A. Ağbaba,
Sumqayıt Dövlət
Universitetinin dosenti
HAQQ İŞIĞININ YOLÇUSU
Əsil poeziyanın təməlində həmişə bir qudsallıq və ilahi vergi dayanır. Bir-birini əvəz edən əsrlər ərzində şeirimiz yeni məzmun və ideyalarla zənginləşib şəkil və forma xüsusiyyətləri, poetexniki elementləri ilə cilalanıb dəyişsə də, onun təməli heç vaxt dəyişməyib, əzəliliyini və əbədiliyini saxlayıb. Bu baxımdan yalnız Azərbaycan ədəbiyyatında deyil, ümumtürk ədəbi-estetik fikir tarixində diqqətəlayiq bir sənət hadisəsi olan Zəlimxan Yaqubun yaradıcılığında gərəyincə araşdırılmalı və tədqiq olunmalı məqamlar çoxdur. Onun şeirləri türk-müsəlman düşüncəsinin, etno-milli duyğuların, tarixi-genetik yaddaşın ən incə və təbii ifadəsidir. Bu əzəməti və zərifliyi diqqətlə müşahidə edən Azər Turan şairin poeziyasındakı fikir və duyğunun, idrak və hissin, ənənə və novatorluğun harmoniyasını, poetik vəhdəti vurğulayaraq yazır: "Saz və İrfan. Məkkə və təkyə. Quran və Turan. Ruh və yaddaş. Zəlimxan Yaqubun şeirləri barədə yazmaq üçün ən əvvəl bu mötəbər məqamlardan başlamaq lazımdır". Çox diqqətcil müşahidənin və obyektiv ədəbi-tənqidi fikrin ifadəsi olan bu bır neçə cümlə Z. Yaqubun şeirlərindəki ürfani düşüncənin təsəvvüf motivlərini, dini-mifoloji elementləri araşdırmaq baxımından əhəmiyyətlidir.
Zəlimxan Yaqubun təsəvvüfi şeirləri onu, keçmişə bağlayan, bu günə istiqamətləndirən, gələcəyə aparan dini-irfani bir xətlə birləşdirir. Bu xətt Əhməd Yəsəvidən başlanan ilahi ruhun Yunus Əmrə, Pir Sultan Abdal. Hacı Bəktaşi. Şah İsmayıl Xətai, Məhəmməd Füzuü vo daha neçə neçə dühanın davam etdirdiyi xəttin XXI əsrdəki davamıdır. Bu qırılmaz fəlsəfi-poetik bağlar "Ucalıq", "Gəldim", "Bu yaşıl ağacın altı bizimdir", "Gizlidir", "Gəlib" və şair şeirlərdə bir sıra təsəvvüf terminləri, sufi sirnvolokası, gizli işarələr vasitəsilə özünün bədii inikasını gerçəkləşdirir. "Gəldim" şeirini onun dini-ürfani görüşlərinin, türk-müsəlman düşüncəsinin poetik məramnaməsi, Z. Yaqubun səmimi etirafı kimi səciyyələndirmək olar:
Mənəm haqqın işığı,
Söz haqqın yaraşığı,
Eşqim Allah işığı,
Haqq adlı dostdan gəldim.
Lirik “mən”in əzəməti və mənəvi paklığı, ilahi qüdrətdən mayalanması “Allah” “dost”, “haqq! Və şair kimi sözlərdə, ürfani işarələrdə özünün bədii-fəlsəfi əksini tapar. Bu əxlaqi-fəlsəfi düşüncə əvvəldə qeyd etdiyimiz kimi, təsəvvüf nəhənglərindən - Yunus Əmrədən gəlir:
O padişah, mən quluyam,
Dost bağının bülbülüyəm.
O xocamın bağçasına,
Şad olub ötməyə gəldim.
XII əsr Anadolu türkünün bu irfani düşüncəsi XVI əsrdə yaşayıb-yaratmış Pir Sultan Abdalın ecazkar poeziyasında özgə bir biçimdə bədiiləşərək gələcək əsrlərə qol-budaq atır:
Eşq xırmanında sovruldum,
Həm ələndim, həm yoğruldum.
Qazana girdim qovruldum,
Meydana enməyə gəldim.
"Qol-budaq" ifadəsini biz burada təsadüfi olaraq, işlətmədik. Mənim fikrimcə, əsil ədəbiyyat qollu-budaqlı bir ağac kimidir. Ağaclar isə yalnız kökləri ilə qidalanıb torpağa bağlanmır. Ağaclar həm də qol-budaqları, yarpaqları ilə işıq udub, su içir. Bu ilahi qüdrət beləcə dövrə vurur. Başqa sözlə, əski türk düşüncəsinin budaqları Yunus Əmrənin kökü, Yunus Əmrənin budaqları Pir Sultan Abdalın kökü, Pir Sultanın budaqları tarixi-genetik köklərə, qan yaddaşına bağlana-bağlana bu günümüzə - B. Vahabzadəyə, M. Araza, Z. Yaquba, R. Rövşənə qovuşur. Bu poetik-ürfani model heç vaxt qapanmır, dövrə vura-vura əbədiyyətə uzanır, təzə nəfəsdə, çeşid-çeşid bir obrazlı təfəkkürlərdə özünü təsdiqləyir. Zəlimxan Yaqubun dediyi kimi:
Buludlardan üzüldüm,
Çiçəklərə düzüldüm.
Füzulidən süzüldüm,
Axdım, Yunusdan gəldim.
