Xəbərlər Boigrafiya Haqqında Yaradıcılığı Qalereya Qonaq dəfətəri Əlaqə

   “XALQIN ŞƏXSİYYƏTLƏRƏ EHTİYACI VAR”

 

“XALQIN ŞƏXSİYYƏTLƏRƏ EHTİYACI VAR”

Xalq şairi Zəlimxan Yaqubla müsahibə

 

Zəlimxan müəllim, söhbətimizə şeirlərinizin birindən bir beytlə körpü salmaq istəyirəm:

Yaşamaq istəyirəm, yüz il mənə bəs deyil,

Çünki mənim həvəsim ötərgi həvəs deyil.

Bu ötəri olmayan həvəs 65 ildə istəklərinizi nə qədər reallaşdıra bilib?

- 65 yaş şair üçün çox böyük ömürdü, böyük yaşdı. 65 yaşda gərək ürəyindən nə keçir hamısını eləyəsən. Təəssüflər olsun ki, ağrılar-acılar çox oldu. İstədiyim çox şeyləri edə bilmədim, amma arzular tükənmir, ümid tükənmir. Nə qədər Allah mənə ömür verib, o qədər yazmaq, yaratmaq istəyirəm. Çünki dünyada yaradıcı adam üçün yazmaqdan, yaratmaqdan şirin və gözəl heç nə yoxdu.  

Hələ gənclik dövrünüzdə yazdığınız şeirlərdən birində deyirsiniz ki, mən indi bildim ki, zirvələrə çıxanlar, şöhrətiylə dağ şöhrəti yıxanlar nələr çəkib. Bəs bu gün necə düşünürsünüz, ucalmaq, şöhrətin ən uca zirvəsinə çatmaq, cəmiyyətdə tanınmaq, sevilmək Sizin üçün nə deməkdir? Özünüz öz şöhrətinizə kənardan baxanda necə görürsünüz?

- Əlbəttə, insan halal şöhrətlə, halal zəhmətlə ucalanda, böyüyəndə həyat onun üçün çox şirin olur. Zirvə çox uzaqda, çox hündürdədi, hər adam o zirvəyə çata bilməz. Mən də müəyyən qədər nə etmişəmsə, o zirvələrin, ucalıqların eşqiylə, qarlı zirvələrin ucalığıyla böyüyüb o zirvələri öpmək, o zirvələrə çatmaq, onları aşmaq istəmişəm. Şükür Allaha ki, çox şeylər etdim, amma etmədiyim çox şeylər də qaldı.

-  Məşhur olmağın yaxşı və pis tərəfi nədir? Ümumiyyətlə, pis tərəfi varmı?

- Mənə elə gəlir ki, məşhur olmağın pis tərəfi yoxdur. Bu günlərdə mən qonaq getmişdim. Şəmkirdən olan 83 yaşlı bir qadın nə qədər şeirimi bilir mənim. İqtisadçıdır, ədəbiyyatçı da deyil. Deyir ki, sənin kitablarının hamısını oxumuşam və şeirlərimin çoxunu əzbər bilir. Heyran qaldım, yaşa bax, yaddaşa bax, şairə məhəbbətə bax.

- Dostoyevski deyirdi: “Əsl böyük insanlar bu dünyada böyük kədəri duymalıdırlar”. Sizcə, zəmanəmizin böyük kədəri nədir?

- Mən böyük kədər sözünü Azərbaycan daxilində Qarabağla bağlayıram. Bizim üçün, Azərbaycan xalqı üçün Qarabağ yarası qədər dərin, uçurumlarla, dərdlə, qəmlə, kədərlə dolu ikinci bir dərd yoxdu. Azərbaycan xalqının ən böyük dərdi Qarabağ dərdidir. Amma dünyanın dərdləri çoxdur. Şərq dağılır. Bağdada, Hələbə, Şama biz müqəddəs yerlər kimi baxmışıq. Onun üçünün də başında xata var, oralar hər gün dağılır, bombalanır, uçur, hər gün insanlar qırılır. Bundan böyük nə dərd ola bilər?!

- M.Ə.Sabir deyirdi ki, “Sabir çörəksiz qalar, Nizamisiz yaşaya bilməz!” Cek London isə yazırdı: “Böyük şair həmişə özündən daha böyük başqa bir şairə hörmət etməlidir”. Bəs sizin üçün böyük şair kimdir? Zəlimxan Yaqub hansı şairsiz yaşaya bilməz?

