Xəbərlər Boigrafiya Haqqında Yaradıcılığı Qalereya Qonaq dəfətəri Əlaqə

   ZƏLİMXANI ZİYARƏTƏ GƏLMİŞİK...

ZƏLİMXANI ZİYARƏTƏ GƏLMİŞİK...

 

İyun ayının 13-ü, şənbə günü idi. Evdə oturub televizora baxırdım. Əl telefonuma zəng gəldi. Nömrəyə diqqət kəsildim. Tanış nömrə idi. Söhbətə özü körpü saldı:

-Salam, ağa! Hər vaxtınız xeyir! Təbrizli dostunuz Zülfüqar Abdullahidir. Qardaşım Hacı Balaca Abdullahi ilə Bakının 70 kilometrliyindəyik. Necəsiniz? Gəlirik həm sizinlə görüşək, həm də sonuncu dəfə vədələşdiyimiz kimi, mümkünsə, ustad şair Zəlimxanla görüşək. Onun ziyarətinə gəlmişik. Cavab verdim:

-Əziz qardaşlarım, əvvələn, öz yurdunuza - Azərbaycana, Bakıya xoş gəlmisiniz. Gəlin bizə, hər şeyi bizdə həll edərik.

Mən Zülfüqar Abdullahi ilə 7 il əvvəl İranın Məşhəd şəhərinə ziyarətə gedən zaman orada tanış olmuşdum. O vaxtdan bu tanışlıq dostluğa çevrilib. Bu illər ərzində əlaqələrimiz mütəmadi davam edir. Tez-tez telefon rabitəsi yaradır, bir-birimizin vəziyyəti ilə tanış olur, növbə ilə gediş-gəlişimiz (ya mən Təbrizə dostumgilə gedib ona baş çəkir, ya da o, Bakıya təşrif buyuyur) davam edir. Zülfüqar çox ünsiyyətli, mehriban və istiqanlı insandır. Təbriz ləhcəli sözündən-söhbətindən doymaq olmur. İmanlı insandır. Azərbaycanın hər bir uğuruna sevinir. Musiqimizin, aşıq sənətinin, folklor nümunələrinin pərəstişkarıdır. Azərbaycan poeziyasına, şairlərimizin yaradıcılığına dərindən bələddir. Səməd Vurğunun, Bəxtiyar Vahabzadənin poeziya dünyasından xəbərdardır. O, Zəlimxan Yaqubu XXI əsr Azərbaycan poeziyasının günəşi adlandırır. Deyir ki, Səməd Vurğun XX əsrdə, hansı səviyyədə idisə, XXI əsrdə Zəlimxan Yaqub da o səviyyədədir. Zülfüqar dəfələrlə Bakıya gəlsə də, görkəmli şairlə görüşü heç vaxt baş tutmayıb. Son dəfə Bakıda olarkən bu görüş barədə söhbət açdı. Maraqlandım. Öyrəndim ki, şair doğulduğu Borçalı mahalındadır. Orada Zəlimxan müəllimin yaradıcılığı ilə bağlı təşkil olunmuş tədbir keçiriləcək və səbəbkar da həmin tədbirlərdə iştirak edəcək. Təbrizli dostumla qərarlaşdıq ki, o, növbəti dəfə Bakıya təşrif buyuranda xalq şairi ilə arzuladıqları görüş baş tutacaq, inşallah.

Son vaxtlar Zəlimxan Yaqubun səhhətində baş verən problemlə əlaqədar xəbəri eşidən Zülfüqar dostum onunla görüşməyi qərara almışdı və mənim xalq şairi ilə yaxınlığımdan istifadə edərək bu işi tezləşdirmək istəyirdi.

Beləliklə, əziz qonaqlarımı evimizdə qəbul etdim. Dincələndən sonra Zülfüqarın təkidi ilə Zəlimxan müəllimə telefon açdım, kef-əhvalını xəbər aldım, ovqatının xoş olduğu bizi sevindirdi. Ona söylədim ki, Təbriz şəhərindən iki nəfər Sizi görmək üçün Bakıya gəlib, hazırda bizdədir. Zəlimxan müəllim əvvəlki coşqunluqla dedi:

-Təbrizli qardaşlarım xoş gəliblər. Ancaq mən Bakıda deyiləm. İsmayıllının Basqal kəndindəyəm. Bir az söhbətinə ara verib, sonra davam etdi:

-Hüseyn müəllim, imkan varsa zəhmət olmasa, qonaqları götür gətir Basqala.

Mən də öz növbəmdə: - Baş üstə, ustad, bu dəqiqə yığışıb gəlirik hüzurunuza, - deyib telefonu söndürdüm.

Yeməyimizi təzəcə yeyib qurtarmışdıq ki, əl telefonuma Zəlimxan müəllimdən zəng daxil oldu.

