Xəbərlər Boigrafiya Haqqında Yaradıcılığı Qalereya Qonaq dəfətəri Əlaqə

   Zəlimxan Yaqubun Yunus Əmrə ilə görüşü- Şairin sufiliyə gedən yolu

Zəlimxan Yaqubun Yunus Əmrə ilə görüşü- Şairin sufiliyə gedən yolu
 
 
Bu gün çağdaş Azərbaycan ədəbiyyatının ən məşhur simalarından olan mərhum Xalq şairi Zəlimxan Yaqubun vəfatından iki il ötür.
 
Bu məqsədlə, Moderator.az saytında şairin irfanı dünyagörüşünə həsr etdiyimiz esseni təqdim edirik:             
Zəlimxan Yaqub dünyasını dəyişən zaman sosial şəbəkələrdə      yazılan çoxsaylı başsağlıqları içərisində tanınmış şairlərdən birinin qeydi diqqətimizi çəkdi. O, Zəlimxan Yaqubun ölümünü Azərbaycan poeziyasının yaddaş itkisi sayırdı.”Azərbaycan şeiri öz yaddaşını itirdi” , yazmışdı Rüstəm Behrudi…
 
 
Şeir, qoşma, gəraylı, poema, məqalə yazmasından asılı olmayaraq Zəlimxan Yaqub ömrünün sonuna qədər yalnız bir missiyanın daşıyıcısı oldu: “dədə ocağından köz almaq” və həmin közü bu gün də sönməyə qoymamaq missiyasının. Köz dediyin əslində dədələrdən, babalardan qalan və milli yaddaş sistemimizi formalaşdıran həqiqət toplusudur. Zəlimxan Yaqub nə yazdı, nə yaratdısa hamısı elə o KÖZ üçün idi. Yunus Əmrədən, Mövlanədən, Dirili Qurbanidən,  Şah Xətaidən, Miskin Abdaldan, Hacı Bektaşdan, Qaracaoğlandan, Dədə Ələsgərdən şölələnə-şölələnə gələn KÖZ üçün…
1950-ci ilin yanvarında Borçalıda dünyaya göz açıb,  2016-cı ilin yanvarında dünyaya göz yuman şair bu açmaqla-yummaq arasındakı intervalda Zəlimxan Yaqub olmağın düsturlarını da o dədələrin hesabına çözə bildi.
 
“Yunus Əmrə dastanı” poemasının girişində yazdığı kimi: ”nəsə ürəyimə dammışdı. Sümüyümə düşən, könlümə yatan bir müqəddəs duyğu mənə rahatlıq vermirdi. Kimisə axtarırdım, nəyisə gəzirdim. Heç özüm də bilmirdim, kimi axtarıram, nəyi gəzirəm. Günlərin birində  mənə elə gəldi ki,  qeybdən qulağıma səslər gəldi. “Axtardığın Xorasan dərvişi, ozanlar ozanı Yunus Əmrədir. Gəzdiyin onun haqqa qovuşan nəfəsidir, axtar, tap, qovuş o dərgaha” – dedilər. O gündən bu səslərin sorağına düşdüm. Türkün yazılı tarixi kimi səsə hopan, sözə çökən, yaddaşa yazılan Yunus Əmrə dərgahına doğru gedən bir yolçuya döndüm”  
 
           “Yunus sözü demək üçün yurd dilini bilməlisən
             Bu millətin xilaskarı qurd dilini bilməlisən
            Mələklərlə söhbət üçün quş dilini bilməlisən
            Torpaq ilə həmdərd olub xış dilini bilməlisən
            Bu aləmin, bu dünyanın
            İç dilini bilməlisən, dış dilini bilməlisən”   
                  (Z.Yaqub, “Yunus Əmrə dastanı” poemasından)
 