- Bu sual çox ağır sualdı. Mənim çox sevdiyim şairlər var ki, onlarsız mən yaşaya bilmərəm. Onların içində Səməd Vurğun da var, Şəhriyar da, Ələsgər də, Füzuli də və adlarını çəkmədiyim digərləri də.

- M.S.Ordubadi yazırdı: “Öz dilində şeiri olmayan xalqın nəyi ola bilər. Bir xalqın dil mədəniyyətini yaradan onun ədəbiyyatıdır”. Hazırda bizdə şeir, ümumiyyətlə, ədəbiyyat hansı səviyyədədir?

- Bu gün Azərbaycan ədəbiyyatında olan şeir məni qane eləmir, çünki insanlar kitabdan, milli ruhumuzdan, milli şüurumuzdan, milli təfəkkürümüzdən, dildən uzaqlaşır, dili bilmirlər. Ona görə də bugünkü mənzərə məni qane etmir, edə də bilməz.

- P.Nerudanın belə bir fikri var: “Sağlam fikirli insanlar üçün şair olmaq nə qədər çətindirsə, şairlər üçün də ağıllı olmaq bir o qədər müşküldür. Amma əvvəl-axır şüur qələbə çalır. Çünki yer üzündə ancaq ədalətə istinad edən şüur qələbə çalır”. Buna münasibətiniz?

- Mən bu fikirlə razılaşıram. Şüur böyük məsələdi. Kimin şüuru yerindədisə, düşünür, fikirləşir, düşüncələrinə qol-qanad olur, axırda gəlir şüurun üstündə dayanır.

- Yaxşı şair olmağın sirrini hərə bir şeydə görür. Məsələn, N.Fomiçiv yazır: “Yaxşı şair olmaq üçün gözəlliyin təbiətini anlamaq lazımdır”. Bəs siz necə düşünürsünüz, yaxşı şair olmaq üçün nə etmək lazımdır?

- Mən də eyni fikirdəyəm. Gözəlliyin təbiətində görən göz üçün, duyan ürək üçün hər şey var. Onu görmək, duymaq, yaşamaq lazımdır. Təbiət başdan-başa gözəlliklərlə doludur. Ona görə də şair nə qədər çox duyarsa, o qədər də irəli gedər.

- Söz nədir, poeziya nədir, şair şəxsiyyəti nədir? Niyə hər şair həm də şəxsiyyət ola bilmir?

- Əlbəttə, şəxsiyyət olmaq çox böyük şərəfdi, çox böyük ucalıqdı.

Elmlə, ədəblə tapılan şərəf,

Mirvari olmasa, nə lazım sədəf.

Bunu Füzuli təsadüfi deməyib. Şair birinci növbədə şəxsiyyət olmalıdır. Xalqın şairdən çox şəxsiyyətlərə ehtiyacı var. Tarix o şəxsiyyətlərlə ucalır, yaşayır, o şəxsiyyətlərlə böyüyür. Təəssüflər olsun ki, şair olan, amma şəxsiyyət olmayan adamlar çoxdur. Bunu görürük, duyuruq. Qəlbimiz ağrıyır ki, niyə belədi.

- Latın Amerikası yazıçısı Varqas Lyosa yazır ki, ədəbiyyat gerçək həyatdan daxilən narazı olmağın məhsuludur. Siz bununla razısınızmı?

- Razıyam. Həyatın gerçəkliyi çox acıdı, çox ağırdı. Sən bir adamı gözünün qabağına gətir, ona gözəl geyimdə, səliqəli duruşda bax, bir də onu soyundur çılpaq bax. Ona çılpaq baxanda istər-istəməz insanda ikrah hissi, iyrənc, xoşagəlməz mənzərə yaranır. Ədəbiyyat da belədir. Nə qədər fikirlər, duyğular gözəl olsa, insan sevmək-sevilməklə yaşasa, o qədər dünya gözəlləşir, insan gözəlləşir.

- Şeirləriniz birində deyirsiniz ki, “mənim bircə dinim var, dinimin adı sevgi”.  Sevgi, ümumiyyətlə, bəşəriyyət və ədəbiyyat üçün nədir?

- Sevgi bəşəriyyət üçün də, insan, millət üçün də ən böyük nemətdir. Ondan böyük nemət yoxdur. Sevməyən, sevilməyən heç vaxt ucala bilməz.

Büdrəməsin heç kimin atı,

Bağrına bas kainatı.

