Musa YAQUB
O GÖRÜŞLƏR
El-obanın sevimli saz-söz adamı, qələm dostumuz Zəlimxanı torpağa tapşırıb, dəfn mərasimindən qayıdanda onunla son görüşümü xatırladım.
Heç elə də çox vaxt keçməyib.
Keçən ilin ilk payız günlərinin birində Buynuz kəndində evdə idim. Mənə zəng gəldi. Zəlimxan idi, İsmayıllının Basqal kəndindən zəng edirdi.
-Ayə, Mən Basqaldayam, sizə gəlmək istəyirəm. Evdəsənmi?
- Gəl, - dedim, - evdəyəm, gözləyirəm. Günün axırına düşməyəsən...
Hələ yaxşı idi, səsi də yaxşı gəlirdi. Sevindim.
Birinci dəfə deyildi; Zəlimxan bizdə çox olub, oturmuşuq-durmuşuq... "Bu-yaşıl ağacın altı bizimdir" - deyib, qayaya sığınmış dağdağan ağacının dibində söhbətlər aparıb, dərdi-dil çox eyləmişik.
Bu dəfə də Zəlimxan gəldi. Cavan şairimiz Anar Amin, Sabir Zamanlı, Nəriman Göytəpəli onunla idilər. Hal-əhval tutandan sonra kəndimizin girəcəyində soyuq Çeşmə-Qonaq bulaq dediyimiz meşə içərisindəki bulaq başına getdik.
Bulağın suyu azalmışdı, kəsilhakəsildə idi. Elə ona görə də ona Qonaq Bulaq demişik ki, o, ancaq yay aylarında üzə çıxır, qaynayır. Su bollaşanda payızda, qışda, ilk yazda çəkilir gedir, bir də yayda peyda olur. Bu da təbiətin bir möcüzəsidir - Zəlimxan dedi.
Nəhəng ağacların əhatəsində, həmin bulaq başında xeyli oturduq, süfrə açdıq. Söhbət uzandı, şeir-sənət birinci mövzumuz oldu. Anar şeirlərimizdən əzbər dedi. Maraqlı bir şeir deyişməmiz oldu. Zəlimxan yorğunluğunu hiss edəndə tək-tək saralıb düşən yarpaqlara, bir də suyu kəsilhakəsildə olan Qonaq Bulağa baxdı, köks ötürdü və dedi; Üzünü mənə tutmuşdu; - Məmməd Aslanın, sənin və özümün dilindən xəstəliyə bir giley yazmışam. 7-8 bənd olar, vermişəm "Ədəbiyyat qəzeti"nə, çap olunacaq. İndi nədi soruşma, çap olunsun, oxuyarsan.
Şeir çap olundu, oxudum, çox ağrılı bir şeir idi.
Durduq, görüşdük, vidalaşıb ayrıldıq. Heç bilməzdim ki, bu axırıncı görüşümüz olacaq. Amma deyəsən axırıncı idi.
Bu gün isə başqa vida günümüzdür, - şeir-sənət fədakarımızın, qələm dostumuzu torpağa tapşırdığımız gün, dəfn günü, daha heç nə demirəm, Allah rəhmət eləsin!
Ədəbiyyat qəzeti,
16.01.2016
|