Xəbərlər Boigrafiya Haqqında Yaradıcılığı Qalereya Qonaq dəfətəri Əlaqə

   ZƏLİMXANSIZ KEÇƏN BİR İL

Qəzənfər Paşayev,
filologiya üzrə elmlər doktoru, professor

ZƏLİMXANSIZ KEÇƏN BİR İL

 
 
21 yanvar xalq şairi Zəlimxan Yaqubun anadan olan günüdür. Yanvarın doqquzu isə əbədiyyətə qovuşduğu gündür. Həmin gün Azərbaycanın Heydər Əliyev, Üzeyir Hacıbəyov, Cəlil Məmmədquluzadə, Yusif Məmmədəliyev, Səməd Vurğun, Mikayıl Hüseynov, Mustafa Topçubaşov, Qara Qarayev, Fikrət Əmirov, Rəsul Rza, Rəşid Behbudov və bir çox başqa dahi şəxsiyyətlərin uyuduğu Fəxri Xiyabanda şairin özünə yaraşan möhtəşəm abidəsinin açılışı və ölümünün ilinə toplaşmışdıq.
 
Xalq qarşısında böyük xidmətləri olan şəxsiyyətləri son mənzilə yola salanda və onların qırxında Fəxri Xiyabanda insan əlindən tərpənməyə yer olmadığını çox görmüşəm. Lakin ildönümü mərasimində yalnız seçilmişlərin elliklə ziyarət edildiklərinin şahidi olmuşam. Yanvarın 9-da xalq şairi Zəlimxan Yaqubu ziyarət edənlərin sayı-hesabı yox idi. Bölgələrdən və qonşu ölkələrdən də çox adam gəlmişdi. Yığıncağı akademik Rafael Hüseynov aparırdı. Akademik xüsusi vurğuladı ki, şair bütün yaradıcılığı ilə onsuz da qəlblərdə abidəyə çevrilmişdi. O, bu gün abidə formasında yenidən bizə qayıtdı. Sonra AMEA-nın müxbir üzvü Nizami Cəfərov, İrandan gəlmiş şair Əli Abdullahı və mən çıxış edərək şairin çoxşaxəli yaradıcılığından, ədəbiyyatımız və xalq qarşısında xidmətlərindən söz açdıq. Şair Əli Abdullahı Zəlimxan Yaquba həsr etdiyi çox təsirli şeirini oxudu. Bir bənd yaddaşımda qaldı:
 
Elə bil ki, sel apardı Saranı,
Fələk kəsdi umudumu, çaramı.
Qoymayacaq sağalmağa yaramı,
İldə bir yol qaşıyacam, Zəlimxan.
 
Sonda şairin böyük oğlu Bəhlul göstərilən qayğıya görə dövlət başçısına, şairin məzarüstü abidəsinin müəllifləri, xalq rəssamı Natiq Əliyev və memarı Tərlan Həsənova, çıxış edənlərə, bütün Zəlimxansevərlərə minnətdarlığını elə yığcam, elə mənalı, elə məntiqlə çatdırdı ki, sanki şairin özü idi danışan.
 
Belə mərasimlərdə çox danışmağın etikadan kənar olduğunu düşünərək mən yığcam danışmağa çalışdım. Uzun illər dostluq etdiyim şair haqqında, yaradıcılığı barədə demək istədiyim bir çox mətləblər ürəyimdə deyilməmiş qaldı. Odur ki, ürəyimdə deyilməmiş qalan fikirlərimi oxucularla bölüşmək istəyirəm...
 
Yaradan ondan heç nəyi əsigəməmişdi: Boy-buxun, yaraşıq, ağıl, təşəkkür, heç nəylə əldə edilməyən müdriklik, bəlağətli nitq, qeyri-adi yaddaş, fitri-şairlik istedadı, ilham, tükənməyən enerji, xeyirxahlıqla döyünən ürək bəxş etmişdi. Lap gəncliyindən hamı ona şair, - deyə müraciət edirdi. Və bu heç də təsadüfi deyildi. Zəlimxan Yaqub poeziyamıza şimşək kimi çaxaraq, dağ çayı tək kükrəyərək, kürə kimi püskürərək, bulaq kimi qaynayaraq gəlmişdi. O, əlli ilə yaxın söz üstə əriyərək şair ömrü yaşadı. Dünyanı, xüsusən də türk dünyasını, eli-obanı gəzdi, yazıb-yaratdı, xalq ruhu ilə qaynayıb-qarışdı. Zəlimxan Azərbaycanın deyil, Türk dünyasının şairidir. Onun yaradıcılığını Türkiyə və İranda təsəvvür edilməyəcək dərəcədə çox sevirlər. Kitabları Türkiyədə, İranda, Gürcüstanda, Qazaxıstanda, Rusiyada və başqa ölkələrdə böyük tirajla çap olunur. Şair demək olar ki, bütün Türk dünyasını qarış-qarış gəzib. O, bu səfərlərin böyük əhəmiyyətindən söz açırdı:
 
 
Şair bu dünyanı boşuna gəzməz,
Hər səfər bir tarix, bir kitab olar
 
- deyirdi.
 
