"ZƏLİMXAN YAQUB TƏPƏDƏN DIRNAĞACAN XALQ ADAMI İDİ"
"Şairin yaradıcılığı onun həyatının, dünyagörüşünün, tarixə, bugünə, yaşadığı cəmiyyətə və dəyərlərə münasibətinin, həm də fərdi xarakterinin güzgüsüdür. Bu baxımdan Zəlimxan Yaqubun çoxşaxəli yaradıcılığı onun ədəbiyyatımızdaki yerini müəyyənləşdirmək üçün ən etibarlı bələdçidir."
Bu sözləri BDU-nun professoru, tanınmış jurnalist və televiziya tənqidçisi Qulu Məhərrəmli vəfat edən xalq şairi Zəlimxan Yaqub haqqında fikirlərini bölüşərkən deyib:
"Çağdaş Azərbaycan poeziyasının parlaq nümayəndələrindən olan Zəlimxan Yaqub yaradıcılığının poetik vüsəti, incə lirizmi və xüsusi pafosu, xalq yaradıcılığına, xüsusən aşıq şeirinə bağlılığı ilə fərqlənirdi. Əslində, onun şair ilhamı bu iki tükənməz çeşmənin qovşağında qanad çalırdı. Hər sözündə xalq ruhunu yaşatması, el ədəbiyyatını və klassik irsimizi dərindən bilməsi, yaxşı hafizəsi, iti yaddaşı, geniş bədii duyumu, bulaq kimi çağlayan parlaq və cazibədar nitqi, fərqli dil duyğusu bir şair kimi Zəlimxanı fərqləndirən əsas əlamətlər idi.
Zəlimxan Yaqub təpədən dırnağacan xalq adamı idi, mötəbər sözü, həssas davranışı, iliyə işləyən səmimiyyəti ilə insanların qəlbinə yol tapa bilirdi, bir kimsənin qəlbinə dəyməz, başqalarında qüsur axtarmağı özünə rəva görməzdi. Sənətə də, sözə də, söz adamına da qiymət verməyi bacarırdı. Millət və ədəbiyyat üçün dəyəri olan şəxsiyyətlər onun sevgisi ilə hər kəsin gözündə bir andaca göylərə qalxırdı. Onun şair qəlbində taxt qurmuş Səməd Vurğun, Aşıq Şəmşir, Hüseyn Arif haqqında duyğulu söhbətlərindən doymaq olmurdu, Məmməd Araz və Məmməd Aslan kimi söz adamlarına dərin sevgisi isə bir dastana sığmazdı.
Şairin yaradıcılığı onun həyatının, dünyagörüşünün, tarixə, bugünə, yaşadığı cəmiyyətə və dəyərlərə münasibətinin, həm də fərdi xarakterinin güzgüsüdür. Bu baxımdan Zəlimxan Yaqubun çoxşaxəli yaradıcılığı onun ədəbiyyatımızdaki yerini müəyyənləşdirmək üçün ən etibarlı bələdçidir. Bu yaradıcılığın məhsulu olan poetik nümunələr isə neçə illərdir ki, Azərbaycan oxucusunu duyğulandırır, təsirləndirir və düşündürür..."
Qulu Məhərrəmli
Moderator.az
11 Yanvar 2016
|