Xəbərlər Boigrafiya Haqqında Yaradıcılığı Qalereya Qonaq dəfətəri Əlaqə

   “Dəyişən cismimdir, yaşadan ruhum” -Xalq şairi Zəlimxan Yaqubla müsahibə

 

“Dəyişən cismimdir, yaşadan ruhum” 

- Xalq şairi Zəlimxan Yaqubla müsahibə 

Onun yaradıcılığı çox zəngindir. Əli qələm tutandan yazıb. Aşıqlar Birliyinin katibi Musa Nəbioğlu bir dəfə İTV-nin “Ozan məclisi”nə şairin cavanlıq dəftərlərini gətirmişdi. 15-20 yaşlarından üzü bəri yazdığı şeirlərin əlyazmasını. Dərkənarında da oxuduğu kitablardan götürdüyü kəlamlar...

Öz yazılarına bu cür sayğı ilə yanaşan şairin yaddaş rəfi də ilahidən, beləcə, səliqəli, sahmanlıdır. Nədən danışsa, sanki, yaddaşının həmin səhifəsi, dərhal, üzünə açılır, şairi darda qoymur. Bu, ilahi bir qismətdir, Zəlimxan müəllim kimi nadir adamların bəxtinə düşən qismət...

Zəlimxan müəllimin səsi də, natiqliyi də, söz xəzinəmizə yaraşan şeirləri də, ümumilikdə, onu tamam fərqli bir ampluada tanıtdı və məşhurlaşdırdı. Hansı mövzunu qaldırsan, orada Zəlimxan Yaqubun qələmi işləyib. 13 cildlik qalın-qalın kitablar sizə zarafat gəlməsin. Şeirlərinin sayını illərə bölsək, o, bəlkə, yaşından 2-3 dəfə artıq yaşayıb.

 

 

O illərdən bu illərə dəyişən...

Zəlimxan müəllimi uzun illərdir ki, tanıyıram. Ondan müxtəlif mövzularda müsahibələr də almışam. Çoxsaylı tədbirlərdə  də görüşmüşəm, çıxışlarına, söhbətlərinə qulaq asmışam. Amma ondan heç vaxt yazmamışam.

Onu bir şair kimi, və ya  Milli Məclisin üzvü olmuş  deputat, deməli, həm də siyasət adamı kimi təqdim etməyə ehtiyac duymadım. Çünki Zəlimxan Yaqubu bu baxımdan hamı yaxşı tanıyır. Mən bir könül ziyarəti etməyi qərara aldım və bu məqsədlə də  təyin olunan vaxtda Aşıqlar Birliyinə yollandım.

Yolboyu,  onu ilk dəfə 1975-ci ildə şair Osman Sarıvəllinin 70 illik yubileyində gördüyümü xatırladım. Yubiley tədbirini o qədər gözəl aparırdı ki... Sözü də, səsi də bulaq kimi qaynayırdı. Axıra qədər sidq-ürəkdən poeziyaya, folklora, nəhayət, Osman müəllimə olan məhəbbətini tam ifadə edə bildi və auditoriyanı bu təntənəyə kökləməyi bacardı. Bu, çox çətin bir iş idi. Zəlimxan Yaqub bu işin öhdəsindən ustalıqla gəldi.

Osman müəllimin ad günü  dekabr ayında  idi. Amma Zəlimxan Yaqub Qurbanidən üzü bəri Osman Sarıvəlliyə qədər yaz çiçəyi bənövşəyə həsr olunan şerləri əzbər deyə-deyə auditoriyanı bahar ovqatına köklədi. Sən demə o vaxt Zəlimxan müəllimin cəmi... 25 yaşı var imiş... Yaddaşı, aparıcılıq qabiliyyəti hamını heyran etdi.

Osman müəllim xəstə idi, amma onun da könlü açılmışdı. Axırda: “Hər kəs 100 il yaşamasa...” adlı məşhur şeirini oxudu. Həmin şeiri yada saldıqca, düşünürdüm ki, görəsən, o vaxtdan bu vaxta Zəlimxan Yaqub şəxsiyyətində nə dəyişib, nə dəyişməyib?

