Xəbərlər Boigrafiya Haqqında Yaradıcılığı Qalereya Qonaq dəfətəri Əlaqə

   SƏNSİZ YAŞAMAĞA ÖYRƏŞMƏK ÇƏTİN...

Musa NƏBİOĞLU

Əməkdar Mədəniyyət İşçisi

SƏNSİZ YAŞAMAĞA ÖYRƏŞMƏK ÇƏTİN...

 

Bu günə qədər Xalq şairi Zəlimxan Yaqubun 50-dək kitabını nəşrə hazırlamışım. 13 cildlik əsərləri külliyyatı da daxil olmaqla, istər özünün əsərləri olsun, istərsə də, haqqında yazılmış məqalələr və ona ithaf olunmuş şeirlər – heç birində indiki qədər çətin durumda olmamışam. Əgər o kitabları hazırlayanda ruhumu bir coşqu, sevinc hissi sarırdısa, bu kitabı əlimə alandan qəlbimə bir nisgil hakim kəsilib. Əgər əvvəllər hər kitabı hazırlayarkən bir məsləhətə ehtiyac duyanda şairin özünə üz tuturdumsa, indi onunla ancaq xəyallarda baş-başa qalır, şəkili ilə danışıram.

İldə bir neçə kitabını böyük məhəbbətlə hazırlayıb yüksək bədii zövq aldığın bir söz USTADI haqında xatirələr toplusu hazırlamaq, doğrudan da ağırdır... Amma neyləyəsən ki, həyatın bu acı reallığı ilə barışmaqdan başqa çarəmiz də yoxdur.

...2013-cü ilin avqust ayı idi. Zəlimxan Yaqub Borçalıda – Kəpənəkçi kəndində doğma ata ocağında, mən də öz kəndimizdə – Darvazda idim. Bir gün şairə baş çəkməyə gəldim. Həyətdə oturub nəsə yazırdı. Görüşüb hal-əhval tutduqdan sonra dəftəri mənə verib, bu şeiri oxu, bu gecə yazmışam, – dedi. Şeirin başlığı beləydi: “Mənsiz yaşamağa öyrəşin daha”. Oxudum və çox kövrəldim. Aman Allah, şair bizlərə – onu sevənlərə gör bir nəyi məs-ləhət görür. Bizi özünün aramızda olmayacağı günlərə hazırlamaq istəyir. O an keçirdiyim hissləri ondan gizlətməyə çalışdım. O gündən ruhumu saran vahimədən isə qurtula bilmədim.

Artıq iki ildir ki, O, cismən aramızda yoxdur. Öyrəşə bildikmi onsuz yaşamağa? Başqalarını deyə bilmərəm, mən öyrəşə bilmədim. Sadəcə onun yoxluğunu qəbul edə bilmirəm. Bu iki ildə elə bir gün olmayıb ki, mən gün-düzlər xəyalımda, gecə yuxumda onunla söhbətləşməyim. Elə bu kitabın hər səhifəsindən də onun xəbəri var: ünva-nına yazılan hər məqalə, hər şeir onun ruhuna əyan olub.

Zəlimxansevərlərə yaxşı məlumdur ki, hələ sağlında ikən Zəlimxan Yaqub yaradıcılığına ayna tutan elmi-publisistik məqalələrdən ibarət “Zəlimxan Yaqub ədəbi düşüncədə” adlı kitabın üç cildini nəşr etdirdik, IV cild də artıq nəşrə hazırdır. Ona ünvanlanmış şeirlərdən ibarət “Zaman bu kəsiri bitirməliydi” adlı irihəcmli toplunu da oxucuların ixtiyarına vermişik. Həmin kitablarda Zəlim-xan Yaqub şəxsiyyətinə və yaradıcılığına sevgi və məhəb-bət həm akademik səviyyədə, həm də ümumxalq sevgisi meyarında özünü göstərir. Təqdim etdiyimiz bu kitab da elə o hörmət və məhəbbətin, o sevginin davamıdır. Sadəcə, burada xalqın öz şair oğluna olan sevgi və məhəb-bəti kədərli notlarla müşayiət olunur. Kitabdakı məqalə və şeirlərin hamısı 2016-cı ildə Zəlimxan Yaqubun dünyasını dəyişməsindən sonra yazılıb müxtəlif mətbuat orqanların-da nəşr olunanlardır. Yəni, kitabın tərtibçisi olaraq məxsusi şəkildə kimdənsə şairlə bağlı xatirələrini yazmağı xahiş etməmişəm. Bu kitaba daxil edilən yazıların, şeirlə-rin hamısı şairin ölümündən kədərlənənlərin ürək çırpıntı-larıdır və biz onları müxtəlif mətbuat orqanlarından topla-mışıq. Ola bilsin müəyyən səbəblərdən (təbii ki, bu belədir) hələ neçə-neçə yazını da əldə edə bilməmişk.