Həqiqətən də Zəlimxanın hər səfəri düşündürücü bir əsərə - oxuyanda adamı haldan-hala salan poemaya çevrilirdi: "İçimdə Krım ağlayır", "Yunus İmrə", "Göyçə dərdi" "Sürgün", "Bir kövrək havadır, sazımda Kərkük" və s. poemaların hər biri böyük mətləblərdən xəbər verir. Şairin keyfiyyətcə fərqlənən "Peyğəmbər" və "Əbədiyyət dastanı" poemalarını xüsusi vurğulamaq istərdim. "Peyğəmbər" Məhəmməd Peyğəmbərə, "Əbədiyyət dastanı" isə keçmişin mizan-tərəzisi ilə ölçsək (keçmişdə dövləti ağılla, dərrakə ilə idarə edən hökmdarlar peyğəmbər adlandırılırmış. Yoxsa 124 min peyğəmbər necə ola bilərdi) uzaqgörənliyi, təfəkkürü müdrikliyi ilə peyğəmbər timsallı Heydər Əliyevə həsr olunub. Azərbaycan tarixinə qızıl hərflərlə yazılan, bir epoxa olan Heydər Əliyevə əsər həsr etmək həm şərəfli, həm də olduqca məsuliyyətli bir işdir. Belə mövzulara özündə yaradıcılıq hünəri hiss edən, inkişafın şəriət, təriqət, mərifət, həqiqət kimi mərhələlərinə vaqif olan, dünyanın gedişatını dərindən dərk edən şair girişə bilərdi. Zəlimxan Yaqub bu çox məsuliyyətli işə girişdi və ilahidən gələn fitri istedadı sayəsində uğur qazandı. Şairin, eləcə də Aşıq Ələsgərə, Hüseyn Bozalqanlıya, Hüseyn Saraçlıya həsr etdiyi poemaları, xüsusən də onun "Türk ruhunun şəksiz və şəriksiz, tək və müqəddəs aləti" adlandırdığı saza həsr etdiyi "Saz" poeması və poeziyası onu bir şair kimi əbədiləşdirdi və bu ölümlü dünyamızda ölümsüzlüyünü təmin etdi.
 
Otaylı-butaylı Azərbaycanın sevimli şairi Şəhriyarın iki misrası həmişə məni düşündürüb. Şairin
 
 
Bizdən irəlidi avropalılar,
İşi iş bilənə tapşırır onlar -
 
 
misralarının Zəlimxan Yaqub Aşıqlar Birliyinə sədr seçiləndən (2008) sonra, az müddət ərzində gördüyü möhtəşəm işləri göz önünə gətirdikcə daha dərindən dərk etdim. Zəlimxan bütün Aşıq mühitlərini birləşdirdi. Sazla-sözlə Güney və Quzey Azərbaycanı bir bütöv halına gətirdi. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə hər iki ildən bir keçirilən Beynəlxalq Aşıq Festivalları ilə Türkiyə başda olmaqla bütün Türk dünyasını qovuşdurdu.
 
Zəlimxan Aşıqlar Birliyinə sədr seçiləndən sonra kimsəsiz qalmış aşıqların pənah apardığı ocaq yarandı. O, bu ocağı öz doğma ocağı hesab edir, onunla nəfəs alırdı. Aşıqlar Birliyinə şairin rəhbərliyi dövründə aşıq sənətinə dövlətin qayğısı daha da artdı. Azərbaycan televiziyasında "Musiqi irsimizdən", İctimai Televiziyada "Ozan" verilişləri yarandı. Bu verilişlər xalqın zövqünün formalaşmasına, vətənpərvərlik hissinin artmasına xidmət etdi.
 
Zəlimxan Yaqubu fərqləndirən bəzi məqamları da yada salmaq insafdan olardı.
 
Qədim romalıların kəlamı var: "Şairlər doğulur, natiqlər yetişir". Zəlimxan anadan şair və natiq doğulmuşdu. Xəlil Rza Ulutürk təsadüfi yazmırdı: "Onun apardığı görüşlər bizim üçün örnəkdir. Zəlimxanı dinləyəndə kiçik salon genişlənir, təlatümə gəlir, ləngər vurur, damarlarda qan coşur, ürək qanadlanır".
 
Zəlimxanı başqa şairlərdən fərqləndirən bir cəhət də vardı. Yaradan ona qeyri-adi yaddaş və xeyirxahlıqla döyünən ürək vermişdi. Qısqanclıq, paxıllıq, həsəd nə olduğunu bilməzdi. Məclislərdə böyük səxavətlə başqa şairlərin şeirlərini əzbərdən deyərdi. Mən poeziyamızı Zəlimxan Yaqub qədər məhəbbətlə təbliğ edən, sevdirən az şairə rast gəlmişəm. Bu, bir yandan onun qeyri-adi hafizəsi, digər tərəfdən isə ürək genişliyi ilə bağlı idi. Bu, onun bir şair və insan kimi qədir-qiymətini daha da artırdı.
 
Zəlimxan Yaqub xoşbəxt şairlərimizdəndir.
Sevimli şairimiz Səməd Vurğunun misralarıdır:
 
 
Şirin bir xatirə tək qalacaqdır dünyada,
Sevərək yaşayanlar, sevilərək ölənlər.
 
 
 
Zəlimxan Yaqub sevərək yaşadı, ümumxalq məhəbbəti qazandı, sevilərək fani dünyamızı tərk etdi.
 
 
 
 
 
 
 
 
  Geri