Rüstəm KAMAL
ZƏLİMXAN YAQUB: BAYATI HƏQİQƏTİ
(“Dərdimizin bayatı düzümü”nü oxuyarkən)
Z.Yaqubun bayatı sözü, bayatı inancı genetik-funksional baxımdan söyləmə aktına, canlı mərasim stixiyasına bağlıdır. Z.Yaqub sənətinin funksional-psixoloji, deklamasiya xüsusiyyətləri söyləyici-şair obrazının və funksiyasının birləşdiyini təsdiqləyir. Hər iki funksiya həm də yeni poetik durumda Azərbaycan türklərinin mifoloji fondunun gerçəkləşdirmə variantlarıdır.
Zəlimxan Yaqub etnosun poetik təcrübəsində hər iki funksiyanı və obrazı uğurla birləşdirən sənətkarlardandır: “Boy boylamaq, söz söyləmək adətim”.
Bir tərəfdən, Z.Yaqub şifahi sözün, verbal tealizmin daşıyıcısı kimi, digər tərəfdən – kitab mədəniyyətini, yazılı sözü mükəmməl bilən söz ustası kimi çıxış edir. Söyləyici istedadı, şairlik ilhamı, ifaçı qabiliyyəti onu mədəniyyətimizin unikal hadisəsinə çevirmişdir (“Space” kanalında apardığı silsilə verilişləri xatırlayın).Çox yaxşı haldır ki, Z.Yaqub şairlik taleyni dövlətçilik taleyindən ayrı düşünmür, işini-gücünü, ədəbi fəaliyyətini (yaradıcılıq fəallığı) dövlət işi, millətə xidmət kimi qəbul edir. Aydın siyasi-ideoloji mövqeyi, vətəndaş məfkurəsi hər şeyi öz adıyla çağırmasına (məsələn, “Rəsul Həmzətova məktub”, “Amerika” poemalarında) imkan verir.
Bayatılar Z.Yaqubun bir fərqli şair özəlliyini – improvizə qabiliyyətini ortaya qoyur. İmprovizə ruhun xüsusi təlqini nəticəsində baş verir.
Z.Yaqubun bayatı improvizəsi iki səciyyədə baş verir: 1) ritm-intonasiya bütövlüyü; 2) səs-söz bütövlüyü.
Başkeçid başdan ağlar,
Kirpikdən, qaşdan ağlar.
Gecələr yuxu yatmaz,
Durub o başdan ağlar.
Yaman qonşu himlədi,
Yaralarım simlədi.
Qəlbi qəm qıfılladı,
Canı dərd tilsimlədi.
“Dərdimizin bayatı düzümü” milli poeziyanın formul-motiv fondunu – dil-üslub, məna modelini müəllif-dinləyici (oxucu) ünsiyyət məkanında yenidən gerçəkləşdirir. Z.Yaqub poeziyasının müsbət mənada ənənəviliyi bədii təsvir vasitələrinin, epitetlərin, qafıyələrin ənənəvi etnik qavrayış, poetik təcrübə kontekstində verə bilməsidir. Bayatıda sözün sözə münasibəti, sözün sözlə qohumluğu ön plana çıxır. Sinonim, antonim və ya omonim sırası bayatılarda mətniçi çoxmənalılığı qabardır. Bu baxımdan sinonimlər daha fəaldır. Sinonimlərin əsas funksiyası dəqiq deyim tərzidir, sözlərin mənasının dəqiq differensasiyasıdır. Bir neçə örnək gətirək:
Göy ağlar, tavan ağlar,
Gənc ağlar, cavan ağlar.
Xan qızı gözü yolda,
Sızlar, Natəvan ağlar.
Qovrulan içim, layla,
Günahım, suçum, layla!
Mən nə qədər yol gedim,
Dayanmır köçüm, layla.
Can bağçalar, can bağlar,
Yaralarım şan bağlar.
Bayatı bir zəmidi,
Dərzi Zəlimxan bağlar.
Hər bayatıda vurğu ritmə təsir edir, vurğu şeirin ritm bütövlüyünə “məsuliyyət daşıyır”. Vurğunun ritmik fəallığı nəticəsində hecalar səhmana düşür, daha istiqanlı, qəlbəyatan olur. Ən başlıcası – layla, oxşama, ağı melodiyasını görümlü edə bilir. Bayatıların cinas dünyası (cinas qafiyələri) ayrıca söhbət mövzusudur.
Ümumiyyətlə, cinaslara, həmcins sözlərdən ibarət sadə qafıyələrə meyllilik türk şeirinin genetik əsası olan sintatik paralelizmlərə gətirib çıxarır.
Qiblə döş, qiblə sinə,
Qibləyə qiblə sinə.
Kafər ayağı dəydi
Yaxşının qibləsinə.
Sintaktik, leksik paralelizmlər, refrenlər, alliterasiyalar və s. Z.Yaqub sintaksisinin bədii xüsusiyyətlərini müəyyənləşdirməklə yanaşı, türk folkloru ilə doğmalaşdırır. Poetik ənənə onun şəxsi taleyindən, dünyagörüşündən qızıl xətt kimi keçir.