Buradakı yazıların əksəriyyəti şairin ölümündən sonra isti-isti yazılan məqalə və şeirlərdir. Yəni bu yazılarda onun əsərləri elmi tədqiqə cəlb olunmur. Yazı müəllifləri onun ölümündən təəssüf hissi keçirdiklərini, ədəbiyyatımızda onun mövqeyini, bir şəxsiyyət kimi böyüklüyünü, səmimi-liyini və onunla bağlı xatirələrini dilə gətirirlər. Hər yazıdan bir Zəlimxan Yaqub boylanır. Bu yazıları oxuduqca unudulmaz şairimiz gözlərimiz önündə bir az da ucalır, bir az da böyüyür.

Akademik, Milli Məclisin mədəniyyət komitəsinin sədri Rafael Hüseynov müasir poeziyamızda Zəlimxan Yaqub sözünün xüsusi çəkisi olduğunu vurğulayır: “Zə-limxan Yaqub Tanrının fitri şairlik istedadı bəxş etdiyi nadir söz ustalarından idi. Amma millətin yaddaşında, ədəbiyyat aləmində həmişəlik qalmaq üçün yalnız böyük söz qabiliyyətinə malik olmaq azdır. Zəlimxan Yaqub çox mətin bir vətənpərvər idi. Vətənini, xalqını, tarixini sevirdi. Dövlətinə sadiq bir insan idi və bütün bunları yaradıcılığında əks etdirirdi”.

Millət vəkili, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov onu “İliyinə qədər şair” adlandırır, Millət vəkili Elşən Musayev təəssüf hissi ilə “Bir də o coşquyla qarşılaşmayacam”, – deyir. Dədə Şəmşirin yadigarı Qənbər Şəmşiroğlu onu özünün itirdiyi dördüncü qardaşı sayır, professor Nizaməddin Şəmsizadə “Qoca dünya, Zəlimxanı neylədin?” – deyib, haray çəkir. Professoer Qulu Məhərrəmli bir məlum həqiqəti xatırladır ki, “Zəlimxan Yaqub təpədən dırnağa xalq adamı idi”, şair Əbülfət Mədətoğlu isə “Dünya sənsiz çox miskindi” deyə təəssüf hissi keçirir. “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı haqlı olaraq bu qənaətdədir ki, “Onun yaradıcılığının üstündən xətt çəkə bilməyəcəklər”, “Gürcüstan” qəzetinin baş redaktoru, Gürcüstanın Əməkdar Jurnalisti İslam Əliyev onu “Həm gəlişi, həm də gedişi ilə əbədiləşən Zəlimxan” kimi dəyərləndirir, Cənubi Azərbaycandan olan Behbud Muradi isə şairin vaxtsız ölü-mündən təəssüfünü bir el deyimi ilə belə ifadə edir: “Söyüdün sınmağı bağda bilinməz, palıdın sınmağı elə zərbədir”.

Şair-publisist Səməndər Məmmədov isə onu aramız-dan aparan ölümü ittiham edir: “Ölüm bilsəydi ki, kimi öldürür, özü ölərdi xəcalətindən”. ADPU-nun kafedra müdiri Mahirə Hüseynova isə onun yoxluğunu “Poeziya aləmində böyük itki” hesab edir.

Şair Vaqif Bəhmənlinin öz yazısına sərlövhə seçdiyi bu fikir isə bütün yazıların ana xəttini təşkil edir: “O, yaxşı bir dost, yaxşı bir insan idi”.