-Qardaşım, Hüseyn müəllim, bir az gözlə, Mahir adlı qohum gəlib maşınla sizi Basqala gətirər.

Elə də oldu. Şairin qohumu Mahir bizə gəldi və dərhal soruşdu:

-Zəlimxan müəllimin görüşünə kim gedəcək?

-Hər üçümüz, -dedim. Maşına əyləşdik.

Bu da qədim Basqal. Saat 7-dir. Mənzil başına çatanda, gözləmədiyimiz halda pişvazımıza Zəlimxan müəllimin özü çıxdı. Bu da güneyli-quzeyli qardaşların görüşü...

Onlar bir-birinə elə sarılmışdılar ki, həmin anları təsəvvür etmək çətindir... buna deyərəm əsl qardaş məhəbbəti. Sonra da ev sahibi bizi çay süfrəsinə dəvət etdi. Süfrə arxasında xeyli şirin söhbət getdi. Təbrizli qardaşlar ən böyük arzularına yetişdiklərini dilə gətirdilər, xalq şairi onları mehribanlıqla qarşıladığı üçün təşəkkürlərini bildirib, söz ustadına möhkəm cansağlığı, o taylı-bu taylı Azərbaycanın poeziya günəşinə həmişə yazı masası arxasına oturub ilhamla yaradıcılığını davam etdirməsini arzuladılar. Zəlimxan müəllim də öz növbəsində qonaqlara uzaq məsafələr qət edərək onun görüşünə gəldiklərinə görə təşəkkürünü bildirdi və qardaşlara bütün işlərində uğurlar qazanmağı dilədi.

Qonaqlar şairə əziyyət verməmək üçün onunla keçirdikləri xoş dəqiqələrdən sonra icazə istəyib Bakıya qayıtmaq məqamının çatdığını bildirəndə, Zəlimxan müəllim onlarla razılaşmadı və söylədi:

-Hara tələsirsiniz? Bu gün, bu gecə mənim qonağımsınız. Qonaq, gəldiyi evdə gecələməsə, gəldiyi ev barədə onda tam təsəvvür yarana bilməz. Bu gecə bizdəsiniz. Sabah isə inşallah, sizi əziz dostum, qardaşım şair Musa Yaqubla da tanış edərəm, məmnun qalarsınız. Belə də oldu. Gecəni Zəlimxan müəllimin qonağı olduq. Sən demə, şair qonaqlara öz poeziya buketindən pay vermək, onları şedevr şeirləri ilə feyziyab etmək istəyirmiş. Şeir boğçasını qarşımızda açdı, xeyli poeziya nümunəsi söylədi.

Araya ani sükut çökdü. Sükutu özü pozan ev yiyəsi əl telefonunu işə saldı və Musa Yaquba zəng çaldı:

-A qoca, evdəsənmi? - deyə soruşdu. Hal-əhvaldan sonra "saat birdə sizdəyik", - söylədi. -Təbrizdən qonaqlarım var, səni görmək istəyirlər.

Musa müəllim də telefonda cavab verdi ki (dedikləri aydın başa düşülürdü), gəlsinlər, xoş gəliblər.

Gündüz saat 12 radələrində maşına minib İsmayıllı səmtə yola düzəldik. 2-nin yarısında füsunkar bir mənzərə gözümüz önündə canlandı. Hər tərəfi yaşıl meşə və çayla əhatə olunmuş məşhur bir cənnətməkan guşə - Musa Yaqubun doğulub boya-başa çatdığı, ahıl çağında da bu yurda daha çox bağlandığı Buynuz kəndinə gəlib yetişdik. Musa müəllim bizi və Təbrizdən təşrif buyurmuş qardaşları azərbaycanlı qonaqpərvərliyi ilə qarşıladı. Təbiətin qoynuna üz tutduq. Burada çay süfrəsi arxasında əyləşib bu təsvirəgəlməz gözəlliklərin seyrinə dalmağın öz ləzzəti var. Sonra söz şeirə verildi. Azərbaycan şeirinin qoşa qanadı növbə ilə şeirləşməyə başladı.

Neçə saat Azərbaycan şeirinin sehrindən, ovsunundan çıxa bilmədik. Bu, Zəlimxan Yaqub, Musa Yaqub poeziyasının təntənəsi idi.

Beləliklə, sona çatmasını istəmədiyimiz bu unudulmaz görüş başa çatır. Hər iki şairlə görüşüb, onlara ulu Tanrıdan uzun ömür, cansağlığı diləyərək ayrılırıq.

Mən də təbrizli qardaşlarımı – Zülfüqar Abdullahi və Hacı Balaca Abdullahini Bakıdan Təbrizə yola salıram. Hər ikisi bu unudulmaz görüşdən təsirlənmiş, xeyli məmnun qalmış, istəklərinə çatmışdılar.

 

Hüseyn MƏMMƏDOV

 

Respublika qəzeti,

17 iyul 2015 

  Geri