Etnosun lirik fondu, bayatı, layla, ağı saxlancı onun fəlsəfəsinə, etnik dünyagörüşünə tamam uyğun gəlir. Axı, şair Borçalıda – zəngin folklor məkanında dünyaya gözünü açmış, yaradıcılıq boyatımı ədəbiyyatımızın epik-lirik təfəkkür daşıyıcılarının (Aşıq Əmrah, Hüseyn Saraclı, Hüseyn Arif, Osman Sarıvəlli...) “nəzarəti” altında püxtələşmə keçmişdir. Əski şairlərimizdə olduğu kimi, Z.Yaqubun təxəyyülü canlıdır, rəvayətlərlə, miflərlə, adlarla əlaqəsi bərpa olunur.
Xalq şairinin folklor instinkti, ənənəvi poetik təhkiyə ənənəsinə bağlılığı yaradıcılığında etnik mənəviyyat kodeksinin, qəhrəmanlıq-kişilik-ərlik ideallarının təcəssümünə xüsusi siqlət gətirmişdir. Vətəndaşlıq konsepsiyası bayatı gövrəkliyinə ayrıca məzmun verir:
Ər kimdi – Ərk qalası,
Dünənin dərk qalası.
Tufanlı tarixlərin
Dizləri bərk qalası.
Gözdə bəbək qalası,
Odu Babək qalası.
Səsinə səs verməsək,
Meydanda tək qalası.
Çağdaş poetik təcrübəmizin bu maraqlı nümunələrində narahat suallar, qisas, intiqam çağırışı eşidilməkdədir:
Üz kəndi, Üz elləri,
Yanşaq, qopuz elləri.
Hanı bəy babalarım,
Hanı oğuz elləri?
“Dərdimizin bayatı düzümü” (bayatı törəni) Azərbaycan poeziyasına xüsusi patetika (pafos), intonasiya tipi (Z.Yaquba məxsus intonasiya tipi), emosional energetika gətirmişdir. Burada hansı müəllif emosionallığı yoxdur?
Oxşama, ağı, fəryad, təlaş, inam...
Saz altında dillənən sözün improvizəsi təhtəlşüurdakı, yaddaşdakı xüsusi adları (antroponimləri, toponimləri) çözüb ritmə hörür, qafiyəyə düzür.
Bayatı təhkiyəsinin və üslubunun diqqətçəkən əlaməti mətnin toponimlərlə zəngin olmasıdır.
Xüsusi aldar etnik dil kodudur. Bayatı dilinin ritual funksiyası məhz adların “təqdimatına” xidmət edir, bayatı mətnini işarə sistemi kimi təşkil edir.
Sofulu ah-zardadı,
Canım Barxudardadı.
Bağanıs-Ayrım yanıb,
Əksipara dardadı.
Gözü yolda qız qalar,
Qılıncım qınsız qalar.
Məmməd Aslansız ölər,
Ağa Laçınsız qalar.
Toponimlərin belə intensiv sadalanması milli faciənin göstəricisidir.
Söz vasitəsi ilə dünyaya (kosmosa) müraciət, kosmosla fəal əlaqə yaratmaq ovsun formullarını xatırladır. Adların ritual səslənişi xüsusi poetik gerçəklik yaradır. Ovsunlarda predmetlər adətən taksonomik qaydada sıralanmış, düzülmüş siyahı kimi verilir: Z.Yaqubun bayatılarında xüsusi adların təqdimatı, sıralanması ovsun mətnlərində olduğu kimidir.
Z.Yaqubun müəllif şəxsiyyəti, onun “görən və bitən ürəyi” daim hadisələrə müdaxilə edir. Vətən təbiəti ilə, onun bütöv coğrafıyası ilə bağlı biliyini nümayiş etdirir, türk insanının başına gələnlərə (başına gətirilənlərə) emosional münasibətini bildirir.
Z.Yaqub o şairlərdəndir ki, epik keçmişin etnos üçün aktuallığına işıq saflığı, şair səmimiyyəti ilə inanır. Koroğlunun, Dədə Qorqudun, Əsli-Kərəmin, Qərib-Şahsənəmin... gerçək varlığına inanır. Çünki Z.Yaqubda epik təfəkkürün bütövlüyü pozulmamışdır. (Bəlkə müasir şairlərimizin savaş tariximizi epik vasitələrlə verə bilməmələrinin səbəbi elə budur?)
Z.Yaqubun dili dediyi ağıda, çağırdığı bayatıda ancaq həqiqəti söyləyir:
İtənlər ələ gəlməz,
İstərəm, gələ bilməz.
Kərəm yüz yol çağırsa,
Köməyə Lələ gəlməz.
Z.Yaqub bayatı dilində, layla dilində, oxşama dilində ürəkdən qələmə, qələmdən varağa süzülən poetik fıkirlərini, yaralı duyğularını etnosun folklor düşüncəsi, folklor məntiqi səviyyəsində çağdaş Azərbaycan insanına ünvanlayır.
Etnik-mədəni ənənənin tələbatına cavab verən bayatı sözünü Z.Yaqub yeni dövrün fərqli poetik ifadə sistemində aktuallaşdıra bildi. Buna görə ona “bayatın mübarək, şair!” demək qalır.
|