Xəbərlər Boigrafiya Haqqında Yaradıcılığı Qalereya Qonaq dəfətəri Əlaqə

   DÜNYA SƏNSİZ ÇOX MİSKİNDİ

Əbülfət MƏDƏTOĞLU

 

DÜNYA SƏNSİZ ÇOX MİSKİNDİ

Ustad Zəlimxansız ötən bir il

Hə, yaxşı deyiblər, bu dünya gidi dünyadı… bu dünya gədə-güdə dünyasıdı… bu dünya lotu-potu dünyasıdı… bu dünya qaçaq-quldur dünyasıdı… bu dünya oğru-əyri dünyasıdı… bu dünya namərd, nakəs dünyasıdı… Hə, bir də bu dünya mərdlərin, kişilərin, insanların, sevgilərin və nəhayət, SÖZün dünyasıdı. Nə qədər gidiliyi, nə qədər gədalığı, nə qədər oğru-əyriliyi, nə qədər fahişəliyi olsa belə, bu dünya sözdən yaxa qurtara bilməz. Söz hər şeydən yuxarıdadı, hər kəsdən üstündü. Çünki söz Allahın yanından gəlir və təkrar Allahın qulluğuna dönür… onun xidmətində durur…

Son vaxtlar gözüm onu daha çox axtarır, ürəyim onu daha çox soraqlayır. Əvvəl-əvvəl bunun səbəbini anlamırdım. Sonra hiss etdim. Daha doğrusu, bildim ki, niyə əlimyandıda gəzirəm, arayıram onu. Çünki o mənim ümid yerim idi, məsləhət yerim idi və nəhayət, o mənim Ustadım idi. Düşdüyüm, daha doğrusu, zorla yaşamağa məcbur olduğum durumun içindən çıxmaq üçün onun sözünə, onun məsləhətinə, onun ağsaqqallığına indi o qədər ehtiyacım var ki, bunu dilə də gətirə bilmirəm. Amma içimdə bilirəm və Allaha da agahdı ki, yeri yaman görünür onun!..

Bir dəfə öz içimə çəkilmişdim. Qarşılaşdığım bir haqsızlıq əməlli-başlı əhvalımı pərişan etmişdi. Özümdə-sözümdə deyildim. Bir də gördüm koridordan tanış bir səs gəlir. Özümü toparlayıb otaqdan çıxmağa tələsəndə qapı açıldı. Üzündəki təbəssümlə girdi içəri. Görüşdük, öpüşdük. Dərhal ciddi bir şəkildə:

- Bu nə sir-sifətdi? Nə olub? – deyə soruşdu.

Mən onun qarşısına çay süzüb qoydum və qarşılaşdığım problemi söylədim. Bir az fikrə getdi. Sonra təmkinlə:

- Belə şeylər həmişə olub. Mən görə-görə gəlmişəm. Bizdən də qabaq görüblər, bizdən də sonra görəcəklər. Heç kim öz haqqını vaxtında almır, heç kim haqqın əlini vaxtında sıxa bilmir. Əgər hər kəs halalca haqqını vaxtında alsa, onda bu qədər qarğa-quzğun bəs nə edə bilər? Nəylə dolanar? Necə yaşayar? Vaxtında mənə xəbər versəydin, özüm məsələyə qarışıb sənin haqqını müdafiə edərdim. Amma daha keçib. Bir də yadında saxla. Heç vaxt, hətta yüz faiz əmin olduğun məsələdə də əminliyini öncədən bayram eləmə, onu öncədən sevincə çevirmə. Yoxsa qurda-quşa yem olarsan – dedi Ustadım…

Bəli, Almaniyadan müalicədən qayıtmışdı. Telefonla əlaqə saxladım. Halını soruşdum. Özünü sındırmadı – yaxşıyam - dedi. Görüşünə gəlmək istədiyimi işarə etdim. Səsi bir az duruxdu. Mən fürsətdən yararlandım:

- Sabah şənbədi ustad, gələcəm, görmək istəyirəm sizi – söylədim.