    Zəlimxan Yaqub şeirlərində Türk-İslam əxlaqının izlərini  arayan araşdırmaçılardan biri həmin şeirlərin Şeyx Tapdıq tapusundan, Mövlanə dərgahından su içməsinə, oradan ruh almasına işarə olaraq yazır:
“Əsərlərini fars dilində yazmasına baxmayaraq, ilk dəfə türk dilində söyləyən, XIII əsr təsəvvüf poeziyasının ilk böyük nümayəndəsi Mövlana Cəlaləddin Rumiyə həsr etdiyi “MÖVLANA TÜRBƏSİNDƏ” əsəri şairin Türk-İslam ənənələrinə sadiqliyini ədəbi fakt kimi bir daha təsdiqləyir.
Müasir dövrdə Türk-İslam əxlaqının ən gözəl xüsusiyyətlərini özündə birləşdirən Zəlimxan Yaqub əsərləri tarix boyu türk xalqının yüksək əxlaq sahibi olmasını bir daha sözün həqiqi mənasında oxucunun gözü önündə canlandırmaya bilmir. Bu da öz növbəsində əsası XIII əsrdə Yunus Əmrə tərəfindən “Vəhdəti-vücud” fəlsəfəsinin, yaxud da Mövlana Cəlaləddin Ruminin zərrənin - insanın bütövə - Allaha yaxınlaşması fəlsəfəsinin qaranlığına dalmasından irəli gələn faktordur.
Qarsın xocası Fövzi paşa məktəb müdiri Şahmət Bilgirə ulu sevgilərlə ünvanladığı “ŞAHMƏT XOCA” şeirində poetik olması baxımından poeziya həvəskarlarının qəlbini Türk-İslam əxlaqının çalarları ilə zənginləşdirir.
 
Qars ilə oyanırdım, Konya ilə yatırdım,
Ən şirin arzuların xoş ətrinə batırdım.
Bu torpaqla görüşə lap çoxdan can atırdım,
Yaxşı ki, ömrüm sənə tuş oldu, Şahmət Qoca!” 
 
 
Hürufilər varlığın hikmətini, kainatın sirlərini insan sifətində təcəlla etməsini əsas nəzəriyyə kimi qəbul edirdilər. Onların düşüncəsinə görə, insan  siması ilahi nizamı əks etdirən bir kitabədir. İnsan üzündə baş verən hər bir dəyişiklik kainatda dəyişilmələrə gətirib çıxarır. 
Zəlimxan Yaqubun 4 ildən çox xəstə halını, fiziki baxımdan xeyli dəyişməsini zəifləməsini insanlar ürək ağrısı ilə qarşılayırdılar. Amma kim nə deyir desin, şəxsən mənim üçün Zəlimxan Yaqub məhz o simada, o formada əsl şair və millət, Haqq sevdalısı idi. Ağarmış saç-saqqal, nurani sima və bu nuranilikdə əks olunan üzüntü, ağrı onu sanki xanəgah şeyxlərinə bənzədirdi. Məhz o formadakı Zəlimxan Yaqub məzmun etibarilə də əsl Zəlimxan Yaqub idi. Yuxarıda dediyimiz kimi köz qoruyucusu idi. Hürufilərin dediyi kimi, kainatın bütün ahəngi, ilahi nizamı simasına nuranilik, müdriklik versə də, bəşəri insan əzabı onun vücudunu zəiflədirdi. Odur ki, Zəlimxan Yaqub ömrünün sonunda təkcə qələmi ilə yox, həm də yerişi ilə, nəfəs alması ilə də şeir yazırdı. Bir neçə dəfə onu ədəbi tədbirlərdə görmüşdüm, hər zaman da ağır-ağır yerişində
hansısa şeirin yazılma şahidi olmuşdum.
 
O halı ilə Zəlimxan Yaqub əlində dəmir əsa, ayağında cırıq çarıq olan, çilləsinin sonuna çatmış, mürşidləşmiş, Haqqa gedən yolun bütün koordinatlarını müəyyən etmiş bir dərviş idi… 
Şaqraq, gur çağında yox, məhz ağrılı, ağ saçlı-saqqalı halında bu yolu, bu izi tapmışdı Zəlimxan Yaqub… Bu izlə gedirdi. Hərdən Əhməd Yasəvi, hərdən Mövlanə, hərdən Pir Sultanla, hərdən də Yunusla söhbətlər edirdi. Söhbət edə-edə uzaqlaşırdı, uşaqlaşırdı şair… Mövlanə gileylənirdi ki, Tanrıya gedən yolun hansı pillələrini fəth etdimsə, qoca türkmək şairi Yunusu qarşımda gördüm. Bizim şair isə ustadın onun qarşısına çıxmasını çox istəyirdi, bu eşqlə yaşayırdı. Çünki bilirdi ki, “mələklər dilində danışan ustad Yunus” nə zamansa qarşısına çıxsa deməli, o, öz şair səlahiyyətini, KÖZ qoruma missiyasını uğurla yerinə yetirib:
 