Xatirəmi şairlə bölüşəndən sonra müsahibəyə də elə həmin sualla başladım... O da ilk suala belə cavab verdi:

-        O illərdən bəri cismim dəyişib, yəni bədənim. Bədən fiziki bir şeydir, amma dəyişməyən və daha da gözəl olan mənim ruhumdur. Kimin ruhu sağlamdırsa, o, istəyir xəstəxanada olsun, istəyir qəbrin qaşında olsun, istəyir dağın başında, istəyir sağ-salamat evində, fərqi yoxdur, harada olursa-olsun, ruhu onu yaşadacaq, saxlayacaq. Mən ruhuma çox minnətdaram.

İndi sən elə günləri yada saldın ki, Osman Sarıvəlli ilə bağlı, Xarici Dillər İnstitutu... Onda yadımdadır, Borçalı aşıqları da gəlmişdi. Aşıq Əmrah da orada idi... O günlər mənim üçün əziz günlər idi. Çünki yanımda Osman Sarıvəlli kimi böyük şəxsiyyət var idi.

Sözardı: Zəlimxan müəllimin dəyişən cismində bir az zəiflik, bir az halsızlıq gördüm. Səsi hərdən azca titrəyir, yaddaşı çox cüzi sapmalar edirdi. Amma, mahiyyətcə, həmin-həmin idi...Qürurlu, iradəli, şirin söhbətli, poetik duyğulu...

 

 “İndi o adamlar yoxdur”

- Sonralar Sizi həmişə tanınmış adamların yanında gördüm. Siz onların yaradıcılığını öyrəndiniz, onlarla bağlı yazılar yazdınız və özünüz demişkən, çox da görüb-götürdünüz. Onların hər biri ayrılıqda Sizə nə verdi?

- Ayrı-ayrılıqda o illər, o adamlar mənə çox şey verdi. Həyatın gözəlliyini verdi, nikbin olmağı verdi, əhvali-ruhiyyəmin yaxşı olmağını verdi. Yaxşı kişilərlə tanışlığı, dostluğu verdi. Qaynarlığı verdi, çılğınlığı verdi, dəli-doluluğu verdi. Onun hesabına gəldim bu günə, indi səninlə belə ürəkli danışıram.

-Onları tanıdınız, sonra da  bir-bir itirdiniz... O itkiləri necə yaşadınız?

- Çox ağır...

- Bu, bir yandan da həyatın qanunudur...

- Həyatın qanunudur, düzdür. Osman Sarıvəlli az ömür yaşamadı, elə də o biriləri. Amma, hər dəfə ölən, dünyasını dəyişən əziz adamla birgə mən də ölmüşəm, təzədən dirilmişəm. Osman Sarıvəlli də, Hüseyn Arif də, Xəlil Rza da, Tofiq Bayram da, Məmməd Araz da...Çox adamlar var idi ki, onların hamısı mənim əzizim olub. Hamısı məni bala kimi bağrına basıb. İndi Söhrab Tahir xəstədir. Mən də xəstəyəm. Elə bilirəm ki, bütün dünyam xəstədir. Çünki Söhrab Tahirlə də, adını çəkdiyim və çəkmədiyim əzizlərimlə də uzaq-uzaq yollar getmişəm. Onlarla gözəl söhbətlər eləmişik. Ədəbiyyatdan, həyatdan, sənətdən, şeirdən, yaxşı adamlardan, köhnə kişilərdən... Onların heç biri həyatda yoxdur. Elə bil adam qanadı sınmış quşa dönür.

 

“Ailəyə gələndə, demişəm, saxlayın”

Sözarası: Zəlimxan müəllimin ailəsi barədə məlumat yox dərəcəsindədir. Çox müxtəlif verilişlərdə, müsahibələrdə bu barədə danışdığını görməmişdim. Dedim, bəlkə yaşa dolub, indi nə isə deyər. Odur ki, bu sualı atdım ortaya:

- Sizcə, şairlərin həyat yoldaşları onların həyatında nə kimi rol oynayır?

- Yazarların içində həyat yoldaşlarını anam kimi sevdiyim iki adam olub. Mən həmişə bu fikirdə olmuşam ki, yaradıcı adamın özünə bərabər, bəlkə özündən də artıq həyat yoldaşları çox qiymətli olurlar. Çünki yaşadırlar, ucaldırlar. Məsələn, Tofiq Bayramın həyat yoldaşı Zərifə xanım bu günlərdə mənə zəng vurmuşdu. Allaha and olsun, Tofiq deyib ağlaya-ağlaya danışırdı. Aradan, gör, neçə illər keçib...