Və səhəri günü Fəridə Rəhimli ilə birlikdə getdik Zəlimxan Yaqubun ziyarətinə. Evə çatmamış telefonuna zəng vurdum. Və inanın ki, heyrət içində qaldım. Həyət qapısını özü açıb elə qapı önündə də gözləyirdi. Maşından düşüb tələsik ona doğru addımladıq. Sarıldıq bir-birimizə. Bizi içəri dəvət etdi. Oturduq, hal-xoş etdik, söhbətləşdik. Və birdən dedi ki:

- Əbülfət, Almaniyada xəstəxanada qəribə hadisənin şahidi oldum, bir möcüzə baş verdi. Gecənin bir yarısı yuxudan oyandım və qələm-dəftəri götürüb başladım yazmağa. Səhərə qədər səksən üç bənd yazdım. Çoxdandı yazmırdım. Bir onu hiss etdim ki, oğlum kürəyimə nəyisə atıb ki, soyuq olmasın. Mən də yazmışam. O gecə mən Allahla danışdım… Onun pıçıltılarını kağıza köçürdüm…

Ustad bu hadisəni, bu möcüzəni elə danışırdı ki, o boyda Zəlimxan mənim üçün daha da əlçatmaz olurdu. Neçə-neçə poemanın, saysız-hesabsız qoşmanın, təcnisin, gəraylının, kitab-kitab şeirlərin müəllifinin bir gecədə Allahla bu qədər yaxın olmasını uşaq sevinci ilə söyləməsi indi mənə yuxu kimi gəlir. O məqamı xatırlayanda mənə elə gəlir ki, Zəlimxan Yaqub bu dəqiqə də masa arxasındadı, əlində qələm şeir yazır. Çünki həmin an onun baxışlarındakı işıq, ifadələr, onun dilindən tökülən dürr əbədi yaşayışın ştrixləri idi. Mən hər kəslə mübahisə edə bilərəm ki, həyatımda son məqamlarını gördüyüm böyük Məmməd Araz, böyük Bəxtiyar Vahabzadə və Zəlimxan Yaqub mənim üçün ölməyiblər. Onlar xəstəliyə də elə ağayana müqavimət göstərirdilər ki, heyrətlənməyə bilmirdin. Hətta ustadın bizə verdiyi müsahibə zamanı söylədiyi fikir indi də qulaqlarımda səslənir. Ustad söylədi ki:

- Əbülfət, Allah əvvəl mənə çətinliklər verdi. Həyatın sınaqlarıyla qarşılaşdırdı. Dözdüm, keçdim bu sınaqlardan. Böyük ilham verdi - yazdım, yaratdım. Şan-şöhrət verdi – yaşadım, dadını-tamını bildim. Gəzmək imkanı verdi – baxdım, gördüm. Dağı da, dərəni də, çayı da, suyu da, bulağı da, ormanı da, təbiəti də, yeri də, göyü də, hər şeyi mənə göstərdi, hamısını sevdim, hamısından ləzzət aldım. Axırda da bu dərdi verdi. Dedi bunun da dadını bil. İndi də bunun dadını bilirəm…

