Xəbərlər Boigrafiya Haqqında Yaradıcılığı Qalereya Qonaq dəfətəri Əlaqə

   Elşad Barat yazır: İLAHİ EŞQİN ZƏLİMXAN YAQUBU

İLAHİ EŞQİN ZƏLİMXAN YAQUBU

 

Orta məktəbi yarılamış vaxtlarım idi. Utanıb üzə çıxarmadığım beş-altı şeirimlə nəfəs alırdım. Hərdən açıb oxuyur, qəribə bir həzz alır, saralmış vərəqləri gizli xəzinə kimi yenidən hansısa kitabın arasına qoyurdum. Bir dəfə televizorumuzda dərinnəfəs, şələbuğ bir kişi şeir deyirdi. Atam televizorun səsini artırdı. Anam dördayağın üstündə yaydığı yuxadan əl çəkib oxlovunu astaca dördayağın qırağına döyəclədi ki, sakit olaq. Ailəlikcə hamımız köhnə “əlli iki ekran” televizordakı kişiyə qulaq asırdıq. Kişi gah danışır, gah da şeir söyləyirdi. Bayaqdan fətir gözləyən ailə peçin üstündə yanan yuxadan xəbərsiz ekrandan asılmışdı. Kişi elə danışırdı, elə danışırdı ki, elə bil bu saat ekranı yarıb evimizə girəcəkdi. Atam hərdən uca səslə ekrana “sağ ol” deyib yerini rahatlayır, anam əsgərlikdə olan böyük qardaşıma yalvarıb, ekrandakı kişiyə dua eləyirdi. Anama elə gəlirdi ki, bütün əsgərləri qoruyan, müharibəni dayandıran adam ekrandakı kişidir. Şələbuğ kişi elə bil bizim ailəni yaxından tanıyır, eşitmək istədiyimiz sözləri deyib dalıyca şeir oxuyur, atamın ürəyindən tikan çıxardırdı. Həmin gün az qalırdım ki, utandığım şeirlərimdən hansısa birini çıxardıb uca səslə hamıya oxuyum. Ekrandakı kişidən sonra şeirlərimə hörmətim, sevgim daha çoxalmışdı. Özümü böyük şair hesab edirdim. Elə bilirdim ki, dünyada iki şair var, biri ekrandakı şələbuğ kişi, biri də mən. Evdə böyüklərin ona olan diqqətini özümə qarşı sevgi-məhəbbət sanırdım. Bir anlığa özümü onun yerində hiss edib xöşbəxt olurdum. Dəfələrlə yuxuda onun yanında dayanıb televizorda şeir demişdim. Hələ sevdiyim qızın televizorda məni görüb nə düşünəcəyi haqqında sual dolu xəyallar da qurmuşdum. İllər sonra başa düşdüm ki, şeir nədir, şair kimdir və ilk şeirlərimdən utanmamağı mənə öyrədən, ilk poeziya müəllimim televizordakı dərinnəfəs, şələbuğ kişi Zəlimxan Yaqubdur. Bəlkə də Zəlimxan Yaqub olmasaydı, onunla görüşmək, o olmaq arzusu içimə dolmasaydı universitetə sənət verməzdim. Kənddən ayrılıb şəhərə gəlmək, Zəlimxan Yaqub olmaq, onun kimi televizorda şeir demək arzusu uşaq ürəyimə dolmasaydı bəlkə də tələbə adını qazanmazdım. Universitetə daxil olmağım xəyallarımdakı şair Zəlimxan obrazının mənə qazandırdığı ikinci uğur idi. Hər dövr üçün düşünmək olar ki, müəllim təkcə sənə auditoriyada üçbucağın sahə düsturunu izah edən, ya da fizikadan düzxətli bərabərsürətli hərəkətin mahiyyətini başa salan adam deyil.

 