Bənddə həm də təsəvvüf şeirinin başqa bir mühüm qatı-təbiətlə insanın vəhdəti, təriqətin kamil yolçusunun ruhi-hissi düşüncələri poetikləşmişdir.
Z. Yaqubun ürfani poeziyası kamil insanın düşüncələrindən doğduğuna görə onun şeirlərinin məna tutumu dini-təriqət terminlərinin poetik vasitəyə çevrilməsi ilə məhdudlaşmır, burada həm də çağdaş bir şairin obrazlı təfəkkürünün deyimləri, ədəbi üslubu həmin terminlərlə, sufi simvolikası ilə birləşərək dolğun və bütöv bir mənzərə yaradır. "Bu yaşıl ağacın altı bizimdir" şerində dünyəvi məhəbbətin tərənnümü ilə kamil aşiqin düşüncələri eyni məqamda birləşir. Bu məqamda ilk baxışda peyzaj təsiri bağışlayan təsvirin alt qatındakı dini-mifik düşüncə insanla təbiətin birliyi və bu birliyi dərk edərək gözəlliyə, onu yaradana pərəstiş edən aşiqin iç duyğuları ifadə olunur:
Atəş Allahındı, isti Allahın,
Ocaq Allahındı, tüstü Allahın,
Bu yaşıl ağacın üstü Allahın,
Bu yaşıl ağacın altı bizimdi.
Sual oluna bilər ki, niyə məhz ağac?! Çünki dünyanın bir sıra xalqlarının, o cümlədən türklərin mifoloji düşüncə sistemində ağac yerlə göyü birləşdirən vasitədir. Ağac həyatın başlanğıcı, hami və qoruyucudur. "Kitabi-Dədə Qorqud" dastanında Bamsı Beyrəyin sevgilisi Banıçiçək ona yenidən qovuşduğu üçün "qaba ağacın qurumuşdu yaşardı axır!" - deyir. Yenə ana kitabımızda Qazan xan oğlu Uruzu Şöklü Məlik ağacdan asdırmaq istəyəndə Uruz "qoyun mən bu ağacla söyləşəyim" - deyə ağaca müraciət edir:
Başın ala baxar olsam başsız ağac,
Dibin ala baxar olsam dibsiz ağac.
Bu müraciətdə ağac artıq adi bir təbiət predmeti, maddi materiya deyil. Burada ağac başı və kökləri görünməyən mifik bir qüvvədir - dibi yerin təkində, başı göyün ənginliklərindədir. Kafirlərin nəzərində ağac ölüm gətirəndir; Uruzun düşüncələrində isə ağac həyat bəxş edəndir, diriliyin başlanğıcıdır. Bu mifik düşüncə çox-çox əsrlər sonra islam mədəniyyətinə, sufi şeirinə güclü şəkildə təsir edərək klassik şeirlərimizin, saz-söz sənətkarlarının poeziyasında başlıca simvolik işarələrdən birinə çevrilmişdir. XVI əsrin ünlü ozanı Pir Sultan Abdalın poeziyasından bir örnəyə diqqət yetirsək, ağacın dini-mifoloji keyfiyyətlərini onun necə də sonsuz məhəbbət və sevgi ilə öydüyünün, tərənnüm etdiyinin şahidi oluruq:
Öt mənim sarı tanburam,
Sənin əslin ağacdandır.
Ağac dersən könüllənmə,
Qırmızı gül ağacdandır.
Nurdur Kəbənin eşiyi
Cahanı tutdu işığı.
Həsən Hüseynin beşiyi,
O da yenə ağacdandır.
Pir Sultan Abdalın bu ürfani düşüncəsi əski türk-oğuz təfəkkürünün, Dədə Qorqud qəhrəmanlarının düşüncəsidir ki, ehtiraslı poetik çalarlarla, əlvan bədii detallarla ifadə edilir.
Zəlimxan Yaqubun "Bu yaşıl ağacın altı bizimdi" şeirində aşiqin kainatın hüdudlarına sığışmayan aydan arı, sudan duru sevgisi yaşıl bir ağacın altına sığışır. Vüsala qovuşan lirik "mən" onun şirinliyini daddıqca ağac da, təbiət də maddilikdən çıxıb mənəviyyata qovuşur, ürfani düşüncəyə çevrilən hiss və duyğuların axarında təriqət yolçularının - dərvişlərin arzularının ifadəsini görürük:
Nəyimizə lazım ev-eşik bizim,
Bu yaşıl ağacın altı bizimdi.
Şeirin sonunda aşiqin düşüncə və duyğularının ürfani-fəlsəfi mahiyyəti daha da konkretləşir, qaçınılmaz bir həqiqətin poetik ifadəsi oxucunu sehrləyir:
Hələ bizdən sonra çoxu deyəcək:
"Bu yaşıl ağacın altı bizimdi".
Bu iki misra ilə ürfani düşüncələr yekunlaşıb özünün bədii təsdiqini tapır: bu yaşıl ağacın altından neçə-neçə sufi dərvişlər, kamil insanlar, təriqət yolçuları gəlib keçəcək. Ağac isə ədəbidir.
Əlbəttə, gətirilən paralellərin sayını artırmaq, müqayisələrin çevrəsini genişləndirmək də olar. Lakin bu qısa qeydlər onu göstərir ki, Zəlimxan Yaqubun yaradıcılığı əski türk-oğuz mədəniyyəti, etno-milli psixologiya. dini dəyərlərə və xalqımızın ədəbi-estetik düşüncə tərzi ilə nə qədər sıx bağlı bir sənət faktıdır.
|