Xəbərlər Boigrafiya Haqqında Yaradıcılığı Qalereya Qonaq dəfətəri Əlaqə

   MƏHARƏT DASTANI

İsa MUĞANNA

MƏHARƏT DASTANI

 

    Mahir Xalq şairi Zəlimxan Yaqubun «Pıçıltılar» adlandırdığı, yəni bədahətən yazılmış şeirləri nə qədər məlahətli, zərif, incə və mənalıdırsa, son illərin məhsulu olan irihəcmli dastanları – mənzum romanları bir o qədər hərtərəfli, dərin, hikmətli və intellektualdır. «Peyğəmbər» dastanının isə müqəddimədən, «Münacat»dan başlamış, saysız-hesabsız, irili-xardalı epizodlarının hamısı eyni dərəcədə hikmətlidir. Ustad şair bu epi¬zodlarda peyğəmbərin həyatını, fəaliyyətini bütün mürəkkəbliyi və təfərrüatı ilə qələmə almaqla yalnız bir məqsəd – peyğəmbərin şəxsiyyətinin ucalığını, qeyri-adiliyini, yəni ilahiliyini göstərmək məqsədi güdmüşdür. Bu ali məqsəd onun təfəkküründə lap ilk gənclikdən, özünün dediyi kimi, saz, söz məkanı Borçalıda, Kəpənəkçi kəndində yaranıb, böyük şəhər mühitinə düşdükdən sonra, universitet həyatında Əli Fəhmi kimi nadir şəxsiyyətin, İslam bilicisinin təsiri altında yetişib, şair kamala dolduqdan – altmış yaşına çatdıqdan sonra isə mənəvi ehtiyaca çevrilib. Zəlimxan Yaqub ən məşhur İslam tarixçilərinin əsərlərini öyrənib, dastanında o məşhurlara hörmət əlaməti olaraq bir neçəsinin adını çəkib və hər birinə tutarlı misralar həsr edib. Belə uzunmüddətli hazırlıqdan sonra «Peyğəmbər» dastanını yazmaya bilməzdi. Yəni dastan mənəvi ehtiyacdan yaranıb, buna görə də belə şaxəli, sürəkli axınla gedən şeiriyyətlə, ardıcıl hikmətli mühakimələrlə sona qədər davam edir.
Ali məqsəd – peyğəmbərin obrazını yaratmaq «Münacat» hissəsindən başlanır, Məhəmmədin doğuluşundan, qırx yaşında peyğəmbərlik verilənə qədər aramsız gedir. Hər epizodda uca şəxsiyyətin bir cəhəti açılır. O, ədalət müharibəsində öz sərkərdəsi Həmzəyə qələbə yolu göstərən bir sərkərdə olmaqla yanaşı, döyüşçülərinin ön sırasında qılınc çalan bir qəhrəmandır. Onun bu xüsusiyyəti döyüşdə sınmış qabaq dişinin Məkkə divarından asılması ilə səcdə olunmalı bir məna kəsb edir. Belə qeyri-adilik dastanın bir sıra epizodlarında aydın, səlis dillə təsvir olunur. Burada şair dastan janrının üstün bir xüsusiyyətindən – mübaliğədən məharətlə istifadə edib. Həmzə üç dəfə öldürüldükdən sonra dirilib yenidən döyüşür və yenə qalib gəlir.
Ali məqsəd – peyğəmbərin şəxsiyyətinin ucalığını, ilahiliyini göstərmək onun öz məsləkdaşlarına – İmam Əliyə, Həmzəyə, Əbu Bəkrə, sevgilisinə, övladlarına və xüsusilə öz yaradıcısına - xaliqinə dərindən-dərin məhəbbətində görünür. Qədr gecəsini təsvir edən epizodda şair öz qüdrətli söz arsenalından incilər seçə-seçə peyğəmbərin şəxsiyyətini, onun həqqə məhəbbətini yenə də ön plana çəkərək, bir insan kimi böyüklüyünü, əzəmətini göstərib. Üç min misra həcmində Zəlimxan Yaqubun öz peyğəmbərinə aşıb-daşan şəxsi məhəbbətini də nəzərə alsaq, mən bu əsər haqqında qeydlərimi «Məhəbbət dastanı» adlandırmalı idim. Lakin bu məhəbbəti ifadə etməyi bacaran şairin məharəti daha üstün müstəvidə göründüyünə görə qeydlərimi «Məharət dastanı» adlandırdım.