Sev dünyanı, sev həyatı,

Sevənlərə ölüm yoxdur.

Sevgisi olanlar ölənə qədər dünyada sevgi ilə yaşayır, sonra da dünyadan rahat gedir.

- Uilyam Bleyk yazırdı ki, “Mənim əsərlərim yerdəkilərdən çox göydəkilərə bəllidir”. Bəs sizin əsərlər yerdəkilərə çox bəllidir, yoxsa göydəkilərə?

- Mənim yazdıqlarım həm yerdəkilərə, həm göydəkilərə bəllidir. Allah da, Tanrı da, mələklər də, yerdə olanlar da hamısı şeirlə, şeiriyyətlə, poetik duyğularla nəfəs alır.

-    Arxivinizdə işləyərkən 1996-cı ildəki qeyd dəftərinizdə belə bir qeyd diiqətimi  çəkdi: “Tapılmamış qafiyə kimi, yazılmamış şeir kimi, oxunmamış nəğmə kimi həsrətindəyəm o kitabın! Tapacağam o qafiyəni, yazacağam o şeiri, oxuyacağam o nəğməni. Ümidim var, ümidim!”

O qafiyəni tapdınızmı, o şeiri yazdınızmı, o nəğməni oxudunuzmu?

- Hələ də axtarışdayam.

- İ.Nyuton deyirdi: “Mənim başqalarından uzaq görməyimin səbəbi nəhənglərin çiynində dayanmağım olmuşdur”. Bəs sizin bu qədər şöhrət tapmağınızın, bütün Türk dünyasında sevilməyinizin səbəbi nədədir?

- Sevgidir. Gərək insan sevsin. Mən də sevirəm –  dünyanı, insanı, həyatı, keçmişi, gələcəyi.

-Şöhrətli adamların şöhrətinə müvafiq gələn daha çox nədir: dərd, yoxsa sevinc?

- Dərddi. Sevinc etibarsızdır. Dərd etibarlıdır.

Dərd dondurar, buz kimidir,

Yara üstə duz kimidir.

Sevinc şıltaq qız kimidir,

Mənim dostum kədər imiş.

- Şeirlərinizin birində “kainata başdan-başa fikirdir, düşüncədir” deyirsiniz. Başdan-başa fikir, düşüncə olan dünyadan baş açmaq asandırmı?

- Yox. Mürəkkəb hadisələr çoxdur.

-   Bir şeirinizdə uisə deyirsiniz ki,  “yüyürmə manat dalınca, bu dünya bir qara qəpiyə dəyməz”. Doğurdanmı bu dünyanın bir qara qəpiklik qiyməti yoxdur?

- Bu dünya həm həddindən çox qiymətlidi, həm də qiymətsizdi, yəni, etibarsızdır. Ölüm varsa, heç kəs döşünə döyə bilməz ki, mən nəyisə elədim. Ölüm hamısını aparır, qara torpağa qarışdırdır.

-    30 il bundan əvvəl yazdığınız şeirlərin birində belə bir bənd var:

Sıxar bu şəhər məni,

Eylər birtəhər məni.

Köhlən at istəyirəm,

Oynada yəhər məni.

Bu, bir gənclik istəyi idi, yoxsa bu gün də şəhər sizi sıxır? Ümumiyyətlə, şəhər sizi tez-tezmi sıxır? Niyə sıxır? Belə anlarda hara üz tutursunuz?

- Şəhər məni həmişə sıxıb. Lap gənclik dövrlərində də sıxıb, indi də sıxır. Mən genişlik istəyirəm, dağ istəyirəm, bulaq, su, zirvənin qarını, uca dağları istəyirəm, bunların heç biri şəhərdə yoxdur. Şəhərdə şöhrət var, ucalıqlar var ki, biz onlara müəyyən qədər nail olmuşuq. Amma heç biri təbiətdə olan gözəlliklərin yerini verə bilməz.

-   “Kim gədədi gədəsindən danışar, kim dədədi dədəsindən danışar” – bu da sizin sözlərinizdir. Necə bilirsiniz, dünyada gədələr çoxdu, yoxsa dədələr?

- Gədələr çoxdu, dədələr çox azdı. “Dədələr azalır, ay Dədə Şəmşir”, – bunu elə-belə deməmişəm. Gədələr dünyayla birdi, dədələr azdı.

- Etiraf sizin üçün nə deməkdir. İnsan daha çox hansı halda və nəyi mütləq etiraf etməlidir?