Yazılarda böyük şair olduğu vurğulanmaqla, onun xeyirxahlığı, əliaçıqlığı, öna ümid yeri kimi baxanlara yardım etməsi, gənc yazarlara qayğısı, kənd və şəhər mədəniyyətlərini ortaq məxrəcə gətirib ədəbiyyatın, mədəniyyətin, adət-ənənənin kəndlə, şəhərlə ölçülmədi-yini, insanlıqda, tərbiyədə, əxlaqda olduğunu sübut etməsi və s. xüsusilə diqqətə çatdırılır.

Zəlimxan Yaqub ölümüylə də özünün böyüklüyünü, dahiliyini sübut etdi. Son mənzilə yola salınarkən yaşanan izdiham da bunun sübutudur.

Zaman sübut etdi ki, Zəlimxan Yaqubu poeziyamızın, Azərbaycan xalqının başucalığı sayan, onu poeziya hökm-darı hesab edən Xalq şairi Xəlil Rza Ulutürk hələ illər öncə deyəndə ki, “Zəlimxan yeganə şairdir ki, Azər-baycanda heç bir təbliğata ehtiyacı yoxdur”, – nə qədər haqlıymış. Xalq ona olan sevgisini 2016-cı il yanvarın 11-

də Fəxri Xiyabanda dəfni günü bir daha nümayiş etdirdi. Həmin gün Zəlimxan Yaqub Azərbaycan üçün, bütün türk dünyasındakı zəlimxansevərlər üçün yenidən doğuldu, ikinci ömrünü yaşamağa başladı – əbədiyyətə qovuşdu.

Oxuculara təqdim etdiyimiz bu kitab da elə bu sevgidən yaranıb və nə qədər ki, qədirbilən xalqımız və müstəqil dövlətimiz var, Zəlimxan Yaqub da həmişə var olacaq, milyonların könlündə yaşayacaq.

 

***

Deyirlər kədəri böldükcə azalır. Amma o gün ilddırım sürəti ilə dillərdən dillərə, ellərdən ellərə yayılan acı xəbər bölündükcə azalmaq əvəzinə, daha da böyüyüb, Azərbaycan boyda oldu, bütün Türk dünyasının kədərinə çevrildi. Bu dünyadan Zəlimxan Yaqub köçdü…

Dünyasını dəyişməsindən iki il keçir. Daha doğrusu, Zəlimxansız dünyamızın iki yaşı tamam olur. Cəmisi 66 il yaşadı. İçi mən qarışıq, sevənlərinin hamısı onun belə az yaşamasına təəssüflənir. Axı, o, daha çox yaşaya bilərdi. Amma yaşamadı...

Volterin ölüm haqqında belə bir fikri var: “Ölümdən kimlər qorxar və kimlər ondan boyun qaçırmaq istər? Günahkar ondan qorxur, bədbəxt onda nicat axtarır, igid ona meydan oxuyur, müdrik isə təəssüf hissi keçirmədən onu qəbul edir”. Zəlimxan Yaqub da ölümü təəssüf hissi keçirmədən qəbul edənlərdəndir. “Mənim ölümüm də gözəl olacaq”, – deyirdi və aramızdakı cismani yoxluğuyla da sübut elədi ki, doğrudan da, “diri ölülərin” dünyası olmur, bu dünya elə onun özü kimi əbədi dirilərindir. Və bir də onun şahidi olduq ki, şair bu qənaətə gəlməkdə nə qədər haqlıymış:

El yadda saxlamaz evdən gedəni,

İnsan əzizlənər eldən gedəndə.

 

Zəlimxan Yaqub ölümün gözünə həm də ona görə dik baxa, təəssüf hissi keçirmədən onu qəbul edə bilirdi ki, yaşadığı qısa ömürdə zamana öz sözünü deyərək adını millətin, Vətənin tarixinə yazmağ bacarmış, Tanrının qismətinə yazdığı ömrü – zaman kəsimini ləyaqətlə yaşaya bilmişdi:

 

Ürəyində buz yaşamaq faciə,

Yarasında duz yaşamaq faciə,

Çox yaşamaq, az yaşamaq faciə,

Mən zamanı zamanında yaşadım.

 

“Zamanı zamanında” yaşaya bilməmək, “ürəyində buz”, “yarasında duz” yaşamaq, doğrudan da, yaşamaq deyil, şairin dediyi kimi, faciədir. Söz adamı üçünsə, bu, ikiqat faciədir.