Ali məqsəd – peyğəmbərin şəxsiyyətinin ucalığını, ilahiliyini göstərmək hicrətə getdiyi zaman gizlənməyə məcbur olduğu mağarada təsvir olunan epizodda da öz əksini tapır. Mağarada Cəbrayıl ona dərgahdan gətirdiyi kəlamı – məktubu göstərərək, təkidlə «Oxu! Oxu!» – deyir. Məhəmməd isə eyni inadla «Oxuya bilmirəm. Oxuya bilmirəm» cavabını verir. Bu epizod Quranın bir neçə surəsində təkrar olunan «oxumağın, yazmağın nə olduğunu bilməyən peyğəmbər» ayəsi ilə bağlıdır. Bu ayə səmavi kitabda olsa da, peyğəmbərin şəxsiyyətinə qüsur gətirdiyini heç kəs inkar edə bilməz. Dastanda isə «Oxuya bilmirəm» «oxumağın, yazmağın nə olduğunu bilməyən peyğəmbərin» savadının ilahi xüsusiyyəti, xaliqdən eşitdiyi vəhylə daha aydın izah olunur və bu qeyri-adi xüsusiyyət də onun şəxsiyyətinin ilahiliyini göstərir.
Ali məqsəd – Məhəmmədin şəxsiyyətini – obrazını yarat¬maq hicrətin axırında ev tikildikdən sonra mədinəli yəhudiləri çağırmaq – evin üstündən azan çəkmək qara qula tapşırılması  isə peyğəmbərin beynəlmiləlçiliyi öz ifadəsini tapır.
Yuxarıda dedim ki, Zəlimxan Yaqub öz dastanını uzunmüddətli hazırlıqdan sonra yazıb; İslam tarixini mükəmməl öyrənib və təkrar edirəm, mənəvi ehtiyac nəticəsində yazıb. Burada İslam tarixi ilə əlaqədar bir faktı qeyd etmək istəyirəm. Bu fakt peyğəmbərin İstanbuldakı Topqapı muzeyində sax¬la¬nılan möhürü ilə əlaqədardır. İnkarolunmaz həqiqətdir ki, möhür qədim türk dilində, yəni xalqımızın OdƏr adlandığı zamanlar işlənən OdƏr dilindədir. Möhür üç sözdən ibarətdir. Birinci söz «ƏlAğ»dır. «Ə1» – oğul deməkdir. «Ağ» – SafAğ (yəni ən tə¬miz) insan deməkdir. İkinci söz «OdOdƏr»dir. «Od» – həqiqət deməkdir. «Ər» – işıq deməkdir. «OdOdƏr» – «OdƏr» həqiqəti deməkdir. Üçüncü söz «ƏsEvƏr»dir. «Əs» – yaradan deməkdir. «EvƏr» – evin işığı deməkdir. Bütövlükdə möhürün məzmunu: «Saf Ağ İnsanın Əli – oğlu OdƏr həqiqəti (və) yaradan evin işığıdır» (ƏlAğ – Saf Ağ insanın oğlu – «İsa»ya, «İsayi Məsihə», İsusa işarədir.
Şair, İslam tarixində heç kəsin qələmə almadığı, şərh etmədiyi bu müqəddəs möhürün üstündən keçib. Mən bunu Zəlimxan Yaquba nöqsan tutmuram. Möhür peyğəmbərin mil¬liyyətcə türklüyünü təsdiq etsə də, şairin bu faktın üstündən keçməsi onun oxuduğu, illərlə öyrəndiyi, qəlbində gəzdirdiyi İslam tarixinə sədaqətini göstərir. Mən isə hər bir yazılmış tarixdə qüsurlar olduğunu yaxşı bildiyimə görə, «Peyğəmbər» kimi ciddi əsər haqqında yazanda möhür kimi ciddi sənəd ba¬rədə yazmaya bilmədim (redaksiyadan və şairin özündən xahiş edirəm ki, İslam tarixində çox ciddi fakt olan möhür barədə yazdığıma toxunmasınlar).
Dastanda böyük ilhamla, səlis, obrazlı dillə yazılmış, hər biri haqqında ayrıca danışılmalı hissələr çoxdur. Mən o hissələrdən yalnız bir qismi haqqında qeydlər etdim (səbəb – xəstəliyimdir). Sonda əsərin ən gözəl məziyyətlərindən biri saydığım, məzmunu zənginləşdirən gözəl ricətlər haqqında yazıram. Çünki bu ricətlər də peyğəmbərin şəxsiyyətini vəsf edir.