- Etiraf həmişə olmur. İnsan ömründə bir dəfə etiraf etməli olur. Ölümə yaxın vəziyyət yarananda insan günahlarını, səhvlərini, nöqsanlarını, uğursuzluqlarını dərk edir və onu əziz adamına danışır. Etiraf etmək böyük məsələdi, hər adam etiraf edə bilməz. Çox adam sirri özü ilə aparır. Etiraf çox müqəddəs işdir. İnsan durulur, təmizlənir, gözəlləşir, paklaşır, etiraf etdikcə yüngülləşir.

- “Dünya məni bulandıra bilmədi, Mən dünyanı durultmağa gəlmişəm”, - deyən şair dünyanı durulda bilirmi?

- Şair nə qədər dillərdə gəzirsə, el məhəbbəti qazanırsa, o qədər durulur duyğuları, ürəkləri, baxışları. Yəni, mən çalışdım ki, bütün həyatım boyu dünyanı durultmaqla məşğul olum. Nə qədər durultdum, nə qədər saflaşdırdım, onu gələcək nəsillər, yazdığım şeirlər deyəcək.

-   Bir vaxtlar yazırdınız ki, “xeyir Günəş kimi başım üstədir, şər gəlib dövrəmdə dolanan deyil. Bəs indi necə düşünürsünüz, şərin, böhtanın sizə yaxın düşə bildiyi vaxt olubmu?

- Çox oldu, az yox, çox. Mənimlə bağlı yazılan yalan yazılar oldu. Böhtanı da gördüm, şəri də, başıma gəlməyən şeyləri də gördüm. Onlar mənə çox pis təsir elədi, amma özümdə yaşatdım, heç kəsə demədim.

- On il Milli Məclisin üzvü oldunuz. Bu illərin siz verdiyi nə oldu, aldığı nə?

- O dövr mənə çox şey verdi. İstər yaradıcılıqda, istər dünyagörüşündə, istər dünyanı tanımaqda parlament dövrü mənim üçün çox parlaq bir dövr oldu. Heç vaxt mən ordan ziyan görmədim, həmişə xeyir gördüm. Yaxşı mənada dünyanı gözəl gördüm, dünyanın müxtəlif yerlərinə səyahətə çıxdım, gözəl əsərlər yazdım. Heç yerdən Azərbaycana əliboş qayıtmadım, gözəl əsərlərlə gəldim. Bu şəraiti də mənə parlament həyatı yaşatdı.

- Dünyanın bir çox məşhur adamları, dövlət xadimləri ilə görüşmüşünüz. Yaddaqalan nə kimi xatirələriniz var?

- O görüşlərdən yaddaqalan çox şeylər var. Mənim üçün ən böyük xatirə haqqında ən şərəfli kitablarımdan birini yazdığım Heydər Əliyevlə olan səfərlərimiz, məclislərimiz, söhbətlərimiz, şəxsi görüşlərimizdir. Türk dünyasının bütün dövlət başçıları ilə mən görüşmüşəm. Onun hamısının səbəbkarı Heydər Əliyev olub.

- Sizin fenomenal yaddaşınız hər kəsi heyran edir. Necə düşünürsünüz, bu, gərgin zəhmətin, ardıcıl mütaliənin nəticəsidir, yoxsa Allah vergisidir?

- Birinci Allah vergisidir, sonra da gərgin zəhmətin, ilhamın vergisidir. Mən həmişə yaddaşımı tərbiyə etmişəm. Bədən tərbiyəsi kimi, yaddaşın da tərbiyəsi olur. Gərək onu həmişə qoruyasan, gözəl saxlayasan.

- Siz çox dinamik bir adamsızınız. Demək olar ki, hər gün müxtəlif görüşlərdə, yubiley və digər tədbirlərdə iştirak edirsiniz, xeyirdən-şərdən qalmırsınız. Bütün bunlardan sonra mütaliəyə və yaradıcılığa necə vaxt çatdırırsınız? Ümumiyyətlə, vaxt sizin üçün nə deməkdir?

- Mənim itirdiyim vaxtlar da çox olub,  yaxşı yaradıcılıqla məşğul olduğum vaxtlar da çox olub. İtkilərə yanmamışam, bu itkilərin özündə də bir qazanc görmüşəm. Yaxşı mənada tapıntılarım çox olub. Şeirin, sənətin, yazdıqlarımın, mütaliənin, müşahidənin qulu olmuşam həmişə. Bu da mənə çox şey verib.