Bəli, yazımın əvvəlində dedim ki, yaşadığım sıxıntının içindən çıxmaq üçün mənə bir ümid işığı, bir ağsaqqal sözü, bir sanballı, ağırtaxtalı kişinin ağsaqqallığı önümə düşüb yol göstərməsi gərəkdi.Gözüm onu axtarır. Görməyəndə yadıma bu söhbətlər düşdü. Çünki hələ də mobil telefonumda qalan nömrəsi onun cismani varlığının göstəricisidi. Təbii ki, mənim üçün. Amma neyləyim ki, gözüm onu görmür. Ruhum görür, ürəyim görür, ağlım görür. Bircə gözüm görə bilmir onu. Bəlkə bu da bir möcuzədi, bəlkə bu da bir sehrdi. Anlaya bilmirəm. Vallah, məni və sizi Yaradan haqqı yaşayır Zəlimxan Yaqub, yaşayır, Məmməd Araz, yaşayır Bəxtiyar Vahabzadə. Kim inanmırsa heç inanmasın. Mən ki, inanıram. Yəqin ki, inandığıma görə mənə cəza düşməyəcək. Amma mən bilirəm ki, mənim onları gözlə görə bilmədiyimə görə cəzaya məhkum etsələr, onlar mənim əfv olunmağımı rica edəcəklər. Bunu bilirəm, buna inanıram. Ən azından ona görə ki, onlar Allahın yanından gəlib, Allahın yanına dönmüş adamlardı. Onlarda xəbislik, onlarda qəddarlıq, onlarda biganəlik yoxdu. Onlar hamını görürlər… onlar hamının kim olduğunu yaxşı bilirlər.

Sonuncu dəfə ustadla elə onun evində şəkil də çəkdirdik. O şəkillər qiymətli xatirə, həm də sənəddi. İlk baxışdan burada yeni, kimlərəsə qismət olmayan nəsə axtarmaq lazım deyil. Hətta düşünmək də lüzumsuzdu. Çünki ustad hər kəslə mehriban idi. Ziyafətlərdə, məclislərdə, lap elə redaksiyamıza qonaq gələndə də kim istəsə onunla şəkil çəkdirirdi. Heç kimin qəlbinə toxunmurdu. Amma mənim üçün, elə o şəkilləri telefonun kamerasına köçürən Fəridə Rəhimli üçün də o tarixi an idi, tarixləşən zaman idi. Biz müalicədən dönmüş ustadın özünə aid guşədə, onun yaradıcılıq otağında, yazı masasının önündə şəkil çəkdirirdik. Amma bilmirdik ki, bu otaqda bizi sabah, beş gün, on gün sonra nə gözləyir. Ayrılıb dönəndə qapıya qədər ötürdü bizi. Həyətdə yenə qucaqlaşdıq. Mən nə deyəcəyimi bilmirdim. O isə elə bil içimin hansı durumda olduğunu anlayıb zəif bir təbəssümlə:

- Hər şey yaxşı olacaq. Hər şey yaxşı olacaq. Özünüzü qoruyun! Yazı-pozuna da daha ciddi yanaş. Özün bilirsən ki, sənin haqqında fikrim necədi və sənin haqqında nələr yazmışam…

Hiss etdim ki, kövrəlirəm, gözlərim dolur. Ona görə onu bir də öpüb arxaya baxmadan maşına tərəf gedirəm. Maşına çatıram. Özümü saxlaya bilmirəm. Ovcumun içi ilə gözlərimi silib geriyə çevrilirəm. Ustad həyət qapısının ağzında hələ də dayanıb. gözləyir ki, biz yola düşək. Maşını işə salıram. Maşın yerindən tərpənir. Ustad qapını örtür…

Bəli, bu dünya həm ələkdi, həm fələk… həm məzardı, həm bələk… Bu dünya həm də yaddaşdı… Hər şeyi saxlayır bu yaddaş olan sinəsində. Mən çox istədim ki, ustadla bağlı daha neçə-neçə xatirəmi dilə gətirim. Amma yenə də deyirəm. İnanın, onun barəsində xatirə sözü da mənə ağır gəlir. Çünki yaşayan adam barəsində xatirə danışmağın nə demək olduğunu söyləmək çətindi. Sadəcə, ona ehtiyacım olduğundan, bu günlər onun daha çox köməyini arzuladığımdan bu yazını necə gəldi yazdım və bu yazı necə alındı xəbərim olmadı. Yazının sonunda bir onu hiss etdim ki, başımın üstündədi onun ruhu. Özü isə kürəyimin arxasında dayanıb. Geriyə çönsəm, onu görə biləcəm!..

 

 

 

 

 

  Geri