Zəlimxan Yaqub deyirdi ki, hardan gəldiyini bilmə-yənlər, istər söz adamı olsun, istərsə də, digər peşə sa-hibləri, hara getdiklərini də bilməyəcəklər. Onu elin-obanın, milyonların sevimlisinə çevirən və adını dünyanın əbədi diriləri sırasına yazdıran da elə onun həm həyatda, həm də ədəbiyyatda həmişə öz yerini bilməsi, hər zaman özünün və sözünün urvatını qoruması, dünəninə, kökünə, ənənəyə bağlılığı, zamana öz sözünü deyə bilməsi idi:

 

Dünya mənim idi mən olmamışdan,

Bilirəm dünyaya mən nəyə gəldim.

Yazıldı alnıma sözün qisməti,

Sözümü zamana deməyə gəldim.

Bəli, o, sözünü zamana deməyə gəlmişdi, dedi də. Xalqın sözünü dedi, xalqın qəlbinə nüfuz edən sözü dedi. Ona görə də hər yerdə sevildi, dinlənildi, dediyi söz həm yuxarılarda, həm də aşağıda eşidilən oldu. Ancaq daha çox yaza, daha çox deyə bilərdi. Təbii ki, amansız xəstəlik onu aramızdan belə vaxtsız aparmasaydı. Heyif ki, xəstəlik onu vaxtsız yaxaladı. Abmma öyrəklərindəki problem-lərdən əziyyət çəksə də, onu ağrıdan bir bu deyildi. Təkcə bu olsaydı, bəlkə də, həkimlər onun dərdinə dərman tapardılar. Ruhu bu qədər diri və duru, iradəsi möhkəm, dözümü sərt olan bu adama xəstəlik neyləyərdi ki... Bədəninin ağrısına dözsə də, Vətən ağrılarına dözə bil-mirdi şair. Dərdinin dərmanı da ancaq Qarabağın işğaldan azad olması, digər ölkələrdə yaşayan soydaşlarımızın – bütövlükdə Türk dünyasının azad və firavan yaşaması ola bilərdi. Yaxşı yadımdadır, 2011-ci ilin yayında Borçalıya – Kəpənəkçiyə getmişdi. İki həftə orada qaldıqdan sonra sanki xəstəliyi tamam yox olmuşdu. Çünki dədə-baba yur-dunda idi, burdan güc-qüvvət alırdı. Axı, Borçalı onun üçün Qarabağ qədər əlçatmaz deyildi. İstəyəndə gedə bilirdi. Amma yalnız Borçalıdan aldığı güc onun yarasına məlhəm, dərdinə ilac ola bilməzdi. Onun dərdi bütöv Vətən dərdi, böyük Türk dünyasının üzləşdiyi problemlər idi. Borçalı onun qəlbində gəzdirdiyi böyük Vətənin olsa-olsa kiçik bir hissəsidir. Arzusunda olduğu Böyük Vətən isə yaralıdır, paralıdır. Və bu ağrılar onun ürəyində sözə çevrilib, misralara düzülürdü. Bəlkə də həkimlər böyrək-lərini ona görə müalicə edə bilmirdilər ki, ürəyindəki Vətən dərdi daha böyük idi. “Qışın içində də yaz” tapmağı bacaran Zəlimxan Yaqub bu dərdinə çarə tapa bilmirdi. Bu dərdin adı “Yurd ağrısı”, “Vətən yaraları”, “O qızın

gözyaşları” və “Şuşa şikəstəsi”ydi, bu dərd idi ona “Qara-bağ ən çətin sualdı, qardaş”, “Türk yağıdan üzr istəməz” və “Bir kövrək havadı sazımda Kərkük” dedizdirən, “Şuşada balam qaldı” deyə nalə çəkdirən, “Şair harayını”, “Səslərin görüşü”nü, “İçimdə ağlayan Krım”ı, “Çanaqqala dastanı”nı, “Turan sevgisi”ni, “Rəsul Həmzətova mək-tub”u və “İranın Azərbaycandakı səfiri Əfşar Süleymaniyə açıq məktub”u yazdıran da, “dərdli dilim – mənim dərdim”, – deyib, Göyçə, Dərbənd, Mosul, Kərkük, Bor-çalı və “Borçalının bir tərəfi Axıska” kimi “vətənin qıraqda qalan yerləri”nin dərdlərini bayatı düzümünə düzdürən də.

