Budaq Budaqov,
akademik
Zəlimxan Yaqubun “Sürgünlə söhbət”
poeması haqqında bir neçə söz
Məncə Azərbaycan poeziyasında Zəlimxan Yaqub birinci şairdir ki, əbədi bir mövzu olan sürgünə müraciət edib.
Xalq şairi Zəlimxana dönə-dönə minnətdaram ki, o, “Sürgünlə söhbət” poemasını yazmaq qərarına gəlib.
Zəlimxan əsasən eşitdiklərini, gördüklərini yazıb. Mən isə sürgündə olanlardan biriyəm. Bu səbəbdən də mən xalq şairi Zəlimxan Yaqubla bu hisslərin şərikiyəm, həmin bəlanın özəyində duranlardanam. Sözgəlişi mən demək istəyirəm ki, Stalinin bilavasitə iştirakı və köməyi ilə azərbaycanlıların tarixi vətəni olan Ermənistandan azərbaycanlılar kütləvi şəkildə köçürülərkən hər bir yaşayış məntəqəsi ermənilərə təhvil verilirdi. Buna görə də vətənsiz ermənilər özlərinə vətən yaratdılar.
Beləliklə, azərbaycanlılar öz doğma yurdlarını boşaltdılar. Ermənistan azərbaycanlılarını öz vətənlərindən sürgün edərək onları min bir əzab-əziyyətə saldılar. Bu qəddarlıq Stalinə xas olan bir iş idi ki, onu da azərbaycanlıların başında çatlatdılar.
Xalq şairi Zəlimxan Yaqubun vətəndaşlıq ruhu bir aləmdir, bir dünyadır. Onun özü sürgün deyə-deyə saralıb solur. Zəlimxanın “Sürgün” poeması sayseçmə fikirlər topasıdı. Onun şair ilhamı bu poemada sel kimi kükrəyərək, coşaraq fikir tufanına çevrilir. O, şeir yazan zaman coşqun bulaq kimi, göydə uçan durna qatarının nizamı kimi mənalı bir söz düzümü onun yazdığı poemaya və ya şeirə geniş mənada can verir. Zəlimxanda olan söz ehtiyatı, ən zəngin söz xəzinəsi imkan verir ki, o, söz meydanında at oynatsın. Sözdən söz yaratmaq qabiliyyətinə malik olsun. Ona görə də Zəlimxanın söz xəzinəsi ehtiyatda olan sözlərin xəzinəsidir. Zəlimxan şeir yazanda cibinə yox, söz xəzinəsinə əl uzadır.
“Sürgün” poemasında şair söz dünyasını əsirgəmədən yerindəcə işləyərək xalqının istifadəsinə verir. Şair özünə hörmət əlaməti olaraq bu poemada yeni söz deyir. O, fikir söyləyərkən sözlərdən poeziya qalası yaradır.
Zəlimxan Orta Asiyada olarkən bir nəfər azərbaycanlıya rast gəlir. Onun adı Sürgün imiş. Şair soruşanda ki, sənin adın niyə Sürgündür? O cavab verib ki, biz Azərbaycandan Orta Asiyaya sürgün ediləndə mən ana bətnində olmuşam. Ona görə də mən anadan olanda adımı Sürgün qoymuşlar. Bu duyğu şairin ruhunu bir daha coşdurub. Bu səbədən də Zəlimxan “Sürgün” poemasını yazmaq qərarına gəlib. Mənə məlum olan şairlər arasında xalq şairi Zəlimxandan başqa ikinci şəxs olmayıb ki, bu mövzuda poema yazsın. Əhsən sənə şair, əhsən sənin vətəndaşlıq qeyrətinə, vətəndaşlıq təfəkkürünə. Bu, gözəl və həm də tarixi bir yaradıcılıqdır. Məncə bu poema şairin yaradıcılığının ən ali poetik nümunələrindəndir.
Zəlimxan “Sürgün” sözünü Qırğızıstanda eşitməklə bu poemanı başladı və onu vətəndə axıra çatdırdı. Əslində “Sürgün” uzunömürlü və çoxşaxəli mövzudur. Odur ki, xalq şairi Zəlimxan və başqa şairlər bu mövzuda yazmağa çalışırlar.
Hələ ki, Zəlimxan “Sürgünlə söhbət” poemasını bu gün üçün bitmiş hesab edir. Poemanın son sətirləri belədir:
Vətən həsrətini, qürbət dərdini,
Köçürdüm dəftərə, yazdım dastana.
