Xəbərlər Boigrafiya Haqqında Yaradıcılığı Qalereya Qonaq dəfətəri Əlaqə

   ZƏLİMXAN YAQUB – XALQ ŞAİRİ, HAQQ ŞAİRİ

Nahid HACIZADƏ

ZƏLİMXAN YAQUB – XALQ ŞAİRİ, HAQQ ŞAİRİ

özü və sözü haqqında düşüncələr

 

    Bu yazı ürəyimdə çoxdan yol gəlir, cümlə-cümlə sətirlənir, sə­hifələnirdi. Ancaq nöqtə qoyub, onu kağıza köçürə bilmirdim. Çəkindiyim, çətinliyim bu idi ki, onun haqqında çox yazılıb, çox deyilib – bəlkə qədərindən də çox. O, hər gün gözümüzün qaba­ğın­dadır. Radiolar, televiziya kanalları, qəzetlər, jurnallar onu gah öyür, gah danışdırır, söz dedirtdirir, gah şeir oxumasını, gah da saz çalmasını arzulayırlar. Mən hələ çeşid-çeşid, dürlü-dürlü məc­lis­ləri, poeziya axşamlarını, yaradıcılıq gecə­lərini, təqdimat məra­sim­lərini, yubileyləri, görüşləri demirəm...

    O, gecə-gündüz xalqın içindədir, xalqın sevincini öz sevinci, qəmini öz qəmi bilir. Tənqidçilər, söz-sənət adamları, jurnalistlər onu həmişə diqqətdə saxlayır, müxtəlif yönlərdən, rakurslardan şairin şəxsiyyəti, poeziyası ilə bağlı söz deyir, fıkir səsləndirir. Bəzən təzadlı olur bu fikirlər.

    Bu da faktdır ki, Zəlimxan Yaqub tərifə də, tənqidə də öyrən­cəli, dözümlüdür. İkisini də kişi kimi mərd-mərdanə qar­şılayır. O, nə qanadlı təriflərdən havalanan, nə də yerli-yersiz tən­qidlərdən rən­cidə olub, qolları yanına düşən, qələmi, kağızı bir yana ataraq küsən, küskünləşən deyil.

    Bu dediklərim bəlkə də düşündüklərim barədə kiçik gəziş­mədir. Bir həqiqətdir ki, hər bir oxucunun – onu istəyənin də, is­tə­­məyənin də öz Zəlimxanı var. Elə mənim özümün də.

    Mən öz Zəlimxanımı ayrı bir biçimdə – qəlbimə yaxın şair, insan, şəxsiyyət biçimində görür, xəyalən onun portret cizgilərini «fırça»ya almaq istərkən qəlbimin yelkənini geniş açıram. Bu, bəlkə də onunla bağlıdır ki, Zəlimxan haqqında astadan, sakit bir səslə danışmaq mümkün deyil. Çünki o, emosiyalar üstündə kök­lənmiş aramlı düşüncələrdən süzülüb gələn, gah da şahə qalxan, gur şəlalə kimi çağlayan, ürəkləri bir-birinə qoşan sehrkar bir söz ustasıdır, sənətkar-orkestrdir.

     Mən onu bir qərinədir ki, tanıyıram, özünə də, sözünə də ya­xın­dan bələdəm. Bir yerdə yolçuluq da eləmişik, gur məclislərə də düşmüşük. Çox dinləmişəm Zəlimxanı.

     ...Şairin avtoqrafla mənə bağışladığı “Seçilmiş əsərləri”nin pre­zident İlham Əliyevin “Azərbaycan dilində latın qrafıkası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” sərəncamına əsa­sən nəşr olunan və ölkə kitabxanalarına hədiyyə edilən ikicildliyi ilə baş-başayam. Qəlbimin dərinliyində “mübarək olsun!” dedi­yim bu nəşri – şairin ömrü boyu hiss və duyğularının, düşüncə və ürək təlatümlərinin nəğməsi, nəqşəsi olan şeirlərin, poemaların çiçək-çiçək dərilmiş qoşa dəstəsindən yaranmış bu iki kitabı əlinə götürəndə əlin sevinir, baxanda gözlərin, oxuyanda ürəyin şah­rız­lanır, xəyalın qanadlanır...