Dastanın quruluşu da, klassik dastan nümunəsi kimi, təbiətdə, dünyada baş verən qeyri-adi hadisələrlə bağlanır, sanki bütün kainat Peyğmbərin doğuluşunu xəbər verir və şair bu xəbərləri böyük vəcdlə təsvir edir: Bu təsvirlər qanadlıdır, ülvidir, hərtərəflidir. Mən bu ricətlərin də yalnız bir qismini yazıram. Əsərin quruluşu bu ricətlə – Peyğəmbərin doğuluşu ilə bağlıdır. Yəni “Minacat”la bağlı hissələrdən sonra dastan, əslində, elə bu ilahi doğuluşla başlanır və ilk sətirlərindən dünyanın məhvərində yeni dəyişiklik əmələ gəldiyini, Məhəmməd adlı qeyri-adi şəxsiyyətin doğulduğunu xəbər verir:
Yerdə Peyğəmbərim doğulan kimi, göydə bir Peyğəmbər ulduzu doğdu. Nuru qucaqladı yeddi iqlimi, gur yanan işıqlar zülməti boğdu. O sirli nəfəsə hey qulaq asdı, gördü ətri güldür, nəfəsi çiçək. Süveybə anamız bağrına basdı körpə Məhəmmədi öz balasıtək. Çəkdi diqqətini doğmanın, yadın. Beləcə ötüşdü vaxt da, vədə də. Həzrəti Həmzəyə süd verən qadın süd verdi körpəcə Məhəmmədə də. Həlimə ananın kasıb daxması onun gəlişiylə aşıb-daşırdı. Toy-düyün olurdu ələmi, yası. Bərəkət bu evlə doğmalaşırdı. Gah meh tərpədirdi, gah sərin külək. Bulud qanadını gərirdi göyə. Onu qoruyurdu göz bəbəyitək, səhranın istisi vurmasın deyə. Məhəmməd qədəmi hara toxunur, Məhəmməd nəfəsi hara dəyirdi – orda güllər açır, xalı toxunur, ora cənnət kimi gülümsəyirdi. Göylər verilmişdi ixtiyarına. Onun hökmündəydi çaylar, dəryalar. Odlu baxışları gəlir karına, yağışdan doyurdu qumlu səhralar! Seçdi Yaradanım sıradan onu. Mələklər səslədi Hiradan onu. Beləcə yaratdı Yaradan onu. Alnında aydınlıq, üzündə həya, Məhəbbət  doğulub gəldi dünyaya! Yerlərin ləngəri, göylərin qatı, zamanın ən şirin vaxtı, saatı, həyatın cövhəri, dinin həyatı saflıqdan yük tutdu, halaldan maya. Ünsiyyət doğulub gəldi dünyaya!..
Bu cür qanadlı ricətdən sonra çox hikmətli bir fəsil – “Zahiri görmək asan, batindən nə bilirsən?” – fəsli və yuxarıda qeyd etdiyim həyatı epizodlar ardıcıl düzülüb, ricətdəki qeyri-adi dünya dəyişikliklərinə haqq qazandırır və nəticədə şairin arzuladığı, qələmə aldığı böyük həqiqət – Peyğəmbərin cahanşümul şəxsiyyəti yaranır.
Dastanın forması klassik dastan formasından yaradılıb kamilliyə çatdırılıb. Forma, dil, məzmun, ideal birliyindən müqəddəslik havasına ucalan bir əsər meydana gəlib, Zəlimxan Yaqub kimi onsuz da kamil bir şairi əsl yüksək kamillik zirvəsinə çatdırıb.
Axırıncı ricət Zəlimxan Yaqubun özü haqqındadır:


ƏLHƏMDÜLİLLAH

Çaldım öz havamı
                   bir kitab üstə,
Dil verdim sazıma,
                        Əlhəmdülillah.
Haqqın özü vurdu
                         bu naxışları,
Xəttimə, yazıma,
                 Əlhəmdülillah.

Nurlandım işıqda,
                  yandım ocaqda,
Söz canda isindi,
                   dua dodaqda.
Qələm də, dəftər də,
                   şam da, çıraq da
Dözdülər nazıma,
                  Əlhəmdülillah.

Sözümü eşq dedi,
                  məhəbbət dedi,
“Sevgi – hərəkətdi, 
                hərəkət!» dedi,
Tanrım, nə yazdımsa
                 «bərəkət» dedi,
Çoxuma, azıma
                “Əlhəmdülillah!”

Məndən salam olsun
                    ulu dərgaha,
Tapındım Tanrıya,
                   yetdim Allaha.
Ölsəm də bir zərrə
                    dərdim yox daha,
 Çatdım murazıma,
                           Əlhəmdülillah.

  Geri