Xəbərlər Boigrafiya Haqqında Yaradıcılığı Qalereya Qonaq dəfətəri Əlaqə

   Vətən boyda şair – Zəlimxan Yaqub

Elçin HÜSEYNBƏYLİ

Vətən boyda şair – Zəlimxan Yaqub
 
Elçin HÜSEYNBƏYLİ
14:24 / 19.02.2011
 
Söz vədəsində deyilsə, yazılsa yaxşıdır. Amma mən çox gecikdim...
İlk dəfə Zəlimxan Yaqub Almaniyada müalicə olunanda məqalə yazmaq istədim. “525-ci qəzet”ə göndərdiyi şeirləri oxuyub təsirləndim, bəzi qeydlər elədim. Yazını nədənsə sonraya saxladım. Səbəbini unutmuşam. Həmin silsilənin bəzi misraları yadımdadır. Qürbətdə olmasına və ürək ağrılarına baxmayaraq, ustad şairin sözlərində, davranışında bir ağayanalıq dayanır...
 
Ey qərib məmləkət, ey qürbət diyar,
Demə yollarımı azıb gəlmişəm.
Alnıma nə yazıb, allahım bilir,
Mən öz dastanımı yazıb gəlmişəm...
 
...Özün bil, özgəyə bildirmə məni
Ağlada-ağlada güldürmə məni.
Sən Allah, qürbətdə öldürmə məni,
Vətəndə qəbrimi qazıb gəlmişəm...
 
Sonra ustad şairimizin 60 illiyi gəldi. Onun şeirlərini oxuyanda, şəninə düzənlənən məclisləri müşahidə eləyəndə, haqqında çəkilmiş filmləri görəndə, yazılmış məqalələri oxuyanda anladım ki, yazımı gecikdirməyimin bir səbəbi var: qələmim Zəlimxan sözünün, Zəlimxan səmimiliyinin və istedadının qarşısında fərsizdir. Çünki bu adam söz boyda sözdür, saz boyda sazdır, Azərbaycan boyda vətəndir...
Bir dəfə zəng elədi: “Vaxtın varsa, biz tərəfə düş, dərdləşək,- dedi, – sakitçilikdir”.
Həmin vaxt mən Zəlimxan Yaqubun halında bir pərişanlıq və narahatlıq gördüm. O, xalqımızın taleyi üçün narahat idi. Dilimizin, ədəbiyyat və mənəviyyatımızın korlanmasından açıq-aşkar təlaş keçirirdi. “Mədəniyyət” kanalına ehtiyac olduğunu deyirdi.
Nəhayət, o və biz deyən oldu. Fevralın 14-də ölkənin bir saylı televiziyası Az.TV “Mədəniyyət” kanalının açılışını bayram elədi, bizləri də başına yığdı. Mübarək olsun! Elə həmin gün mən bu yazının məqamını tutdum. Amma məqam yerinə düşmədi. Çünki Zəlimxan qağa yenə də ağrıyırdı, osman oğlanları demiş, sakatlığı vardı, ayağı ona növbəti dəfə xəyanət eləmişdi. Ancaq Zəlimxan qağa yenə də həminkiydi: üzündə işıq, gözlərində nur, ürəyində vətən boyda sevgi. “Dünən sənə zəng eləmək istədim, çox tünlük olduğuna görə vaz keçdim, bu günlərdə bir görüşək”-dedi. “Əlbəttə, görüşək, qağa, belə fürsət hər zaman ələ düşmür ki...”
Elxan Zal Zəlimxan Yaqubu “poeziyamızın imperatoru”, Rüstəm Kamal isə “xanı” adlandırmışdı. Bəziləri bu sözlərə sevindi, bəziləri qısqandı. Əslində o, xandan da, imperatordan da yuxarıdır, çünki imperatorlar şairlərin ayağına gəlir.
Zəlimxan Yaqub öz qiymətini bilən adamdır.
 
Sünbüləm, zəmiyəm, dənəm,
xırmanam.
Xəstəyəm, həkiməm, dərdəm,
dərmanam.
Möhürəm, imzayam, qolam, fərmanam.
Millət də məndədi, dövlət də məndə...
“Babam deyirdi ki, nəvələrimin içində ən çox istədiyim Zəlimxandı. Çünki yeməkdən doymur, işləməkdən yorulmur, danışanda mızıldanmır”. Şair bu sözləri özü haqqında çəkilmiş sənədli filmlərdən birində dilə gətirmişdi. Zəlimxanın babasının mübarək sözlərinin üstünə birini də biz əlavə edək: millətinə ürəyini verməkdən usanmır. Danışanda ürəyini çıxarıb əlində tutur, insanların üzünə işıq salır, damarının şirəsini, beyninin düşüncələrini xalqa verir.
Zəlimxanın ürəyilə ciddi söhbət eləmək lazımdır. Məsələn, soruşmaq lazımdır ki, xalqı sevməkdən usanmadımı, Zəlimxanı incitməkdən yorulmadımı? Axı Uca Tanrı şairə ürəyi pay verib. Tanrı verən paydan ummazlar.
 
