Xəbərlər Boigrafiya Haqqında Yaradıcılığı Qalereya Qonaq dəfətəri Əlaqə

   Tamaşa qıl bu karvana... - Zəlimxan Yaqub haqqında xatirə

Tamaşa qıl bu karvana... - Zəlimxan Yaqub haqqında xatirə

 

Xalqın sevilən şairi Zəlimxan Yaqub bizləri tərk edib, dünyasım dəyişdi. Yəqin ki, bu itkiyə vaysınmayan az adam tapılar. Mən isə bu itkinin ağırlığını sözlə ifadə etməkdə acizəm... Fəqət təsəlli tapıram ki, yaradıcı insanın ömrü əbədidir. O ki, söz adamı ola... Özünün dediyi kimi:

Bərəkət yoludur şairin yolu 
Dən-dən könüllərə səpələnmişəm.


Bir şairi ki xalq sevir, onun haqqında  “ölüm” sözünü işlətmək düzgün deyil. Xalqın şairə bunca sevgisi olmasaydı, dünyasını dəyişən gün insan selinin bunca axarı yaranmazdı. Bu günü əzəldən görürmüş kimi illər öncəsi yazmışdı:

Desələr Zəlimxan ölüb, göz yaşını car eləmə, 
Tamaşa qıl bu karvana, ölüm təzə xəbər deyil!


Zəlimxan Yaqub unudulmaz Yusif dayımın oğlu idi. Biz dayıoğlu-bibioğlu olmaqdan başqa qardaş idik, dost idik, sirdaş idik. Hər ikimiz Borçalı elinin Kəpənəkçi kəndində anadan olmuşuq. Eyni kənd məktəbində təhsil almışıq. Bakıda eyni universitetin – BDU-nun eyni fakültəsinin tələbəsi olmuşuq. Eyni yataqxanada tələbə həyatı keçirmişik. Onun bütün  uğurları gözlərimin önündədir. Xatirələrimi qələmə alsam, kitablara sığmaz. Amma yaxın bir xatirəni nostalji hiss olaraq qəlbimdə yaşadıram... 

Ötən ilin aprel ayının ortaları idi. Şair mənə zəng elədi:

- Şakir, könlümə qar düşüb, qar görmək istəyirəm, - dedi.

Ona “baş üstə” desəm də, bu işin o qədər də asan olmadığını düşündüm. Çünki apreldə Azərbaycanda qarlı yer ağlasığan deyildi... Yadıma Şahdağ düşdü. Qusar rayonundakı hərbi hissənin komandiri ilə tanışlığım vardı. Zəng vurub şairin istəyini ona bildirdim. Komandir şairi görəcəyinə sevindi və sabah bizi gözləyəcəyini söylədi. Ertəsi gün biz – Zəlimxan Yaqub, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan və mən sürücü Təyyarla Qusara yola düşdük. Komandirin dediyi vaxtda Qusarda olduq. Bizi özü qarşıladı. Zabit heyəti şairin başına yığışdı. Şair hərbi hissəni gəzdi, əsgərlərlə görüşdü. Onun xəstə halda Qusara gəlişi hamını həm sevindirir, həm heyrətləndirirdi. Zəlimxan Şahdağa yalnız bizimlə qalxmaq, orda qarı tam sərbəst seyr etmək istədiyini bildirdi. Komandir hərbi hissənin qayda-qanunlarına görə şairlə razılaşmadı və bildirdi ki, sizi heç kimə etibar edə bilmərəm. 20-30 km-lik zirvəyə özü də bizimlə birgə qalxmağa qərar verdi. Başqa əlacımız yox idi. Razılaşmalı olduq. 

Şahdağ qarın altında idi. Qeyri-adi gözəllik adamı valeh edirdi. Səmada parlaq günəş, ayağımızın altında qar. Şair 65 illik ömründə dünyanın çox yerində olmuşdu. Hər ölkənin öz iqliminə məxsus qarını da görmüşdü, şaxtasını da. Amma Şahdağda sanki uşaqlaşmışdı. Uzandı, qarı eşələyib müxtəlif oyuqlar, təpəciklər düzəltdi. Hamımızın diqqəti    onda idi. Həmin anlarda nə düşündüyünü, beynində hansı misraların yarandığını deyə bilmərəm. Amma mənim beynimdə  şairin nə vaxtsa yazdığı misralar idi:

Zəlimxan yaz tapar qışın içində 
Tək arzu tükənib, ömür bitməsin!


Kaş belə olaydı... Artıq axşam düşürdü. Heç birimiz bu gözəllikdən ayrılmaq istəmirdik. Onunla çox səfərlərdə olmuşdum. Ümumiyyətlə, Zəlimxanla hər səfər ömrün ən unudulmaz anına dönürdü. Bu səfər də yaddaşıma əbədi yazıldı. Geri qayıtmağımız şairin əmrindən asılı idi. Diqqətim  onda idi. Qardan ayrılmaq istəmirdi. İmkanı olsaydı, qarı dağla birgə bağrına basıb özü ilə aparardı. Bir qədər sonra “doyunca hava aldım, özümə gəldim, daha gedə bilərik”, dedi.     Dağdan endik. Hamımız xoşhal idik. Qardaşımın arzusunu yerinə yetirdiyimə görə mən daha xoşhal idim. Hərbi hissənin qonaq evinə çatanda axşam saat 10-00 olardı. Soyuq bir yaz havası var idi. Şair axşam havasını udmaq üçün həyətdə gəzişmək istədiyini bildirdi. Biz xeyli gəzişdik. Birdən əlində avtomat iki əsgərin həyətdə növbə çəkdiyini görəndə: 

– Bunlar xidmətlərini dəhlizdə yerinə yetirə bilməzlərmi? - soruşdu.

– Biz onda hərbi qaydaları pozmuş olarıq,-komandir söylədi.

Şair bu sözləri qəbul  edə bilmədi. “Əsgər soyuqda həyətdə növbə çəksin, mən isti yataqda yata bilmərəm”, dedi.  Ona görə də hərbi hissənin qonaq evində qalmaqdan imtina etdi. Maşını Qusardakı qonaq evlərindən birinə sürdürdü. Axşam orda qaldıq. Ertəsi gün Bakıya yola düşdük...  Zəlimxan Yaqubla bütün ömrümüz birgə keçdiyindən düşünürəm ki, həyatımız çoxseriyalı sənədli bir filmdir. Filmə baxdıqca yaxın-uzaq xatirələr gözlərim önündə canlanır. Şahdağdakı “qarla görüşümüz” isə filmin sanki donmuş kadrıdır. “Qarla görüşümüz”dən bir ilə yaxın vaxt ötsə də, gözümün önündə həmin donmuş kadrdır...  Nə yaxşı ki, o görüş baş tutdu. Nə yaxşı ki, getdik. Ruhu şad olsun!



Şakir Acalov
“3 saylı Bakı Mətbəəsi” ASC-nin 
Müşahidə Şurasının Sədri

  Geri