     İkicildlik «Gəldim» şeirilə açılır. Bu, onun poetik bioqra­fiyası, monoloqu, yaradıcılıq məramı, manifesti, «divani»sidir.

 

Haray sazı, ün sazı,

Ömür sazı, gün sazı,

Sinəmdə türkün sazı,

Dilimdə dastan gəldim.

 

...Buludlardan süzüldüm,

Çiçəklərə düzüldüm,

Füzulidən süzüldüm,

Axdım Yunusdan gəldim.

 

    “Saz” sözü qəlbinin dərinliyindən qopub, dilinin ucuna qonub. “Saz” deməkdən, sazı tərənnüm etməkdən yorulmur. Bunu özü­nün həyat amalı, yaradıcılıq sevinci bilir. “Mələk dodağında dinən nəğmələr” silsiləsinin bizə təlqin etdyi fikirlər ürəyimizə axıb, ürə­yimizdə yuvalanır.

     Tanrı ondan sevgisini, səxavətini əsirgəməyib, şair üçün nə gərəksə verib, bəlkə qədərindən də çox: böyük istedad, coşğun ilham, qaynar təb, yazıb-yaratmaq eşqi, yorulmaz qələm, güclü yaddaş, insana, dünyaya sevgi ilə dolu ürək...

     O, Allah adamıdır, yolu Tanrı yoludur. Şeirlərində dönə-dönə dilə gətirdiyi kimi, bir əli göydədir, bir əli yerdə, bir əli haqdadır, bir əli torpaqda. O, şairi göylərin fövqünə qaldırır, onu ucalardan uca tutur. Göstərir ki, ikisi də insanların taleyi ilə yaşayır, ikisi də onlara xoşbəxtlik arzulayır. “Allah göydə çalışır, şair yerdə çalışır”, – deyir.

    Şeir onun ömrü-günü, bəxtiyarlığı, sevinci, sevgisidir. O, şeir üçün yaranıb, şeirlə ucalıb, şöhrətə çatıb.

    O, sözə tapınıb, sözü “Allahın yer üzündə nişanəsi” sayır, onun səcdəsində durur. Zəlimxan “cörəksiz yaşayar, şeirsiz yaşaya bilməz”.

    O, İnsana, Yerə, Göyə, Günəşə qəlbən vurulan, onu çılğın bir məhəbbətlə tərənnüm edən sənətkardır. Dünyanı sevgi yaşatdığı kimi, onun şeirləri də sevgidən qanad alır.

 

Kökümün, budağımın,

             dizimin, dirəyimin,

 Ruhumun, nəfəsimin,

              canımın, ürəyimin,

 Təndirimin, təknəmin,

             duzumun, çörəyimin,

Sünbülümün, tarlamın,

             dənimin adı sevgi.

Doğulduğum da sevgi,

             ölməyim də sevgidi.

Kəfənimin, qibləmin,

              sonumun adı sevgi.

 Ruhumun, nəfəsimin,

              canımın adı sevgi.

 

    Zəlimxan Yaqub ulu Borçalıda dünyaya göz açanda beşiyinə layla səsi, ana oxşaması ilə birgə, saz havaları axıb. O, elə bir diyarda doğulub ki, orada insanlar bir-birilə saz dilində, qoşma dilində, dastan dilində danışırlar. El məclislərində söz bərq vurur, Azərbaycan dili güllənir, çiçəklənir, onun şəhdi-şirəsi şərbət kimi ürəklərə axır, dastan gecələri ilə açılır səhərlər...

    O, uşaqlıq illərində təbiətin al-əlvan köynəyindən keçib, xalq yad­daşının çeşmə duruluğunu başına çəkib, dupduru bulaq suyu içib, biçənəklərdə kərənti çəkib, qoyun-quzu otarıb, yer şumlayıb, ta­xıl əkib, zəmi biçib, şimşəklərlə çilingağac oynayıb, yağış­da-yağ­­murda islanıb, sazaqda-qarda donub, günün altında yanıb, qəlbi qışda yazın, yazda qışın sevdası ilə çırpınıb.