Yaxud İsa Muğannanın yoldaşı Firuzə xanım, ömrünü şam kimi əritdi dahi yazıçının yolunda, O, İsa müəllimin qayğısını çəkdi, İsa müəllim isə bütün Azərbaycanın...

-Ailə nə deməkdir, Sizcə, şair üçün? Sizin həyat yoldaşınız da, yəqin arxa olub, çünki xanım evin qayğılarını üzərinə götürməlidir ki, yazar da yaradıcılıqla məşğul olsun...

-Ailə mənim üçün məbəddir, ilahi bir evdir. Allahın yaratdığı, qurduğu, tikdiyi ev-könüldür. Könül bərabəri olan məkan evdir, ailədir. Ailə müqəddəsdir. Mən yüzlərlə müsahibələr vermişəm. Ailəyə gələndə, demişəm, saxlayın. Ailə müqəddəsdir. Onunla bağlı ağlına gələni danışa bilməzsən. Sözün var de, yoxdursa, burda bağla. Allahın bizi yaşadan qüdrəti ailədir, həyat yoldaşıdır.

Sözardı: İstəyim baş tutmadı. Ailəsi ilə bağlı söz ala bilmədim şairdən. Deməli, prinsipləri də dəyişməyib. Yaş bu məsələdə elə bir amil deyilmiş...

 

 “Dostu zaman özü seçir”

Mənə həmişə elə gəlmişdi ki, Zəlimxan müəllim  hamı ilə dostdur. O ən çətin adamlarla da dil tapa bilirdi, həmsöhbətinin ürəyinə sevgi, mərhəmət işığı sala bilirdi. Bəs bu dəyişən dünyamızda, dəyişən cismin və yaşın bu çağında şair dostluq haqqında hansı qənaətdədir...

- Sizin dostlarınız necə, Sizə sədaqətli olublarmı, Sizə güc veriblərmi, yoxsa necə?

- Olanlar da olub, olmayanlar da. İkisini də təbii qarşılayıram. Bu saat da fikirləşirəm: “Filankəslə niyə dostluq eləmişəm, niyə yol getmişəm?” Və yaxud “Filankəslə niyə az yol getmişəm, niyə çox yol getməmişəm?” Məsələn, mən istərdim ki, Söhrab Tahirlə bütün dünyanı dolanım. O qədər mehribandır, o qədər şirindir, o qədər gözəldir. Dostu, yoldaşı zaman özü seçir. Ələyir, süzür, yaxşını da tanıyırsan, yamanı da. Və bu, çox yaxşıdır.

Şəhriyar deyirdi:

Yaxşı dostlarım var idi,

Yaman gün gəlcək,

Tardan özgə qalmadı yari-vəfadarım mənim.

- Deməli, bu ələnmə,Sizcə, normal bir  şeydir?..

-Normaldır, ona təbii baxmaq lazımdır, çox təbii baxmaq lazımdır. Ona görə ki, tanıyırsan hamını. Yaxşını da, yamanı da, dostu da, düşməni də. Məsələn, Aşıq Ələsgər deyir ki...

 

 Namərdi özümə mən dost eylədim,

Yolunda canıma çox qəsd eylədim,

Almadan, heyvadan peyvəst eylədim,

Zəhmətin çox çəkdim, karın görmədim.

 

Ələsgər demişkən, o qədər adamlara yaxşılıq eləmişəm ki, sayı-hesabı yoxdur. Bir də görürsən, yolla getdiyim yerdə qabağımı kəsirlər: “Zəlimxan müəllim, çox sağ olun- deyirlər- filan vaxtı bizə filan yaxşılığı elədiniz”. Amma elə adamlar var ki, ona bütün varlığımı vermişəm, namərd çıxıb. O da var ki, hər ikisinə təbii baxmaq lazımdır. Çünki hamı halal süd əmməyib. Hamının dünyagörüşündə ağsaqqallıq yoxdur, alicənablıq yoxdur, mehribanlıq yoxdur.