Bu əsər can aldı canımdan mənim,
Onu ən ağırlı bir günümdə yazdım.
Qürbətdə başladı, vətəndə bitdi.
“Sürgün” dastanını sürgündə yazdım. (S. 79)
Mən 1957-ci ildə Özbəkistanda olanda Özbəkistanın Fərqanə vilayətində iki Azərbaycan kəndi görmüşəm ki, onlar Azərbaycandan Orta Asiyaya sürgün olmuşlar. Xalq şairi Zəlimxan Yaqubun bu dəyərli əsərindən görünür ki, azərbaycanlılar Orta Asiyanın bir çox kənd və şəhərlərinə səpələnmişlər. Onlar Orta Asiyaya pələsəng olmuşlar. Sürgün edilmiş azərbaycanlılar Özbəkistanda, Qazaxıstanda, Qırğızıstanda, Türkmənistanda, Tacikistanda məskunlaşmışlar. Azərbaycanlılar Qazaxıstanın İşli şəhərində də çox yaşayırdılar. Xoşbəxtlikdən yerli əhali sürgündə olan Azərbaycan əhalisinə imkan daxilində qayğı göstərmişlər.
Mən şairlər arasında müqaisə etməyin tamam əleyhinəyəm. Əgər kimsə deyirsə ki mən filan şairdən üstünəm, demək o şairin əqli başından çıxıb, psixi xəstəliyə tutub.
Zəlimxan Yaqub başqasına yox, ancaq özünə oxşayan şairdir. Çünki, onun özünəməxsus yaradıcılıq yolu, yazı üslubu, mövzu müxtəlifliyi var. Zəlimxan yazılarında özünəməxsus poeziya nəhri yaradıb. Onun şeirlərində fikir fikiri, söz sözü çəkib gətirir. Bu fikirlər onun “Didərginlər” poemasında da özünə yer tapıb. Çünki, onun yaradıcılığının kökü xalqla ünsiyyətdə, onlarla görüşdə yaranmışdı. Zəlimxan Yaqub daima poetik axtarışdadır.
Zəlimxan mövzu seçməkdə heç acizlik çəkmir. Atalar demişkən axtaran tapar. Zəlimxan da “Didərginlər” poemasında bir daha özünü tapıb. Bu poemada movzu orijinallığı, heç kimin ağlına gəlməyən vətənpərvərlik, ürək yanğısı, vətəndən uzaqlarda mövzu axtarışı hədsiz dərəcədə uğurlu tapıntıdır.
Bu əsərə görə mən şair Zəlimxana çox minnətdaram. Ona görə ki, bu mövzu mənə də çox doğmadır.
Zəlimxan, qardaşım! Mən səndən çox-çox razıyam ki, siz çoxdandır qəriblikdə qalmış bu mövzuya yem, can vermişsiniz. Bu, yeni poetik tapıntıdır. Çünki, bu mövzu sizin düşüncələrinizə, istək və arzularınıza həkk olmuş mövzudur. Siz bu mövzu ilə yaşayıbsınız, düşünübsünüz və bu mövzuda yazmaq üçün uzun müddət içəridən qovrulubsunuz. Poemanın məzmunundan görünür ki, bu həqiqətdə belədir. Başqa cür olsaydı siz bu poemanı bəlkə də bu həvəslə geniş yaradıcılıq həvəsi ilə yaza bilməzdiniz. Şairi düşündürməyən movzu tez yaddan çıxır.
Poeziyada poetik vurğu şair yaradıcılığının özəyidir. Poetik vurğu şair düşüncələrinin inikasıdır. Poetik vurğusuz şeir və ya poema suyu qurumuş dəyirmana bənzəyir. Şeir oxuyarkən oxucu samanlığa yox, buğda tağına rast gəlməlidir. Şair yaradıcılığında poetik vurğular mütləq olmalıdır. Poetik vurğu bol olan yerdə şair də var, hikmət də var, elm də var.
Füzuli demişkən poeziyada elmilik olmalıdır. Elmi olmayan poeziya qısa ömürlüdür.
Şairin möhtəşəmliyi onun oxucularına verəcəyi müdrik fikirlərin cəmindən asılıdır. Bu, ancaq həyatda talantlı şairlərə xas olur.
Şükür ki, Zəlimxan Yaqubun “Sürgünlə söhbət” poemasında poetik vurğular bolluğu vardır.
Sürgün doğmaların ayrı düşməsi
Kökün budaqlardan ayrılması
Padşah fərmanıyla, cəllad əliylə
Millətin əbədi yaralanması.