    Çoban tütəyinin səsini, bulaqların zümzüməsini din­ləyə-din­ləyə böyüyüb, gecələr yaylaq alaçığında ulduzları saya-saya xə­yallara dalanda misralar çırpınıb ürəyində. İlk müəllimi, ustadı, doğma el-oba olub, dağlar, dərələr, meşələr, göy yaylaqlar olub.

    İlk şeirlərini də elə o çağlarda yazıb. O, bu ucalığa, bu zirvəyə uçaqla uçub, zənbillə endirilməyib. O, böyük xalq məhəbbətini birdən-birə qazanmayıb, daşlı-kəsəkli, ağrılı-acılı, məşəqqətli bir həyat yolu keçib. Taleyini göydə Allah, yerdə özü yazıb.

    Zəlimxan dünya yaranandan üzü bəri durula-durula, nəğmə­lənə-nəğmələnə gələn, əcdadlarımızın “göz bəbəyi kimi qoruyun” deyə bizə əmanət verdiyi   dilimizin   büllurgözündən su içən, onu varlığına, ruhuna hopduran və bu dilin nələrə qadir olduğunu, bu dildə necə möcüzələr yaratmaq mümkün olduğunu və onun gözəl nümunələrini ortaya qoyan, sözdən heykəl yapan bir sənətkardır. “Zəlimxan söz bülbülüdür, o, sözlə cəh-cəh vurur”. Qələm dos­tumuz İlyas Tapdığın bu poetik deyimində dərin bir məna var.

    Söz onun ruhu, Tanrısıdır. Şairin kitablarını gözdən keçirəndə, görürsən ki, onun şeirləri, poemaları Azərbaycan haqqında böyük bir dastanın qolları, fəsilləri, səhifələridir. Onu başdan-başa saz havaları üstə oxumaq olar.

    Burada hər havanın öz axarı, öz gülü, döndərməsi var. Zəlim­xan özü də saz üstə köklənib. Onun hər sözü haqdan gəlir, hər mis­rası vətən havalıdır, poeziyasına ana torpağın, doğma tə­bi­ətin səsi qovuşub. O, gah ağı deyir, gah bayatı çəkir, gah layla çalır. Bir də görürsən ki, qəmli-qəmli dinən könül sazı şahə qalxır, «Mis­ri»yə keçir...

     O, yediyi çörəyin də, qazandığı məhəbbətin də, qalxdığı zir­və­nin də qədrini yaxşı bilir. O, dastanları “içə-içə”, söz sehrindən keçə-keçə, dərd əkib, qəm biçə-biçə, dünyaya, insanlara vurula-vu­rula Məcnun eşqilə yazıb-yaradır.

    O, ədəbiyyata kitablardan, yaxud kiminsə kölgəsindən çıxıb gəlməyib. Şair kimi doğulub, şair ömrü yaşayır.

    O, söz üstə ağlayan yox, söz üstə çağlayan şairdir. O, həmişə sözün ucalığında, pərvazında, qanadındadır.

    O, doğma yurda – Borçalı ellərinə bütün qəlbi, ruhu ilə bağ­lıdır. Borçalının dərdləri, ağrıları, acıları var. Borçalı hərdən qə­fəsə salınmış quş kimi çırpınır, genişlik istəyir.

    Şairin gücü sözünə çatır. Mənəvi dayaq olmaq onun fit­rə­tin­dədir. Zəlimxan Yaqubun gözü həmişə Borçalının üstündədir. Bir hay bəsdir ki, Zəlimxan quşun qanadında özünü doğma yerlərə çat­dırsın. Ona görə də Borçalı camaatı onu çox istəyir. Hər görüşdə şair oğlunu ürəyinin başına sıxır.