...İman adlı işıqda,
sevgi adlı dindəsən,
Eşqin göy yaylağında,
yaşıl binəsindəsən.
Sən qaya köksündə yox,
şair sinəsindəsən,
Səni mənə İlahi pay verib, pay, ürəyim...
O, sözünü də, şeirini də o qədər ürəkdən, içdən deyir ki, adam onun yerinə qorxur, qorxur ki, bu saat şairin ürəyi yerindən çıxacaq.
Zəlimxan bizim qənimətimizdir, xalqımızın qismətidir, poeziya sevənlərə tanrının payıdır.
O öz şirəsini Yunis İmrədən, Dadaloğlundan, Aşıq Ələsgərdən, Şəhriyardan, o taylı-bu taylı Azərbaycan şairlərindən, ustadlarından çəkib. Onda bütün bu ustadların ruhu toplaşıb və bunu hər şeirində hiss edirsən.
 
Dərdimə dərman axtarma,
Dərd məndə, dərman məndədi.
Ərzimi şaha söyləmə,
Güc məndə, fərman məndədi...
Mövlanəçilik onun ruhuna hopub. Şairin bir sirrini açım. Mövlanədən poema yazır. Son kitablarından birinin adı “Gəl”dir.
 
Oxuyub ozan ollam,
Bəxtini yazan ollam,
Gec gəlsən xəzan ollam,
Rəngim saralmamış gəl.
“Mövlanə deyir ki, insan ömründə üç yol keçir: xamlıq, bişmək və yanmaq”. –Bu sözləri şair deyir və əlavə edir: “Xoşbəxt o adamdır ki, yana bilsin...” Mənə elə gəlir ki, Zəlimxan Yaqub həmin xoşbəxtlərdəndir. Vətənimizin harasında oluramsa-olum, Zəlimxanın adını, sözünü eşidirəm. Onun gəraylı, qoşma, gözəlləmələri ozanların dilinin əzbəridir.
Zəlimxan vətənimiz qədər zəngin və qonaqpərvərdir. O, bir almazdır: bəzilərinin gözünü qamaşdırır, bəzilərinin gözünü sevindirir, bəzilərinin yuxusuna haram qatır. Onun zərrəcikləri söz olub adamların qulağına sırğalanır, damarlarına qarışır, ürəklərinə hakim olur. Səməd Vurğundan sonra Azərbaycan poeziyasının ən ilhamlı şairlərində biri, bəlkə də birincisi Zəlimxandır. O, bir bulaqdır qaynayır və tükənmək bilmir. Bəxtim gətirib ki, ustad sənətkar mənim də haqqımda beş-üç kəlmə söz deyib. Əlləri var olsun!
Poeziya səltənətində Zəlimxan Yaqub kimdir? –sualına onun öz şeirlərilə cavab vermək olar. Bu misraları oxu, əlini üstünə qoy və de: Bu – Zəlimxandır!
 
Könlümüz havalı, gözümüz də ac,
Gəncliyin havası başımızda tac,
Bir sənsən, bir mənəm,
bir yaşıl ağac,-
Bu yaşıl ağacın altı bizimdir...
 
Yaxud
 
Bir gözəldə min gözəllik cəmlənib,
Duruşu da, ədası da gözəldi.
Sularında üzüb gedən qəvvasam,
Dalğası da, adası da gözəldi...
Zəlimxan 40-dan sonra istədiyi evi tikə (yaxud tikdirə) bilib. Ona qədər keçdiyi yol ədəbiyyat adamlarının çoxunun gözünün qabağındadır: kitabxanaçılıqdan deputatlığa, gecəqondudan tutmuş Yasamaldakı beton evə qədər...
O, Tanrısına və ömürlüyünə şükür edəndir. “Allahımdan razıyam ki, əlli yaşıma kimi mənə hər şey verdi. İndi oturub rahat yaza bilirəm”.
 