 

 “Nə ömür çatır, nə gözün nuru”

-Zəlimxan müəllim, Siz çox mütaliə etmisiniz, həddindən artıq. Mən belə bir sual vermək istəyirəm, mütaliə ilə bağlı yaşın qənaəti nədir?

-Yaşın verdiyi qənaət budur ki, ziyalı olan adam, özünü ziyalı hesab edən adam əgər mütaliə ilə məşğul olmayıbsa, yaxşı kitablar oxumayıbsa, gözəl əsərləri həzm edə bilməyibsə, ona ziyalı demək olmaz. Ona, nəinki ziyalı, heç insan da demək olmaz.

Mən ən çox ziyalılığı, kəndimizdə Rəşid dayım var idi, onda görmüşəm. Gürcüstanda respublikanın ilk Əməkdar müəllimi idi.  Ona kəndimizin “Əlifbası” deyirdilər. Bax, onun evi mənim üçün ziyarətgah idi. Çünki onda zəngin kitabxana var idi.

Bakıya gələndə ən çox mütaliə eləyən adamlar Xəlil Rza ilə İsa Muğanna (Hüseynov) idi. Biri şair kimi, o biri də yazıçı kimi mənə mütaliədə çox kömək olublar. Məsələn, İsa Muğanna ilə bizim qardaşlığımız, dostluğumuz, ata-oğul münasibətimiz haradan başlayıb? Mütaliədən! O, mənə bir neçə sual verdi. Gördü, haradan deyir, oradan cavab verirəm. Özünün yaradıcılığından, özgələrin yaradıcılığından. Ona görə dostluğumuz tutdu...

Sözarası: Bu yerdə Aşıqlar  Birliyinin  katibi Musa Nəbioğlu otağa daxil oldu. Söhbətimizi şairin səs arxivinə əlavə etmək üçün.  Zəlimxan müəllim bu təşəbbüsü bəyəndi və belə əsaslandırdı: Qərənfil xanımla elədiyim söhbətləri başqaları ilə eləməmişəm....Çox maraqlı məsələlərə  toxunur... Bu söhbətin səs yazısı qalsa, yaxşıdır...

Siz kiminlə danışsanız, hər dəfə orijinal danışacaqsınız...Fərqli bir şey alınacaq,-dedim-Sizin kimi zəngin insan, həm də, məqamlardan asılı olaraq, suallara müxtəlif cür cavab verəcək.

Musa müəllim səs arxivinə daxil etmək üçün stolun üstünə əlavə diktofon qoydurdu. Söhbətimizə davam etdik.

- Siz, müsahibədən əvvəl  İsa Muğanna ilə bağlı yazdığınız şeiri oxudunuz. Mən də son 6 ildə onunla, demək olar ki, sərasər görüşmüşəm. Çox zəngin kitabxanası var və o deyirdi ki, evimdəki kitabların hamısını oxumuşam, gözüm imkan versə, bir bu qədərini də oxuyaram. Sizdə necə, mütaliəyə o aclıq indi də varmı?

-Məndə də elədir. Bu günün özündə bu dəftəri açsanız, məəttəl qalarsınız ki, bu qədər işləməkmi olar, belə yaradıcılıqmı olar, belə məhsuldarlıqmı olar? Mən də mütaliəni həmişə sevmişəm. Bu gün də sevirəm, ölənə qədər də sevəcəm. Çünki mütaliə mənim həyatımdır, çörəyimdir, suyumdur, amma müşahidə ilə bir yerdə. Mütaliən olmasa, müşahidən olmayacaq. Mən də, Allah rəhmət eləsin, İsa müəllim dediyi kimiyəm, mənim evimdəki kitabxananı görəndə, məəttəl qalacaqsan.

-Olmuşam Sizin evdə, film çəkilişində...

-Eləmi, onda özünüz görmüsünüz. Muzey gözəl, kitabxana  gözəl... Həmişə kitablara baxanda həm sevinirəm, həm də kədərlənirəm. Sevinirəm, ona görə ki, bunların hamısını oxumuşam. Kədərlənirəm ona görə ki, hələ oxumadığım çox gözəl kitablar var. Nə ömür çatır, nə gözün nuru. Qalırsan yarı yolda...