    Neçə il qabaq yolum o yerlərə düşmüşdü. Bağça-bağın gül­lə­nən, zəmilərin tellənən vaxtı idi. Borçalının çölü-çəməni, dağı-də­rəsi, çayı-bulağı yaz nəğməsi oxuyurdu. Gur məclislərin birində Zəlimxandan söz düşdü. Onun barəsində dürlü-dürlü xoş fikirlər söyləndi. Bu o vaxtlar idi ki, şairin 50 illik yubileyi doğma Borçalı elərində təzəcə bayram edilmişdi. Hamı bu yubileydən da­nışırdı. Bir el ağsaqqalının sözləri: “Biz Zəlimxanla fəxr edir, öyünürük. O, Borçalının adını ellərdən-ellərə, dülərdən-dillərə yayıb. Qadasını aldığım şair öz bayramına, yaz bayramına gə­lən­də camaatın Yel dağından yığıb gətirdiyi gül dəstələrini Kəpə­nək­çi  tutmurdu. Elə bil doqqazlardan gül-çiçək çayları axırdı”.

    Şair öz el-obasına, burdan pərvazlanan el sənətkarlarına çoxlu şeirlər yazıb. “Borçalıda qalan izlər” adlı poema-dastan yaradıb. Böyük ustad Səməd Vurğunun Borçalı ellərinə səfəri bu əsərdə coşğun bir ilhamla tərənnüm olunur.

 

Xalqın hər sevinci, şərəfı, şanı,

Xalqın hər kədəri onun yasıydı.

Qəlbi tək sevirdi Azərbaycanı,

Borçalı qəlbinin bir parçasıydı!

 

    Zəlimxan Yaqubun ölməz Səməd Vurğun haqqında dediyi bu sözləri – Borçalıya məhəbbəti onun özünə də aid etmək olar.

    ... Bizim çox şairlərimiz “saz tutub, söz qoşub”, söz-sənət meydanında el sənətkarları ilə döş-döşə verib deyişib: Səməd Vur­ğun, Osman Sarıvəlli, Hüseyn Arif... indi bizim cərgəmizdə yazıb-yaradan İlyas Tapdıq. Ancaq onların heç biri sazı bu qədər ila­hiləşdirib, Tanrı dərgahına qaldırıb, boyunu oxşaya-oxşaya, əzizləyə-əzizləyə müqəddəsləşdirməyib.

    Saz həmişə ürəyinin başındadır: gah yanır, yandırır, gah da mis­raları simlər üstə qanad açıb tellənir, şahə qalxır, sellənir. Vaxt olur ki, göl-göl olub göllənir, dalğa vurur,min könüldə dillənir. O, bütün gücünü, sevgisini, sevincini sazda görür, onu “Tanrının şah vergisi” adlandırır və deyir ki, “heç nə məni bu saz kimi oxuda bilmir”.

    O, bütün varlığı ilə saza, sözə tapınıb, “sarıldığım sazdı mənim”, – deyə gur məclislərə sığışmır, dövran eləyir, dağa-daşa səs salır, ana yurdu gəzə-gəzə elləri haraylayır, gah bəmə enir, gah zilə qalxır. Zəlimxan çalır, Zəlimxan oxuyur:

 

Bir Qəribəm, qürbətimdi,

Bir Məcnunam, həsrətimdi,

Bir Kərəməm, hicrətimdi,

Sarıldığım sazdı mənim.

 

...Çiçəklər yazdan doğulub,

Gözəllər nazdan doğulub,

Zəlimxan sazdan doğulub,

Sarıldığım sazdı  mənim.

 

    O, ilahi məhəbbətlə könül verdiyi saza qəlbinin ən incə tel­lə­rində, duyğu və düşüncələrində ən gözəl çiçəklərdən çələng hö­rüb, sönüb səngiməyən sevgisindən abidə ucaldıb. Zəlimxanla saz qardaşdı, sirdaşdı. Tale onları bir-biri ilə elə qırılmaz tellərlə bağ­layıb ki, birinin adı çəkiləndə, o biri yada düşür. Zəlimxan sazı ucaldıb, saz da Zəlimxanı. Bu sevgiyə, bu sədaqətə eşq olsun!

