürümüzün yüksəliş naxışı sax­lanıb” (Xudu Məmmədov).

   Gerçəkdən də bu belədir. Hər nə qədər dünyaya çıxış yolla­rı­nın müasir kodları bilinsə də, millətin ədəbiyyatını dünyanın ədə­biyyatına çevirmək üçün yol, əsas qaynaq, ilkin həyat çeşməsi xalqın özündən gəlir.

   Zəlimxan Yaqubun poeziyasında Azərbaycan aşıq mühitinin bü­tün arealı sərgilənib. Allaha şükür ki, yerində salamat qalan, qədim-qaim Borçalı da, bu gün artıq itirdiyimiz və aşıqlıq şəbə­kəsini işğalın viran qoyduğu Göyçə də burdadır. Aşıq sənəti coğ­rafıymızın xəritəsi “Saz” poemasında bütün konturlarıyla bahəm yerli-yerində naxışlanıb.

   “Qara sazın yaddaşı” şeirində dünyadan köçən adamı qara sazın yaddaşına köçən   adamın   obrazı əvəzləyir. Obraz  mis­­tik­dir,  yenidir  və  Zəlimxanınyetirməsidir. Bu, yaddaşlara köçən ənənəvi adam da deyil. Sazın yaddaşına köçəndir.

 

Qəbrə köçmür, qəlbə köçür,

qana köçür

Telli sazın yaddaşına

köçən adam.

“Divani”ylə haqsızlara

divan eylər,

“Mansırı”yla göz yaşını

rəvan eylər.

“Ruhani”ylə qocaları

cavan eylər,

Qara sazın yaddaşına

köçən adam.

... Zaman-zaman könüllərlə

söhbətdədi,

Yerdə yerlə, göydə göylə,

vəhdətdədi,

Elə bilsin bir əbədi

cənnətdədi

Telli sazın yaddaşına

köçən adam.

 

   Milli-psixoloji mahiyyəti üzərində daha çox dayanmağa eh­ti­yac duyduğum Zəlimxan Yaqubun yaradıcılığı ədəbi-estetik ba­xı­mdan da Azərbaycan poeziyasının sərvətləri sırasında özünə lə­yaqətli yer tutmaqdadır.

   “Əynimizə geydirilmiş dəli köynəkləri”nin (Cəmil Meric) - izmlərin əsirinə çevrilməyib, ədəbiyyat adına millətin, millət adına ədəbiyyatın yanında olmağı və qalmağı bacaran Zəlimxanın urvatlı poeziyasının məhz bu məqamını etiraf edən professor Ni­za­mi Cəfərovun müşahidələri də sərrastdı: «Azərbaycan poezi­yasının ən dərin qatlarından gələn, zaman-zaman meydana çıxmış müxtəlif “poetik təriqətlər”dən, “bədii sapmalar”dan yüksəkdə dayanan, “xalq ruhunu” dədə malı kimi qürurla da­şımağı bacaran böyük şair Azərbaycan ədəbi-bədii düşün­cəsinin, estetik fikrinin qarşısında yeni bir meydan açdı, “ədəbiyyat budur, poeziya bundan ibarətdir!”, – dedi...”

   Əslində bunun belə olduğunu şəstlə demək, deməyi bacarmaq üçün doğrudan da böyük şair olmaq başlıca şərtlərdəndir. Ədəbi təri­qətlərin, izmlərin, yolların bir-birinə aman vermədən milli ədə­biyyat ərazilərimizə daxil olduğu indiki  dövrdə,  yazdıqlarını meydana çıxarıb:  “poeziya bundan ibarətdir!” – hökmünü ver­mək məsuliyyətli bir münsiflikdir. İkicildliyin mütaliəsi zəmi­nində əmin olursan ki, Zəlimxan Yaqub bu haqqı da qazanmış şair­lərimizin sırasındadır. ... “Ədəbi təriqət”lərə könül bağlaya bilməyən Xalq şairi:

 

Məndən küsdü soyadım,

Namərd olsun qoy adım.

Səni necə oyadım?

Layla, Xocalım layla.

 

yaxud:

 

Xocasan, xocan hanı?

Cavansan, qocan hanı?

Tüstülü bacan hanı?

Layla, Xocalım layla

 

misralarında layla qədimliyinə rəğmən çağdaş dərdlərimizin doğurduğu yeni obrazlar və qafiyə sistemi yarada bilib. İki­cild­likdə belə misralar, gözlənilməz qafıyələr çox-çoxdur. Tədqi­qat­çılarının da dediyi kimi, «şair “ötəri”, “ilğım” qafıyələri, demək olar ki, işlətmir, əvəzliklərlə “doldurulmuş” qafiyələr onu cəlb etmir» (Rüstəm Kamal).

    İdeoloji basqılar hesabına sovet dönəmində mahiyyətini itir­miş ənənəvi mövzuları müasir kontekstdə yenidən ədəbiyyata gə­tirə bilməsi Zəlimxan Yaqubun milli ədəbiyyatımız qarşısındakı bö­yük xidmətlərindən biridir. Zəlimxan Yaqub özünün milliyətçi əh­valı, irfani mahiyyəti, çağdaş siyasi prosseslərə həssas mü­na­sibəti ilə də, eyni zamanda xalq ruhunu şeirlərinin altyapısında bərqərar edib milli ruha ehya verə bildiyi üçün də yazdıqları çoxdandır ki, millətimizin dəyərli ədəbi sərvətinə çevrilib.

***

   Azərbaycanın ən cavan Xalq şairi, iki dövlətin – Azər­bay­canın vəGürcüstanın “Şöhrət” və “Şərəf” ordenlərinin sahibi Zəlimxan Yaqub 1950-ci ilin 21 yanvarında    Borçalı    mahalının    Kəpənəkçi kəndində dünyaya gəlib. Kəpənəkçidəki orta məktəbdə təhsil alıb, sonralar isə Bakı Dövlət Universitetini bitirib.  Zəlim­xan bəyi yetişdirən ocaq “türk mənəviyyat və  savaş kitabının” səhifələrinə Alxas Ağa Hacaloğlu, Kəpənəkçi Əmin Ağa imzasını qoyan bir ocaqdır.

   Ədəbiyyata gəldiyi ilk gündən üzü bu tərəfə milli-siyasi çıxar­la­rımızıntərəfində   dayanan  Zəlimxan  Yaqub  millət  vəkili  olaraq  rəs­mi nümayəndə heyətlərinin tərkibində Səudiyyə   Ərəbistanına,   Çin Xalq Respublikasına, Amerikaya,    Türkiyəyə,    Qırğızıstana,    Almaniyaya   səfər   edib...    Ərəbistan səfərindən sonra Məkkənin poeziyamıza qayıdışı baş verib, Amerikada siyasi lirikanın ciddi nümunələrini hasilə gətirib...

***

   Zəlimxan Yaqubun kitabı barədə düşüncələrimi türk alimi Nizaməddin Onkun sözləri ilə tamamlamaq istərdim: “Sinəsində alov-alov duyğular parlayan Zəlimxan Yaqub, xalqını, millətini se­vən insandır. Türkçüdür. Türk varlığından təsirlənmişdir. So­yu­na, keçmişinə içdən bağlıdır. O, öz irqinin köklü mədəniyyətə sahib olduğuna inanmış, könlünü buna vermişdir”.

 

May 2006

  Geri