“Yırtıldı ayağımda geydiyim dəmir çarıq
Nə olar ki,  bir dəfə mənim də qarşıma çıx”
 
 
Böyrəklərindən əməliyyat olunaraq keçirdiyi ağır xəstəlik illəri əslində kimsəsiz Anadolu çöllərində, dərviş babalarının izini axtardığı illər idi… Ağrılı da olsa, xoşbəxt illər...  
Xəstə halı ilə bu dörd il ərzində öz içində, Analodu torpaqlarında, Rum ellərində, Azərbaycan məmləkətində dərvişlərin keçdiyi izlərlə gəzdi…  Şair bəlkə nə vaxtsa xəyal etməzdi ki, içində gəzmək bu qədər çətin, bu qədər dərin bir aləmdə səyahət imiş… Əslində Zəlimxan Yaqubun ömrünün son illərində üz cizgiləri dəyişməsə idi o bəlkə də bu izləri tapa bilməzdi. Çünki Nəimi baba demiş, üz cizgilərinin dəyişməsi insanla kainat arasındakı hansısa gizli dialoqa bir işarədir. 
Şairin şeirləri ilə ney naləsi, saz cingiltisi arasında daxili sinergetik əlaqələr hər zaman hiss olunub. Həmin şeirlərdən neyi çıxarıb, sazı götürmək əslində Zəlimxan Yaqubun ruhunu öldürmək demək idi. Amma bu gün də həmin şeirlərdə neyin, sazın baş-başa verib məna aləmi haqqındakı pıçıltılarını eşidə bilirik. 
 
 
Əfsanəyə görə, Tanrı insanın vücuduna öz ruhunu göndərmək istədi. Onun  özündən  bir zərrə edib özünə qovuşana qədər müdrik olub-olmayacağını yoxlamaq qərarına gəldi. Amma necə etdisə, nə etdisə yenə də bir nəticə hasil olmadı. Axırda Cəbrayıl mələk saz oldu, səsləndi. Bəni-Adəm övladı o səsi eşidən kimi məst oldu. Allahın ruhu da o zaman insanın könül dünyasına daxil oldu… 
Təsəvvüf alimləri, övliyyalar bu əfsanəni çox sevər və hər zaman təkkədəki müridlərə söylərmişlər.  İrfan şairlərinin yazdıqlarında,  haqq aşıqlarının qoşduqlarında İlahi nur, Göy işığı ora saz vasitəsilə daxil olub. Bu gün də həmin şeirləri oxuyanda arxa fondakı saz səsi insan ruhunu oxşayır. Bu çox təbiidir… Çünki insan ruhu o səsi eşitcək gəldiyi yerləri bir anlıq da olsa xatırlayır. Silinmiş yaddaş sistemini bir anlıq da olsa bərpa edir. Zəlimxan Yaqubun şeirləri də əslində silinmiş yaddaşın bərpası yolunda bir addımdır. Yuxarıda dediyimiz kimi, şairin ölümü əslində milli yaddaş sistemini qoruyan bir deponun süqutu idi…
 
 
2016-cı il yanvarın 9-da şair fiziki baxımdan öldü… Həmin gün yaradıcılığının son məhsullarından olan “Yunus Əmrə dastanı” və “Peyğəmbər” poemalarını vərəqlədim. Saz səsi, ney naləsi, cırılmış çarıq tappıltısı bir-birinə qarışmışdı… Zəlimxan Yaqub isə xoşbəxt görünürdü.”Nə olar ki, bir dəfə mənim də qarşıma çıx” dediyi Yunus Əmrə ilə qədim türk topraqları, türk insanları haqqında quş dilində söhbət edirdilər…
 
Elmin Nuri
  Geri