* * *
Səhralar qoynunda gedən qatarda
Dünya dərd doğurdu, analar uşaq.
* * *
Torpağın üstüylə getmirdi qatar,
Yeriyib gedirdi ağrılar üstə.
* * *
Harda alçaldanı varsa dünyanın,
Orda bir məhv olan, bir alçalan var.
* * *
Səsində ötkəmdi - cəzası sürgün!
Sözündə möhkəmdi - cəzası sürgün!
Varı-dövləti var - cəzası sürgün!
Şanı şöhrəti var - cəzası sürgün!
* * *
Nə vaxt istəsələr başı bədəndən,
Dili dilçəyindən qoparırdılar.
* * *
Mənim kimilərin doğulmağı yox,
Salamat qalmağı möcüzə idi.
* * *
Qum kimi çöllərə səpələnmişik,
Qanlı sinəmizdən güllələr keçib.
* * *
Bir dərd dastanıdı-hey varaqlanır,
Danışan Sürgündü, dinləyən mənəm.
* * *
Oğulsan, tab gətir, döz, yaşa burda,
Zamanın ən oğraş oyunu gedir,
Dünyada ən alçaq tamaşa burda.
Sibirə varan qatar,
Səhralar yoran qatar,
Belin niyə sınmadı,
Belimi qıran qatar.
* * *
“Peyğəmbər” əsəri yazan kişidən
Peyğəmbərlər xəbərsiz, Quran xəbərsiz.
* * *
Böhtan yazdı müxənnətin qələmi,
Xeyrimizə yazmadı ki, yazmadı.
* * *
Ey “ellər atası”, ellər cəlladı,
Bu qədər sürgünün nə imiş adı.
* * *
Həsrəti gör neçə qərinə çəkdi,
Dərdi kotan kimi dərinə çəkdi.
* * *
Bütün qəriblərin qəm yuvasıydı,
Turanın yollara baxan gözləri.
* * *
Babası Vətənə şöhrət olanın,
Nəvəsi qürbətdə yaralı getdi.
* * *
Kimlər güllələnib, kimlər asılıb,
Kimlər boğazından çəkilib dara.
Qocanın üzündə dərd kitabı var,
Hamısı yazılıb o qırışlara.
* * *
Ölüm küləkləri əsdikcə əsir,
Zamanın şaxtası qılınctək kəsir.
Sədaqət girovdu, cəsarət əsir,
Bu gün fəlakətdi şahı Gəncənin.
* * *
Dil dedim, ağzımda dilim göynədi,
Gör nə günə salıb dilimi qürbət.
Bir təmiz danışan tapa bilmədim,
Dilin ən amansız ölümü - qürbət.
* * *
Dili zaman-zaman duru saxlayan
Vətəndi, millətdi, eldi, ulusdu.
* * *
Köpək sürüləri yaman çoxalıb,
Tazı-tulalardan özünü gözlə.
Şairin məsləhəti:
Şimal şaxtası var, şimal qarı var,
Tayqadan, Uraldan özünü gözlə!
Donu açılmayan, buzu sınmayan
Qarlı Sibirlərdən özünü gözlə!
Zəlimxanın poeziyasının obyekti kainatdır, yer kürəsidir, insan varlığıdır.
Zəlimxanın qəlbində bütün məlum şairlər özünə isti yuva tapıb. O, Azərbaycan poeziyasını ovcuna dolduraraq bütün dünyaya səpələyir, sağlam toxum kimi səpir. Zəlimxan Azərbaycan poeziyasının koordinatorudur.
Zəlimxan Azərbaycanın aşıq poeziyası ilə klassik Azərbaycan poeziyasının ruhundan doğmuş sayılıb seçilən xalq şairi səviyyəsinə yüksəlmişdir. Zəlimxan Yaqub şair olmaqdan başqa Azərbaycan poeziyasının təbliğində özünə xüsusi nüfuz və hörmət qazandırmışdır, Azərbaycan poeziyasında ərsəyə gəlmiş düşmə tağdır. Zəlimxan Yaqub Azərbaycan poeziya gülüstanına gəlmiş bir qızıl külçədir, Azərbaycan poeziyasında qızıl sapdan əyrilmiş poeziya yumağıdır.
Nizami Gəncəvinin poeziyası şair Zəlimxan Yaqubun tacı, Səməd Vurğun poeziyası onun ən ali poetik zirvəsi, aşıq poeziyası isə onun qəlbində göyərib yetişmiş qönçədir.
|