Xəbərlər Boigrafiya Haqqında Yaradıcılığı Qalereya Qonaq dəfətəri Əlaqə

   “Yusif Səmədoğlu deyəndə ki, Heydər Əliyev üçün nə edim, hamımız çaşıb qaldıq”

“Yusif Səmədoğlu deyəndə ki, Heydər Əliyev üçün nə edim, hamımız çaşıb qaldıq” - "Sabiq deputatlar”  layihəsi

 

“Bəzən Milli Məclisdən küskünlüyüm də olur” 

 

Modern.az saytının  “Sabiq deputatlar”  ayihəsində budəfəki müsahibi Azərbaycanın xalq şairi Zəlimxan Yaqubdur.

Zəlimxan Yaqub 1950-ci ildə Borçalının Bolnisi rayonunun Kəpənəkçi kəndində doğulub. 1995-2005-ci illərdə Milli Məclisin deputatı olub. 1994-cü ildən Azərbaycan Respublika Prezidenti yanında Əfv Komissiyasının üzvüdür. Eyni zamanda Azərbaycan Aşıqlar Birliyinin sədridir.
Son illər böyrək çatışmazlığından əziyyət çəkən şairin hər iki böyrəyi cərrahi əməliyyatla çıxarılıb. Onun üzərində böyrək transplantasiyası əməliyyatı aparılacaq.

- Zəlimxan müəllim, hazırda səhhətiniz necədir?

- Məni tez-tez ekranlarda görürsünüz. Xəstəlik Allahın işidir. Mərd Allahdan görər, namərd yoldaşdan. Amma ruhum çox sağlamdır. Ona görə ki, xalqımız dəyər verən xalqdır. Öz sənətkarının qədrini bilən xalqdır. Siz burada bir saat qalsanız, görərsiniz ki, nə qədər insanlar gəlib-gedir. Mənim xalqla olan ünsiyyətim, xalqa bağlılığım, diri və duru olmağıma səbəb olur. Ağrılarım olsa da, bildirmək istəmərəm. Xəstəliyə qalib gələn mənim ruhumdur. Həqiqətən sağlığımda dövlət də, millət də mənə qayğı göstərdi. Ona görə mən özümü xoşbəxt hesab edirəm ki, mən bu xalqın bir nümayəndəsiyəm. Necə ki, yazıram, yaradıram, bundan sonra da yazıb yaradacam.

- Səhhətinizin ağır olmasına baxmayaraq, bilirik ki, ölkənin ictimai-siyasi durumunu daim izləyirsiniz. Keçmiş deputat kimi Milli Məclisin fəaliyyətini və gördüyü işləri necə qiymətləndirirsiniz?

- 10 əvvəl parlamentin üzvü idim. Bütün hadisələrin içində idim. Sabunçu rayonunun deputatı olmağıma baxmayaraq, bütün Azərbaycanın deputatı kimi, kim gəlirdisə, heç biri boş qayıtmırdı. Mən fəxr edirəm ki, parlamentdə olmuşam. Fəxr edirəm ki, Heydər Əliyevin sağlığında onunla dəfələrlə söhbət etmişəm, yaxın olmuşam. Parlament yaddaşımda gözəl mənzərə kimi qalıb. İndiki parlamenti yaxşı izləyə bilmirəm. Amma şübhəsiz ki, indiki parlamentdə də ziyalı insanlarımız var.

- Deputat olduğunuz müddətdə parlamentdə hansı qanun layihələri ilə çıxış edibsiniz?

- Mən özüm hansısa qanun irəli sürməmişəm. Ancaq həqiqi mənada xalqımıza, dövlətçiliyimizə, müstəqilliyimizə fayda verən qanunların hamısına səs vermişəm. Çünki qanun müqəddəsdir. Həmin qanunlar insanların taleyini həll edir. 

- Qeyd etdiniz ki, bir çox qanunların qəbul olunmasında müsbət yöndə səs vermisiniz. Sizcə, yaradıcılıqla bağlı hər hansı bir qanun layihəsinin işlənib hazırlanmasına ehtiyac varmı?

- Yaradıcılıq elədir ki, qanunla tənzimlənmir. Hər adam özü parlament olmalıdır. O, mütaliə ilə olur. Mənə elə gəlir ki, bununla bağlı layihəyə ehtiyac yoxdur. Vaxtilə Viktor Hüqo parlamentin üzvü olub. O, qanunların istiqamətini xalqa, millətə doğru dəyişib. Gərək yazıçılar fəal olsunlar.

- Azərbaycan parlamenti öz ictimai-siyasi funksiyasını tam yerinə yetirə bilirmi?

- Əlbəttə. Bizim daxili, xarici siyasətimiz inkişaf edib. Parlamentin gündəliyə çıxardığı qanunlar insanlar tərəfindən yerinə yetirilməlidir.

 

- Parlamentin son 3 illik fəaliyyətini necə qiymətləndirirsiniz? Sizcə, parlamentdə qəbul olunan qanunlar xalqı qane edirmi?