Yerdən-göyə İlahidən razıyam,
Özüm üçün yaşamadım, çox şükür.
Kimə bəxtəm, kimə qismət, yazıyam,
Özüm üçü yaşamadım, çox şükür.
 
Qaş-qabağım qara bulud görmədi,
Qəlbim zülmət, könlüm sükut görmədi,
Evim qıfıl, qapım kilid görmədi,
Özüm üçün yaşamadım, çox şükür.
Zəlimxan Yaqub yazdıqları ilə fəxr eləyən, vaxtını boşa verməməyiylə öyünən adamdır. Nəticəsi onlarla şeir kitabı və poemalardır. O, elə şairlərdəndir ki, oxuyanda dolursan, zənginləşirsən və nəsə yazmaq istəyirsən.
Bəziləri Yaradıcı ruhun doğulduğu yerə getmək istəyir, daim onun axtarışındadır, lakin nəticədə heç nə yaza bilmir. Zəlimxan isə Yaradıcı ruhdan üzü bəri gəlir və ona doğru gedir...
 
Söz üçün ən ulu dərgaha vardım,
Mən sözün eşqinə sinəmi yardım.
Axtara-axtara gedib tapardım-
Olsaydı dünyanın harasında söz.
Ustad şairimiz üç dəfə əməliyyat olunub: bir dəfə ürəyindən, iki dəfə böyrəyindən. Hər dəfə də onunla telefonla danışmışam, yaxud sağalandan sonra baş çəkmişəm. Mən hələ bu kişinin dilindən ah-vay eşitməmişəm. Həmişə bir söz deyib: “Tanrı sizi və xalqımızı qorusun!”
Sonuncu əməliyyatdan öncə dostu Əlini gördüm. Dedi ki, restoranı təzələmişəm. Qağa başda olmaqla, ayrıca otağınız da hazırdır. “Açılışını sabah eliyərik”- dedim. Sabah isə qəzetdə Zəlimxan Yaqubun yenidən əməliyyat olduğunu eşitdim.
Həmin gecə yuxu gördüm. Qadınlar bulaq başında paltar yuyurdular. Məni görüb umu-küsü elədilər ki, Zəlimxan yanımızdan keçdi, amma elə bil heç bizi görmədi. Kefi yoxuydu”. “Zəlimxan qağa bir az naxoşlayıb”-dedim. Qadınlar bir ağızdan: “Allah onu qorusun”-deyə alqış elədilər. Çünki Zəlimxan Yaqub evlərə, insanlara sevinc aparan şairdir...
 
Çəməndə çiçəyəm, sünbüldə dənəm,
Sevgidə, sevincdə dağlara tənəm,
Dünyanın ən xoşbəxt adamı mənəm,
Gedirəm bir qəlbi sevindirməyə...
Gözəllər şairin dilinin əzbəridir. O, gözəllik qarşısında səcdə edənlərdəndir.
 
Qüdrətdən çəkilib qaşlar, ay gözəl!
Baxsan muma dönər daşlar, ay gözəl!
Nə yaman dağılıb, saçlar, ay gözəl,-
Varlığın yellərə sinəmi gərmiş?
Qızlar bulağından su içən zaman
İnsan da bu qədər gözəlləşərmiş!?
Zəlimxan qağa heç kimi naümid qoymayan adamdır. Mən bunun dəfələrlə şahidi olmuşam, kimlərinsə dilindən eşitmişəm. Bir dəfə yazmışdım: Vətənimizdə elə insanlar var ki, bircə onların sağlığı bəsdir ki, adam özünü arxalı hiss eləsin. Zəlimxan Yaqub da belə insanlardandır. O xeyir-şər adamıdır. Kiminsə gözünü yolda qoymur...
Balalarını, nəvələrini özündən çox istəyir.
 
Hara gedirəm-gedim, 
harda oluram –olum,
gəlib sizdə birləşir
izim, cığırım, yolum.
Keçmişim, gələcəyim,
Bəyim, xaqanım, xanım,-
Yusifim, Zəlimxanım!
 
“Tanrı sizi və xalqımızı qorusun”-deyir Zəlimxan Yaqub.
Mən də deyirəm: “Qoy, Tanrı Zəlimxanı və onu sevənləri qorusun!” Çünki o, dünyaya sevgi yayanlardandı.
 
Ey haqqın varlığı, məni sən qoru,
Mən səni qəlbimtək duyanlardanam.
Səsindən güc alıb, sözündən təpər,
Sevgimi dünyaya yayanlardanam...
Amin!
15-16 fevral 2011     Elçin HÜSEYNBƏYLİ

15-16 fevral 2011  
 
  Geri