Qarabağa qayıtmağımızı öz gözləri ilə görmək, bir qalib kimi Şuşa qalasına hayqıra-hayqıra girmək, Cıdır düzündən nur alıb Vaqifin müqəddəs məqbərəsində Vaqifin dilində ötmək, İsa bulağının başında muğamat dinləmək, Daşaltı çayıtək axmaq istəyirdi. Əsrin min sualı ilə üz-üzə qalıb cavab tapmağa çalışan, ona qələbə müjədəsi gətirənə ömrünü pay kimi bölmək istəyən şairin bir nigarançlığı vardı:

 

Yoxsa bu ağrıyla dünyadan köçüb,

Elə bu dərdlə də öləcəyəmmi?

 

Bununla belə, ümidini də üzmürdü. İnanırdı ki, dərdinin çarəsini Azərbaycan ordusu tapacaq:

 

Doğan günəşidi sökülən danın,

Alar qisasını tökülən qanın,

Ucaldar başını Azərbaycanın

Qələbə, Qələbə, ancaq qələbə.

Xəstəlik təkcə ona ağrıların dadını, dərmanların adını öyrətmədi, həm də insanları tanıtdı. Gen günün “dostlarını” və əsl dostları tanıdı, bütün insanları “süzüb ələdi”, nurda işıqlanıb yurda işıq salan dostlarla yanaşı xırdalanan “xırda dostları” da görəndə Uca Allaha – “Böyük dosta salam olsun!”, - dedi:

 

İşıqlandı nurda dostlar,

İşıq saldı yurda dostlar,

Xırdalandı xırda dostlar,

Böyük dosta salam olsun.

 

“Mən bir dağ çayıyam”, – deyib, bütün ömrü boyu çağlayan şair həmişə diri və duruydu, bu dünyanın çirkin-likləri onu bulandıra bilməmişdi, hər şeydə gözəlliyi ax-tarıb dünyamızı gözəl görmək istəyir, dünyanı durultmağa can atırdı. “Biz niyə sevməyək bir-birimizi?” – deyərək, insanları səmimiyyətə, məhəbbətə, dostluğa və mehribançılığa səsləyirdi. Dünyanın gərdişi ilə bacara bilməyəndə, dərdini çəkə bilməyəndə sözün qüdrətinə söykənib onun şəklini çəkirdi:

 

Dərdini çəkə bilmirəm,

Gəl, şəklini çəkim, dünya...

 

Özünün və sözünün əbədiyaşarlığına inanır və deyirdi ki, “mənim yazdıqlarım yerdə qalarmı, düşəcək hamısı kitaba bir-bir”. Bu inamı yaradan bir də o idi ki, milyon-ların könlündə onun yeri və kitabı var:

 

Daha gecdi, könüllərdə kitabım var,

Qat-qat olan qayaların qaşı qədər.

Daha gecdi, zaman məni dana bilməz,

Yaşamışam bu dünyanın yaşı qədər.

 

Məşhur şərq filosofu Cəlaləddin Ruminin belə bir sözü var: “Biz öləndən sonra bizim məzarımızı torpaqlar-da axtarmayın. Bizim məzarımız arif insanların qəlbin-dədir…” Məzarı onu sevənlərin qəlbində olan bu böyük insan üçün darıxanda, daha doğrusu üzbəüz olub söhbət eləmək istəyi könlümdən keçəndə, onun kimi müqəd-dəslərin uyuduğu Fəxri xiyabana üz tutur, ağ mərmərdən boylanan əzəmətli simasıyla üzbəüz dayanıram. Nə mən dinirəm, nə də o... Ancaq baxışlar danışır, aramızda səssiz dialoq olur. Bu baxışlar əslində şox şeyi ifadə edir – sağlığında olduğu kimi, yenə də nələrləsə maraqlanır, tövsiyələrini verir... Məğrur duruşu və qartal baxışyla oxucularına, sevənlərinə və sevdikllərinə təsəlli verməyi də unutmur:

 

Canım qara torpağın, nəfəsim göylərindir,

Qəbirdə yatsam belə, həmişə həyatdayam.

 

 

 

 

 

  Geri