- Bir neçə qanunla xalqın arzularını təmin etmək olmur. Bununla belə, son 3 ildə parlamentdə xalqa xidmət edən qanunlar qəbul olunub. Mən bunlara sevinirəm. Bəzən küskünlüyüm də olur. Bunu öz ürəyimdə saxlayıram. Düşünürəm ki, dövlət var, dövlətçilik var, onun başında dayanan adamlar var. Hər birinə hörmətlə yanaşmaq lazımdır. Nə qədər ki, parlamentə, onun üzvlərinə hörmətlə yanaşsam, onlardan da eyni hörməti görərəm.

- Deputatlığınız dönəmində problemlərlə bağlı müraciət edəndə icra strukturlarında həmin problemə laqeyd qalanlar olubmu?

- Xeyr, deputat olduğum müddətdə hansı məsələ ilə bağlı müraciət edirdimsə, o məsələ müsbət yöndə həll olurdu. Təkcə deputat olmaq şərt deyil. Şəxsiyyət olmaq şərtdir. Sən deputat olmadan əvvəl kim olmusan, nə işlə məşğul olmusan? Bunu unutmamaq lazımdır. Bütün hökumət nümayəndələri mənə hörmətlə yanaşıblar. Çünki onun arxasında təmənna olmayıb.

- Parlamentdə yadınızda qalan maraqlı əhvalatlar...

- Çox hadisələr yadımda qalıb. Ancaq mənim üçün bu vaxta qədər önəm daşıyan bir hadisəni deyim. Rəhmətlik Yusif Səmədoğlu Milli Məclisdə mənim yanıma gəlmişdi. Yanımızda başqa bir deputat da var idi. Yusif Səmədoğlu dedi ki, mən Heydər Əliyev üçün nə edim? Bir anlıq çaşıb qaldıq. Dedi ki, bu insan məni diriltdi, yaşatdı. Bircə əlacım qalıb ki, gərək onun üçün ölüm. Yusif Səmədoğlunun dediyi bu sözlər heç vaxt yadımdan çıxmaz. 
Parlamentlə bağlı xatirələr çoxdur. Onu bir görüşdə demək olmaz. Yəqin ki, nə vaxtsa parlament xatirələrini yazacağam.

 

- Keçmiş deputat dostlarınızla əlaqələriniz varmı?

- Bəlkə də inanmayacaqsınız, ancaq orada olan dostlarımın demək olar ki, hamısı yanıma gəlib. Dostluq əlaqələrimiz də möhkəmdir. Onların heç biri ilə küsülülüyüm olmayıb 

- Zəlimxan müəllim, prezident seçkiləri yaxınlaşır. Siz seçkilərdə kimi dəstəkləyəcəksiniz?

- Hər kəsin öz seçimi var. Ulu Öndər deyirdi ki, mən İlham Əliyevə özüm qədər inanıram. Mən də İlham Əliyevə inanıram. Onun şəxsiyyətini, dünyagörüşünü sevirəm. İlham Əliyev layiqli prezidentdir.  Azərbaycanı çox yüksək səviyyədə idarə edir. Çünki o, Heydər Əliyev kimi siyasət mətbəxində böyüyüb. İnanıram ki, bu vaxta qədər olduğu kimi bundan sonra da daxili, xarici aləmdə Azərbaycanı uğurları ilə  daha çox tanıdacaq. Mənim səsim, ailəmin səsi İlham Əliyevə olacaq. Dünyanın aparıcı şəxsiyyətləri, dövlətləri ilə qurduğu təmaslar göz önündədir. Bəlkə də dünyanın yeganə prezidentidir ki, kabinetdə deyil, xalqın içində olur.

- Bir az ailənizdə haqda danışaq.

- 2 qızım, 2 oğlum və 9 nəvəm var. Oğlanlarımın hər ikisi işləyir, qızlarım isə evlidir. Övladlarımın hamısı xoşbəxtdir. Atalarını, analarını çox sevirlər. Biz də hər valideyn kimi onların ancaq yaxşılığını istəyirik. Onlarla fəxr edirik. İstəyirik ki, onlar keçmişə, bu günə layiqli olsunlar.

- Yaradıcılığınızla bağlı nələr edirsiniz?

- Kəndə getdim. Saf bulaqların gözündə, dağ çaylarının yanında, qaya dibində, gözəl əsərlər yazdım. Bəlkə də, son 1 ildə görmədiyim işi 1 ayda gördüm. Ürəyim dolu idi. Getdim, Aşıq Veysəllə bağlı poemamı tamamladım. “Şuşa şikəstəsi” adlı böyük bir əsər yazdım. Qarabağla bağlı bütün dərdlərimizi orada demişəm. Mənim həyatım mütaliə, kitabla bağlıdır. Kitablarımın hamısı mənim gözümdən keçib. Hər gün dahilərlə söhbət edirəm. Qonaqları yola saldıqdan sonra kitabla məşğul oluram. Həyatımda boş gün, boş zaman yoxdur.

 

Ulduz İBRAHİMOVA

  Geri