Boşuna deyilməyib ki, ən böyük müəllim həyatdır. Çünki hər addımda həyat sənə nəsə öyrədir. Deməli, yaxşı mənada sənə nəsə öyrədən hər kəs sənin müəllimindir. Dünyanın ən məhşur universitetlərindən birində dərs deyən professorun fikirləri sənə yad ola bilər. Elə bir insan da ola bilər ki, sənə auditoriyada dərs deməz, heç səninlə kəlmə də kəsməz, ancaq sən onun duruşundan, əl hərəkətlərindən, hardasa elədiyi söhbətlərindən,  baxışından, üzündəki sənə doğma olan ifadədən çox şeylər öyrənib özünü formalaşdırarsan. Deməli, özünü inkişaf elətdirmək üçün ən çox öyrəndiyin adam sənin ən böyük müəllimindir. Hesab edirəm ki, mənə ilk dəfə şeiriyyatı, ədəbiyyatı sevdirən, kimliyindən utanmamağı öyrədən ilk poetik müəllimim Zəlimxan Yaqubdur. Uşaqlığımdan bəri hər zaman özümü şeiriyyata, ədəbi bilgilərə, ədəbiyyatla bağlı hər şeyə ac hiss etmişəm. Bəlkə də, bu, həm bakalavr, həm də magistr təhsilimin dəqiq elmlər olması ilə bağlı olub. Əgər anam məni şair deyil, heykəltəraş ya da rəssam doğsaydı, bu gün Zəlimzan Yaqubu yox, Leonardo Da Vinçini özümə müəllim bilərdim. Yəni, müəllim-tələbə münasibətlərində, əlaqələrində ruhun, təfəkkürün, düşüncə hədəfinin eyniistiqamətliliyi əsas şərtdir. Hesab edirəm ki, Zəlimxan Yaqubun torpaq, təbiət sevgisində, yerlə göy arasında yaratdığı poetik ilmələrində, kökünə bağlılığında mən varam. Ya da, mənim düşüncə, qavrama çevrəmdə Zəlimxan Yaqub zərrələri görünür. Belə demək mümkündürsə, biz eynicinsli iki maddənin məhlul vəziyyətindəyik. Təbii ki, kimyəvi cəhətdən Zəlimxan Yaqub nəfəsi, ruhu, dili, düşüncəsi, mövqeyi elə bir maddədir ki, kainatın bütün kimyəvi maddələri ilə eynicinsli məhlul və ya ittifaq halına girməyi bacarır. İnsan bəşəriləşdikcə böyüyür, böyüdükcə allahlaşır, yəni, allaha daha yaxın olur. Mənə elə gəlir ki, Zəlimxan Yaqub İlahi eşqin Müasir Azərbaycan Ədəbiyyatındakı poetik təzahürüdür. Bütün bunları onun çıxışlarından, əməllərindən, cild-cild kitablarından görməmək, hiss etməmək, zəiflik və kiçiklik əlaməti sayıla bilər. Azərbaycan ədəbiyyatının xəritəsini gözümün önünə gətirirəm və İzzəddin Həsənoğlundan tutmuş Salam Sarvana qədər mübaliğəsiz, tərifsiz, sadə bir müşahidə aparıram. Fikirlərimi belə deyə bilərəm ki, bütün şairləri bulağa bənzətsəm, hamısı mövcuddur. Lakin bəzi bulaqlar gur, bəziləri zəif, bəziləri də su qıtlığı yaşayır. Səməd Vurğun, Zəlimxan Yaqub kimi bir əl barmaqları sayda şairlərimiz isə bulaqlıq anlayışından çıxıblar. Onların ilhamını, nəfəsini coşmuş şəlaləyə bənzətmək olar. Adicə, Zəlimxan Yaqubun hansısa tədbirdə çəkilmiş çıxışını izləyəndə adama elə gəlir ki, şair öncədən yazıb əzbərlədiyi mətnini oxuyur. Onun əllərində vərəq görməyəndə oxucu diksinir. Elə Zəlimxanın böyüklüyü  vərəqsizliyində, əzbərsizliyindədir. Mənə elə gəlir ki, Zəlimxan Yaqubun beyin hüceyrələrinin böyük bir hissəsi sinonim sözlərlə dolmuşdu. Ola bilər ki, Azərbaycan ədəbiyyatında Zəlimxandan çox sinonim söz tapan şairlərimiz olar. Ancaq məsələ burasındadır ki, Zəlimxan sinonim sözü axtarıb tapmırdı, bütün sinonimlər, omonimlər, hətta antonimlər də onun bazasında anadangəlmə mövcud idi. 

Naxçıvan Dövlət Universitetinin magistraturasında təhsil alırdım. Naxçıvan ədəbi mühiti ilə hərdən kiçik məclislər təşkil edir, bir-birimizlə fikirlərimizi bölüşürdük. Bir dəfə gənc bir tənqidçi qayıtdı ki, Zəlimxan Yaqubda şair kimi ilahi bir güc, ilahi bir nəfəs, ilahi bir istedad və ilham var idi. Bəs niyə dünyaya çıxa bilmədi? Bu sual məni xeyli düşündürdü. Zaman keçdikcə belə bir qənayətə gəldim ki, bütün ölkələrdən, şəhərlərdən, kəndlərdən, hətta evlərdən də allaha gedən yol var. Zəlimxan Yaqub öz nəfəsindən, ilhamından yapışıb dünyaya yox, allaha doğru getdi. Təbiətlə allah arasındakı ən gözəgörünən yol Zəlimxan yoludur. Yəni onun qədər təbiəti danışdıran şair olmayıb. Bir də ki, Zəlimxana şəlalə deyiriksə, onun suyu ilə bütün dünyanı yumaq olardı. Görünür şairi daha çox səmalar maraqlandırıb. Bundan əlavə Zəlimxan Yaqub milli düşüncəni bəşəri dildə şeirə çevirmişdir ki, onun poeziyasında vətən torpağında bitən adi bir qızılgül dünyanın müqəddəs sandığı bütün müqəddəslərdən daha müqəddəsdir.



ELŞAD BARAT 

Azerbaycanrealligi.com

  Geri