-   Çingiz Aytmatov deyir: “Bu cavanlara yazığım gəlir. Onlar öz insanlıq sirlərinə necə yetə biləcəklər ki, onların heç birinin heç olmasa xəyalən Allah olmaq dərəcəsinə yüksəlmək üçün heç bir imkanları yoxdur”. Siz necə düşünürsünüz?

-   Mənim çox sevdiyim, yaradıcılığını az qala əzbər bildiyim Çingiz Aytmatovun dediyi çox düzdür, doğrudur. Üz tutmağa yer lazımdır, dərd açmağa ağsaqqal lazımdır, söhbət etməyə həmsöhbət lazımdır. Təəssüflər olsun ki, bunlar seyrəlir.

- N.F.Qısakürək belə bir fikir söyləmişdir: “Cəmiyyət öz daxili dünyasında yatır, amma yuxusunu şairlər görür, yozur”. Bu gün cəmiyyətin yuxusunu hansı səmtə yozmaq olar

- Bu gün cəmiyyətin yuxuları çox qarışıq yuxulardır. Onu bir cümlə ilə, bir fikirlə izah etməz olmaz. Dünya çox pis hallar keçirir, şərq batır, dünyanın ən gözəl ölkələri dağılır. Adını demokratik qoyan ölkələr var ki, ən qeyri-demokratik ölkələrdir, amma özünü demokratik ölkə kimi tanıdır. Allah özü sonundan saxlasın!   

- P.Neruda yazır: “İlhama bu qədər bel bağlamaq olmazmış. Məni zorla görünən cığırlarla ancaq şüur irəli aparmalıdır”. Siz necə düşünürsünüz, yaradıcı adam üçün təkcə ilham kifayətdirmi?

- Yox. Zəhmət, zəhmət, zəhmət. Bunu Folkner deyib, çox yaxşı deyib. Zəhmət yazıçı, şair üçün hər şey deməkdir. Təkcə ilhamla məsələ həll olmur.

-    N.F.Qısakürək yazırdı:

Bizə qalan əziz borc əsrlik zamanlardan,

Tarixi təmizləmək saxta qəhrəmanlardan.

Necə bilirsiniz, müstəqilliyin bizə verdiyi imkandan istifadə edib tariximizi saxta qəhrəmanlardan təmizləyə bilirikmi?

- Ən böyük vəzifə tarixi o saxta qəhrəmanlardan təmizləməkdi. Türk dünyasının çox böyük şairi Nəcib Fazil çox gözəl deyib. Tarixi saxta qəhrəmanlardan təmizləmək üçün təmizləri, halalları, düzləri, dürüstləri önə çəkməliyik, onların qədrini bilməliyik, onda saxta qəhrəmanlar öz-özünə gedər, sıradan çıxar.

-  “Nəvələr nə qədər şöhrət tapsa da, ulu babalara ehtiyacı var”, - deyirsiniz. Bu gün bu ehtiyacı ödəyəcək babalar varmı?

-   Azdı, həddən çox azdı, seyrəkdi. Nəvələrin axırı nə olacaq, onu Allah bilir. Çünki bizim gördüyümüz, eşitdiyimiz, duyduğumuz, yaşadığımız çox nemətlərdən indiki uşaqlar halı deyil. Elə kompüter, telefon... Bəs o dağ, o daş, bulaq, kainat, təbiət, adət-ənənələr hanı? Hamısı itib-batıb gedir.

-    O günlər əlindən tutası deyil,

Əli o günlərə çatası deyil.

Onda dörd övladın atası deyil,

Zəlimxan utancaq bir uşağıydı.

O utancaq Zəlimxan Xalq şairi Zəlimxan Yaquba necə baxır və Xalq şairi həmin utancaq uşağı necə xatırlayır?

-   Mən o utancaq Zəlimxana çox yaxşı baxıram, utancaq Zəlimxanın Xalq şairinə baxmağını da qürur hissi ilə yaşayıram. Allaha şükür ki, mən bu arzuma çatmışam. Bunu dövlət edib, Heydər Əliyev edib, İlham Əliyev edib, xalqımızın qədirbilən oğulları edib.

-   Zəlimxan müəllim, maraqlı müsahibəyə təşəkkürümüzü bildirir və Sizi 65 illik yubileyiniz münasibəti ilə təbrik edirik.

 

 Musa Nəbioğlu

“Ədalət” qəzeti, 14 yanvar 2015

  Geri