 

Yazmaq da əbədi ehtiyac imiş

Ağrımağına baxmayaraq,  Zəlimxan Yaqub qələmini yerə qoymağı ağlına da gətirməyib. Biz söhbət edə-edə şeirinin üzünü kompüterə köçürən qız bir neçə dəfə otağa girib-çıxdı. Hiss etdirmədən, diqqət yetirdim: bütün düzəlişləri tam dürüst və sərrast idi. Sanki o, xəstəliyinə, həm də qələmi ilə cihad elan etmişdi. Geri çəkilmək fikri qəti yox idi.

- Ürəyiniz istədiyi qədər yazmısınız,  düzdürmü? Yazmaq ehtiyacı necə, qalırmı?

-Yazmaq da, oxumaq kimi. Görsən, inanmayacaqsan ki, bunu Zəlimxan yazıb. Hər günün öz əsəri var. Hər əsərin də özünün mənası, məzmunu var, kəsəri var, gözəlliyi var. İndi bax, səninlə neçə vaxt əvvəl Fəxri Xiyabanda görüşdüm, İsa müəllimin dəfnində. Yazdığım əsəri gördün. Bu əsər, özümdən asılı olmayaraq, göz yaşımla axıb gəlib. Çünki mənim İsa Muğanna ilə olan görüşlərimin nəticəsi idi göz yaşı. Ən çox sevdiyi adam idim mən. Çünki yaradıcılığının hansı səhifəsindən, hansı kitabından söz açırdısa, oradan xəbərim var idi, görürdü ki, hamısını oxumuşam. “İdeal” onun yaradıcılığının zirvəsi idi. Ən çox “İdeal”dan danışırdıq. Çünki “İdeal” ağır əsər idi. Hər adamın hünəri deyildi bu əsərdən danışmaq. Amma mən danışanda, məəttəl qalırdı. Dodağına təbəssüm gəlirdi. Gözləri daha da işıqlanırdı. Sifəti daha da nurlanırdı. Mən də ondan qüvvət alırdım.

-Mən elə bilirəm ki, insan hansı yaşda olursa-olsun, onun yanında özündən müdrik adamın olması böyük xoşbəxtlikdir.

-Bəli, çox böyük xoşbəxtlikdir.

-Bu mənada İsa müəllimin itkisi, bəlkə də, bütün Azərbaycan üçün böyük itki idi.

-“Bəlkə də” yox, şübhəsiz, çox böyük itki idi. Yeri də həmişə görünəcək. Əvəzi də gəlməyəcək. İsa Muğanna bizim son filosof yazıçımızdır ki, dünyanı ayrı cür görürdü, hətta göydən enmiş 4 dini kitaba onun özünün ayrı münasibəti var idi. Ona görə də mütaliə həmişə lazımdır. Qəbir evinə qədər lazımdır. Çünki onsuz yaşamaq, quru ağac olmaq, budaqları qırılmış, tökülmüş bir ağac olmaq deməkdir.

 

“Zəlimxanı diri saxla”

Zaman dəyişir, insan yaşa dolur, müdrikləşir. Müdrikləşirsə, qənaət niyə dəyişməsin ki? Bu yöndə Zəlimxan müəllimə bir cığır açmaq istədim, alındı da...

- Zəlimxan müəllim, Sizin yaradıcılığınızdan sətirləri yada salmaq istəyirəm. Deyirsiniz: “Zəlimxansız dünya bir şey itirməz, Allah səni pənahında saxlasın”. Siz, bax bu gün də o qənaətdəsiniz ki Zəlimxansız dünya bir şey itirməz?

-Bilirsən, Qərənfil xanım, bu sözün çox geniş mənası var. “Zəlimxansız dünya bir şey itirməz”- ona görə deyirəm ki, dünya çox böyükdür. Dünya çox qədimdir, dünya çox genişdir. Amma, həm də dünya çox balacadır. İnsan ömrü çox azdır. Ona görə də “Zəlimxansız dünya bir şey itirməz” bu, həqiqətdir.

-Amma hər bir fərd təkdir, təkrarolunmazdır...

-Bəli, hər bir fərd təkrarolunmazdır, o mənada, əlbəttə, Zəlimxansız dünya çox şey itirər, necə ki, itirəcək. Ondan sonra başına döyəcək. Ondan sonra da gec olacaq.

 

Bu çiçəyin qədrini bil,

Solub getsə, gec olacaq.