    Onun saz-söz sənətinin ölməzlərinə – Qurbani, Xəstə Qasım, Aşıq Ələsgər, Aşıq Mirzə, Əmrah, Hüseyn Saraclı, Kamandar... və başqalarına həsr etdiyi məhəbbət dolu şeirləri, Osman Sarıvəlli, Aşıq Kamandar, Azaflı Mikayıl və Aşıq Şəmşirlə deyişmələri, əsr­lər boyu göz bəbəyi kimi qorunan, əzizlənən, simvollaşan ulu Saza həsr etdiyi əsərləri bir yerə yığıb bənövşə kimi qomlasaq, qalın bir kitab olar.

    Zəlimxan Yaqub ədəbiyyatımızda poetik bir hadisədir. Şairin baş vurduğu mövzuların üfüqləri çox genişdir. Onun şeir ağacının kökü ana torpağın dərinliklərinə işləyib, budaqları Günəşin qon­şu­luğunda – Tanrı ucalığında göylərin maviliyinə qanad gərib. Zəlimxanın sənətkar yaddaşı türkün solmaz-saralmaz, həmişə par-par yanan, dünyanın gözünü qamaşdıran qəhrəmanlıq yaddaşının işığı ilə nurlanıb. “...onun zehniyyəti millətin sazı, ruhu, Məkkəsi, təkyəsi, Quranı və Turanından keçib, ruhani iqlimlərin qovşağında qərar tutmasaydı, indi biz bildiyimiz, tanı­dığımız Zəlimxan Yaqub hadisəsinə yəqin ki, şahid olmazdıq. Sa­daladığım amillərin Zəlimxan Yaqub yaradıcılığında bir araya gəlib vəhdət kəsb eləməsi, şairin yaradıcılıq aurasını bütövlükdə qapsaması, şübhəsiz ki, Azərbaycanda ötən əsrin son çərəyi və XXI yüzilin ilk illəri üçün milli ədəbiyyat hadisəsi olaraq dəyərləndirilməlidir” (Azər Turan).

    Zəlimxan Yaqub bəşəri mövzular şairidir. Dünyanı başdan­başa gəzsə də, çox ellərdə qonaq olub, çox iqlimlərdən keçsə də, könül sazı doğma diyarda daha ucadan, daha gur səslə oxuyur.

    Vətən mövzusu ana Kür kimi, qəlbi qubarlı Araz kimi ürə­yinin başından yol salıb. O, ən yaxşı əsərlərini Azərbycana, tale­yi­mizə, ulu tariximizə həsr edib. “Zəlimxanın şeirlərində Vətən mövzusu mütləq ölçülərdə təsvir olunmur, ölçüsüzlüyə çevrilir” (Xudu Məmmədov).

    Onun şeir və poemalarında viranə qalmış obalarımızın, sön­müş ocaqların hıçqırıqları, yağı tapdağında çırpınan torpaq­la­rı­mı­zın, qürbətdən ümidlə vətənə boylanan qədim oğuz yurd­larının ərşə dayanan ahı-harayı yanıqlı bir ney səsinə dönüb, qəl­bimizi köz-köz eləyir, yandırır.

    “Dərdimizin bayatı düzümü”... Şairin yaradıcılığında ağrılı-acılı, göynəkli-sızıltılı, ürəkləri oda qalayan səhifələrdir. İlk vərəqi çevirəndə oxucu belə bir sual qarşısındadüşüncələrə qərq olur: “Nədir bu deyimlər?” Sual-suala calanır: “Yaralanmış və paralanmış Azərbaycan dərdimi?”

   “Əsirə və girova çevrilən Zəngəzurdumu, Dərələyəzdimi, Təbriz yarasıdırmı, Borçalı nisgilidirmi?”

   “Köhnə dərdlərimizdən daha betər olan Qarabağ harayı, Laçın fəryadı, Şuşa naləsidirmi?”

    “Sarı Aşığın Güləbirddə, Dədə Şəmşirin Ağdabanda, Vaqifin Cıdır düzündə, Natəvanın Ağdamda bizi çağıran bizsiz qalan ruhudurmu?”

