Xəbərlər Boigrafiya Haqqında Yaradıcılığı Qalereya Qonaq dəfətəri Əlaqə

   İLİYİNƏ QƏDƏR ŞAİR

Əflatun AMAŞOV

İLİYİNƏ QƏDƏR ŞAİR

 

Qalsa Zəlimxandan söz qalasıdır,

Yatanda kəfənin, bezin içində.

 

Ondan qalan təkcə söz olmadı. Ancaq söz ondan qalanın ən böyüyüdür. Sözün özü qədər böyük olan ustadı itirdik.

Zəlimxan Yaqubun dünyasını dəyişməsi xəbərini Vətəndən kənarda eşitdim. Son illər səhhəti pis idi. Aldığı nəfəslə, yazdığı şerlərlə onu tanıyanları, doğmalarını və əzizlərini sanki Zəlimxansız günlərə hazırlayırdı. …hazırlıqlı ola bilmədim. Hədsiz kədərləndim, sarsıldım.

Bir anlıq xatirələr aləminə baş vurdum. Mediaya, sosial şəbəkələrə də göz gəzdirdim. Ustadla bağlı deyilən fikirlərə nəzər saldım. Hər kəs ürəkdən danışırdı, sadəcə əskikliklər var idi. Baxışlar onu tamamlaya bilmirdi. Amma heç düşünmürəm ki, Zəlimxan Yaqub şəxsiyyəti barədə bitkin söz demək, hansısa ümumiləşdirmələr aparmaq mümkündür. Mümkün deyil. Bənzərsiz, təkrarsız istedad sahibi, fenomenal yaddaş qabiliyyətli, səmimi, qayğıkeş insan, əsl dost… - bütün bunlar müəyyən mənada şablon mahiyyət də daşıya bilər.

Zəlimxan Yaqub müasir Azərbaycan poeziyasında sütundur. O, ayrıca mənəvi dəyərdir. O dəyər özü ayrıca dünyadır. O dünyada isə hər şey fərqlidir. Jestlər, bitməzlik, tükənməzlik, sədaqət, mərhəmət, daha nələr-nələr və nəhayət dil. Zəlimxan dil məbədidir. Onun dili xalq dilidir. Səməd Vurğundan sonra xalq dilini poeziyada onun qədər ustalıqla ifadə etməyi, yaşatmağı, incəliklərinə qədər göstərməyi bacaran ikinci birini görmürəm. Hər misrasında axıcılıq, dilə yatıcılıq, böyükdən kiçiyə hər kəsin daxili aləmi ilə səsləşən inanılmaz harmoniya var. Şerlərini oxuyarkən insanın gözlərinin önündə nələr canlanmır ki? Sətirlərindən sanki keçmiş dirilik suyu içir, gələcək öz vədəsini gözləmədən çırpınır.

Zəlimxan Yaqub yaradıcılığı ideoloji prosesdir. Şair iliyinə qədər də türkçüdür. Onun şerlərindəki türkçülük məfkurə işığının heyrətamiz parıltısı, bütövlük, birlik simfoniyasının vahid ansamblda ifadəsidir. Ansamblın bədii rəhbəri və dirijoru özüdür. Sehrli çubuğu ilə sözləri anda çevirir. «İlk andımız, son andımız Turandır» deyərək hayqırır.

Zəlimxan Yaqub yaradıcılığı İslam dininin çağdaş poeziyamızdakı möhür daşıdır. Bu mənada onu yalnız dahi Hüseyn Cavidlə müqayisə etmək mümkündür. Caviddən sonra Məhəmməd Peyğəmbər şəxsiyyətini Zəlimxan qədər vəsf edən ikinci birini də tanımıram. Ustad şairin «Peyğəmbər» poeması dinimizin poeziyamızdakı ruhu, ucalıq faktoru, zənginlik epopeyasıdır.

Peyğəmbərdən yazırsansa,

Yazdığın anı dərk elə,

Könlünü aç mələklərə,

Yerdə insanı dərk elə.

 

Bəli, yazdığı hər anı dərk edən, duyan, duyduqlarını paylaşmaqdan zövq alan bir insanı itirdik. Düşünürəm ki, zaman keçdikcə Zəlimxan dünyasının böyüklüyünü daha çox hiss edəcəyik və bu hissiyat bizləri şairin əbədiyaşarlıq dünyasına kökləyəcək. Ruhun şad olsun, ustad!

 

 

 

 

  Geri