Qara yellər ağ gülləri,

Yolub getsə, gec olacaq.

 

Öp bu çiçəyin gözünü,

De, bu çəmənin sözünü,

Qoru bulağın gözünü,

Dolub getsə, gec olacaq.

 

Haqqı bir bil, biri saxla

Ocağa dön, piri saxla,

Zəlimxanı diri saxla,

Ölüb-getsə, gec olacaq.

 

  Kəndin ən varlı evi

-Mən düşünürəm ki, Zəlimxan müəllim yerinə-yurduna çox bağlı adamdır. Bu gün Sizə o yer-yurd necə güc verir? Siz buradasınız, yurd da orada...

-İndi daha çox güc verir. Bəlkə, orada olsam, o qədər güc verməzdi. Ora ilə mənim aramda, bu saat, həsrət var, qürbət var, göz yaşı var, ayrılıq var, uzaqlıq var, o gördüyün yerləri bir də gəzmək həvəsi var.

Borçalı mənim üçün həddindən artıq əzizdir, ona görə. O gəzdiyim yerləri, gördüyüm yerləri, duyduğum duyğuları bir də yaşayaydım, bir də görəydim. Heyıf ki, bunlar yerinə yetəsi istəklər deyil, hamısı getdi...

-Mən Sizin kənddə olmuşam, o qədim qəbir daşlarına baxmışam. Necə bilirsiniz, Sizin şair kimi yetişməyinizdə o kənd, o mühit, o genetik göstəricilər, yəqin ki, həlledici rol oynayıb, elə deyilmi?

-Çox böyük rol oynayıb, bəli.

- Bax o geni, o yaradıcılıq enerjisini kiməsə ötürə bilmisinizmi?

- Mənim anamın bir dayısı var idi- Rəşid müəllim. Onun da bir dayısı var idi, Qara Uğurlu deyirdilər. Rəngi qapqara idi. Amma ürəyi çox geniş idi. O, bir dəfə mənə dedi ki, a dayımın nəvəsi, indi sən bayrağını götürüb gedirsən, Azərbaycanla bir olubsan, türk dünyası ilə bir olubsan. Çox dəyərli adam idi. Dedi ki, səndən sonra gələn varmı sənin kimi? Mən fikirləşdim. Bu çox ağıllı adamdı. Çox müdrik adamdı. Buna ağıllı cavab vermək lazımdır. Desəm ki, var, yoxdur axı. Desəm ki, yoxdur, nə deyim...

 Fikirləşdim ki, kişiyə bir cavab verim. Amma elə cavab ki, ağıllı söz olsun. Dedim, ay Uğurlu dayı, filankəs var, dedi kimdir, dedim filan nəsildəndir, filankəsdir. Dedi, üstünə bir daş qoy. Doğrudan da, sonra həmin adam lax çıxdı, xarab çıxdı. Dedim, ay qoca kişi, ay dədələr, yəni, həqiqətən, bu gün yoxdur, varsa, siz deyin. Yoxdur axı.

Biz sazla gəldik, sözlə gəldik, köhnə kişilərin nəsihəti ilə, vəsiyyəti ilə gəldik, çox böyük adamlar gördük kənd dünyasında. Bizim ev kəndin ən varlı evi idi, bu mənada ki, kəndimizin bütün qiymətli adamları hamısı bura yığılırdı. Həftədə  bir dəfə, ayda bir dəfə. Mən Bakıdan hər dəfə gedəndə o adamların hamısı bizə gəlirdi. Əmrah da, Kamandar da, Hüseyn Saraclı da bizim evdə dəfələrlə olublar, saz çalıblar. Xındı Məmmədi görməmişəm, Allah rəhmət eləsin. Amma Borçalı aşıqlarının hamısı bizim evdə olub.

 Bizim ev çox zəngin bir ev idi. Maddi cəhətdən çox kasıb olsa da, mənəvi cəhətdən çox varlı bir ev idi. O varlı evdə də mən olanı götürürdüm. “Koroğlu” dastanını, “Dədə Qorqud”u əzbər bilirəm. Bu saat hamısını əzbərdən deyim. “Koroğlu” mənim üçün nə idi Allah?..

(1- ci hissənin sonu)

Qərənfil Xəlilova

  Geri