    Bu sualların cavablarını oxuduqca insan varından yox olur, içindən çiliklənir, göz yaşları qəlbində axıb, qəlbində göllənir:

 

Nəsil qoru, ad daşı,

Damağında dad daşı,

Torpaq itirən kəsin

İtər ruhu, yaddaşı.

 

Qovrulan içim layla,

Günahım, suçum layla,

Mən nə qədər yol gedim,

Dayanmır köçüm layla.

 

    Yerdən göyə bülənd olan xalq kədəri, itirilmiş torpaqların, viranə qalmış yurdların iniltisi bu bayatıların canına, ruhuna hopub. Hey çırpınır, çırpınır... O, gecələr yuxumuzu pərən-pərən salıb.

    Şairin isə qələmi dayanıb durmur, söz zəmisini biçə-biçə yeni-yeni bayatı dərzləri bağlayır:

 

Can bağçalar, can bağlar,

Yaralarım şan bağlar.

Bayatı bir zəmidi,

Dərzi Zəlimxan bağlar.

 

    Şairin “Göyçə dərdi” və “Sizi qınamıram” poemaları da kədər və qəzəb notları üstə qələmə alınıb. Şair Göyçə ayrılığını “heç vaxt yaddan çıxmayan, zaman-zaman qarşımıza çıxan, ruhumuzu bir yay kimi sıxan dərd” adlandırır.

    Şairin gəldiyi qənaət budur ki, min illərin əvvəlindən baxan bu dərd min illərin sonrasına da bəsdi. Yəni biz – yeni gələn nəsillər yaddaşımızın yaralı səhifələrini vərəq-vərəq çevirib, tarixdən ibrət götürməli, ruhumuzu qılınc kimi həmişə ovxarda saxlamalıyıq. Sənətkarın ürək qanı ilə yazılmış “Göyçə dərdi” dastanı ürək­lə­ri­mizi bir-birinə qoşur, torpaqlarımız geri qayıtmayınca bizi kirpik çalmamağa çağırır:

 

Göyçə dərdi göyüm-göyüm göynəyən,

Sızım-sızım sızıldayan yaramdı.

İnnən belə kirpik çalmaz gözlərim,

Bundan sonra yuxu mənə haramdı.

 

    “Sizi qmamıram” poemasının da hər misrası, hər bəndi haray çəkib, hıçqırır. Epiqrafda oxuyuruq: “Bu əsəri mənə Xocalı dərdi, Şuşa əzabı, Laçın ağrıları yazdırıb”.

    Əsərdə 90-cı illərin qarışıq, dolaşıq, bizi çox bəlalara düçar eləyən, ağrılara salan günlərindən, vəzifə, kürsü davalarından və bunun nəticəsində itirilmiş torpaqlarımızın,qaçqın, köçkün düşən ellərimizin acı taleyindən söz açılır. Şairin qəlbi gah qan ağlayır, gah qəzəbi dünyaya sığmır, harayı göyləri yandırır.

 

Qarabağ davası çıxıb ortadan

Nə torpaq, nə millət davası gedir.

 

    Zəlimxan Yaqub yaxın keçmişimizin dəhşətli mənzərələrini us­talıqla canlandırır və poemanı sınaqlardan çıxmış belə bir fıkirlə sonuclayır: “zaman hər şeyi yerinə qoyur”. O, üzünü oxucularına tutub ucadan deyir:

 

Şairin səsini eşitməyən kəs

Xalqın səsini də eşidə bilməz!

 

    Bu yaxınlarda o, öz oxucularını əsrlərin ürəyindən boy verib boy­lanan qollu-budaqlı, sözlü-nəğməli azman palıd ağacına bən­zəyən yeni bir əsərlə – “Aşıq Hüseyn Saraclı dastanı” ilə sevindirib. Əsər barədə müəllifin qənaəti: “Bu dastanda sevincim, kədərim, toyum, yasım, uğurum, məğlubiyyətim, Borçalım, Azərbaycanım, Qarabağım, Kərküküm, Göyçəm, Kəlbəcərim, Dərbəndim, Dərəçiçəyim... əks olunub. Mən o dastanda saçımdan dırnağımacan işığam. Sazın telləriyəm, lap elə Hüseyn Saraclının özüyəm. Bütövlükdə bu dastan məhz Azərbaycanın dərdləridir”.

    Zəlimxan Yaqub keçmişimizlə, qəhrəmanlıq tariximizlə, ulu­lar­dan ulu, əbədiyaşar sazımızla, sözümüzlə, solmaz-saralmaz milli-mənəvi dəyərlərimizlə qəlbən öyünür, qanadlanır, bundan iftixar duyur. Qürurla:

 

Köküm Dədə Qorqud kökü,

Qaracaoğlan bulağıyam.

 Öləndə də qəbrim qədər

Azərbaycan torpağıyam, – deyir.

 

    Böyük ədəbiyyatşünas alim, professor Yaşar Qarayev bir neçə cümlədə Zəlimxan Yaqub poeziyasının əsas ruhunu, qayəsini həssaslıqla, ürək genişliyilə belə səciyyələndirmişdir: “...sabit, mütləq dəyərlərin əbədiliyini, onların baba, əcdad, Yasəvi, Əmrə kökünü və başlanğıcını... Zəlimxan bizə yenidən xatırlatdı, ənə­nələrin diriliyi və irsiliyi ideyasını tərənnüm etdi”.

    Zəlimxan Yaqub sazının, sözünün vurğunlarından biri – gör­kəmli türk folklor araşdırıcısı və alimi Nizaməddin Onk sə­nət­ka­rın daim coşub-çağlayan, doğma xalqına, Odlar yurduna yer­dən-gö­yə bülənd olan tükənməz sevgisini, bu sevgi üstə kök­lənən ilhamını dost məhəbbətilə belə ifadə etmişdir: “Sinəsində alov-alov duyğular parlayan Zəlimxan Yaqub xalqını, millətini se­­vən şairdir. Türkçüdür. Türk varlığından təsirlənmişdir. Soyu­na, keçmişinə içdən bağlıdır. O, öz irqinin köklü mədə­niyyətə sahib olduğuna inanmış, könlünü buna vermişdir”.

    ...Zəlimxan Yaqub insanları həmişə haqqa, ədalətə, xeyirli əməllərə, yaxşılıq eləməyə, ürək tikməyə, könül sevindirməyə, bir ağac əkib, şitil basdırmağa, torpaqda iz salmağa, Vətənin layiqli övladı olmağa, hər yerdə, hər zaman onun adını, şöhrətini ucalt­mağa çağırır.

    Vətənin şair oğlu kimi özü də bu sırada, bu cərgədə bütün var­lığı ilə insanlara arxa, kömək olmağa çalışır. O, qollarını geniş açaraq qəlbinin var səsilə deyir:

 

Mənə ümid kimi bax, doğruldum gümanını,

Mənə işıq kimi bax, dağıdım dumanını.

Mənə inam kimi bax, sinə gərim çətinə,

Mənə sevgi kimi bax, dönüm məhəbbətinə.

Mənə səhər kimi bax, çevrilim sabahına,

Mənə sevinc kimi bax, nöqtə qoyum ahına.

Mənə bahar kimi bax, yaşıllanım, allanım,

Mənə payız kimi bax, şirələnim, ballanım.

Mənə həyat kimi bax, hər gün qaynayım, daşım,

Bax mənə necəbaxır Atam, Anam, Qardaşım...

 

    Xalq şairi, haqq şairi... O, xalq ürəyindən qopub, xalq ürəyinin tərcümanıdır. Ellər sevgisi qazanıb, adını milyonların ürəyinə yazıb.

    O, həmişə sazın, sözün pərvazında, ilhamın qanadındadır. Gecə-gündüz qələm əlindədir, yazır-yaradır. Yollar gözləyir onu, gələcək illər gözləyir, böyük Türk dünyasının sənət zirvəsi göz­ləyir.

    Yolun uğurlu, taleyin nurlu olsun! Qələmin heç vədə yorul­masın, Zəlimxan!

 

“525-ci qəzet”, 21 aprel 2007-ci il.

  Geri